"Mən kiməm: müxtəsər həyatnamə"

 

PROFESSOR NİZAMƏDDİN ŞƏMSİZADƏNİN

EYNİADLI KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR

 

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 2015- ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən çapa buraxılmış "Mən kiməm: müxtəsər həyatnamə" kitabını böyük maraqla oxudum. Bu kitab müəllifin soykökündən, mühitindən, həyat taleyindən, yaradıcılığından, müasirlərindən yaşadığı zaman haqqında müşahidə mülahizələrindən ibarət müxtəsər bir həyatnamədir.

Nizaməddin Şəmsəddin oğlu Şəmsizadə 1954-cü il dekabr ayının 30-da Quba bölgəsinin qədim türk obası İspikdə dünyaya göz gəlib. İspik kəndi 2500 il yaşı olan Qubanın özündən qədimdir. Kəndin başı üstündə 66 övliyanın dəfn olunduğu Galac dağı yerləşir. Nizaməddin Şəmsizadə İspik orta məktəbinin ilk məzunlarından olub.

N.Şəmsizadə öz istedadı ilə hələ yeniyetmə yaşlarından öz tay-tuşları arasında xüsusi seçilirdi. Nizaməddin ədəbiyyat üzrə respublika olimpiadasının qalibi olmuşdu. Təsadüfi deyil ki, sinifdə ona Enşteyn deyirdilər. Mütaliə etməyi çox xoşlardı. Həmin illərdə onun təhsil aldığı məktəbdə müəllimlər arasında nəsil təəssübkeşliyi qısqanclıq başlandı. Bunun nəticəsində o, layiq olduğu qızıl medalı ala bilmədi.

1972- ci ildə 43 yerə 1200 ərizə verilməsinə baxmayaraq N.Şəmsizadə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə qəbul olundu. Universiteti bitirəndə onun tədris aldığı fakultəsinin dekanı, böyük ziyalı Firidun Hüseynov idi. Firidun müəllim fakultə şurasının qərarı ilə Nizaməddinə birbaşa aspiranturaya girmək üçün təqdimat verir. Lakin ona maneçilik törədirlər, Ali Orta İxtisas Təhsil Nazirliyində dekanın təqdimatını təsdiq etmirlər. Lakin Nizaməddin həvəsdən düşür. O, düz 8 ay işsiz qalır. Nizaməddin o günləri belə xatırlayır: "Professor Arif Hacıyev universitetdən Elmlər Akademiyasına gələrkən məni özü ilə gətirib "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin müdiri akademik Məmməd Cəfərə təqdim etdi". Sonralar Nizaməddinin işə qəbul olunmasında Mirzağa müəllimin, Məmməd Cəfərin, Kamal Talıbzadənin Yaşar Qarayevin təqdimatı da böyük rol oynayır. Beləliklə, 1978- ci il aprelin 20-də Nizaməddin Şəmsizadə Ədəbiyyat İnstitutuna, Yaşar Qarayevin rəhbərlik etdiyi, yenicə açılmış Müsir ədəbi proses şöbəsinə baş laborant vəzifəsinə qəbul olunur. Bu, Nizaməddinin həyatında böyük hadisə idi. Onun kimliyi bundan sonra daha da aydınlaşdı. Nəhayət, "Azərbaycan" jurnalının 1978- ci il 12-ci sayında Nizaməddinin "Sən kimsən, müasirim?" adlı ilk məqaləsi çap olunur.

1982-ci ildə Nizaməddin namizədlik dissertasiyasını müdafiə edir, 1983-cü ildən isə Azərbaycan Dövlət Universitetində müəllimliyə başlayır. O, 1986-cı ildə - 31 yaşında doktorluq dissertasiyasını başa çatdırır. 1987-ci ilin may ayında Nizaməddin Moskvadan doktoranturadan qayıtdıqdan sonra onun " Unudulmuşlar haqqında uvertüra" "Ehkamlar dağılanda" adlı məqalələri çox çətinliklə olsa, mətbuatda dərc edilir. Bu məqalələr Moskva ab-havası ilə yazılmışdı. Nizaməddin müəllimin dostlarından olan 90 yaşlı tədqiqatçı Qulam Məmmədli ona zəng edib cəsarətinə görə onu "qəhrəman" adlandırır.

Haşiyə:

Mən 1990-cı ildən indiyə kimi Nizaməddin müəllimlə qonşuyam. Biz çox mehriban qonşu olaraq bir-birimizlə elmi mübadilə aparırıq. Nizaməddin müəllimin səmimiyyəti istedadı məndə həmişə xoş təəssürat oyadır. Buna görə atam Mirzə Xosrov Axundzadənin adını daşıyan  Binəqədi rayonu 102 saylı tam orta məktəbdə keçirilən anım mərasimlərində onu dəfələrlə yığıncağa dəvət etmişəm. Təntənəli yığıncaqda Nizaməddin müəllim maraqlı çıxışları ilə məktəb kollektivi arasında özünün dərin hörmətini qazanıb.

"Mən kiməm" kitabında N.Şəmsizadə Ulu öndərimiz Heydər Əliyevlə bağlı dərin məzmunlu fikirlərə yer ayırır. Müəllif yazır ki, möhtərəm prezidentimiz İlham Əliyevin gücü həm ondadır ki, o, Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, onun strategiyasına sadiqdir.

N.Şəmsizadə kitabda ziyalıların, alimlərin cəmiyyətin həyatında böyük rol oynadığını vurğulayır,  Məhəmməd Peyğəmbərin bu müdrik fikrini sitat gətirir: "Alimin mürəkkəbi şəhidin qanından qiymətlidir". Sonra müəllif Şeyx Nizamiyə müraciət edir:

 

Alimlər gözümdə ən böyük insan,

Rütbələr içində seçilir biri,

Hamıdan ucadır alimin yeri.

Elmlə, biliklə başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz. 

 

N. Şəmsizadənin "Mən kiməm" həyatnaməsi müasirlərə, xüsusən gənclərə böyük bir örnəkdir. Onlar bu kitabı oxumalı özlərinə nəticə çıxarıb insanları tanımalıdırlar.

Fikrimi Nizaməddin müəllimin "Mən kiməm" həyatnaməsinə belə bir cavabla bitirmək istərdim.

Nizaməddin Şəmsizadənin "Həyatnamə" ni - "Mən kiməm" kitabını oxuyub qurtardıqdan sonra "Sən kimsən?" sualına cavab verib deyirəm:

- Sən böyük bir insan, filosof, dəyərli bir şəxsiyyət, vətəndaş bir ziyalı, istedadlı alim, fədakar ata, millətini dövlətini sevən sərhədsiz düşüncə sahibisən...

 

Pərviz AXUNDBƏYLİ

Azərbaycan Dövlət İqtisad Universitetinin

dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru.

 

525-ci qəzet.- 2015.- 14 iyul.- S.4.