Səni sevirəm, teatr!..
"Teatr
asılqandan başlayır!" - deyiblər bu sehirli aləmin
hər cür cəfasına dözənlər! Salon dolu
tamaşaçı alqışına, bir dəstə
çiçəyə, bir tərifli rəyə, bir təbəssümə görə aylarla, illərlə
çəkdikləri əziyyəti unudanlar, səhnənin
tozunu dünyanın ən qiymətli ənlik-kirşanı
sayanlar, bəzən də ən adi insani xoşbəxtlik və
səadətlərini, sevdiklərini sevildiklərinə qurban
verənlər, ağrı-acılarını, qayğı və
narahatlıqlarını elə teatrın giriş
qapısında soyunub asılqandan asan sənət fədailərinin
çoxusu bu fikirdədir!
Həmin
gün, yəni özünün növbəti 105-ci mövsümünü
bağlamaq üçün bir araya gələn Azərbaycan
Dövlət Musiqili Teatrı da öz kollektivinə bu həqiqəti
bir daha xatırlatdı və onu da vurğuladı ki, "Həyat
bir teatr, insanlarsa aktyor olsalar da" burada hər şey təkcə
asılqandan başlamır. Əslində, bu bir məcazdır
və teatra vurğunluğunu izhar edib, çox vaxt
özünü onun zahiri parıltısına və
şöhrətinə qurban verənlərin hər kəsdən
daha çox diqqətə, sevgiyə, qayğıya
ehtiyacı var.
Daha dəqiqi,
Teatr asılqandan başlasa da sənət Sevgidən qaynaqlanır!
Sevgi təəccüb
və maraqdan başlayır!
Maraq - bu
mürəkkəb və keşməkeşli dünyanı dərk
etmək zərurətindən!
Təəccüb-şüuraltı
bilgilərini hər fürsətdə təkrar yaşamaq
eşqinin yaratdığı minnətdarlıq hissindən
barınır!
Beləcə
bir sevginin və minnətdarlıq hissinin qürurunu
yaşadı həmin gün bütün kollektiv və mənə
elə gəlir ki, həmin gün o teatr asılqanın
qarşısındakı foyedə yaşananlar da,
açılan hər zərfdən adı səslənən
şəxsin fərdi sevinci deyildi, hər kəsin
bölüşə biləcəyi bir fərəh duyğusu
idi.
İllər
boyu ənənəyə çevrilmiş bağlanış
mərasimlərinin məzuniyyət öncəsi keçirilən
rəsmi iclaslarında rəhbərliyin mövsüm boyu
teatrda görülən işlər, oynanılan tamaşalar,
qazanılan uğurlar, teatra gələn yeni işçilər,
təqaüdə gedənlər, dünyasını dəyişənlər
barədə məlumatını, bir sözlə, istehsalat
hesabatını dinləməyə hazırlaşanlar
qarşılaşdıqları mənzərədən
çaş-baş qalsalar da ümumi ab-hava, təntənəli
musiqi sədaları hər kəsi tamam başqa bir ovqata
kökləyirdi.
Teatrın
tanınmış aktyoru, Əməkdar artist Əkbər
Əlizadə nəhayət ki, həmkarlarını da, tədbirə
dəvət olunanları da "intizardan qurtardı".
- Sizi təbrik edirəm, bu gün
heç kəs danlanmayacaq, heç kəsin xətrinə dəyilməyəcək,
hövsələnizi basıb bu istidə müdiriyyətin də
hesabatını dinləmək məcburiyyətində
qalmayacaqsınız. Bizim teatr ölkənin sənət
ocaqları arasında ilk dəfə öz işçilərini
məzuniyyətə bu il bir az fərqli yola salmağı
planlaşdırıb. Təfərrüatı sizə
teatrımızın direktoru, bu işin təşəbbüskarı
Əliqismət Lalayev açıqlayacaq.
Həmin
gün həm də doğum gününü qeyd edən
direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Əliqismət Lalayev hər
kəsə mövsüm boyu çəkdiyi zəhmətə,
sənətə sədaqətinə, teatra məhəbbətinə
görə təşəkkür edir və bildirir ki, rəhbərlik
105-ci mövsümün başa çatması ilə əlaqədar
olaraq il boyu istedadı ilə seçilən, maraqlı
obrazları, sənət uğurları ilə fərqlənən
yaradıcı gənclərin, tamaşaların qüsursuz və
yüksək texniki təminatla
nümayişinə nail olmaq üçün
bütün imkanlarını səfərbər edən və
öz peşəkarlıqları,
məsuliyyət hissi ilə hər kəsin rəğbətini
qazanan texniki işçilər, teatrın inkişafina xidmət
edən ayrı-ayrı sex və sahələrin əməkdaşları
müxtəlif nominasiyalar üzrə xüsusi mükafata layiq görülüblər
və bu proses çox ciddi şəffaflıqla və gizli səsvermə
yolu ilə aparılıb.
- Elə
bilirəm ki, bir azdan adı açıqlanacaq hər kəsin
bu mükafata layiq olduğunu sizin alqışlarınız da
təsdiq edəcək! Əminəm ki, teatr tariximizdə ilk dəfə
arxada qalan mövsümün belə bir bayram əhval-ruhiyyəli
tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin
gələcək fəaliyyətlərində mühüm rol
oynayacaq, onlara yeni ruh, yeni həvəs, böyük stimul verəcək.
Təntənəli
mərasimdə ilk nominasiyanı - "Mövsümün ən
yaxşı aktrisası" nominasiyasının qalibini müəyyən etmək
üçün Xalq artisti, "Şöhrət " ordenli
Afaq Bəşirqızı dəvət olunur. Afaq xanım illərdən
bəri onunla çiyin-çiyinə çalışan
bütün iş yoldaşlarını-həmkarlarını,
zəhmətinin bəhrəsi səhnədə göz
önündə olan, özləri isə həmişə səhnə
arxasında qalan yaradıcı və texniki işçiləri
daha bir mövsümə uğurla yekun vurduqları
üçün təbrik edir, onlara xoş istirahət,
növbəti mövsümdə yeni sevinclər arzulayır və
onu da əlavə edir ki, yenicə layiq görüldüyü
Prezident təqaüdünün alacağı ilk pulu ilə qaliblərin şərəfinə
qonaqlıq təşkil edəcək.
Sonra o, zərfi
açır və "Mövsümün aktrisası"
nominasiyasının qalibi kimi gənc
və istedadlı aktrisa Gültac Əlilinin adını
elan edir.
Gültac
sözün əsl mənasında mövsümün ən məhsuldar
və cəfakeş aktrisalarından sayılır. Teatrda son
illər yenidən tamaşaya qoyulan əsərlərdə -
"O olmasın, bu olsun", "Qızıl toy",
"Toya bir gün qalmış" tamaşalarında
yaratdığı maraqlı rolları ilə
tamaşaçıların sevimlisinə çevrilən
ifaçı həm də sonuncu tamaşanın
premyerasından cəmi bir neçə gün sonra yenidən
ana olması ilə yadda qaldı. Bu həm də gənc
xanımın hər kəsin qaldıra bilməyəcəyi
böyük və məsul bir yükə çiyin verməsinə, fədakarlığına və
böyük səhnəyə tükənməz məhəbbətinə
yaxşı bir sübutdur.. Gültac mükafatı alandan
sonra həyat yoldaşı və tərəf müqabili
Hüseyn Əlili ilə bərabər "Səni sevirəm"
mahnısını ifa etdi. Əslində bu mahnı təkcə
bu iki gəncin yox, bütövlükdə böyük səhnəni
öz doğma evi bilən, hər an teatrın
qayğıları ilə yaşamağı bacaran
insanların etiraf nəğməsi sayıla bilər: "Səni
sevirəm, Teatr!" -deməyə haqqı var bu insanların!
- Mən
illər boyu xəyal edirdim ki, kaş böyük səhnədə
lap balaca bir obraz oynayaydım! İnana bilmirəm ki, 105-ci
mövsümdə mənim bu xəyalım gerçək
oldu, özümü kiçik bir obrazda görmək istəsəm
də, mənə daha böyük şans verdilər. Dahi
Üzeyir bəy Hacıbəylinin məşhur "O
olmasın, bu olsun" operettasında Sərvər obrazını
mənə həvalə edəndə çox həyəcan
keçirdim. İndisə sizin qarşınıza
"Mövsümün ən yaxşı aktyoru"
nominasiyasının qalibi kimi çıxmışam və
sevinirəm bu mükafatı mənə Xalq artisti,
"Şöhrət" ordenli aktyorumuz, professor İlham
Namiq Kamal təqdim edir. Başa düşürəm ki, bu
kollektivimin mənə göstərdiyi böyük
etimaddır və mən onu doğrultmaq üçün daha
səylə çalışmalıyam". Bu sözləri
isə gənc vokalçı Amil Həsənoğlu
"Mövsümün ən yaxşı aktyoru"
mükafatını qəbul edərkən söylədi.
Digər
teatr ocaqlarından fərqli olaraq Musiqili Teatrda həm mükəmməl
aktyor oyunu, həm yüksək musiqi qabiliyyəti, yəni
vokal, səs imkanları, həm də peşəkar səviyyədə
rəqs və balet bacarığı tələb olunur. Elə
buna görə də hər adam bu teatrda uzun müddət
duruş gətirə bilmir. Yalnız yaxşıların ən
yaxşısı kollektivin daimi üzvü, bu böyük ailənin
bir fərdi ola bilir. Bütün tamaşa boyu səhnə əsərlərinin
əsas ideyasının açılmasına yönələn,
həm də tamaşaçılara xoş ovqat bəxş eləyən
zərif rəqslər həmişə məmnuniyyətlə
baxılır. Bu üzdən də təşkilatçılar
növbəti nominasiyanı "Mövsümün ən
yaxşı balet artisti" üçün nəzərdə
tutublar. Qalibin adını açıqlamaq üçün
teatrın baş baletmeysteri Zakir Ağayev dəvət olunur və
o zərfdən çıxan kiçik vərəqədə
Cəlalə Novruzlunun adını oxuyur.
"Mövsümün
ən yaxşı balet artisti" kimi onun da
yaradıcılıq uğurları göz
qabağındadır. Cəlalə "Qızıl toy",
"www.fərzəli.com", "Talelər qovuşanda",
"Mən dəyərəm min cavana", "Düyməcik",
"Skapenin kələkləri", "Ər və
arvad" musiqili komediyalarında öz plastikası, maraqlı
rəqs elementləri ilə tamaşaçı rəğbəti
qazanan balet artistlərindən biridir. Sənət
dostlarının, xüsusilə də, balet qrupunun gurultulu
alqışı onun bu mükafatı almağa haqqı
olduğunu bir daha təsdiq edir...
Həmin
gün digər mükafatlar da öz sahiblərinə
çatdırılır.
Səma Cəfərova
"Mövsümün ən yaxşı xor artisti",
Hacı Məmmədov "Mövsümün ən
yaxşı musiqiçisi (orkestr artisti)", Yelena Almazova
"Mövsümün ən yaxşı sex rəisi", Məcid
Hüseynov "Mövsümün ən yaxşı texniki
işçisi", Əzizağa Əzizov
"Mövsümün sevilən aktyoru", Əliməmməd
Novruzov "Mövsümün perspektivli aktyoru", aktrisa
Svetlana Bulax "İlin yubilyarı" və rəssam Nabat Səmədova
"Günün yubilyarı" seçilir. Əməkdar
incəsənət xadimi Əsgər Əsgərovun
quruluş verdiyi "Toya bir gün qalmış"
tamaşası isə "İlin ən yaxşı
tamaşası" nominasiyasının qalibi kimi
alqışlanır...
Teatrın
direktoru Əliqismət Lalayev yenidən söz alır. O,
teatrın bu təşəbbüsünün Mədəniyyət
və Turizm Nazirliyində maraqla
qarşılandığını deyir və elə bu arada
nazir müavini Ədalət Vəliyev zəng vurur. Telefonun səsgücləndiricisində
onun tanış səsini
eşidən yaradıcı heyət hər vaxt onlara
qayğı və diqqətlə yanaşan nazir müavininin təbrik
nitqinə məmnuniyyətlə qulaq asır və sonda öz
alqışları ilə ona minnətdarlıqlarını
bildirirlər.
Sonra
Ə.Lalayev bildirir ki, Azərbaycan Respublikasının Xalq
artisti Hüseynağa Sadıxovun ailəsi də bu tədbirin
daha dolğun keçməsi və yaddaqalan olması
üçün çalışıb və böyük sənətkarın
adına təsis olunan "Büllur alma" mükafatı
Əməkdar artist Səidə Şərifəliyevaya və
aktyor Səmədzadə Xasıyevə verilir. Bütün
qaliblərə pul mükafatları və xüsusi prizlər
təqdim olunur. Daha sonra aktyorlar Emil Heydərov, Marina Litvenonko,
Mehriban Zalıyeva və Elnarə Nağdəliyeva
mövsüm boyu göstərdikləri səmərəli fəaliyyətlərinə
görə Azərbaycan Teatr Xadimləri İttifaqının
fəxri diplomları ilə təltif olunurlar. Diplomları
qaliblərə Teatr Xadimləri İttifaqının sədr
müavini, Xalq artisti Hacı İsmayılov təqdim edir...
Hər kəs
maraqla tədbirin növbəti
mərhələsini izləyir. Sən demə tədbirin təşkilatçıları
onun əsas ideya daşıyıcısından Əliqismət
müəllimdən xəbərsiz onun həm doğum
gününü, həm də müasirliyə can atması,
yeniliyə daha çox üstünlük verməsi, kollektivə
dəyər verməsi, onun hər bir üzvünə
sayğı ilə yanaşması
kimi son vaxtlar təəssüf ki, bir çox idarə rəhbərləri
tərəfindən unudulan mütərəqqi cəhətini
də diqqətdən kənarda qoymayıb. Onu "İlin ən
yaxşı direktoru" nominasiyasının qalibi elan edən
kollektiv tədbiri böyük bir tort üzərində
alışıb yanan 105 şamın
işığında gözəl
bir rəqslə yekunlaşdırır.
Əslində
bu, qocaman və zəngin ənənələri olan
böyük bir kollektivin bugünkü taleyinin və
yaradıcılıq bioqrafiyasının tarixə çevrilən
bir günü oldu. Mükafat alanlar da, həmkarlarının
uğuruna sevinən və qəlbinin lap dərinliyində
özünü də növbəti illərdən birində
bu mükafatçılar arasında görmək istəyən
gənclər üçün bu çox vacib bir addım idi.
Söhbət mükafatların maddi mənasından yox, mənəvi
dəyərindən gedir. Bu insanlar bilirlər ki, onları sevən,
zəhmətinə dəyər verən, istedadlarının
cilalanmasına diqqət yetirən, öz əməkdaşının
teatr üçün, səhnə üçün arzuolunan,
qəbul edilən, yeri görünən olduğunu hər
fürsətdə nəzərə çarpdıran bir rəhbərlik,
bir kollektiv, bir ailə var! Bu hissi yaşamaq, insanların az
qala qurd kimi ağız-ağıza yatdıqları,
bütün ülvi dəyərləri az qala heçə
endirən bir dünyada yaxşı ki, hələ nələrisə
qoruyub saxlamaq mümkündür. Elə buna görə də
bu yazımı çox sevdiyim Mövlana Cəlaləddin
Ruminin, hikmətini Peyğəmbər nurundan almış bir kəlamı
ilə yekunlaşdırmaq istəyirəm:"Yüz Kəbədən
yüyrəkdir bir könül ziyarəti!" Könüllərimiz
həmişə işıqlı fikirlərə nurlansın!
P.S. Teatr bu mövsümün son
tamaşasını iyulun 12-də oynayacaq! Həmin gün sevdiyimiz aktyorlar dahi Üzeyir bəy
Hacıbəyli ilə bərabər
"O olmasın, bu olsun"-deyəcəklər.
Baxmağa dəyər! Axı biz
yenə "Səni sevirəm, teatr!..."söylədik.
Telli Pənahqızı
525-ci qəzet.- 2015.- 10 iyul.- S.4.