Paralel xronologiyalar

 

Əziz qardaşım Muxtar Kazımoğlunun 60 yaşına!

 

Ədəbiyyat həm incəsənətin bir növü, həm elm sahəsi, həm də tərbiyə məktəbi kimi böyük mədəniyyət hadisəsidir. Bu mədəniyyət hadisəsinin tarixi çox qədimlərə gedib çıxsa da, öz təsir dairəsini bu gün belə qoruyub saxlamaqdadır.

Ədəbiyyatın başqa bir özəlliyi də var: ona yaxın olmaq, onunla dil tapmaq üçün gərək hökmən sözün içərisindən keçib gedəsən. Söz arxadır, söz təsəllidir, söz ümiddir, bədii söz isə bədii yaradıcılıq deməkdir. Bədii yaradıcılıqla məşğul olmaq arzusunun haradan başlandığını müəyyənləşdirmək çox çətindir və bu sahədə ilk addımın nə vaxt atıldığını xatırlamaq, təyin etmək də əslində o qədər asan deyil. Amma hər hansı bir əsərin nə vaxt yazılmasından asılı olmayaraq, onun əks etdirdiyi həyat materialı, bəlkə də uşaqlıq illərinin xatirələrinə və uşaqlıq dövrünün müşahidələrinə söykənir.

Əslində ədəbiyyatşünas olmağın və tanınmağın sirlərinin nədən ibarət olduğunu müəyyənləşdirmək qalsın bir tərəfə, kiminsə ədəbiyyatşünaslıq elminə nə vaxtdan qədəm qoymağının da doğru, dürüst təyin edilməsinin kifayət qədər çətinlikləri vardır. Amma bir məsələ aydındır: yaxşı ədəbiyyatşünas olmaq bədii sözün duyulmasından, hiss edilməsindən və hətta mənimsənilməsindən başlayır.

Bunları təsadüfən demirəm, çünki onların konkret obyekti var. Mən əziz qardaşım Muxtar haqqında yazıram - Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Muxtar Kazımoğlu haqqında. Muxtar Kazımoğlu bədii sözü dərindən duyan, elmi fikir və mülahizələrdən yerli-yerində istifadə edən, əsərin cəmiyyətə təsir gücünü obyektiv dəyərləndirən və yaradıcılığı mədəniyyət hadisəsi kimi qavrayan ədəbiyyatşünas alimdir.

Ötən əsrin 70-ci illərinin əvvəlləri - lap elə 1972-ci il idi. Mən onda Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxuyurdum. Muxtarla ilk dəfə həmin vaxt universitetdə qəbul komissiyasının yerləşdiyi idman zalında tanış olmuşam və bu, bizim tanışlığımızı xronoloji baxımdan başlanğıcı idi. Muxtar imtahan verib Filologiya fakültəsinə daxil oldu, eyni fakültədə oxuduq, eyni universiteti bitirdik və nəhayət, bir neçə il kənd məktəbində müəllim işlədik. İndi mən keçmiş illərin tələbəliyi ilə bu günün tələbəliyini müqayisə etmək fikrində deyiləm, amma bir cəhəti bilirəm ki, hər kəsin tələbəliyi özünə doğma və şirindir. Tələbəliyimiz mənim gözlərim qarşısından hər zaman kino lenti kimi keçib gedir. Bəlkə bir az kasıb yaşamışıq, bəlkə atamızın göndərdiyi cibxərcliyi ayın bu başından o başına güclə yetib,  amma qəribədir ki, həmin dövrün mənə və ona aid kasıblığı yaddaşımda iz salmayıb. Ola bilsin ki, buna səbəb tələbəliyin romantikası, təhsil almaq həvəsi, bir də müəllimlərimizin mühazirələri və münasibəti olub. Muxtar vaxtaşırı onlara ədəbi tənqid kursundan dərs deyən professor Mehdi Məmmədovu və professor Qulu Xəlilovu tez-tez xatırlayır. Muxtarın dediyi kimi, Qulu müəllim onları dekabristlərə bənzədir və həyata, ədəbiyyata həvəsləndirirdi.

Muxtarın öz tələbəliyinin bir yarısını yataqxanada, bir yarısını isə kirayədə yaşaması da onun üçün unudulmaz bir xatirədir. Onların içərisində olan ən şirin xatirə isə ara-sıra yazdığı şeirlərdir. Bütün tələbə yoldaşlarının yaddaşına hopan  “Əyilib bulaqdan ulduz içəndə” və yaxud  “Xatirə göyərər görüş yerində” kimi misraların qopduğu o illərin şeirlərinin hərəsi indi də elə tələbə yoldaşlarının ya yaddaşında, ya da arxivlərindədir. Muxtar şair ola bilərdi, amma olmadı, özünə təxəllüs götürmədi, şairliyin əbədi xatirəsi ilə kifayətləndi. Hərdənbir Qaradaşlı olmaq həvəsi yaransa da, Muxtar elə Muxtar olaraq qaldı.

Ötən əsrin 70-ci illərinin sonu - lap elə 1979-cu il idi. Mən AMEA-nın Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyurdum. Məmməd Cəfər müəllimin anadan olmasının 70 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Məmməd Cəfər müəllimlə birlikdə professor Abbas Zamanov, professor Əziz Mirəhmədov və mən Naxçıvana getmişdik. Onda Muxtar kənddə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirdi və o da kənddən gəlib bu tədbirlərdə həvəslə iştirak edirdi. Muxtarın həmin görkəmli alimlərlə tanışlığı və elmə olan həvəsi, marağı bir il sonra öz nəticəsini verdi: o, ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə  AMEA-nın Ədəbiyyat İnstitutunun aspiranturasına daxil oldu. Aspirantura illəri hər bir alimin həyatında olduğu kimi, Muxtarın həyatında da  mühüm mərhələyə çevrildi.

Ötən əsrin 80-ci illərinin əvvəlləri - lap elə 1984-cü il idi. Muxtar Məmməd Cəfər müəllimin elmi rəhbərliyi ilə başa çatdırdığı “Müasir Azərbaycan nəsrində psixologizm” mövzusunda dissertasiyanı müdafiə etdi.  Öz nəzəri səviyyəsi, aktuallığı və yeniliyi ilə seçilən, həmçinin gələcək tədqiqatçılar üçün nümunə olan bir elmi iş yazıldı. İndi Azərbaycan nəsrindən dissertasiya və monoqrafiya yazan əksər ədəbiyyatşünaslar Muxtar İmanovun həmin namizədlik işindən nümunə kimi istifadə edirlər. Həmin adda çap olunmuş monoqrafiyanı bu gün tapmağın özü də çox çətinləşib. Mərhum dostumuz Arif Əmrahoğlu ilə mən Muxtar İmanovun “Müasir Azərbaycan nəsrində psixologizm” kitabının sonuncu 30 nüsxəsini 2006-cı ildə Şəki şəhərinin mərkəzi kitab mağazasından tapıb müəllifə bağışlamışıq.

Ötən əsrin 60-cı illərindən başlayaraq dünya ədəbiyyatında insanın daxili aləmini, fikir və düşüncələrini ifadə edən əsərlər yaranmağa başladı. Bu əsərlərin mahiyyətini və obrazların psixologiyasını açmaq tənqid və ədəbiyyatşünaslığa da yeni mahiyyət gətirdi. Muxtarın “Müasir Azərbaycan nəsrində psixologizm” əsəri bu sahədə ilk addım oldu. Başqa sözlə psixologizm termini və onun ifadə etdiyi məna və məzmun bizim ədəbi-elmi fikrə elə bu tədqiqatla daxil oldu. Bu günün özündə belə “bədii yaradıcılıqda psixologizm” və “ yaradıcılıq psixologiya” anlayışlarının qarışıq salınması Muxtar İmanovun hələ ötən əsrin 80-ci illərində tədqiqat obyekti kimi seçdiyi bu məsələnin nə qədər aktual olduğunun sübut edir.

Muxtar İmanovun “Müasir Azərbaycan nəsrində psixologizm” əsəri mücərrəd və quru nəzəri ehkamlara dayanan tədqiqat deyil. Faktik və zəngin bədii materiallara əsaslanırdı. Həmin faktik və zəngin bədii materiallar isə dövrün öndə gedən yazıçılarının əsərləri idi.  Söhbət o əsərlərdən gedir ki, həmin nümunələrdə qaldırılan problemlər həyatın öz içindən gəlirdi və yaradılmış ədəbi qəhrəmanlar da əsl həyat adamları idi. Muxtar bu problemləri, bu qəhrəmanları səciyyələndirərkən mövzunun tələb etdiyi çərçivədə yeni ədəbi-elmi yanaşmaların da əsasını qoydu. Davranış etiketləri, psixoloji əksetdirmə, daxili monoloq - bu və bu kimi anlayışlar mövcud nəsr əsərlərinə baxışı da dəyişdirdi. Hətta yazıçılar özləri özlərinə yenidən baxmalı oldular. Ədəbi tənqid isə nəsr əsərlərini dəyərləndirmək işində yeni axtarışlara doğru istiqamət götürdü.

Aydın məsələdir ki, ayrı-ayrı yazıçılar kimi ədəbi növləri də, janrları da bir-birinə qarşı qoymaq olmaz. Bu məsələdə məntiqi düşüncənin tələbi belədir ki, hər yazıçı kimi hər janrın da öz yeri var. Kim hansının incəliklərinə daha çox bələddirsə, ona da üstünlük verir. Amma təhkiyə və təsvirə söykənən nəsr yalnız Azərbaycan ədəbiyyatında deyil, dünya ədəbiyyatında da böyük sənətkarların yetişməsinin əsası olmuşdur. Nəsrdəki nəfəs genişliyi, polifonizm, intəhasız imkanlara dayanan bədii qəhrəman yaradıcılığı bu ədəbi-tarixi hadisənin sirlərini açan ayrı-ayrı xətləridir. Muxtar İmanovun monoqrafiyası bu xətlərə də gur işıq saldı.

Başqa bir nəticə isə bundan ibarət oldu ki, bir az sonra Yusif Səmədoğlunun “Qətl günü” romanı çap ediləndə həmin romanla bağlı Elmlər Akademiyasında keçirilən müzakirələrdə əsas məruzəçi və elmi təhlillərə əsaslanan məqalənin müəllifi məhz Muxtar İmanov oldu. “Qətl günü” romanı haqqında yazılan məqalə Muxtar İmanovun “Müasir Azərbaycan nəsrində psixologizm” tədqiqatının əyani şəkildə yeni tətbiq nöqtəsi və bir problemin təhlilində aşkarlanan elmi nəticələrin xronologiyasının davamlılığının sübutu kimi təsdiqləndi. Onda Qaradaşlı imzası bu ilk kitabın yalnız titul səhifəsində qalmışdı,  Muxtar isə tanınmış alim - Muxtar İmanov idi.

Ötən əsrin 80-ci illərinin axırları - lap elə 1989-cu il idi. Həm tələbəlik illəri, həm Aspirantura dövrü, həm Akademiyanın Ədəbiyyat İnstitutunda yanaşı işlədiyimiz vaxtlar bizi daha da yaxınlaşdırmışdı. Həmin il eyni binada mənzil aldıq. Mənzillərin bölgüsü üçün atılan püşkdə hər ikimizin mənzili eyni bloka düşdü. Muxtarın mənzilinin nömrəsi astral bir rəqəmlə ifadə olundu - 7 rəqəmi! Ola bilsin ki, Mifologiya şöbəsində işləyən Muxtar üçün bu,  ərmağan kimi meydana çıxmışdı. Həm də belə bir qisməti Muxtarın folklor aləminə daha sıx tellərlə bağlanmasının simvolu kimi də dəyərləndirmək olar.

Adətən, bir tədqiqat işi yazılıb başa çatdırıldıqdan sonra həmin tədqiqat yeni axtarışlara impuls verir və yol açır. Başqa sözlə, elmi yaradıcılıqda bir məsələ digər məsələnin içərisindən doğulur. Bunu mövzu və problem varisliyi, tədqiqatçı marağının xronologiyası da adlandırmaq olar. Muxtar Kazımoğlunun “Xalq gülüşünün poetikası” adlı monoqrafiyası “Müasir Azərbaycan nəsrində psixologizm” tədqiqatından 20 il sonra meydana çıxsa da, onun ilk tezisləri məhz həmin kitabda irəli sürülmüşdür. Əgər yaradıcılıq silsiləsini davam etdirsək, Muxtar Kazımoğlunun “Folklorda obrazın ikiləşməsi” monoqrafiyası da öz növbəsində “Xalq gülüşünün poetikası” tədqiqatının içərisindən doğulmuşdur.Əlavə olaraq “Gülüşün arxaik kökləri”, “Epos, nəsr, problemlər”, “Portretlər” kitablarını da nəzərə alsaq, həmin kitabların hamısının üzərində “Muxtar Kazımoğlu” imzası yazılmışdır. İndi artıq Muxtar görkəmli folklorşünas və elm təşkilatçısı kimi tanınan Muxtar Kazımoğludur. Muxtar, Muxtar Qaradaşlı, Muxtar İmanov, Muxtar Kazımoğlu silsiləsinin xronologiyası bu sonuncularda öz ünvanını sabitləşdirdi və qətiləşdirdi: nəslə və kökə bağlılığın əyani vasitəsi qalib gəldi.

Muxtar Kazımoğlunun “Xalq gülüşünün poetikası” adlı monoqrafiyasına qədər folklorda gülüş, əsasən, lətifələr əsasında öyrənilirdi. Şübhəsiz, lətifələrdə, yəni bəzəmələrdə gülüşün aparıcı olduğu inkarolunmaz faktdır. Molla Nəsrəddin, Bəhlul Danəndə, Abdal Qasım və başqalarının adı ilə bağlı olan lətifələr bunu aydınca sübut etməkdədir. Lakin xalq gülüşünün folklor janrları içərisində yalnız lətifələrə aid edilməsi yanlış olardı. Bu mənada Muxtar Kazımoğlunun həmin monoqrafiyası gülüşün, əsasən, lətifə janrı ilə bağlılığın məhdudiyyətini aradan qaldırdı. Hətta “Dədə Qorqud” kimi qəhrəmanlıq dastanındakı gülüşlə bağlı səciyyəvi məqamlar müəyyən faktlar əsasında üzə çıxarıldı.

“Xalq gülüşünün poetikası” adlı monoqrafiyada Azərbaycan folklorşünaslığı üçün yeni olan və yeni elmi düşüncənin də bazasına çevrilən komik qəhrəman, komik qarşıdurma kimi anlayışların önə çəkilməsi, hökmdar və təlxək, bahadır və yalançı pəhləvan, doğru və yalan, ağıllı və axmaq istilahlarının yanaşı işlədilməsi ilk növbədə folklor mətninin bədii düşüncə baxımından gücünə inamı daha da artırdı. Beləliklə, xalq təfəkkürünün həyata münasibət kodlarının üzdə olmadığını və kifayət qədər alt qatlarda gizləndiyi sübuta çatdırıldı.

Bizim əsrin 2000-ci illəri - lap elə 2007-ci il idi. Bu 7 rəqəminin uğuru Muxtar Kazımoğlunun həyatında yeni bir hadisəni nişanladı. O, xalq gülüşü ilə bağlı doktorluq dissertasiyasını müdafiə etdi. Ən maraqlısı isə budur ki, Muxtar Kazımoğlunun filologiya elmləri doktoru elmi dərəcəsi alması Ali Attestasiyası Komissiyasında elə həmin il iyulun 7-də təsdiq olundu. Onun həyatında 7 rəqəminin xronologiyası bu ardıcıllıqla davam etdi.

Muxtar Kazımoğlunun araşdırmalarında folklor və yazılı ədəbiyyatla bağlı tədqiqatlar biri digərini növbə ilə əvəz edir. Bu növbələşmənin mənzərəsi də çox sadədir. Əvvəlcə yazılı ədəbiyyat nümunələrinin, ayrı-ayrı bədii nəsr əsərlərinin təhlilindən mifoloji obraz və motivlərə keçid yarandı. Nəsrdə, xüsusilə Yusif Səmədoğlunun, Mövlud Süleymanlının roman, povest və hekayələrində əlamətləri görünən mifoloji lay folklor mətninə xüsusi maraq və həvəs oyatdı. Sonra da folklora dair tədqiqatlar başlandı.

Bir müddət sonra isə Muxtar Kazımoğlunun folklorla bağlı araşdırmaları öz yeni bəhrələrini verdi. Araşdırma nəticəsində ortaya çıxan folklor mətninin daxili məzmunundakı incəliklər tədqiqatçıda mətndəki layların yayılma arealını, təsir imkanlarını izləmək marağına çevrildi. Bu dəfə isə həmin maraq Muxtar Kazımoğlunu folklordan yazılı ədəbiyyata keçməsinə əsas təkan verdi: “H.Cavid dramaturgiyasında ikiləşmə”   C.Məmmədquluzadə dramaturgiyasında ikiləşmə” adlı məqalələr meydana çıxdı. Beləliklə, tədqiqatçının yaradıcılığında folklorla yazılı ədəbiyyatın öyrənilmə baxımından növbələşməsinin xronologiyası yeni mərhələyə daxil oldu.

Bütün bunlarla yanaşı, lap son dövrlərdə folklor sahəsindəki təşkilati işlər də Muxtar Kazımoğlunun folklorşünaslıq tədqiqatları ilə qaynayıb qarışıb. Simpozium və beynəlxalq konfranslardakı məruzələr əsasında yaranan “Eposda tarixilik”, “Ustad aşıq və tarixi ənənə”,  “Folklorun toplanması və sistemləşdirilməsində bəzi təməl prinsiplər”, “Qarabağ folkloru”, “Folklor və Qafqaz evi”, “Şərq-Qərb folklorunun bəzi istiqamətləri” bu qəbildən olan məqalələr sırasındadır.

Məna və məzmununu hələ lazımi səviyyədə dərk edə bilmədiyimiz həyat o qədər düşündürücü və zəngindir ki, heç kəsin gözləmədiyi halda, istisi və soyuğu, sevinci və kədəri, gecəsi və gündüzü ilə hər bir yaddaşa hakim kəsilir, bəzən də yaddaşın özünü belə kiminsə istəyindən asılı olmayaraq, gah əzizləyir, gah da sarsıdır. Əzizlənəndə həyata daha möhkəm tellərlə bağlanırsan və həyat eşqi daha da coşub daşır, sarsılanda isə gülərüz çöhrələri qəflətən bədbin bir əhvali-ruhiyyə bürüyür, az qalırsan ki, dünyaya gəlişindən peşman olasan.

Qırx ildən çox dostluq elədiyim, sözümüzün-söhbətimizin həmişə bir olduğu Muxtar Kazımoğlu haqqında məqaləni yazıb başa çatdırdığım anda bu fikirlərin haradan ağlıma gəldiyini heç özüm də bilmədim. Bəlkə elə bu köhnə bir dostluğun tarixidir ki, hiss edilmədən məni məndən alıb apardı. Bəlkə 60 yaşı keçən adamlar kimi özüm də bilmədən elə o cür düşünməyə başladım. Bəlkə də heç gözləmədiyim halda, həmin sözlər uzun illərin acılı-şirinli xatirələrinin təsiri ilə yaddaşımdan oyanıb qalxdı. Yox, özümü aldatmaq istəmirəm. Bu qeyri-ixtiyari düşüncələri mənə 7 rəqəminin xronologiyası gətirdi. Elə bu il - 2015-ci ildə Muxtar Kazımoğlunun 60 yaşı ərəfəsində - aprel ayının 7-də inkişaf xronologiyasının nizamı gözlənilmədən pozuldu. Muxtar Kazımoğlu əziz övladı Toğrulla qəflətən və bir gecənin alatoranlığında əbədi olaraq vidalaşmalı oldu. Bizim hamımız - onun ailə üzvləri, qohumları,  dostları, tanışları  dəhşətli bir  müsibəti yaşamalı olduq.

Həyatın bütün təzad və ziddiyyətlərinə baxmayaraq, insan həmişə özündə güc, təpər tapa bilir və gec-tez ayaqda durmağı, gələcəyə baxmağı bacarır. İnanıram ki, Muxtar da bunu bacaracaqdır və Azərbaycan ədəbi-elmi fikrində yeni-yeni uğurlara imza atacaqdır.

Kamran ƏLİYEV

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 11 iyul.- S.17; 23.