Üzeyir bəy Hacıbəyli böyük

maarifçi-pedaqoq və ziyalı kimi

 

(Əvvəli ötən sayımızda)

 

1930-cu illərdə Üzeyir bəy kommunist rejiminin "əziz-xələfinə" ("favoritinə") çevrilmişdi. Sözsüz, o, buna öz "müsavatçı" keçmişini ləkələmək, "cümhuriyyət" ideallarına lənət yağdırmaq, keçmiş milli mücadilə dostları və əqidədaşlarına ləkə yaxmaq yolu ilə nail olmamışdı.

Sovet rejimi bu böyük musiqi xadimi ilə razılaşmaq zorunda qalmışdı. Lakin bolşeviklər tez-tez yeri gələndə ona, əlbəttə, öz "keçmişi"ni xatırlatmağı "unutmamış", sonra isə "özlərininki" saydıqlarını bildirmiş, əksər hallarda Sovet Azərbaycanının "düşmənləri" ilə üz-üzə qoymaqdan belə çəkinməmişdilər. Mətləb aydınlığı üçün bir faktı yada salmaq yerinə düşərdi. Məsələn, Sovet Azərbaycanının 10 illiyi günlərində Əsəd Tahir adlı "müəllif"in "Kommunist" qəzetində çap olunmuş "Gözünə girsin, Məmməd Əmin Rəsulov" adlı məqaləsində deyilirdi: "Gözünə girsin, Məmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi gecəsində 200-ə qədər türk (Azərbaycan) qızı Azərbaycan himnini oxuyurdu! Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar. Onu Üzeyir Hacıbəyli yazmışdır. O Üzeyir ki, sənin çıxartdığın mürtəce "Azərbaycan" qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtilə bel bağlamaq istədiyin adamlar belə sizə nifrət edərək üz çevirmiş və Şuralar Azərbaycanının mədəni quruculuğu işlərində ən aktiv iştirak edirlər..."

Əlbəttə, bu yazıda bir tərəfdən, Sovet Azərbaycanının "düşmənləri" təhqir edilirsə də, digər tərəfdən, Üzeyir bəyə mənəvi təzyiq vasitəsi kimi əski "cümhuriyyət" dostları ilə münasibətləri bir daha yada salınırdı... Ümumiyyətlə, Sovet Azərbaycanında yaşadığı 28 ildə Üzeyir bəyin başı üzərində Damokl qılıncı heç zaman əskik olmayıb. Hətta ölümqabağı ağır xəstə olduğu aylarda da onu yoluxmağa xəstəxanaya gələn böyük ədib Abdulla Şaiqə Üzeyir bəyin respublika rəhbəri Mircəfər Bağırovun ona təzyiqlərindən şikayətləndiyi haqda məlumatlar saxlanmaqdadır... Görünür, bu cür təhdidlərin nəticəsi idi ki, Üzeyir bəy kimi dahi bəstəkar "Stalinçilər" operası, "Samur- Dəvəçi" kantatası yazmaq "fikrinə düşmüş", "Stalinə salam" kantatası yazmaq məcburiyyətində qalmışdı...

Tarixi həqiqət belə idi ki, 1920-ci illərin musiqi mübahisələri, opera haqqında diskussiyalar zamanı Üzeyir bəyə qarşı yersiz ittihamlar bu böyük insanı sındıra bilməmişdi. Uca Tanrının Üzeyirə verdiyi fitri istedad və əməksevərliyi öz yeni bəhrəsini verdi - xalqımızın qəhrəmanlıq, cəngavərlik keçmişinin simvolu sayılan, dahi bəstəkarın şah əsəri "Koroğlu" ( 1937) operası yarandı. Opera 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti günlərində böyük uğur qazandı. Üzeyir bəy o vaxt operaya tamaşa etmiş keçmiş SSRİ- nin rəhbəri ilə görüşmüş, Stalin opera haqqında yüksək fikir söyləmiş, hətta operanın 5-ci  pərdəsinin genişləndirilməsi haqda tövsiyələrini də vermişdi. Bu hadisədən sonra Stalinin tapşırığı ilə Üzeyir bəy namizədlik mərhələsini keçmədən birbaşa kommunist partiyası sıralarına qəbul edilmişdi. Beləliklə, 37-ci il repressiyalarından qurtulan Üzeyir bəy Azərbaycanda musiqi təhsilinin və elminin təşkili, musiqi yaradıcılığı sahəsində fəaliyyətini davam və inkişaf etdirmişdi. Yeri gəlmişkən, Stalinlə bağlı bir faktı yada salmaq yerinə düşərdi. Məlumdur ki, 1937-ci ildə "Arşın mal alan" musiqili komediyası ABŞ rejissoru R.Mamulyan tərəfindən ekranlaşdırılsa da, Üzeyir bəyin adı filmdə göstərilməmişdi. Çox maraqlıdır ki, 1943-cü ildə müttəfiq dövlətlərin Tehran Konfransında iştirak edən Stalin burada R.Mamulyanın ermənilərin adına çıxdığı filmi görərək hiddətlənmiş, ağır müharibə şəraitinə baxmayaraq, təcili olaraq Azərbaycanda Üzeyir bəyin iştirakı ilə "Arşın mal alan" filminin çəkilişinə başlamaq haqda göstəriş vermiş, filmin çəkilişi 1945-ci ildə başa çatmışdı. Üzeyir bəyə "Koroğlu" operasına və "Arşın mal alan" filminə görə iki dəfə Stalin (Dövlət) mükafatı ( 1941; 1946) verilmişdir...

Üzeyir bəy Hacıbəyli Azərbaycanda musiqi təhsilinin böyük təşkilatçısı kimi uzun illər Musiqi Texnikumuna, Dövlət Konservatoriyasına rəhbərlik etmiş, elm təşkilatçısı kimi Azərbaycan Milli Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri olaraq Akademiyanın Elmi-Tədqiqat İncəsənət İnstitutuna başçılıq etmiş, bəstəkarlıq məktəbinin banisi kimi Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmuşdur.

XX əsr Azərbaycan mədəniyyəti tarixinə şanlı səhifələr yazmış Üzeyir bəy Hacıbəyli 1948-ci il noyabrın 23-də gecə saat 2-də Bakıda dünyasını dəyişmiş, Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il tarixli, 680 nömrəli qərarı ilə yenicə yaradılmış Fəxri Xiyabanda dəfn edilmişdir. Üzeyir bəylə vida mərasimi Azərbaycanda şəhərsalma memarlığının şah əsəri sayılan "İsmailiyyə"də - Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki köhnə binasında özünün böyük Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Sənsiz" romansının sədaları altında keçirilmişdi. Bu, Bakıda XX əsrdə böyük maarifçi Həsən bəy Zərdabidən sonra ən qələbəli dəfn mərasimi olmuşdu. Ancaq Üzeyirin vəfatından keçən 67 il müddətində heç bir gün də olmayıb ki, biz onsuz olaq. Xalqımız 70 ildir ki, dahi bəstəkarın müəllifi olduğu Sovet Azərbaycanının (1945-1991) və Müstəqil Azərbaycanın (1992-ci ildən) dövlət himnləri səslənəndə, "Koroğlu" operasının uverturasının əzəmətinə heyran qalanda, musiqili komediyalara həvəslə tamaşa edib ürəkdən güləndə dahi Üzeyir bəy yada düşür. Bu, doğrudan da belədir. Biz hər səhər onun musiqisi ilə oyanırıq. Hər səhərimiz Üzeyir bəyin yazdığı Dövlət Himni ilə açılır. Bəstəkarın taleyində ən möhtəşəm səhifə budur ki, indiyə kimi iki dəfə yazılan Azərbaycanın Dövlət Himninin hər ikisinin müəllifi məhz Üzeyir bəy olmuşdur. Bu, xalqın, millətin qan yaddaşında əbədi yaşayan bir tarixdir, dünyada bənzəri olmayan bir hadisədir... Belə olan halda, biz iftixarla deyə bilərik ki, Üzeyir bəy həmişə bizimlədir, onun musiqisi yaşayır, onun ölməz irsi əbədi yaşayacaqdır...

Dahi Üzeyir bəyin ölüm xəbəri xaricdə mühacirətdə olan əski "Cümhuriyyətçilər" tərəfindən milli faciə kimi qarşılanmış, keçmiş əqidədaşları onun haqqında dəyərli yazılarla çıxış etmiş, milli dövlət quruculuğu və mədəniyyətimizin inkişafında müstəsna xidmətlərindən söz açmışdılar. Mətləb aydınlığı üçün onlardan ikisini xatırlatmaq istərdim.

Üzeyir bəyin ölüm xəbərini Vətəndən uzaqlarda eşidən onun əski dostu və məsləkdaşı M.Ə.Rəsulzadə 3 may 1949-cu ildə Türkiyənin "Ulus" qəzetində ürək ağrısı ilə yazmışdı: "Hacıbəyli Üzeyir Azərbaycan milli oyanış tarixində yer almış unudulmaz bir simadır... Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli, sonra kəndi-kəndini (öz-özünü) yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropayi mənasiylə otoritəsini (nüfuzunu) hər kəsə tanıtmış bir kompozitor olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da kəndi diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sömürə bildikcə sömürmüş və verdiyi bir takım rəsmi və siyasi vəzifə və ünvanlarla onu mənimsəmişdir. Fəqət bihudə. Dəmir pərdənin arxasında kəndisinə süni marşlar yazdırılsa da, Moskvada omuzu (çiyni) diktatorun (Stalinin) əliylə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatıyla ilgiləri (əlaqələri) olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (dayaqları) arasında qalacaq ayrılmaz bir dəyərdir..."

Yaxud Milli Hökumətin qərarı ilə Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin tərkibində Fransaya yollanan və sonradan vətənə dönə bilməyən Ceyhun Hacıbəyli böyük qardaşının ölüm xəbərini dərin sarsıntı ilə qarşılamış, onunla bağlı çap etdirdiyi məqalədə Üzeyir bəyin Azərbaycan musiqi mədəniyyətinin inkişafında rolunu bu cür qiymətləndirmişdi: "Mərhum qardaşım musiqi dünyasında Azərbaycanı Şərqin İtaliyası etmiş bəstəkardır..."

Üzeyir bəy Hacıbəyli özündən sonra zəngin elmi, bədii, publisistik, musiqi irsi qoyub getmişdir. Ümummilli lider Heydər Əliyevin təbirincə, "Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir". Bu milli sərvətin qorunması, öyrənilməsi, gənc nəslə çatdırılması və dünyaya tanıdılması hər zaman dövlətimizin diqqət və qayğısı altındadır. Ümummilli liderin təşəbbüsü ilə hələ 1975-ci ildə Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi təşkil edilmiş, eləcə də, dahi bəstəkarın 90, 100, 110 illik yubileyləri onun bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə keçirilmişdir. Prezident Heydər Əliyev 1995-ci ildə dahi bəstəkarın doğum gününün - 18 sentyabrın Üzeyir Musiqi Günü kimi keçirilməsi barədə Fərman imzalamış, onun 110 illik yubileyində dərin məzmunlu nitq söyləmişdir. Son illərdə dahi bəstəkarın 120 və 125 illik yubileylərinin keçirilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyev xüsusi Sərəncamlar imzalamış, Üzeyir bəyin irsinin dünyada təbliği istiqamətində Heydər Əliyev Fondu tərəfindən uğurlu layihələr işlənib həyata keçirilmişdir.

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə "Üzeyir dünyası", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Üzeyir Hacıbəyli: ömür salnaməsi (1885-1948)", "Biblioqrafiya", "Azərbaycan muğamı ensiklopediyası (Azərbaycan və rus dillərində)", "Qarabağ xanəndələri albomu" layihələri gerçəkləşdirilmiş, Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılmış, Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi festivalları keçirilmişdir ki, bu layihələr bütövlükdə Azərbaycan musiqi mədəniyyətinin, xüsusən də, Üzeyir bəy Hacıbəyli irsinin təbliğinə, dünyaya tanıdılmasına birbaşa xidmət edir.

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə desək, "Üzeyir irsi həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir..."

Üzeyir bəy Hacıbəyli dahi bəstəkar, alim, mütəfəkkir - filosof, maarifçi, ensiklopedik zəka sahibi, ən başlıcası milli-mənəvi dəyər kimi mədəniyyət tariximizə daxil olmuşdur. Burada dahi Üzeyir bəyin yüz il bundan qabaq sanki özünün gələcək taleyini nəzərdə tutaraq "Həqiqət" qəzetində (1910) yazdığı məqaləsindəki bir müdrik kəlamını xatrılatmaq yerinə düşərdi: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və insaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdır. Bu cür adamlar nəinki sağlığında, bəlkə də öləndən sonra da camaata mənfəət verirlər!..."

Peyğəmbərcəsinə deyilmiş bu müdrik fikirlər tamamilə və büsbütün Üzeyir bəy Hacıbəylinin ömür yoluna və ölməz irsinə də şamil edilə bilər...

İnanırıq ki, necə ki, Azərbaycan var, Azərbaycan xalqı var, Azərbaycan dövləti var, Azərbaycan mədəniyyəti var, Üzeyir bəyin də əbədiyaşar irsi, şərəfli adı və əməlləri hər zaman var olacaqdır... Yazımı böyük milli şairimiz Səməd Vurğunun Üzeyir bəyin ölümünə həsr etdiyi şeirdən bir parça ilə bitirmək istərdim:

 

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər...

 

ƏSGƏR QULİYEV

Təhsil Nazirliyi Tədris Resursları şöbəsinin müdir

müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2015.- 14 iyul.- S.4.