Çin - qədim sivilizasiya
və müasir
möcüzələr ölkəsi
Çin yazısının işarəsi ya bir qrafik elementdən, yaxud da onların iki və ya daha çox birləşməsindən ibarətdir. İşarə xətlərinin sayı 33-ə çata bilər, bu da heroqlifi tanımaq, mənimsəmək və təsvir etməkdə çətinliyə səbəb olur. Ona görə də heroqlif yazısı savadlılığın yayılmasında və Çin xalqının mədəni səviyyəsinin yüksəldilməsi yollarında mühüm maneə rolunu oynayır. Yazı islahatının əsas yolu onun işarələrinin sadələşdirilməsi hesab olunur. XIX əsrin sonlarında əlifba yazısının yaradılmasına cəhd edilmişdi. Lakin təklif edilən bu köməkçi vasitə ancaq 1955-ci ilə qədər mövcud olmuşdu. Çinli olmayan xalqlardan yalnız tibet, uyqur və monqol dilləri köhnə yazılardan istifadə edir. Tibet əlifbası VII əsrdən qədim uyqur əlifbasından başlanğıcını götürməklə tətbiq olunur. Çox sayda dillər isə hansılardakı Çində yaşayan xalqlar danışırlar, yazısız idi.
Bizim eranın əvvəlinə Çinin ümumi əhalisi 80-85 milyon nəfər olmaqla, iki min il ərzində bu ölkə Yer kürəsində daim ən çox əhalisi olan bir məkan kimi qalmışdır. Lakin sonralar daxili müharibələr və hərc-mərclik, onların da aclıq və epidemiyalarla müşayiət olunması nəticəsində əhalinin artımı bir qədər dayanmışdı. Bundan sonra baş verən əhali artımının “partlayışını” isə dövlətin sərhədlərinin genişlənməsinin və yeni rayonlardakı əhalinin siyahıya alınmasının nəticəsi kimi izah etmək olar. Ən böyük artım 1741-1850-ci illərə təsadüf edir; bu dövrdə əhalinin sayı 143 milyondan 430 milyona çatmışdı. Bu dövrdə həm də becərilən torpaqların sahəsi xeyli böyümüş, torpaq ovu bu vaxtdan özünü göstərməyə başlamışdır. Çinin ümumi əhalisinin böyük əksəriyyəti kənd yerlərində yaşayırdı.
ÇXR yaranandan sonra keçən ilk 33 il müddətində ölkə əhalisi 455 milyon nəfər artmışdı. Bu artım isə 1850-ci ildə olan əhalinin faktiki sayından da bir qədər çoxdur. Təkcə 1954-cü ildən 1958-ci ilədək ölkədə orta hesabla illik əhali artımı 17 milyon nəfər idi.
Lakin əvvəlki dövrlərdə üsyanlar və müharibələr xeyli əhali itkisinə səbəb olurdu. 1850-1864-cü illərdəki Taypin üsyanı ərzində Çinin əhalisi xeyli azalmışdı. Bəzi əyalətlər çoxlu adam itkisinə məruz qalmışdı. Tszyansu və Anxoy əyalətlərinin hər biri 20 milyon sakinini itirməklə üzləşmişdi. Əgər 1850-ci ildə Çin dünya əhalisinin 36%-ni təşkil edirdisə, XIX əsrin axırıncı onilliyində bu rəqəm 23%-dən yuxarı deyildi. ÇXR-in yaranması ərəfəsində, 1933-1945-ci illərdə müharibə itkilərinin sayının 20 milyon nəfər olduğu güman edilir.
Ölkənin ən sıx əhalisi olan rayonu Şərqi Çindir, burada ümumi əhalinin 14-dən çoxu yaşayır. Çində demoqrafik inkişafın müasir meylləri digər ölkələr və bütövlükdə Yer kürəsi fonunda nəzərə alınsa, planetin orta sakinləri arasında Çin əhalisinin xüsusi çəkisi azalmaqda davam edəcəkdir, əgər bu nisbət indi 20%-ə yaxındırsa, gələcəkdə daha da aşağı düşəcəkdir.
ÇXR yaranandan sonrakı ilk illərdə uşaq doğumu ritminə iqtisadi və həm də demokratik amillər öz təsirini göstərdi - bunlar aqrar islahat, ərzaq bölgüsünün normallaşdırılması, qadınların və gənclərin məşğulluq şərtləri, əhalinin yaş strukturunun dəyişilməsi və sairə idi. Bu faktorların təsiri doğum səviyyəsinin qısa müddət ərzində yüksəlməsinə səbəb oldu. Əgər 60-cı illərin əvvəllərində doğum əmsalı 32-34 faiz idisə, həmin onilliyin sonunda bu 22-24 faizə düşdü. Əhalinin sürətli artımına maneə törədilməsi dövlət siyasəti səviyyəsinə qaldırıldı, mərkəzləşmiş planlaşma tətbiq olundu. Ölkədə nikah yaşının yüksəlməsi, az uşaqla (“təkcə bir uşaq”) ailəyə malik olmaq kimi zəmanətlər, ilk uşağın gec doğulması, birinci və ikinci uşaq arasında 4 illik fasiləyə riayət edilməsi doğumun sürətlə azalması üçün hazırlanmış proqramın tərkib hissələri idi. Bu yolla əhalinin təbii artımının tezliklə və radikal qaydada aşağı salınması nəzərdə tutulurdu və bu vəzifəyə əsasən nail olunur.
Erkən nikahlar bünövrədən pislənirdi ki, onlar fiziki və ruhi cəhətdən valideynlərin və uşaqların səhhəti üçün zərərlidir və gəncləri təhsildən və məhsuldar işdən ayırır. 1970-ci illərin əvvəllərində artıq dörd uşaqdan sonra analara maddi yardım göstərilmirdi.
Həmin kampaniya hesabına XX əsrin 70-ci illərinin sonundan təbii artım tempi aşağı düşdü. 1979-cu ildə doğum iki dəfədən çox azaldı, 1000 nəfərə 20 körpənin doğulması düşürdü.
Çox əsrlər ərzində Çinə müstəqil dərəcədə yüksək ölüm dərəcəsi xas idi. Lakin ÇXR bu göstəricini ciddi surətdə aşağı saldı. Ümumi ölüm dərəcəsi göstəricisi 12-14% azaldı. Burada qidanın kaloritliliyi də elə yüksək deyildir, cənubi-şərqi Asiyadakından 500 kalori yüksəkdirsə, Avropadan geri qalmaqda davam edir.
Çində əhalinin strukturunun bir xüsusiyyəti də kişi cinsindən olan əhalinin qadın cinsindən olanlara nisbətən xeyli çox olmasıdır. Avropadakı nisbətin əksinə, Çində qadınların sayından 30 milyona qədər artıq kişi vardır. Hər 100 qadına Çində 107 kişi düşür, bəzi əyalətlərdə isə bu fərq daha böyükdür.
Çin vaxtilə urbanizasiyanın aşağı səviyyəsi olan ölkələrə aid idi. 1949-cu ilə qədər bu, şəhərlərdə müasir istehsalın və xidmətin kifayət dərəcədə inkişaf etməməsi ilə əlaqədar idi. 1958-ci ildə başlanan bədnam “Böyük Sıçrayış” başa çatdıqda inzibati metodlarla şəhər əhalisinin artımını saxlamaq siyasəti aparılırdı, şəhər sakinlərinin müəyyən hissəsi kənd regionlarına göndərilirdi. Çində iri şəhərlərin formalaşmasının özünəməxsusluğu həm də onların ətraf kənd rayonları ilə diffuziya etməsidir. İri şəhərlərə 6-17 min kv.km ərazi aiddir. Onlar bu nöqteyi - nəzərdən iri miqyasda qədim Yunanıstanın polislərini (şəhər-dövlətlərini) yada salırlar.
Çin üçün ən kəskin sosial-iqtisadi problem əhalinin işlə təmin edilməsidir. Köhnə Çin üçün şəhərlərdə daimi və nəhəng işsizlik, kənd əhalisinin əksəriyyətinin xroniki olaraq tam olmayan məşğulluğu xarakterik idi. Son 30 ilin yüksək inkişaf sürəti işsizlik probleminin nisbətən ləğvinə də xeyli köməklik göstərmiş, sənayenin diversifikasiyası və xidmətin inkişafı xeyli yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Əvvəllər əmək bazarında daim təklif yüksək olurdu. 1979-cu ildə Çinin şəhərlərində 20 milyon işsiz var idi. Son onilliklərdə şəhərlərdə işsizliyin əhəmiyyətli dərəcədə azalması meyli ön plana keçmişdir. Kənd rayonlarında isə “tarlaların əsaslı tikintisi” adlanan işlərin - əkin fondunun ardıcıl olaraq qaydaya salınması, terraslaşdırılmış torpaqların genişləndirilməsi və dağılmış torpaqların bərpa edilməsi, düzləndirilməsi, daşdan təmizlənməsi, irriqasiya və sairə daha geniş miqyaslarda aparılır. Qış-yaz mövsümlərində eyni vaxtda bu işlərə 80-120 milyon adam cəlb edilir, bu isə kişilərin və qadınların məşğulluq strukturunda sürətli dəyişikliklərə səbəb olur.
Tarixən davam edən miqrasiya da işçi qüvvəsi bazarına öz təsirini göstərirdi. Bəzən bu, aclıq və ya siyasi hərc-mərcliklə əlaqədar olurdu. Nəticədə intensiv becərilən torpaqlar artıq sakinlərsiz qalırdı, adamlar səhra torpaqlarına köçürdülər. XVIII əsrdəki kəndli inqilabları təkcə böyük sayda insan həyatı itkisinə səbəb olmadı, həm də əhalinin bu vaxt gedən köçü XIX əsrə qədər davam etdi. XIX əsrin özündə Taypin üsyanı da böyük miqyasda əhalinin öz yaşayış yerini dəyişməsi ilə müşayiət olundu. Yantszıda adamlar ordu tərəfindən qırğına məruz qalanda, sağ qalanlar da bu vaxt aclıqdan əziyyət çəkmişdi, çünki onların ərzaq ehtiyatı qarət edilmişdi. Kəndli üsyanı məğlub edildikdən sonra Hupeh, Hunan və Honandan adamlar əvvəllər sakini olmayan ərazilərə köçdülər, orada isə torpaqlar işçi qüvvəsi olmadığından becərilməmiş qalırdı.
Xarici dövlətlərin təsiri ilə XVII əsrdən XX əsrin əvvəllərinədək Çinin şimalının izafi əhalisi cənuba miqrasiya etdi və həmin ərazi inkişaf etdirilməyə başladı. Bəzən onların yolları kəsildiyindən, miqrantlar şimal tərəfə qayıtmağa məcbur olurdular.
Təsərrüfat
İnqilaba qədər Çinin iqtisadi inkişafı geri qalmış istehsal münasibətləri ilə və xarici kapitaldan asılılıq nəticəsində tormozlanırdı. Kənddə feodal-sələmçilik istismarına məruz qalan və icma-nəsil qalıqları ilə bağlanmış, primitiv əmək alətlərinə əsaslanan kiçik yarımnatural təsərrüfat üstünlük təşkil edirdi. Güclü əhali artımı şəraitində kütləvi şəkildə torpaqsızlaşma, yoxsulluq, aclıq və taqətdən salan zəhmət Çin kəndlilərinin böyük əksəriyyətinin acı qisməti idi.
Fabrik-zavod müəssisələrinin məhsulları ümumi daxili məhsulun kiçik hissəsini təşkil edirdi. Sənaye müəssisələrinin çoxu primitiv avadanlıqla təchiz edilmişdi. Onların çoxu ölkənin şərqindəki liman şəhərlərində yerləşirdi. İki şəhərin - Şanxayın və Tyantszinin payına bütün sənaye müəssisələrinin 60 faizi düşürdü. Dənizkənarı rayonların sənayesi idxal olunan xammala və avadanlığa istiqamətlənmişdi.
ÇXR yarandıqdan sonra bərpa, çox hallarda isə yeni təsərrüfat sahələri yaradılmağa başlandı. Axı mövcud müəssisələrə də imperialist Yaponiyası ilə müharibədən və Vətəndaş müharibəsi vaxtı böyük ziyan dəymişdi. Kənddə feodal münasibətləri ləğv edildi. Mülkədar torpaqları tikililəri və avadanlıqları ilə birlikdə zəhmətkeş kəndlilərin mülkiyyətinə keçdi. Ölkənin sənayeləşmə xətti irəli sürüldü. Bu sahədə birinci beşillik plan (1953-1957-ci illər) mühüm addım kimi xarakterizə olunur. İqtisadiyyatın inkişafında böyük müvəffəqiyyətlər qazanıldı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldi.
Milli gəlir 1,5 dəfə, sənayenin ümumi məhsulu 2 dəfədən çox artdı, kənd təsərrüfatında isə artım 25 faizə bərabər idi. Fəhlə və qulluqçuların əmək haqqı 30 faiz artdı, kəndlilərin gəlirlərinin artımı da buna yaxın idi.
Ölkənin iqtisadiyyatında kəmiyyət göstəriciləri ilə yanaşı dərin keyfiyyət dəyişiklikləri də baş verdi. Milli gəlirin yaradılmasında sənayenin xüsusi çəkisi artdı, sənayedə əmək məhsuldarlığı yüksəldi. Çin üçün yeni olan avtomobil və traktor maşınqayırması kimi sahələr meydana gəldi.
1958-ci ilin mayında isə partiya rəhbərliyi real inkişaf xəttindən uzaqlaşıb, onun əvəzinə fantastik inkişafa dair volyuntarist layihə irəli sürdü. Bu layihəyə görə ümumi daxili məhsul istehsalının demək olar ki, 5 dəfə, o cümlədən, polad istehsalının 15-18 dəfə, alüminium istehsalının 33 dəfə, energetika avadanlığı istehsalının 20 dəfədən çox artması nəzərdə tutuldu. Bu, Çində və xaricdə kədərli şöhrət tapmış “Böyük Sıçrayış” siyasəti idi.
Sənayedə başlıca diqqət qara metallurgiyaya verildi, bu vəzifənin yerinə yetirilməsi üçün iri və orta müəssisələrin tikintisi ilə yanaşı, hər yerdə kiçik domna sobaları və primitiv poladəritmə sobaları yaradıldı, onların sayı 2 milyona çatdı. Bu kiçik sobalar aşağı keyfiyyətli və on dəfələrlə baha məhsul buraxırdı. Çox vaxt bu məhsullar yararsız olurdu. “Kiçik metallurgiya” uğrundakı kütləvi kampaniya nəqliyyatın da işini çətinləşdirmişdi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 11 iyul.- S.20.