Doğulduğu günü xatırlayan
adam
ŞAİR
VAQİF BƏHMƏNLİ İLƏ SÖHBƏT
(Əvvəli ötən şənbə
sayımızda)
- Vaqif, istəyirəm
indi də söhbətimizi daha qəliz bir istiqamətə
yönəldim. Bax, sən kənddən gəlmiş bir gənc
idin. Adətən sənin kimilər ənənəvi
şeir üstə köklənirlər, uzun müddət ənənəvi
şeirin çərçivələrində qalırlar - mən
yalnız şəkli cəhətdən, forma baxımından
demirəm, şeirin ruhu, daxili məzmunu, dünyaya, elə
öz daxilinə baxışında da və s... - Sənin
isə, mənim yadımda olanı, belə bir problemin
olmadı, şeirin, demək olar ki, elə lap əzəldən
ruhu, deyim tərzi ilə təzə idi, müasir idi. Məsələn
23 yaşında, 1978-ci ildə yazdığın “Vitrindəki
gips adam” şeirini götürək... Sən kənddən
gəlmiş bir gənc, 23 yaşında dərhal ətrafa
baxıb, zamanın konyukturasını nəzərə
alıb (konyuktura sözünü burda mən yaxşı mənada
işlədirəm), ağlınla şüurlu şəkildə
poeziyada mövqeyini müəyyənləşdirmişdin,
yoxsa bu elə sövqi-təbii, özü-özünə
belə alınmışdı?
- İntiqam müəllim, icazə verin bu suala ətraflı cavab verim. Siz Şuşada doğulmusunuz. Şuşa nəinki Qarabağ xanlığının paytaxtı, həm də Azərbaycan mədəniyyətinin paytaxtıdır, döyünən ürəyidir, hələ ki, alternativsiz yaradıcı ruh mənbəyidir. Milli vokal sənətinin iki banisindən biri, bəlkə də birincisi xanəndə Cabbar Qaryağdıoğlu deyirdi ki, oxumaq yalnız səsdən ibarətdi. Allah tərəfindən əta olunan yüksək, ürəyəyatımlı, məlahətli səs öz sahibini başqalarından fərqləndirir və ona oxumaq ixtiyarı qazandırır.
Cabbar Qaryağdıoğlu ilk nəfəs dərdiyi gündən sonuncu nəfəsi sinəsindən üzülənəcən düz oxudu, rast oxudu. O, özünəqədərki muğamat təcrübəsini ümumiləşdirə bilən fitri istedada, qüdrətli səs imkanına və improvizə bacarığına malik idi. Elə belə deyil ki, Cabbar Qaryağdıoğlu ahıl yaşa çatanda milli vokal musiqi-nin digər banisi böyük Bülbül aylarla xanəndənin dizinin dibini kəsdirib onun ifasında 350-dən çox muğam, təsnif və xalq havacatını, örnəyini fonovala köçürdü.
Əslində XX yüzilliyin əvvəlində Üzeyir Hacıbəyli ümumən Azərbaycan musiqisində və təbii ki, bəstəkarlıq yönündə inqilab eləmişdi. Bu, şəksizdi. Azərbaycan ifaçılığının bütün tarixi təcrübəsini əxz eləyən Bülbül bizim milli musiqini Avropa musiqi ailəsinin bərabər hüquqlu üzvünə çevirməyi bacardı və bu işin baş tutmağında milli musiqi ensiklopediyası sayılan Cabbar Qaryağdıoğlu sənətinin müstəsna xidməti vardı.
Məncə, keyfiyyət fərqlərinə baxmayaraq, estetik meyarlara görə hər iki sənətkar - həm Cabbar Qaryağdıoğlu, həm də Bülbül Azərbaycan musiqisində həmişə novator olaraq qalacaq və müasir səslənəcəklər. Şeirimizə keçid alaq, musiqidən fərqli olaraq klassik poeziya sənədli olduğuna görə burada Bülbül, yaxud Cabbarsayağı trausfer mümkün deyil. Çünki Füzuli bir dünyadırsa, Nəsimi iki cahandır, Sabir dünyanın başqa bir üzüdür. Təəssüf ki, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra milli ədəbiyyatın uçan qanadlarını qırdılar. Ədəbiyyatda nə Üzeyir Hacıbəyli inqilabı, nə Cabbar Qaryağdıoğlu ümumiləşdirməsi, nə də Bülbül, Fikrət Əmirov, Qara Qarayev keçidi baş vermədi. Açıq deyirəm, mənim, oxuduğum ədəbiyyat dərsliklərindən heç xoşum gəlmirdi. Zorla bizim boğazımıza tökülən sıyıq dəhşətli dərəcədə dadsız idi. Amma onu yeməyə məcburduq. Partiya, kolxoz, Moskva, komsomol, pioner şeirləri, ideologiyanın eybəcərləşdirdiyi ifrat bəsit, qurama hekayələr, sicilləmə poemalar... Ötən əsrin 20-ci illərindən 60-cı illərinə qədər ümumtürk poeziyasında boşluğu dolduran bəlkə də yeganə şair Nazim Hikmətdir. Sovet poeziyasının bir çox örnəklərində ümumən ədəbiyyatın predmeti təhrif olunub.
Ritorika virusunun, şablon düşüncə üşütməsinin pozucu təsiri bu gün də yüzlərlə qrafomanı kor halda saxlayır. Biz hamımız Sovet ədəbiyyatının uçurumuna yıxılmış adamlarıq, əziklər, çapıqlar təbii ki var.
Bununla belə, şükür, salamatlıqdır. 60-80-ci illərdə Rəsul Rza, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Nəriman Həsənzadə, Fikrət Qoca, Əli Kərim, Məmməd Araz, Cabir Novruz, Musa Yaqub, Xəlil Rza və gerçək poeziya meyarları ilə yaradan digər şairlərin mən deyərdim ki, fədakarlığı sayəsində milli poeziya nokautdan ayıla bildi. 80-ci illər poeziyasının ən yaxın sələfləri indicə adını çəkdiyim şairlərdir. Onların təsirindən, nailiyyətlərindən, ədəbi təcrübələrindən yan keçsəydim, xüsusən M.F.Axundovdan üzü bəri Azərbaycan nəsrini, dünya ədəbiyyatı örnəklərini oxumasaydım yəqin ki, pis səsi bir-birinə bənzəyən poeziya bülbüllərindən biri də mən olardım.
70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən başlayaraq mənim bədii sözlə davranışlarım ədəbi dəyərləndirməyə imkan verən səviyyədədr. Buna qədər xüsusən gənclərin əzbər bildiyi, qızların can dəftərini bəzəyən “Mənim nənəm sizdədi”, “Qızlar bulaq üstə gələr”, “Sən tərəfdən əsən külək”, “Bu qızlar nə yaman gözəlləşiblər”, “Üzlük”, “Payız məhəbbətim”, “Arazım”, “Bir kənd qoyub gəlmişəm” adlı şeirlərin varlığındakı həyat və obrazlı düşüncə tərzi mənə yazmaq ixtiyarı verirdi. Yəni səs var idi, qalırdı oxumaq, qışqırmaq, fısıldamaq yox, məhz oxumaq. Etiraf edirəm ki, 1978-ci ildə “Azərbaycan”ın təqdimatından sonra hiss edim ki, bədii sözü adi sözdən, əbədini fanidən ayıra bilirəm. Paltar biçən dərzi əlini sürtən kimi parçanın pambıq, kətan, yaxud ipək olduğunu gərək ayırd edə bilsin. Məncə, bu yaradıcılığın hər bir sahəsində bəlkə də ilkin və çox mühüm şərtdir. Həyat idealı insanı mənalandırdığı kimi estetik ideal da sənətkarın varlığını təsdiqləyir.
Sözümün canı odur ki, məqsədli axtarış, gərgin mütaliə və böyük əmək sərf edilməsə yekunlar yaratmaq bir xülya olaraq qalır. Təsəvvür edin, Azərbaycan klassik ədəbiyyatına, folklora, müasir Azərbaycan nəsrinə, poeziyasına, ədəbi tənqidinə, dramaturgiyasına mənsub elə bir əsər yoxdur ki, onu mütaliə etməyim. “Azərbaycan” jurnalı isə əsasən 78-ci ildən başlayaraq ta bu günə qədər dünya ədəbiyyatına məxsus Mayakovski, Yesenin, Blok, Bulqakov, Markes, Kamyu, Selincer, Akutakava, Aytmatov, Rasputin, Belov, Pasternak kimi sənətkarları ən maraqlı formatlarda (əsərin tərcüməsi, müsahibələr, məktublaşmalar, xatirələr, tərcümeyi-hal) təqdim etdi və edir. Yaxşı ki, dünya ədəbiyyatı “Azərbaycan”da milli ədəbiyyatımızla milli nəsr, poeziya, ədəbiyyatşünaslıq örnəkləri ilə paralel işıqlandırılır.
50-60-cı illərdən yeni axar, yeni istiqamət götürən çağdaş ədəbiyyatımız isə həqiqətən, qüdrətlidir, düşüncələrə, bədii söz dünyasına meydan açan etibarlı mənbə, əsl məktəbdir. İmzaları xatırlayaq - İ.Əfəndiyev, İ.Hüseynov, S.Əhmədli, R.Rza, B.Vahabzadə, H.Arif, N.Həsənzadə, S.Tahir, Ə.Kərim, C.Novruz, M.Araz, M.İsmayıl, Ə.Əylisli, İ.Məlikzadə, Anar, Elçin, M.Süleymanlı, İ.İsmayılzadə, Ə.Salahzadə, S.Səxavət, S.Rüstəmxanlı, R.Rövşən, N.Kəsəmənli, M.Oruc, V.Bayatlı, E.Baxış... adları çoxaltmaq da olar.
Məhz bu adlarla Sovet dövründən şoran tutmuş milli ədəbiyyat torpağı münbitləşir. Və bu münbitləşmə, yeni ədəbi-bədii düşüncə mühitinin yaranması təqribən 30 il çəkib. Məktəb var. 60 yaşımda, 45 illik ədəbi təcrübəyə dayanıb deyirəm ki, bu məktəbdən imtina etmək, onun üstündən xətt çəkmək nadanlıqdır. Sizin dediyiniz, sözün yaxşı mənasında olan “konyuktura”ya görə göstərdiyim amillərə, adlara, ədəbi mərhələlərə minnətdaram.
- Bilirsən də,
60-cı illərdə, elə 70-ci illərin əvvəllərində
də sərbəst şeir ətrafında çox
qızğın söz-söhbət gedib. Sən
poeziya aləminə, necə deyərlər, atılanda bu
söz-söhbət bir qədər səngimişdi, amma hələ
də davam edirdi. İndi buna əsasən əhəmiyyətsiz
bir məsələ kimi baxsalar da, hər halda şeirimizdə
müxtəlif ölçülər-biçilər var, vəznlər
var və bu mahiyyət etibarı ilə, çox ciddi bir
məsələdir. Mənim zənnimcə, ilk növbədə
xüsusən dil faktoru ilə çox bağlı bir məsələdir.
Azərbaycan dilinin, ümumən türk dillərinin təbiəti,
onun qramatik xüsusiyyətlərini, hətta, belə deyək
də, nə qədər demokratik və ya konservativ bir dil
olub-olmamasını nəzərdə tuturam... Sən necə,
bir şair, bir praktika adamı kimi bu məsələdə
mövqeyin necədir?
- Belə başa düşürəm ki, ədəbi formaların və ana dilimizin düşüncəni bədii şəkildə ifadə imkanı barədə danışmalıyıq. Bu, məncə, sənətkarlıq problemidir və öz roluna görə istedadın özü qədər əhəmiyyət daşıyır.
Heç şübhəsiz ki, bütün ədəbi janrlar, ədəbi forma və üslublar ona görə mövcuddur ki, bədii əsərin dili adi, ümumişlək xalq dili deyil. Mənbə xalqın dili olsa da, bədii dil, üslub, ifadə tərzi - estetik kateqoriyadır. Janr dəyişkənliyinin, qəzəldən, rübaidən, qoşmadan, ənənəvi hecadan, poemadan tumuş sərbəst şeirə, üstəlik esse və publisistik janrlara keçidlərin elə də fərqində olmamışam. Mənə görə bədii mətləbin, emosional ovqatın, hansı şəkildə olur olsun, müəyyən bir harmoniya içərisində mənalı sözə çevrilməsi əsasdır. Çox zaman şeirin vəznini içində baş qaldıran ideya tumurcuğu, ilk soz, ilk misra və ya sətir müəyyən edir. Adətən qüdrətli qələm sahibləri düşüncələrini ifadə edərkən sözün əlində aciz qalmırlar. Oxucudan fərqli olaraq şair sözün tamaşaçısı deyil, çırpınan, həyəcanlandıran, bağıran, pıçıldayan və bütün hallarda ədəbi qaydalara uyğun olaraq hökmünü və ifadə gücünü azatmayan sözün özüdür.
Sözün açığı, bizim 70-80-ci illər ədəbi nəsli işlətdikləri poetik vəznlər səbəbindən basqılara məruz qalmamışdır. Çünki biz ədəbiyyata gələndə şeirlər heca və ya sərbəst adıyla kəskin şəkildə bir-birindən ayrılmırdı. Elə şairlər var idi ki, əlbəttə dünya, xüsusən rus poeziyasının və təbii ki, Nazim Hikmətin sehrli şair ruhunun müsbət təsiri altında müəyyən təcrübələr eləyirdilər və nəticədə ən müxtəlif vəzənlər vahid şeir strukturu yaradırdı. Məsələn, İsa İsmayılzadənin, Tahir Qurbanovun, Dilsuzun... bəlkə başqa yada düşməyən adlar da var, onların şeirlərində sərbəstdən hecaya olduqca rahat və məqbul keçidlər izləmişəm.
Yüksək ilham və çırpıntı ilə yazılan poeziya əsərində duyğulara uyğun ahəngdarlıq eləcə də, bədii qayə vəhdətdədirsə əsəri uğurlu saymaq olar. Bizim bir yazıçı başqa bir yazıçının bədii sirlərlə dolu əsərini Azərbaycan dilinə çevirəndən sonra maraqlı bir fikir işlətmişdi. “Mənim üçün də maraqlı idi - tərcüməçi deyir, - düşünürdüm, görəsən yad dildə ifadə olunmuş dahiyanə bədii mətləbləri çatdırmaq üçün bizim ana dilimizin döş qəfəsinin həcmi, ciyərinin hava tutumu yetərlidirmi?” İndi mən deyirəm, söz sahibi ustaddırsa Azərbaycan dilinin orfoqrafiya lüğətindən alınmış mincə sözlə möcüzə və sehr yarada bilər.
Zəngin, koloritli və müdrik dil mühitində dünyaya göz açıb böyümək yazıçı üçün bəxtiyarlıqdır. Amma əgər o sərvətdən ardıcıl şəkildə istifadə olunmasa və daim yeni axtarışlarla zənginləşməsə itib-batar, özündə şey olaraq qalar. Dil yaddaşdır, donuq yox, hərəkətdə olan yaddaşdır. Məhz bu yaddaş yazıçının istinad nöqtəsidir. İdeya, forma, bədii ifadə və harmoniya axtarışları hüdudsuzdur, onu sona qədər dərinləşdirmək cəhdləri hər bir yazıda məğlubiyyətə uğrayır. Dahiyanə əsərlər belə, sona qədər kamil deyil. İndi bizim sürət əsrində, yeni ədəbi cərəyanın bir çox nümayəndələri ədəbi janr və vəznləri, bədii dili heç nəzərə almırlar, sanki dil kimsəsiz, yetim küçə uşağıdır və sən onunla istədiyin kimi davrana bilərsən. Mənə görə hər bir əsər ədəbi dilin, ədəbiyyatın qanunları, məcburi meyarlar əsasında yaradılmalıdır. Hətta novatorluğun da mövcud olması üçün ədəbi təcrübələrdən ideal məkan yoxdur.
- Əvvəlki
sualımın davamı kimi soruşuram: şeirin müasirliyi
nə ilə ölçülür, müəyyən edilir?
Ümumiyyətlə, müasirlik mütləq bir tələbdir,
yoxsa şeir müasir olmaya da bilər? Söhbət klassiklərdən
getmir təbii ki, bu gün bizimlə bir vaxtda yaşayan
şairin şeirindən gedir; bu gün yazılan şeirdən?!
Məsələn, biri şeir yazır - belələri
hal-hazırda çoxdur - ənənəvi yazır, güldən-bülbüldən
yazır, lap elə aktual mövzuda yazır, amma müasir
şeir deyil. Buna necə baxırsan? Belə şeirlərin
çapına ehtiyac varmı?
- Müasirlik müəyyən bir zaman kəsimində yaradılan siyasi, sosial, mədəni və mənəvi sərvətin gərəkli olduğunu təsdiqləyən meyardır. Mənim fikrimcə, bu anlayışda zaman faktoru şərti rol oynayır. Bütün sirr, dəyər, enerji və təsir imkanı əslində müasir adlandırdığımız nailiyyətin özüdür. O dəyər min il əvvəl də yaradıla bilər, onun dəyərləndirildiyi vaxt aralığında da. Müasirlik modern qab-qacaq deyil, qədim, yaxud çağdaş naxışlı qabın içindəki təamın dadı, ləzzəti və cana xeyiridir. Bu mövzu həmişə müzakirə olunub, sizin bu sualınıza cavab verməyə cəhd göstərən nə birinci, nə də sonuncu adamam. Xatircəm olun, heca şeiri - onun qoşma, qəraylı, onbirlik, on ikilik, on beşlik, on altılıq şəkilləri həmişə qalacaq, nə bilim, bəlkə sərbəst şeirlər esse adlanacaq, hekayəyə roman deyəcəklər, poemanı İsa kimi çarmıxa çəkəcəklər... Bunları biz bilmirik, heç falçı da bilmir. Bütün hallarda, mənim statusuma uyğun olaraq, həmişə həyat həqiqəti, dərin bədii ümumiləşdirmə, bəşəriyyətin böyüməyinə səbəb olan ideyalar, insanın içini zənginləşdirən və onu birmənalı olaraq yaşamağa, insanlığa xidmət etməyə ruhlandıran harmoniya əsas olacaq.
Bəzən məsələnin konseptual qoyuluşundan detalların izahı çətin olur. Misal üçün, qayıdıram yaxşı bildiyim yerə, indiki Azərbaycan şeirinin çağdaş durumuna. Bir çox şairlərimiz və yazıçılarımız var ki, onların poeziya və nəsr prosesinə təsiri dolayısıyla qalır, amma onlar, məsələn, Məhəmməd Füzuli, Nəsimi, Vaqif kimi hərəsi öz çəkisində artıq ədəbiyyat tarixinə məxsusdurlar. Onların canlı olaraq səhnəyə çıxmaları qocalmış artistlərinin nostalgiyasını xatırladır və gülməli görünür. Bir də var namuslu kəndli kimi taxıl əkib tarlasını suvaranlar, bunlar, hayıf ki, barmaqla sayılacaq qədər azdır. Və yenə təəssüf ki, poeziya torpağının 90 faizi şoranlaşıb. Heç alaq-ulaq da bitmir. Bu məni çox mütəəsir eləyir. Bilirəm, bu müsahibədə sizinlə bir yerdə səsləndirdiyimiz bir çox fikirlər bir qıraqda qalacaq və məhz indicə apardığımız təsnifata görə üstümüzə yüz yerdən çomaq çəkəcəklər. Amma qardaş, Allaha and olsun, bizim ədəbiyyatın inkişafını əngəlləyən bütlərə, orada örüş ayaqlayan çobanlara, alaq da bitirməyən şoranlaşmış torpaq laylarına görə ölüb yerə girmək istəyirəm. Düzdü, XXI əsrin yaddaqalan imzaları var: məsələn, Böyükxan Pərviz (Allah rəhmət eləsin), Salam Sarvan, Akif Səməd, Aqil Mirseyid (Allah hər ikisinə rəhmət eləsin), Fərid Hüseyn, Şəhriyar Del Gerani, Qulu Ağsəs, Elşad Ərşadoğlu, Könül Həsənqulu, Sevinc Pərvanə, Günel Mövlud, Feyziyyə, nəsrdə Cavid Zeynallı, Qaraqan, Şərif Ağayar, ədəbi tənqiddə Cavanşir Yusifli, Nərgiz Cabbarlı, Azər Turan, Tehran Əlişanoğlu, Elnarə Akimova və digərləri var. Amma çevrədə elə bir dəhşətli boşluq, uçurum durur ki, adamı ruhdan salır.
Uzağa getmirəm, əgər son əlli ilin ədəbiyyat güzgüsündə İlyas Əfəndiyev, İsa Hüseynov, Sabir Əhmədli, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Sərdar Əsəd, Əli Kərim, Cabir Novruz, Xəlil Rza, Fikrət Qoca, Sərdar Əsəd, Məstan Günər, Anar, Əkrəm Əylisli, Elçin, Abbas Abdulla, Məmməd Aslan, Məmməd İsmayıl, Musa Yaqub, Ramiz Röşən, Əşrəf Veysəlli, Seyran Səxavət, Tofiq Abdin, Nüsrət Kəsəmənli, Camal Yusifoğlu, Sabir Rüstəmxanlı, Məmməd Oruc, Eldar Baxış, Vaqif Bayatlı, Saday Budaqlı, Səfər Alışarlı, Akif Əhmədgil, Ağacəfər Həsənli, Tofiq Nurəli, Aqil Abbas, Afaq Məsud, Zakir Fəxri, Adil Cəmil, Musa Ələkbərli, Rauf Soltan, Maarif Soltan, Tahir Qurbanov, Rafiq Tağı kimi ciddi ədəbiyyat obrazları varsa, bəs onda ədəbiyyatı barmağına dolayan boz “şairlər, yazıçılar” kütləsi haradan peyda olub və necə olub ki, kimsə bunu görməyib. Məncə “dur” deməyin vaxtıdır. Yazıçılar Birliyinin üzvü olan bütün şübhəli şəxsləri böyük bir imtahan otağına toplayıb onların ədəbi biliyinin hansı səviyyədə olduğunu müəyyənləşdirmək ixtiyarını heç kəs bizim əlimizdən almayıb. Ədəbiyyatın büdcəsini fərdi axtarışlar, tək-tək istedadlar formalaşdırır, ədəbi məhsul tenderə çıxarılmır, onun gərəkliyini Satınalmalar üzrə dövlət agentliyi deyil, əlahəzrət oxucu müəyyənləşdirir. İntiqam müəllim, deyəsən yenə də baş alıb getdim, sonda tam əminliklə deyirəm, müasirliyin töhfəsi gül, bülbül haqqında yazılmış nimdaş şeir, pritça, hekayə deyil, gülün ətri, bülbülün nəğməsidir. Elə bir ətir ki, ciyərin havasına saflıq qatır, elə bir səs ki, dərdi unutdurur.
- Vaqif, sən ədəbiyyata
Sovet dövründə gəlmisən və təxminən 15
il də o dövrdə, o mühitdə yazıb yaratmısan.
Yadındadır, onda çap olunmaq məsələsində
ciddi tələblər vardı. Nəhayət, senzura da
vardı. Bax, xahiş eləyirəm tam səmimi deyəsən,
şeir yazmaqda, ortaya yüksək bədii söz qoymaqda bunlar
sənə mane olurdumu? Olurdusa, hara qədər mane olurdu?
- On beş yox, 20 il Sovet mətbuatının fəal müəlliflərindən biri olmuşam. Ondan başqa mətbuat da yox idi. Şeirlərim, poemalarım, publisistik yazılarım, kitablarım işıq üzü görüb. Ümumiyyətlə qəzetlərin senzuradan keçdiyini redaksiyada işə başlayanda bildim. Elə ki, bütün materiallar səhifəyə yerləşdirildi, qəzet çapa gedəndə elə nəşriyyatın özündə lap axırdakı sakit və səliqəli bir otaqda qadın, kişi - bir neçə nəfər əyləşib bizi gözləyirdilər ki, səhifələrə baxıb, onun bir qırağına möhür basıb desinlər ki, buyurun aparın, bizim iradımız yoxdu. Üst-üstə on beş il “Sovet kəndi”, iki il “Kommunist”, iki il “Odlar yurdu” qəzetlərində çalışmışam, hələ bir dəfə görməmişəm ki, “qlavlit” qəzeti gecikdirsin, yaxud hansı materialasa ilişsin. Elə bil onların işi orada oturub çay içmək, sonra da “ottiskin” qırağına möhür basıb evə etmək idi. Kitablarımız da eləcə. Kitab nəşriyyatının senzorunun harada əyləşdiyini bilmirdim. Biz əsərimizin siqnal nüsxələrini həyəcanla gözləyərkən, o xoşbəxt hadisədən zəbər tutmaq üçün redaktorumuza tez-tez baş çəkirdik.
Redaktor deyirdi, hə, biz işimizi görüb qurtardıq, kitab getdi “qlavlitə”, yəqin bir-iki günə qayıdar, gedər mətbəəyə. Amma hərdən qulağımıza çatırdı ki, deyək, “Ədəbiyyat və incəsənət” qəzetinin hansı səhifəsinisə, “Azərbaycan”, “Ulduz” jurnallarının hansı sayınısa “qlavlit” buraxmayıb, aparıblar MK-da baxmağa... Bizim dövrün senzurası haqqında təəssüratım belədir. Məncə, yerində olmayan redaktorlar daha amansız idilər, onlar bəzən antisovet yox, yaxşı obraz, sərrast deyilmiş cümlə axtarırdılar ki, onu aradan qaldırsınlar. Kitab redaktorunun kəsdiyi başa sorğu yox idi. Amma yaxşı redaktorlar da yetərincəydi.
Bu məqamda, kabinetsiz-filansız, senzurası öz içində oturan, hökumətə yaltaqlanıb nəsə pay qoparmaq üçün bir-birinə mafar verməyən müəlliflər sürüsünü də qeyd etməliyəm. Onlar qaşlarının arasını düyünləyib adama salam verməyə də can çəkirdilər, göynən gedirdilər. İndi onların adı heç it dəftərində də yoxdu. Bir çox redaksiyalarda şeir şöbələrinin müdirləri ədəbiyyata yeni gələn cavanlarla rastlaşanda sanki qutuda ilan görürdülər. Əlyazma illərlə mübhəm qovluqlarda mürgü döyür, sora da itib-batır, harasa yoxsa çıxırdı. Özünə hörmət bəsləyən qələm sahibləri onların sınıq-salxaq qapısında alçalmaq istəmirdilər. Müəllif nədi, baş redaktorun üzünü gördü nədi? İndi bütün bu olmuşlara görə fərdi qaydada kimlərisə qınamağın yeri deyil. Çünki bunlar sistemin təbiətindən gəlirdi. Yaradıcılıq müqəddəs bir işdir, seçilmişlərin qismətidir, yazıçılar fədakar adamlardır, onların qarşısını kəsmək, onlara mane olmaq ən ağılsız işdir. İbrət alıb elə etmək lazımdır ki, ötənlərdə baş verənlər bir daha təkrarlanmasın.
- Mümkünsə,
döşünə yatırsa, bir neçə kəlmə də
müstəqillik dövründə şeirimizin, ümumən
ədəbiyyatımızın durumu barədə
danışaq (müqayisəli şəkildə). Yəni istəyirəm
sən münasibətini bildirəsən. Bax,
hal-hazırda fikir söyləmək, yazmaq və nəşr
olunmaq üçün heç bir qadağa, senzura, bədii
şura və sairə yoxdur. Ədəbiyyat, bədii
yaradıcılıq çoxmu irəli gedib? Əlbəttə
məni daha çox keyfiyyət göstəricisi, sənətkarlıq
səviyyəsi maraqlandırır...
- Bəzək-düzəksiz, birbaşa sualınıza elə o tərzdə də cavab verəcəyəm. Müstəqillik illərinin ilk on ili sarsıntıdan çıxmaq dövrüdür, bu yalnız ədəbiyyata aid deyil, həm də cəmiyyətə şamil olunur. Yazı-pozu, kitab, məktəb, elm... hər şey gözdən düşmüşdü. Bakı kimi unikal bir şəhər “lotoxanaya” dön-müşdü. Aclıq qorxusu az qala insani olan bütün mədəni, mənəvi dəyərləri arxa plana keçirmişdi. Sonra yavaş-yavaş həyat qaydasına düşməyə başladı. Mətbuat dirçəldi, yaradıcılıq birliklərində canlanma hiss olundu və çoxlu, lap çoxlu imzalar göründü.
İnternet məkanı imzaların tanınmasını sürətləndirdi. Bəs yaxşı ədəbi nailiyyət baxımından ortada olan nədir? Sadəcə axtarış, ədəbiyyata gəlmək, oxucu sevgisi qazanmaq cəhdləri. Bu heç də pis deyil. Yaradıcı gəncliyin mütaliə imkanın genişlənməsi də yaxşı mənada ciddi məsələdir. İndi oxumağa hər şey var. Hətta bir çox insanlar ingilis dilində oxuyur, indi bütün Türkiyənin ədəbi arsenalı əlimizin altındadır. Bizim vaxtımızda türk ədəbiyyatının beş-on kitabı gəlib çıxmışdı buralara - Suat Dərviş, Tofiq Fikrət, Rəşad Nuri Güntəkin, Əziz Nesin, Fazil Hüsnü Dağlarca, Səbahəddin Ali, Yaşar Kamal, Orxan Kamal və bir neçə başqaları.
Türkiyə kitablarının
kasadlığı öz yerində, kiril əlifbasına
öyrəşdiyimizə görə qardaş ədəbiyyatı
tərcümədən oxuyurduq. Özüm bir az asta oxuyuram,
amma elə azərbaycanlı tanıyıram türkcə
dünya ədəbiyyatını yarılayıb. Rus dilində
mütaliənin zəifləməsi isə möhtəşəm
bir ədəbi varidatla təmasları çətinləşdirir.
Rus dili
tarixi həzm edən, indini və gələcəyi
canlandıran bir dildir. Nə qədər ki, itirilməyib bərpa
edək. İnanıram ki, yeni
dövrün qüdrətli şairləri,
yazıçıları meydana çıxacaqlar. Çünki Azərbaycan xalqı, türk milləti
səsi olan bir qövmdür. Onun
oxumağa haqqı və gücü var. Amma bu kökdən
üzülməmək şərti ilə
mümkündür. Kitabi-Dədə Qorquddan, Qətran Təbrizidən,
Nizami Gəncəvidən, Füzuli, Xətai, Dirili Qurbani,
Aşıq Abbas, Zakir, Sabir, M.F.Axundzadə, Mirzə Cəlil,
Haqverdiyev, Əli bəy Hüseynzadə, Məmməd Əmin
Rəsulzadə, Hadi, Cavid, Müşfiq, Vahid, Şəhriyar,
Süleyman Rəhimov, Ordubadi, İlyas Əfəndiyev, İsa
Muğanna, Ənvər Məmmədxanlı, Bəxtiyar
Vahabzadə və ona yaxın ədəbi nəsildən
tutmuş, bədii sözü sizin dediyiniz kimi
çağdaş axara qaytaran 60-80-ci illər ədəbi nəslinə
qədər olan ədəbi sərvət mənimsənilməsə,
başqa sözlə, bu estetik məkandan kənarda hansısa
bir əsər peyda olsa, bütün məqbul məziyyətlərinə
baxmayaraq o əsər ailə üzvünə çevrilməyəcək,
qürbətdə qalacaq və öldüsündən-qaldısından
xəbərimiz olmayacaq.
- Məni çoxdan
düşündürən, amma sənə heç vaxt demədiyim
bir sualım da var. Deyim, deməyim?
- Onsuz da
mənə olan olub, bayaqdan dil boğaza qoymadan
danışıram. Çalışaram bu dəfə
çox uzatmayım. Buyurun sualınızı verin...
- Sən neçə illərdir
dövlət qulluğundasan, nazirlikdə işləyirsən.
Nazirlikdə hamı: nazirdən, müavinlərdən
tutmuş müxtəlif vəzifələrdə
çalışanlar da sənin xətrini istəyirlər,
hörmət edirlər sənə - dönə-dönə
şahidi olmuşam sənə olan münasibətin.
Çalışdığımız sahələr çox
yaxın, hətta qohum olduğu üçün görürəm
və bilirəm ki, sən bir məmur kimi (bu söz xoşuna
gəlmirsə, başqa cür deyim... Amma üzünün
ifadəsindən başa düşdüm ki, etirazın
yoxdur), hə, bir məmur kimi xidməti vəzifəni
bütün tələblərə uyğun şəkildə
icra edirsən, yeri gələn nəyisə qəti şəkildə
rədd edirsən, dövlətçiliyin qəbul etmədiyi
məsələyə çox rahatca “yox” deyirsən və s.
Yəqin ki, məni başa düşdün?! Amma şeirlərində
özün tam azadsan, şeirində, düşüncələrində,
fikirlərində tamamilə müstəqilsən. Belə ki,
deyəcəyin, demək istədiyin söz dilinin ucuna gəlirsə,
onu geri qaytarmısan; deməli, belə çıxır ki,
iki Vaqif var: biri - Vaqif Quliyev (qapında da belə
yazılıb), o biri - Vaqif Bəhmənli. Əhsən.
İkincini qoruyub saxlaya bildiyin üçün sənə
eşq olsun! Amma mənimçün sirdir, bu necə olur
axı? Bunu necə bacarırsan? Bəri
başdan deyim ki, mən buna əsla pis baxmıram, sadəcə
heyrət edirəm. İstəməsən bu
suala cavab verməyə bilərsən. Yox, bilirəm,
qardaşının bu sualını da cavabsız qoymazsan...
-
Yazıçı hamı kimi sosial varlıqdır. Yazmaq isə onun fövqəladə
missiyasıdır. Sonuncu cəhətə,
yəni missiyaya fərdin qəlbi, ürəyi qərar verir.
Əgər fərd əzablı azadlıqda
mövcud olmaq istəyirsə, davam edir, yox istəmirsə, yenə
də onun öz işidir. Amma cəmiyyətdə
var olmanın yeganə yolu yararlılıqdır. Biz hamımız hardansa gəlib harasa gedirik. Karvanın imkanına münasib yük də var. O
yükü hamımız bir yerdə çəkib
aparmalıyıq. Korlara, karlara, şillərə
Allah kömək olsun. Amma səhhəti
imkan verən hər bir icma üzvü, belə desək
karvanın sıra nəfəri ümumi yükün bir
qulpundan yapışıb aparmağa borcludur. Bu azərbaycanlıların əxlaqıdır, tərbiyə
sistemidir. Mən gözümü
açandan bizim Böyük Bəhmənli kəndində
hamını işləyən görmüşəm.
Anam iş yerində, məktəbdə, qapıda-bacada o qədər
əlləşirdi ki, ona yazığım gəlirdi. Bəlkə də ifrat mərhəmətli
olmağımın yeganə səbəbi budur. İlk dəfə şin zavodunun “Saja” (yəni qurum)
sexində üç növbəli işə girəndə
18 yaşım vardı. Özü də
ora böyük minnətnən, tanışlıqla
götürmüşdülər. Əmək məcəlləsində
belə bir qayda var, əgər ali təhsilə
istehsalatdan gəlmisənsə, tələbəlik illəri
iş stajı sayılır. 60-dan 18
çıxanda nə qalır, 42, deməli mən 60 ilin 42
ilini işləmişəm. İş yerlərim
sizə məlumdur. Yeri gəlmişkən
son şeirlərimdən birində sizin bu sualınıza
aydın cavab var. İcazə versəydiniz söylərdim.
- Buyur, buyur.
- Həyat itir dərində, həyat
izi dərimdə -
kim deyirsə, səhv deyir, dərbədər
doğulmuşam.
Ovcumdakı xətləri
yanlış deyil biri də,
and olsun Allaha ki, bəxtəvər doğulmuşam.
Bəxtəvər doğulmuşam -
Günəşin özü kimi,
Ulduzun işartısı, Ayın
ziyası təndə,
əbədi yük çəkirəm, canım yelkənli gəmi
dünyanı daşıyıram girdə, yumru bədəndə.
Girdə, yumru bədəndə
dartınır qoca bəndə
özündən kiçik, amma özündən uca göyə.
Fəlakət ilxısını ehmal
salır kəməndə,
qoymur ki, yer tərpənə,
yıxılıb uça göyə...
Yıxılıb uça göyə
gərək qurduğum qala,
gərək yüngül canımı yüngül mehlər apara.
Taleyim gəhgir atdı,
Allah
çarəsiz qalar -
cilovumdan yapışıb gərək mehtər apara.
Gərək mehtər apara
mənim kimi köhləni
Şahlara layiq atam, belim gədə
götürməz!
Gəncliyim şərab kimi başa
çəkdi köhnəni,
mömindi qocalığım,
ələ badə götürməz.
Ələ badə götürməz;
Bədənimin
gözü toxdu,
Keyf üçün vaxt nə gəzir,
əlimdə işim daşır.
Bəxtimin adı işdi, ayrı bir
işim yoxdu,
Qəbrim üstdə ucalar yəqin
ki, işin daşı.
Yəqin ki, işin daşı
mənzilimi hörər cəm,
Ruhumun qamətini rüzgar əyməsin
deyə.
Başdaşımın
saçına üzərrik hörəcəyəm
Bəxtimə bir kimsənin
gözü dəyməsin deyə!
Hə, İntiqam müəllim, sizin məmur dediyiniz
Vaqif Bəhmənli işə belə qiymət verir. Vəzifə
mənasında iki Vaqifdən söhbət gedə bilməz.
Bununla belə mənim içimdə həyat
rüzgarlarının dövranına uyğun milyonlarla Vaqif
var. Bu mənim tərkibimdir. Məncə
“məmur” arxaik sözdür. Heç onu
Sovet vaxtında işlətmirdilər, “məsul işçi”
deyirdilər. “Məmur” sözü səslənəndə
adamın yadına Çexov düşür “Çinovnikin
ölümü” düşür.
Bütün bunları elə belə deyirəm. Düzdü, şəxsi
planda, xalqımızın, el-obamızın
düşdüyü vəziyyətlər, hər
dürlü əziyyətlərlə bərabər mənalı
yaşadığıma, çalışdığıma
inamım var. Özümü xoşbəxt hesab eləyirəm
ki, həm Sovet dövründə, həm müstəqillik illərində
dahi Heydər Əliyevin kişi qeyrəti, böyük zəka
ilə qurduğu bir dövlətin, Azərbaycanın vətəndaşı
olmuşam. Çox xoşdu ki, gənc dərrakəsi,
tükənməz enerjisi ilə dünyada yeni Azərbaycan
möcüzəsi yaradan Prezident İlham Əliyevin
komandasında, ürəyimcə olan bir nöqtədə qərar
tutub xalqım, Vətənim, insanlar naminə
çalışıram. Allaha qurban olum, söz də ki
başıma dolu kimi yağır... İntiqam müəllim,
necə ki, sözlə dedim bir bənd də sazla deyim, bu
sualı qapayaq:
İndi siz deyin görüm, mən tək
iqtidar hanı,
Vəzifə pilləsinin
neçənci qatındayam?
Sərvətim təmiz dəri,
mudaram ürək qanı
Adam məmləkətində,
insan ştatındayam!
- Vaqif, sənə ənənəvi
bir sual da vermək istəyirdim (bu məni həmişə
maraqlandırır), sən şeiri necə yazırsan, necə
işləyirsən? Amma birdən yadıma düşdü
ki, dostumuz Seyran Səxavət sənin özün və
yaradıcılığın haqqında yazdığı və
“Azərbaycan” jurnalının builki 4-cü sayında dərc
olunmuş düşüncələrində bu sualı qoyub və
sənin-
Dörd qaş bükülürəm
söz axtaranda,
Hürgüclü dəvənin beli
oluram... (Dəhşət!!! - İ.Q,)
misraları ilə başlayan şeirinlə gözəl cavab verib. Vaz keçdim sualımdan. Amma dərhal
başqa bir sual çıxdı ortaya. Həmin
şeirin axırıncı bəndində yazırsan ki:
Peşəm can hərləmək,
boş xəlbirəm ki,
Dəftərim, qələmim, dilim -
Allahın.
Sözlərdən nərdivan düzəldirəm
ki,
Yetsin ətəyinə əlim
Allahın -
Mən belə yazıram
şeirlərimi.
Adamın şeir yazanda
çəkdiyin əzab-əziyyətə, məşəqqətlərə
paxıllığı tutur. Şəxsən
mən qibtə eləyirəm sənə. İndi,
qardaş, tam ciddi soruşuram: əlinin Allahın ətəyinə
yetdiyi olubmu? Və bu xoşbəxt an nə vaxt baş
verir?!
- Allah heç kimin əlini öz ətəyindən
üzmür. Amma baxır o ətəkdən
yapışan əl kimin əlidir, caninin, yoxsa oğlu
Qarabağ savaşında şəhid olan ananın. Allahın ətəyini mənalı edən ondan
yapışan əllərimizdir. Allah
heç vaxt əl kəsmir. Amma o qədər
kafir var ki, özü əlini o ətəkdən buraxır.
Allahın ətəyinə can atmaq elə Allahın ətəyini
buraxmamaqdır.
- Vaqif, bu yerdə sorğu-sualı
bitirirəm - çünki danışdıqca qurtaran deyil,
ürəyimdə sənə veriləcək hələ o qədər
suallar var... Onları saxlayıram 70 illiyinə.
Allah qoysa, görüşərik... Bu da bir niyyətdir.
Hələlik isə 60 yaşın mübarək!
-
İntiqam müəllim, o boyda jurnalın
işini-gücünü buraxıb mənə bu qədər
vaxt ayırdığınıza görə sizə bir daha təşəkkür
edirəm. Bu illik limit bitib, birinci sayda silsilə şeirlərimi
vermisiniz. İmkan varsa söhbətimizi lap bu
günlərdə yazdığım tək bircə şeirlə
bitirək.
- Olsun.
Daş kimi bərkiyib döşəli
taxtım,
Qüssə dev-dev gəlir...
Necə cəng edim?
Mən kimi oyadım bu gecə
vaxtı,
Gecənin bu vaxtı kimə
zəng edim?
Canım can möhtacı,
Canım can acı;
Səbr yox üfüqün
oyaq vaxtına.
Bəlkə sevgilimə telefon
açım -
Gördümmü heç onun oyaq
vaxtını?..
Axı nə mənası...
Durum, geyinim
Yuxudan oyadım narı, noxudu
Mənzili çöllərdi
çöl çiçəyinin,
Küknar ağacının
qapısı yoxdu.
Dünyada nə qədər qapı
var - bağlı,
Döyməyə bir qapı
yoxdu bu gecə.
Gen sinəm açıqdı...
O da
ki, dağlı...
Sinəmə sancılan oxdu
bu gecə.
Qarışıq, dolaşıq...
Ruhumun saçı!
Xizqədən içəri, dondan
içəri.
Tək mənim darvazam taybatay
açıq -
Bəlkə əcəl girə
ondan içəri.
Hayana yollayım didərgin baxtı,
Başımı salmağa
bir damım varmı?
Mən kimə zəng edim bu gecə
vaxtı,
Allahdan savayı adamım varmı
İntiqam Qasımzadə
525-ci qəzet.-
2015.- 11 iyul.- S.18-19; 23.