Üzeyir bəy Hacıbəyli
böyük
maarifçi-pedaqoq və
ziyalı kimi
(Əvvəli ötən
sayımızda)
Bu il sentyabrın 18-də XX əsr Azərbaycan
musiqi mədəniyyətinin korifeyi, Vətənimizdə milli
dövlətçilik ideyalarının böyük
carçısı, dünya şöhrətli
musiqişünas alim, ölkəmizin milli təhsil və
pedaqoji fikir tarixinə şanlı səhifələr yazmış
maarifçi-pedaqoq, tanınmış ədib, bənzərsiz
publisist və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin
(1885-1948) anadan olmasının 130 illiyi tamam olur.
Məlumdur ki, həmin tarixi gün Azərbaycan
Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il
tarixli “Üzeyir Musiqi Gününün keçirilməsi
haqqında” Fərmanı ilə hər il ölkə
miqyasında dövlət səviyyəsində “Üzeyir
Musiqi Günü” kimi təntənəli şəkildə
qeyd edilir. Bu il 20 ili tamam olacaq bu tədbir artıq
xalqımızın qan yaddaşında Milli Musiqi Bayramı
kimi öz layiqli yerini tutub, dahi Üzeyir bəy Hacıbəyli
fenomeninə millətin sonsuz hörmət, ehtiram və əbədi
məhəbbətinin simvoluna çevrilib.
Hesab edirəm ki, dahi Üzeyir bəy
Hacıbəylinin anadan olmasının 130 illiyi ərəfəsində
bu böyük maarifçinin Azərbaycanın məktəb və
pedaqoji fikir tarixində, xalqımızın milli
oyanışı, özünüdərki və dirçəlişində,
milli maarifçilik hərəkatının imkişafında,
mətbuat və mədəniyyətimizin tərəqqisi
yolunda, nəhayət, ölkəmizdə musiqi təhsili və
musiqişünaslıq elminin formalaşmasında təmənnasız
xidmətlərinin müstəqil milli dövlətçilik
düşüncəsi kontekstində yenidən dəyərləndirilməsinin
Azərbaycanın bu müstəsna zəka sahibinin zəngin
irsinin dərindən tədqiqi və təbliğində
müəyyən rolu vardır.
22
yaşlı gənc Üzeyir bəy Hacıbəylinin musiqi
yaradıcılığı sahəsində ilk ən
böyük uğuru 1908-ci il yanvarın 25-də Bakıda
böyük mesenat-maarifçi Hacı Zeynalabdin
Tağıyevin teatrında göstərilən
“Leyli və Məcnun” operası olub ki, bununla təkcə Azərbaycanda
deyil, bütün müsəlman Şərqində və
türk dünyasında muğam opera sənətinin əsası
qoyulub. Əsərin librettosunu böyük Azərbaycan
şairi M.Füzulinin eyni adlı əsəri əsasında
Üzeyir bəy özü yazıb. Belə bir
operanın yazılması haqqında ilk təklifin nitqi
tutulduqdan sonra əl işarələri ilə “danışan”
Həsən bəy Zərdabidən gəldiyi və bu təklifin
reallaşmasına dair məşhur pedaqoq Fərhad Ağazadənin
Üzeyir bəyə dəfələrlə xahişləri
haqqında ədəbiyyatda geniş məlumatlar vardır. Bu da tarixi faktdır ki, operanın ilk
tamaşasının bədii tərtibatını məşhur
fikir və əməl adamı Əli bəy Hüseynzadə
vermişdir. Həmin operanın onilliyi münasibətilə
görkəmli maarifçi Azad Əmirovun keçmiş tələbə
yoldaşı Üzeyir bəyə 1918-ci ildə
yazdığı məktubda operanın Azərbaycan tarixindəki
rolunu böyük uzaqgörənliklə bu cür dəyərləndirmişdir:
“Vaxt gələcək, tarix, yalnız ədalətli tarix
özünün ehtiyatlı əli ilə öz səhifələrində
müsəlman həyatındakı bu misilsiz, müstəsna
hadisəni qızıl hərflərlə yazacaq və sənin,
əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz həyatına
çox zəngin xəzinə, nadir inci kimi bəxş etdiyin
bu gözəl, ilahiləşdirilmiş cərəyanı
(muğam operası) xüsusi qeyd edəcəkdir”.
Tarix və zaman bu həqiqəti bir daha təsdiq etdi. Üzeyir bəy 1909-15-ci illərdə
bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və
Söhrab”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm”,
“Harun və Leyla” kimi muğam operalarını da yaratdı. Lakin bu illərdə bu operalara birmənalı
münasibət olmadı. Yersiz tənqidlərin,
təhqirlərin olmasına baxmayaraq, Üzeyir bəy öz
müqəddəs yolundan dönmədi.
Üzeyir bəy opera sahəsində olduğu kimi,
dramaturgiya sahəsində də böyük uğurlara imza
atdı. O,
“Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” əsərləri ilə ədəbiyyatımızda
musiqili komediya janrının təməlini qoydu.
Xüsusi musiqi təhsili almayan Üzeyir bəy 1912-ci ildə
bu sahədə biliyini artırmaq və təkmilləşdirmək
üçün Moskvaya getmiş, orada Filarmonik Cəmiyyətin
musiqi kurslarında təhsilini artırmışdır. Moskvaya gedərkən
əsərlərinin səhnəyə qoyulmaq hüququnu
“Nicat” cəmiyyətinə həvalə etmək haqqında
müqavilə bağlamış, cəmiyyət isə ona təhsil
aldığı müddətdə təqaüd verəcəyini
öhdəsinə götürmüşdü. Lakin cəmiyyət bu öhdəliyi pozmuş və
ona yardımı vaxtında göndərməmişdi. Həmin dövrdə Avropa ölkələrindən
səfərdən qayıdan Cabbar Qaryağdıoğlu
Moskvada bir neçə konsert vermiş, toplanan vəsaiti təhsilini
davam etdirmək istəyən Üzeyir bəyə
çatdırdığı haqda məlumatlar vardır.
Buna görə də Üzeyir bəy maddi
imkansızlıq üzündən təhsilini
yarımçıq qoyaraq Bakıya qayıtmışdır.
1913-cü ildə Üzeyir bəy Hacıbəyli musiqi təhsilini
artırmaq və təkmilləşdirmək üçün
yenidən Sankt- Peterburqa getmiş, Konservatoriyaya daxil olmuş,
lakin az sonra I Dünya Müharibəsinin başlanması və
maddi çətinliklər burada da ona təhsilini başa
çatdırmağa imkan verməmişdir...
28 may
1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən
İstiqlal Bəyannaməsi qəbul ediləndə Üzeyir bəy
Bakıda deyildi. O həmin il ermənilər
tərəfindən törədilən mart
qırğınlarından qorunmaq üçün Cənubi
Azərbaycana məcburi mühacirət etmişdi. Onunla birgə olmuş Mirzağa Əliyevin xatirələrindən
öyrənirik ki, hələ 1914-cü ildə yaradılmış
“Hacıbəyov Qardaşlarının Opera-Operetta Artistləri
Dəstəsi” ilə Rəşt və Ənzəlidə
tamaşalar göstərmək üçün Bakını
tərk etmişdilər. Azərbaycanda Xalq Cümhuriyyətinin
qurulması xəbərini orada eşidən və bu hadisəni
böyük sevinclə qarşılayan Üzeyir bəy həmin
ilin oktyabrında Bakıya qayıtdıqdan sonra Milli Hökumətin
“Azərbaycan” qəzetində (rusca) “İran məktubları”
adlı silsilə məqalələri çap olunmuşdur. Üzeyir bəy Milli Hökumətə müraciət
edərək ona hər cür yardım göstərməyə,
əməkdaşlıq etməyə, dövlət quruculuğunda
iştirak etməyə hazır olduğunu bildirmişdi.
Təklif Hökumət tərəfindən mənmuniyyətlə
qəbul edilmişdi...
Üzeyir bəy 1918-1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetində
fəaliyyət göstərmişdir. Qəzetin 1919-cu il yanvarın 16-da
buraxılmış 89-cu sayından başlayaraq, Parlamentin qərarı
ilə Paris Sülh Konfransına göndərilən
kiçik qardaşı Ceyhun bəyin əvəzinə, qəzetə
müvəqqəti redaktor (müdir) təyin olunmuş və
1920-ci il aprelin 27-sinə kimi, yəni Cümhuriyyət
süqut edənədək həmin qəzeti redaktə
etmişdir.O, qəzetə redaktorluq edərək onun ideya
istiqamətini müəyyənləşdirmiş, qəzetdə
çap olunan çoxsaylı yazıları ilə siyasi
publisistikanın parlaq nümunələrini yaratmış, Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsinə yardım etmiş,
Cümhuriyyətin tarixinə özünün şərəfli
adını əbədi həkk etdirməyə nail
olmuşdur. Üzeyir bəy bu dövrdəki
ictimai-siyasi fəaliyyətinə görə Cümhuriyyət
qurucuları arasında öncül yerlərdən birini tutur.
Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək,
“1918-1920-ci illərdə, ağır bir dövrdə - Azərbaycanın
ilk respublikasının fəaliyyət göstərdiyi
dövrdə Üzeyir Hacıbəylinin
yaradıcılığı əvəzsizdir...”
Onun “Azərbaycan”
qəzetindəki son yazısı 1920-ci il
aprelin 25-də, sonuncu 82-ci sayında, yəni işğaldan iki
gün əvvəl çap edilmişdir. Orada deyilirdi: “Mən
demirəm ki, Nikolay höküməti ilə Lenin hökuməti
arasında fərq yoxdur, xeyr! Təfavüt vardır və
özü də bundan ibarətdir ki, nikolaylar və generallar
hökuməti bizə həmişə “isvoloç” deyib
atamıza söyərdilər, mujik və raboçi hökuməti
məşhur rus söyüşü ilə anamıza söyəcəkdir...”
Sovet
Rusiyasının 1920-ci il 27 aprel
çevrilişindən sonra dərin sarsıntılar
keçirən Üzeyir bəy Sovet terror
maşınının təzyiq və təhdidləri ilə
üzləşsə də, doğma vətənini tərk
etməmişdir. İşğaldan az sonra Azərbaycan
xalqının cəlladları olan pankratovların,
mikoyanların rəhbərliyi və sapı özümüzdən
olan manqurtların dəstəyi ilə bir neçə gün
əvvəl “Azərbaycan” qəzetində Sovet hökumətinin
mahiyyətini məsxərəyə qoyan, “Müsavat”
partiyasının üzvü Üzeyir bəyin də tutulub
güllələnməsi haqqında sənədlər
hazırlanmış, ittihamnamədə yuxarıdakı
felyetondakı tənqid cinayət faktı kimi
vurğulanmışdı. Nə yaxşı ki, böyük
milli faciəyə yol açan bu cinayətin
qarşısını o zaman Nəriman Nərimanov vaxtında
ala bilmişdi... Yeri gəlmişkən qeyd edək ki, Nəriman
Nərimanov Azərbaycan ziyalılarının və Xalq
Cümhuriyyətinin qurucularının kökünü kəsməyi
qarşılarına məqsəd qoymuş həmin cəlladların
bir çox cinayətkar planlarının da
qarşısını almış, onların vətəndən
uzaqlaşmasına şərait yaratmışdı...
Kommunist rejiminin “qırmızı” terrorundan yaxa qurtaran
Üzeyir bəy Nəriman Nərimanovun dəstəyi ilə
Sovet Azərbaycanının Xalq Maarifi Komissarlığı
yanında İncəsənət İdarəsinin musiqi
şöbəsinə rəhbər təyin edilir. Çox
maraqlıdır ki, 27 aprel çevrilişindən bir neçə
gün sonra teatrda Üzeyir bəyin “O olmasın, bu olsun” əsəri
səhnəyə qoyulmuşdu. Görünür,
bolşeviklər Üzeyirsiz ötüşə bilməmişdilər.
Bəlkə çoxları bilmir ki, bir il sonra (1921) isə
böyük şairimiz M.Ə.Sabirə Bakıda heykəl qoymaq
məsələsi ortaya çıxanda maddi vəsait
üçün Üzeyir bəyin əsərlərinə
üz tutulmuş, bolşeviklər onun əsərlərini
tamaşaya qoyaraq ianə toplamaq yolu ilə böyük
şairə paytaxtımızda heykəl qoydurmuşdular.
Görünür, bolşeviklər belə bir həqiqəti
də anlamışdılar ki, cəmiyyət dahilərsiz
keçinə bilməz...
1920-ci illər
Üzeyir bəyin həyat və fəaliyyətində
“ağır illər” olsa da, bu dövr Azərbaycanda musiqi
quruculuğunda “təşkilatçılıq” illəri kimi
xarakterizə olunur. Nə yaxşı ki, bu təşkilatı
işlərə Üzeyir bəy başçılıq
edirdi. Onun təklif və layihələri əsasında
Azərbaycan Dövlət Konservatoriyası, Dövlət
Türk Musiqi Məktəbi, çoxsaylı musiqi məktəbləri
yaradılır. 1926-cı ildə Dövlət
Konservatoriyası ilə Dövlət Türk Musiqi Məktəbi
birləşdirilir. 1933-34 -cü tədris
ilində Dövlət Konservatoriyası nəzdində
“xüsusi istedadlı uşaqlar qrupu” yaradılır. Az müddətdən sonra həmin “qrup” onillik
orta ixtisas musiqi məktəbinə çevrilir. Bu məktəbin
əsas missiyası (hazırda Bülbül adına
Orta İxtisas Musiqi Məktəbi) Konservatoriya
üçün musiqi kadrları hazırlayan əsas baza təhsil
müəssisəsi olmuşdu...
1920-ci illərdə Üzeyir bəyin musiqi təhsili
quruculuğu işində aparıcı mövqeyi və
nüfuzu ona qarşı hücumlara “rəvac verir”, onun əsərlərinin
təftişinə başlanılır. İş o həddə
çatır ki, erməni əsilli kamançaçı
Saşa Oqenazaşvili (Oqanezov) Üzeyir bəyi “Azərbaycan
musiqisinin inkişafı üçün
çalışmamaqda” ittiham edir. Dünyanın qəribə
paradoksları var. Gəlmə bir erməni bu musiqinin ölməz
nümunələrini yaratmış Üzeyir bəyi Azərbaycan
musiqisinə xidmət etməməkdə “ittiham” edirdi!...
Bu illərdə
Üzeyir bəy təkcə “gəlmələrdən” deyil,
sapı özümüzdən olan, milli ruhdan uzaq, nihilist
komissarlardan, milli manqurtlarımızdan da çoxlu tənələr,
tənqidlər, təhdidlər və təhqirlər eşitməli
olmuşdu. Xüsusən, xalq maarif komissarı Mustafa Quliyev və
müxtəlif adlarla mətbuatda çıxış edən
“musiqi tənqidçiləri”ndən bu illərdə geniş
müzakirə olunan muğam operası ilə bağlı ona
qarşı yersiz tənqidlərə Üzeyir bəy dəfələrlə
cavab vermək məcburiyyətində qalmışdı. Bir
çox hallarda bu işdə məsləkdaşı, dostu və
bacanağı Müslüm Maqomayev də Üzeyir bəyə
yardımçı olmuşdu... Lakin bu
“müzakirələr” tezliklə musiqi quruculuğunda
Üzeyir bəy yolunun düzgünlüyünü sübut
etdi.
(Ardı var)
ƏSGƏR QULİYEV
Təhsil Nazirliyi Tədris
Resursları şöbəsinin müdir
müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2015.- 11 iyul.- S.22.