Üzeyir bəy Hacıbəyli
böyük
maarifçi-pedaqoq və
ziyalı kimi
(Əvvəli ötən
sayımızda)
Bu il sentyabrın 18-də XX əsr Azərbaycan
musiqi mədəniyyətinin korifeyi, Vətənimizdə milli
dövlətçilik ideyalarının böyük
carçısı, dünya şöhrətli
musiqişünas alim, ölkəmizin milli təhsil və
pedaqoji fikir tarixinə şanlı səhifələr yazmış
maarifçi-pedaqoq, tanınmış ədib, bənzərsiz
publisist və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin
(1885-1948) anadan olmasının 130 illiyi tamam olur.
Məlumdur ki, həmin tarixi gün Azərbaycan
Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli "Üzeyir
Musiqi Gününün keçirilməsi haqqında" Fərmanı
ilə hər il ölkə miqyasında dövlət səviyyəsində
"Üzeyir Musiqi Günü" kimi təntənəli
şəkildə qeyd edilir. Bu il 20 ili tamam olacaq bu tədbir
artıq xalqımızın qan
yaddaşında Milli Musiqi Bayramı kimi öz layiqli yerini
tutub, dahi Üzeyir bəy Hacıbəyli fenomeninə millətin
sonsuz hörmət, ehtiram və əbədi məhəbbətinin
simvoluna çevrilib.
Hesab edirəm ki, dahi Üzeyir bəy
Hacıbəylinin anadan olmasının 130 illiyi ərəfəsində
bu böyük maarifçinin Azərbaycanın məktəb və
pedaqoji fikir tarixində, xalqımızın milli
oyanışı, özünüdərki və dirçəlişində,
milli maarifçilik hərəkatının imkişafında,
mətbuat və mədəniyyətimizin tərəqqisi
yolunda, nəhayət, ölkəmizdə musiqi təhsili və
musiqişünaslıq elminin formalaşmasında təmənnasız
xidmətlərinin müstəqil milli dövlətçilik
düşüncəsi kontekstində yenidən dəyərləndirilməsinin
Azərbaycanın bu müstəsna zəka sahibinin zəngin
irsinin dərindən tədqiqi və təbliğində
müəyyən rolu vardır.
Üzeyir Hacıbəyli mətbuat səhifələrində
nədən yazırdı? Fikrimcə, "nədən
yazmırdı"
sualına cavab vermək daha asan olardı. Çünki istər tarixi, istərsə də
müasir baxımdan Azərbaycan türklərinin, daha
geniş anlamda türk-islam dünyasının
qarşısında dayanan elə bir məsələ yox idi
ki, onun yazılarında əksini tapmamış olsun. Həmin yazılarda maarifçilik ideyaları,
xüsusən Avropa tipli müasir təhsil sisteminin
qurulması aparıcı mövzulardan idi. Mətləb aydınlığı
üçün bir faktı yada salaq ki, Üzeyir bəyin
tarixə həsr olunmuş iki məşhur məqaləsində
- Yaponiya və Buxara xanlığının tarixi
maarifçilik kontekstində təhlil edilir. Məqalələrdə yaponların zəngin tarixi
olmasa da, müasir dövrdə güclü elm və təhsil
sistemi ilə dünyada tanındıqları təqdir
edilmiş, Buxaranın isə qədim və zəngin tarixi
olsa da, müasir maarif sistemi olmadığı
üçün geridə qaldıqları ürək
ağrısı ilə qələmə
alınmışdır. O, hesab edirdi ki, milləti
ayıltmağın, milli dirçəlişə nail
olmağın əsas vasitəsi elm, bilik və maarifdir,
anadilli məktəblərin yaradılması, ana dilinin dərindən
öyrədilməsi milli özünüdərkə, milli
oyanışa və milli dirçəlişə təkan verə
bilər.
Dövrün ziyalıları maarif ideyalarının
yayılmasında mətbuatın roluna müstəsna əhəmiyyət
verirdilər.
Onlar hesab edirdilər ki, "mətbuat bir millətin
lisanı (dili), samiəsi (qulağı), nəzəri
(gözü), beyni deməkdir. Mətbuatsız
millət söyləyəməz, eşidəməz, görəməz".
("Füyuzat" jurnalı, 1907, ¹ 29)
Mətbuata bu mövqedən yanaşan Üzeyir bəy
öz felyetonlarında geriliyi, nadanlığı pisləyir,
milləti maarifə, elmə çağırır, bu işə
mane olanları isə kəskin tənqid edirdi. Bu tənqidləri və
mövcud rejimə qarşı sətiraltı mənaları
diqqətlə izləyərək "Üzeyirin
felyetonlarından bir özgə iyi gəlir", - deyən rəqiblərinə
Üzeyir bəy çox ustalıqla: "Əfəndim,
xahiş edirəm, bundan sonra mənim yazılarımı iyləməyəsiniz",
- deyə cavab verirdi.
Dövrün elə bir mühüm ictimai-siyasi, mədəni
problemi yoxuydu ki, Üzeyir bəyin yazılarında öz əksini
tapmamış olsun. Belə yazılar içərisində
günümüzlə səsləşən "erməni
politikası"na həsr olunmuş məqaləsindəki
fikri müasir oxucularımıza çatdırmaq istərdim.
Yazıda deyilirdi: "Əşşi, ermənilərə nə
var, onların politikası bax böylədir: Bu gün lap
insaniyyətdən dəm vuran "sosialistdir", sabah millətini
mühafizə edən "nasionalistdir", birisi gün lap
alçaq və rəzil xuliqandır. O biri gün şeytan
kimi provakatordur. Qərəz, bu tayfanın
işi böylədir ki, bu saat heç özləri də
özlərindən baş açmiyorlar. Lakin
əməllərinin hamısında ittifaqları (milli birlikləri)
vardır". ("İrşad" qəzeti, 1906)
Əziz
oxucu! Üzeyir bəyin yüz il bundan qabaq
böyük uzaqgörənliklə ermənilər haqqında
dediyi bu fikir bu gün də köhnəlməyib və erməni
xislətinin mahiyyətini bütün
çılpaqlığı ilə əks etdirir... Tarixin
ironiyasına baxın: O illərdə erməni xəyanətinə
dair Üzeyir bəyin çoxsaylı yazılarında səslənən
həqiqətlərin "qisasını" ermənilər,
nə yazıq ki, 1992-ci ildə Şuşanın
işğalı zamanı dahi Üzeyirin büstünü
güllələməklə, ev muzeyini yağmalamaqla
"almışdılar".
Üzeyir bəy Bakıdakı fəaliyyətinin elə
ilk illərində maarif və mətbuat sahəsindəki
çalışmaları ilə tezliklə özünü
müasirlərinə əsl ziyalı kimi tanıda
bilmişdi.
Bunun nəticəsi idi ki, Üzeyir bəy 1906-cı ildə
Bakıda Həsən bəy Zərdabinin sədrliyi ilə
keçirilən Azərbaycan Müəllimlərinin 1-ci
Qurultayına nümayəndə seçilmiş, qurultayın
açılışı və qarşısında duran vəzifələrlə
bağlı mətbuatda geniş məqalə ilə
çıxış etmişdi. O, həmçinin Azərbaycan
müəllimlərinin 1907-ci ildə Bakıda Əli bəy
Hüseynzadənin sədrliyi ilə keçirilən 2-ci
Qurultayda da iştirak etmiş, qurultayın əsas təşkilatçılarından
biri kimi qurultayın katibi seçilmiş, bütün iclasların
protokolları Üzeyir bəyin dəsti -xətti ilə qələmə
alınaraq, "Füyuzat" jurnalının 27, 29, 30, 31-ci
saylarında (1907-ci il) dərc olunmuşdur. Üzeyir
bəy qurultayda "çapdan çıxmış dərs
kitablarına baxıb, təlim və tədrisə əlverişli
və layiq olduqlarını təyin etmək"
üçün yaradılmış xüsusi komissiyanın tərkibinə
daxil edilmişdir.
Düşünürəm
ki, bütün bunlar gənc müəllim Üzeyir bəyə
maarif sahəsində yüksək etimad və dərin
inamın göstəricilərindən biri kimi yüksək dəyərləndirilməlidir...
Bu illərdə Üzeyir bəyin maarifçilik fəaliyyətinin
mühüm istiqamətlərindən birini ana dilində dərslik
və lüğət yaratmaq təşkil etmişdir. Belə ki, 1907-ci ildə
Üzeyir bəyin ibtidai məktəblərin 1-ci və 2-ci
şöbələri üçün 104 səhifədən
ibarət "Hesab məsələləri" adlı dərsliyi
çap olunmuşdur. Hələ Qori
Seminariyasında oxuyarkən, "Mən gələcəkdə
nə iş görəcəyəm?" mövzusunda inşa
yazısında "məktəblərimiz üçün
ana dilində tədris olunmaqdan ötrü dərs kitabları
tərtib etməyə" söz verən Üzeyir bəy vədini
doğruldaraq belə bir dərslik yazmışdı. Dərslik 3 hissədən (birrəqəmli ədədlər,
yuvarlaq onluqlar, ikirəqəmli ədədlər) ibarət
olub hər hissədə 352 məsələ verilmişdir.
Məsələlərin əksəriyyəti
xalq məişətinə həsr olunmuşdur. Bu dərslik
haqqında
M.Ə.Rəsulzadənin Bakıda "Tərəqqi"
qəzetində və görkəmli maarifçi İsmayil bəy
Qaspıralının Krımda "Tərcüman" qəzetində
məqalələri çap olunmuş, dərsliyə yüksək
qiymət verilmişdir.
Üzeyir bəyin 1907-ci ildə Bakıda M.Ə.Rəsulzadənin
naşirliyi ilə "Türki-rusi və rusi-türki
lüğəti" nəşr edilmişdir. Bu lüğətdə
mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri
(hərbi) sözlərin izahı verilmişdir. Azərbaycanda
ilk ikidilli lüğətlərdən olan və 120 səhifədən
ibarət lüğətin 1-ci hissəsində türkcə
(Azərbaycan türkcəsi) sözlərin rusca izahı, 2-ci
hissəsində isə əksinə, rusca sözlərin
türkcə izahı verilmişdir.(Əsərin
rusca adı çar Rusiyasının antitürk siyasətinə
uyğun olaraq "Russko-tatarskiy i tatarsko-ruskiy slovar" kimi
verilmişdir). Görkəmli filosof akademik Heydər
Hüseynov bu lüğəti "mədəniyyətimiz
tarixində irəliyə doğru bir addım" kimi dəyərləndirmişdir.
Lüğət haqqında 1907-ci ildə
müxtəlif mətbuat orqanlarında dəyərli məqalələr
çap olunmuş, lüğətin maarif və mədəniyyətimiz
üçün böyük önəm
daşıdığı xüsusi
vurğulanmışdır.
Azərbaycanın mədəni- maarif həyatında
artıq geniş tanınan Üzeyir bəy 1908-ci ildə
Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət"
məktəbinə müsabiqə yolu ilə (20 iyul 1908) rus
dili, hesab və təbiət müəllimi vəzifəsinə
seçilmişdi ki, bu fakt Əli bəyin məktəbdə
müəllim seçiminə nə qədər əhəmiyyət
verdiyini göstərməkdədir. Həmin məktəbdə
Üzeyir bəyin qardaşı Ceyhun bəy də alman və
fransız dillərindən dərs keçmişdi. Məktəb 1911-ci ildə bağlandı.
(Ardı var)
ƏSGƏR QULİYEV
Təhsil Nazirliyi Tədris
Resursları şöbəsinin müdir
müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2015.- 10 iyul. - S.4.