Üzeyir bəy Hacıbəyli
böyük
maarifçi-pedaqoq və
ziyalı kimi
(Əvvəli ötən
sayımızda)
Bu il
sentyabrın 18-də XX əsr Azərbaycan musiqi mədəniyyətinin
korifeyi, Vətənimizdə milli dövlətçilik
ideyalarının böyük carçısı, dünya
şöhrətli musiqişünas alim, ölkəmizin milli təhsil
və pedaqoji fikir tarixinə şanlı səhifələr yazmış
maarifçi-pedaqoq, tanınmış ədib, bənzərsiz
publisist və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin
(1885-1948) anadan olmasının 130 illiyi tamam olur.
Məlumdur
ki, həmin
tarixi gün Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr
1995-ci il tarixli "Üzeyir Musiqi Gününün
keçirilməsi haqqında" Fərmanı ilə hər
il ölkə miqyasında dövlət səviyyəsində
"Üzeyir Musiqi Günü" kimi təntənəli
şəkildə qeyd edilir. Bu il 20 ili tamam olacaq bu tədbir
artıq xalqımızın qan
yaddaşında Milli Musiqi Bayramı kimi öz layiqli yerini
tutub, dahi Üzeyir bəy Hacıbəyli fenomeninə millətin
sonsuz hörmət, ehtiram və əbədi məhəbbətinin
simvoluna çevrilib.
Hesab edirəm
ki, dahi Üzeyir bəy Hacıbəylinin anadan olmasının
130 illiyi ərəfəsində bu böyük maarifçinin
Azərbaycanın məktəb və pedaqoji fikir tarixində,
xalqımızın milli oyanışı, özünüdərki
və dirçəlişində, milli maarifçilik hərəkatının
imkişafında, mətbuat və mədəniyyətimizin tərəqqisi
yolunda, nəhayət, ölkəmizdə musiqi təhsili və
musiqişünaslıq elminin formalaşmasında təmənnasız
xidmətlərinin müstəqil milli dövlətçilik
düşüncəsi kontekstində yenidən dəyərləndirilməsinin
Azərbaycanın bu müstəsna zəka sahibinin zəngin
irsinin dərindən tədqiqi və təbliğində
müəyyən rolu vardır.
Üzeyir bəy Hacıbəyli Azərbaycan və
dünya musiqi mədəniyyəti tarixində böyük izlər
qoymuş nurlu şəxsiyyət, böyük ziyalı idi. Bu böyük insan
üç müxtəlif dövlət quruluşunda (Çar
Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan
SSR) yaşayıb fəaliyyət göstərsə də,
yeganə amalı doğma xalqına sədaqətlə xidmət
etməkdən, onun maarif və mədəniyyətinin
inkişafına cani-dildən çalışmaqdan ibarət
olub. Təəssüf ki, istər birinci, istərsə də
üçüncü dövlət quruluşunda Üzeyir bəyə
qarşı haqsız, ədalətsiz ittihamlar, yersiz tənqid
və təhqirlər olsa da, bunlar onun millət və Vətən
qarşısındakı tarixi xidmətlərinə heç
bir kölgə sala bilməyib, əksinə, Üzeyir bəy
Hacıbəyli fenomeni Azərbaycan xalqının qan
yaddaşında özünə əbədi məskən
salıb, onun böyük adı və əməlləri milli
mədəni tariximizin şanlı səhifələrindən
birini təşkil edib.
Sovet
hakimiyyəti illərində kommunist rejimi Üzeyir bəy
Hacıbəylinin həyatının şərəfli iki
ilini - Azərbaycan Xalq Cümhuriyyəti illərindəki fəaliyyətini
bilərəkdən tamamilə "unutdurub", 1905-20-ci illərə
aid müxtəlif mətbuat orqanlarında dərc olunmuş
publisistik əsərlərinin böyük bir qismi onun həmin
dövrdə çap olunmuş çoxcildlik əsərlərinə
daxil edilməyib, bununla da bütövlükdə Üzeyir bəyin
yaradıcılıq dünyasında müəyyən
"boşluqlara" yol verilib. Azərbaycanın XX əsrin
sonunda yenidən dövlət müstəqilliyinə
qovuşması Üzeyir bəy Hacıbəyli irsinin öyrənilməsində
əvvəllər yol verilmiş nöqsan və
çatışmazlıqların aradan
qaldırılmasına, bu böyük şəxsiyyətin
yaradıcılıq irsinin tam və bitkin şəkildə,
tarixdə olduğu kimi öz doğma xalqına təqdim
olunmasına imkan və şərait yaratdı. Milli
tariximizdə ilk dəfə olaraq konkret tarixi şəxsiyyətə
həsr olunmuş fərdi ensiklopediya - "Üzeyir Hacıbəyli
ensiklopediyası" yaradıldı. Vaxtilə
çapına qadağa qoyulmuş publisistik əsərləri
yenidən çap olundu.
Belə ki, Azərbaycanda jurnalistika tarixinin mahir bilicisi
professor Şirməmməd Hüseynovun tərtibçiliyi ilə
2009-2010-cu illərdə AMEA-nın "Elm" nəşriyyatında
Üzeyir Hacıbəylinin Sovet dövründə nəşri
qadağan olunmuş əsərləri iki kitabda - "Nəşrlərdə
kənara qoyulmuş mətbu əsərləri
(1904-1912)" və "Nəşrlərdə kənara
qoyulmuş, ixtisarlar və redaktə edilmiş əsərləri",
eləcə də Üzeyir bəyin Xalq Cümhuriyyəti illərində
"Azərbaycan" qəzetində çap olunmuş
publisistik əsərlərin tədqiqatçı Aslan Kənanın
tərtibatında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
2011-ci ildə "Bayrağımız sarsılmaz" adı
altında nəşr edilərək elmi ictimaiyyətə
çatdırıldı.
Ümumiyyətlə,
son illərdə Üzeyir bəyin musiqi mədəniyyəti,
musiqişünaslıq elmi, ədəbi-publisistik fəaliyyətinə
dair çoxsaylı araşdırmalar aparılıb, dövlətin
himayəsi ilə ardıcıl olaraq ölkə və beynəlxalq
(UNESCO) səviyyədə yubileyləri keçirilib, 2010-cu il
"Üzeyir Hacıbəyli ili" elan olunub, haqqında
çoxsaylı kitablar, elmi, elmi-kütləvi məqalələr
çap edilib. Lakin etiraf etməliyik ki, bu dahi
insanın zəngin bioqrafiyasında və
yaradıcılıq dünyasında, şərəfli həyat
yolunda öyrənilməli və faydalanmalı məqamlar hələ
kifayət qədər çoxdur.
Əziz
oxucu! Gəlin, bu BÖYÜK ÖMRÜN tarixi məqamlarını
birlikdə vərəqləyək...
Üzeyir
bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının
Ağcabədi kəndində kənd mirzəsi ailəsində
doğulub. Hacıbəylilər nəsli Azərbaycanın qədim
şəhərlərindən olan Şuşanın köklü
sakinlərindən, əsilzadə, bəyzadə soylarından
idi. Üzeyirin ulu babası Molla Hacı bəy
Qarabaği Şuşanın sayılıb-seçilən
şəxslərindən, ilahiyyatçı alimlərdən
biri idi. Babası Məhəmməd
Hacı oğlu Qarabağ xanı İbrahimxəlil
Cavanşirin sarayında mirzə işləmişdi. Üzeyirin atası Əbdülhüseyn bəy də
Şuşada mədrəsə təhsili almışdı.
Savadlı olduğu üçün ona "mirzə",
- deyə müraciət edərdilər. Xan
qızı Xurşudbanu Natəvan Əbdülhüseyn bəyi
öz sarayına mirzə götürmüş, öz süd
bacısı Şirinbəyimi ona ərə vermişdi. Əbdülhüseyn bəy sonralar Xan
qızının Ağcabədidəki təsərrüfatına
rəhbər təyin edilmiş, bu illərdə Üzeyir bəy
orada anadan olub. Valideynləri Ağcabədidən
Şuşaya köçdükdən sonra Üzeyir bəy ilk
təhsilini burada məşhur pedaqoq və jurnalist Haşim bəy
Vəzirovun müdir olduğu ikisinifli rus-Azərbaycan məktəbində
alıb. O, Şuşanın "Çölqala"
adlanan məhəlləsindəki evlərində boya-başa
çatıb. Şuşanın zəngin musiqi
ifaçılıq ənənələri balaca Üzeyirin
musiqi tərbiyəsinə güclü təsir edib,
"Qafqazın konservatoriyası" sayılan
Şuşanın musiqi mühiti gələcək bəstəkarın
formalaşmasında müstəsna rol oynayıb. Üzeyirin ilk musiqi müəllimi dayısı
Ağalar Əliverdibəyov olub. Bu illərdə
Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi və məşhur
xanəndə Cabbar Qaryağdıoğlunun
ifaçılığı ilə Şuşada göstərilən
"Məcnun Leylinin məzarı üstündə" (1897)
səhnəciyində balaca Üzeyir də xorda iştirak
etmiş, bu tamaşa onun yaddaşında dərin izlər
buraxmış, gələcəkdə "operaya bənzər
bir şey yaratmaq" həvəsinə düşmüş
və sonralar özünün də etiraf etdiyi kimi bu hadisə
məşhur "Leyli və Məcnun" operasının
yaranmasına güclü təkan vermişdir...
1899-cu ildə ibtidai məktəbi bitirən Üzeyir bəy
Qori Müəllimlər Seminariyasının aşağı
hazırlıq sinfinə daxil olur. Üzeyir bəy seminariyada oxuduğu
illərdə rus və Qərbi Avropa musiqi mədəniyyəti
və ədəbiyyatı ilə yaxından tanış
olur, skripka və baritonda çalmağı öyrənir,
xalq mahnı nümunələrini nota köçürür.
Hətta təhsil illərində
aşağı siniflərdə oxuyan seminaristlərə nəğmə
və musiqidən dərs keçir, müəyyən
mükafatlar da alır. 1904-cü ildə həmin təhsil
ocağını bitirərək ibtidai məktəbdə rus
dili müəllimi ixtisası qazanan Üzeyir bəy Bakıda
işləmək arzusunda olsa da, seminariyanın direktoru əslən
erməni olan Miropyev (Miropyan) tərəfindən bu işə
maneçilik törədilir və ona işləmək
üçün Cəbrayıl qəzasının Hadrud kənd
məktəbində yer təklif olunur. Bununla razılaşan
Üzeyir bəy
bir il Hadrud məktəbində rus dili, hesab, tarix, nəğmə
və musiqi fənlərindən dərs deyir.
1905-ci ilin payızından Bakıya köçən gənc
Üzeyir bəy şəhərin Bibiheybət kəndində
müəllimlik fəaliyyətinə başlayır. 1905-1908-ci illərdə
Bibiheybət kənd məktəbində ana dili, rus dili,
riyaziyyat, coğrafiya və musiqi fənlərindən dərs
deyən Üzeyir bəy hər gün 10 kilometrlik yolu piyada
gedib-gələrdi. Məlumat üçün deməliyəm ki,
keçmiş Bibiheybət məktəbi hazırda 51 saylı
şəhər məktəbi kimi fəaliyyət göstərir.
Məktəbdə 1981-ci ildən Üzeyir bəy
Hacıbəylinin oradakı müəllimlik fəaliyyətinə
həsr olunmuş guşə də
yaradılmışdır.
Üzeyir bəy Bibiheybət məktəbində müəllimliklə yanaşı, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin redaktoru olduğu "Həyat" qəzetində mühərrirliklə və tərcüməçiliklə məşğul olmağa başlayır. O zaman Bakıda fəaliyyət göstərən görkəmli fikir adamları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məmmədəmin Rəsulzadə, Nəriman Nərimanov və başqaları ilə yaxından tanışlıq və əməkdaşlıq Üzeyir bəyin publisistik yaradıcılığına da güclü təkan verir. Üzeyir bəy Hacıbəyli istər müəllim, istərsə də mühərrir (jurnalist) kimi Bakının qaynar həyatında tez bir zamanda əsl ziyalı kimi tanınır. Təsadüfi deyil ki, o, ədəbi-bədii yaradıcılığa publisistika ilə başlayıb, anadilli "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal" qəzetlərində, "Molla Nəsrəddin" jurnalında, eləcə də rus dilində dərc edilən "Kaspi" qəzetində müxtəlif gizli imzalarla dövrün mühüm ictimai-siyasi və mədəni-maarif məsələlərinə dair çoxlu sayda məqalə, felyeton, hekayə və satirik miniatürlər dərc etdirib. Nəticədə Üzeyir bəy qısa müddətdə (1905-1920) adi mühərrirlikdən Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin redaktoru səviyyəsinədək şərəfli bir yol keçib, dövrünün görkəmli jurnalisti kimi parlayıb.
(Ardı var)
ƏSGƏR
QULİYEV
Təhsil Nazirliyi Tədris
Resursları şöbəsinin müdir müavini,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2015.- 9 iyul.- S.4.