Yaşam fəlsəfəsi
İSLAM
DÜNYASINDA ELM VƏ TƏHSİL
VI YAZI
(Əvvəli ötən şənbə
sayımızda)
Yusif Məmmədəliyev və Nazim
Hacıyev
AMEA-nın
müxbir üzvü, BDU-nun kafedra müdiri professor Rəhim
Hüseynov söhbət edir ki, BDU-nun rektoru Yusif Məmmədəliyev məni
yanına çağırmışdı. Şamaxı
rəsədxanası ilə bağlı sualları var idi.
Bu zaman dövlət telefonu zəng
çaldı. Zəng edən Azərbaycan
KP MK elm və təhsil şöbəsinin müdri Nazim
Hacıyev idi. Rektorun yanına gəlmək
istədiyini bildirdi. Rektor dedi, siz niyə gəlirsiniz, mən
özüm gələrəm. Razı olmadı, dedi ki, siz yox,
mən gəlməliyəm. Bu söhbət
1957-ci ilin söhbətidir.
Bu yaxınlarda bir ictimai tədbirdə idim. Zala bir akademik
daxil oldu. Birinci, ikinci,
üçüncü sıradan heç kəs durub akademikə
yer vermədi. Nə baş verir?
Burada iki güman ola bilər: ya ön
sırada oturanlar akademiki tanımadılar, ya da tanıyıb
hörmət etmədilər. Hər iki hal
utandırıcıdır. 1955-ci ildə
akademik, şair Səməd Vurğun Kəlbəcərə
gedəndə bütün rayon əhalisi onun pişvazına
durmuşdu. Niyə akademiklər hörmətdən
düşüb?
Səbəblər çoxdur. Bir səbəbi də
güman edirəm ki, akademiklərin sayı ilə
bağlıdır. 1945-ci il akademiklərini
hamı tanıyırdı və hörmət edirdi. Səbəb sayda və toplumun
yaddaşındadır. Toplum məhdud sayda
elm adamlarının, şairlərin, incəsənət xadimlərinin
və b.k adlarını yadda saxlaya bilər. Bizim akademiklərin sayı 1945-ci ildə 15, indi isə
200-dür. Ola bilsin ki, Akademiyanın rəhbərləri
bu adamları adı və familiyası ilə tanıyır.
Ancaq bunu xalqdan ummaq olmaz. Xalqın
tanımadığı akademiklər çoxdur. Bu səbəbdən
də akademiklər məclisə daxil olanda, sıradan adam kimi qəbul olunurlar. Məqbul
sayı tapmaq da elm olmalıdır.
Akademiyada bu gün həm formaca, həm də məzmunca
islahata getməyə ehtiyac var. MDB məkanının bir
çox dövlətlərində Təhsil Nazirliyi, ELM və
Təhsil Nazirliyinə çevrilib. Bu səbəbdən də elmi mərkəzlər
yavaş-yavaş ali məktəblərə
tərəf səmtləşirlər.
R.Taqor
deyir: “Qurumuş çay öz keçmişinə məftun
olmamalıdır”. Amma biz bugünkü durumu
yaddan çıxarıb, elmimizin keçmişi ilə
qürurlanırıq.
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin “Elm müstəqil Azərbaycanın
dövlət siyasətinin prioritet sahələrindəndir”- kəlamı
Akademiya üçün böyük dəstəkdir, ümid
işığıdır. İnanıram ki,
EA-ın prezidenti akad. Akif Əlizadə bu
dəstəkdən istifadə edərək bu elm qurumunda ciddi
islahat apara bilər. Elə etmək olar ki,
elm adamları Azərbaycanı dünyada şöhrətləndirə
bilsin.
Tərəqqi. Texnologiya, elm və alim
“Alimləri eşidin, onlar bu
dünyanın işığı, axirətin nurudur”.
Hz. Məhəmməd
İslam peyğəmbərinin bu kəlamı 15 əsrdi
ki, yol gəlir və bu gün üçün də
doğrudur. Bizdən fərqli olaraq Qərb cəmiyyəti bu kəlamın
nurundan hər zaman faydalanır və bu səbəbdən də
həyatını bütövlükdə elmi müstəvi
üzərində oturubdu.
Mənim qənaətimə görə tərəqqi
iqtisadiyyatın zamana görə birinci tərtib törəməsidir. Yəni zaman
artdıqca iqtisadiyyat artırsa, deməli, tərəqqi var.
Sabit tərəqqi də qəbuledilməzdir. Zaman keçdikcə tərəqqinin özü də
tərəqqi etməlidir, yəni onun sürəti
olmalıdır. Tərəqqini sürətləndirən
faktor texnologiyadır. Texnologiya
iqtisadiyyatın zamana görə ikinci tərtib törəməsidir.
Texnologiya termini geniş istifadə edilsə də,
müşahidələr göstərir ki, bu termin
düzgün başa düşülmür. Bu
anlayışa qısa belə tərif vermək olar: texnologiya
- təbiət qanunlarının (fizika, kimya, biologiya və
dig.) süni obyektlərin hazırlanmasına yönəldilməsinin
təşkilidir. Tərəqqinin təcili və
ya texnologiyanın inkişaf sürəti elmin nəticəsidir.
Elm tərəqqinin təcilidir. Elm iqtisadiyyatın zamana görə
üçüncü tərtib törəməsindən
asılıdır. Elmi fərdlər
inkişaf etdirirlər. Demək,
inkişafın mərkəzində alim durur. Deməli, elmin inkişaf etməsi üçün əsas
şərt iqtisadiyyatın xətti yox, qeyri-xətti
inkişafıdır. Bunu isə ancaq alimlər
edə bilər.
XXI əsrin səciyyəsi bundan ibarətdir ki, bu
dövrün ən varlı adamı alimlərdi. Bill Qeyts də
buna misaldır.
Qurani-Kərimdə bildirilir ki, axırıncı
peyğəmbərdən sonra insanlığın
qarşısında çıxan sualların
cavablarını alimlər verəcək və zəmanənin
alimləri öz dövrlərinin peyğəmbərləri
kimi dəyərləndiriləcək.
Alimin cəmiyyətdə yeri
Gənclərin elmə gəlməsi naminə alimin cəmiyyətdə
yeri aydın müəyyən edilməlidir və
Akademiyanın bu məsələ ilə bağlı aydın
konsepsiyası olmalıdır. Bir çox ölkələrdə
mənəvi dəyərlərin daşıyıcısı
kimi alimin yeri çox yüksək tutulur. Misal
uçün Danimarkada, Kopenhagen şəhərinin mərkəzində
yerləşən və “Namus evi” adlanan evdə zaman- zaman
Danimarkanı dünyada tanıdan alim ailəsi yaşayır. Qardaş Türkiyədə də son zamanlar bu
işə diqqətlə yanaşırlar. Belə ki, Türkiyənin 10 lirəlik banknotunda
riyaziyyatçı alim, TÜBİTAK-ın ilk başqanı
Cahit Arfin (1910- 1997) şəkli yer alır. Digər türk alimi və elm tarixçisi Aydın
Sayılının şəkli (1913- 1993) 5 lirəlik türk
banknotunun arxa üzünə vurulub. Hesab
edirəm ki, elmi diriltmək və gəncləri elmə gətirməyin
ən məqbul yolu elm adamına hörmətini
qaldırmaqdır. Bu səbəbdən də
elmi rütbələr, vəzifələr dəqiq verilməlidir.
Əgər biz də belə bir təşəbbüsdə
bulunsaq, onda sual olunar, elm adamlarından kimlərin şəklini
banknota vurmaq mümkündür? Çoxlu ləyaqətli
Azərbaycan aliminin adı yada düşür. Məsələnin
düzgün həllini tapmaq çətin deyil... Dəyərli alimlərin əməyini qiymətləndirməklə,
əbədiləşdirməklə biz milli tariximizi zənginləşdiririk.
Alim əməyinin qiymətləndirilməsi
Əvvəlcə bir haşiyə çıxmaq istəyirəm. Rəhmətlik H. Z.
Tağıyev Molla Abuturabla son söhbətində onun var -
dövlətlə bağlı sualına belə cavab verir:
“Əgər Allah istəsə, bir göz qırpımında
səni dövlətindən məhrum edər. Ona
görə əbədi olan haqda çox düşün”.
H. Z. Tağıyev 1924-cü ildə vəfat edəndə
onun “məni Molla Abuturabın ayağının altında dəfn
edərsiniz” vəsiyyətinə əməl edilmişdir.
Bu vəsiyyət Molla Abuturabın ruhuna
böyük hörmət idi.
Tarixən həmişə alimə diqqət və
qaygı böyük olmuşdur. Makedoniyalı İsgəndərin
atası Çar Flipp Aristotelə yazdığı məktubda
etiraf edir: “Mən allahlarıma ona görə minnətdar deyiləm
ki, mənə Aleksandr kimi oğul verib, ona görə minnətdaram
ki, məni sənin kimi böyük bir filosofun müasiri edib”.
Flippindən 1500 il sonra Nizami Gəncəvinin
alim haqqında yüksək fikirləri məlumdur:
Alimdir gözümdə ən əziz
insan,
Qüvvət elimdədir - başqa
cür heç kəs
Heç kəsə
üstünlük eyləyə bilməz
Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır
əlbət.
Çünki elm gücdür, iqtisadiyyatdır. Elmi faydalı
hala gətirmək üçün alim əməyi layiqincə
qiymətləndirilməlidir. Belə olanda
gənclər elmin ardınca gedər. Onlar
elmin dalınca ona görə getmirlər ki, alimin əməyi
layiqincə dəyərləndirilmir. Alimin
qədrini bilmək üçün elmin cəmiyyətdə
yeri düzgün dəyərləndirilməlidir.
Elmin tarixi göstərir ki, dəyərli kəşflər
və ixtiraların çoxunun müəlliflərinin
yaşı 30 ətrafındadır. Belə yaşda gənclər
öz enerjilərini tam elmə həsr edə bilirlər.
Bu yaşdan sonra həyat öz şərtini
diktə edir. Ailə, uşaq
qayğısı əlavə vaxt tələb edir. Bu faktın özü gənclər siyasətində
nəzərə alınmalıdır. Misal
üçün, bizim gənclərin magistraturadan və ya
doktoranturadan əsgərliyə aparılmasını çox
da məqsədəuyğun addım hesab etmək olmaz. Bəzi ölkələrdə (misal
üçün İsraildə) gəncləri əsgərliyə
orta məktəbdən sonra, unversitetdən qabaq aparırlar.
Ona görə ki, sonrakı təhsil
trayektoriyası sınmasın. Qeyd etmək
lazımdır ki, inkişaf etmiş dövlətlərdə
gəncliyin 85 faizdən çoxu universitetlərdə
oxuyurlar. Ancaq bu göstərici bizdə 20
faizdən azdır. Alim olmaq vətənə
daha yüksək səviyyədə qulluq etmək deməkdir.
Alimin təqaüdə çıxma yaşı da
müzakirəyə ehtiyacı olan məsələlərdəndir. Fiziki işlə
məşğul olub təqaüdə çıxmaqla, əqli
işlə məşğul olub təqaüdə
çıxmanın fərqinə varmaq lazımdır. Nəzərə alınmalıdır ki, insan
yaşa dolduqca onun fiziki gücü tükənir, əqli
güc isə tükənmir, əksinə insan kamilləşir.
Hesab etmək olar ki, müəllimlərin, alimlərin
təqaüdə çıxma yaşına qoyulan tələblər
çox yumşaq olmalıdır və çox vaxt alimin
öz ixtiyarına verilməlidir. Gənc
alim qocaman professorla müqayisədə çox dərs deyə
bilər. Ancaq qocaman müəllimin
yazdığı monoqrafiyanı, icmal məqaləni, fəlsəfi
ümumiləşməni gənc müəllim edə bilməz.
Həyatı boyu çoxlu bilik
yığmış dəyərli elm adamına bu bilikləri
magistrlərə, doktorlara ötürməyə şərait
yaradılmalıdır.
AMEA
prezidenti akademik A. Əlizadə son illər dövlət
büdcəsindən ali məktəblərə
elmi tədqiqatlar üçün pul ayrılmamasından
narahatlığını belə ifadə etmişdir: “Ali məktəblərdə
elm tənəzzülə doğru addımlayır, mən
lazımi səviyyədə bu məsələni
qaldıracam”.
AMEA-nın
Rəyasət Heyətinin 2015-ci ilin mart iclasında
Akademiyanın İnsan Hüquqları İnstitutunun direktoru,
millət vəkili Aytən Mustafayeva
çıxışı zamanı gənc elmi işçilərin
əmək haqqının azlığının ciddi problemə
çevrildiyini bildirib: “Bu gün nəinki bölgələrdə,
eləcə də Bakıda eyni problem yaşanır. Gənc elmi işçilər 140 manata işləmək
istəmirlər. Hətta bizim institutun elə
işçiləri var ki, işə piyada gəlirlər.
Ona görə də mövcud problemin həlli
istiqamətində AMEA Rəyasət Heyətinin iclasında
müzakirələr aparılmalı və ortaq nəticəyə
gəlinməlidir”.
Elm adamlarının əməyinin qiymətləndirilməsində
də reformaya ehtiyac var. Dünya səviyyəli intellektuallar
sayıla biləcək alimlərimizə münbit elmi şərait,
rəqabət meydanı və ya zəruri hüquqi baza
yaradılarsa, onlar öz üstünlüklərini ortaya qoya
və Azərbaycan elmini dünyada şöhrətləndirə
bilərlər. Reformanı elə aparmaq olar ki, elmə
ayrılan pullardan ən çox məhz bu cür gerçək
alimlər istifadə etsinlər. Bunun
üçün təzədən velosiped icad etməyə
ehtiyac yoxdur. Bizim mentalitetimiz (milli
psixologiya, düşüncə tərzi və inkişaf səviyyəsi)
türk mentaliteti olduğundan, məncə, burda Türkiyə
modelindən istifadə etmək olar.
Şübhəsiz,
elmi tədqiqatlar elmi nəticələrlə
yekunlaşır. Nəticələr
çap olunandan sonra bu intellektual məhsulun dəyərinə
görə alimin əməyi layiqincə qiymətləndirilməlidir.
Əgər alimin elmi nəticəsi dünyanın məşhur
elmi jurnallarında cap olunubsa, Türkiyə Elm və Texnika
Araştırma Kurumunun (TÜBİTAK) bu məqaləni təqribən
2000 dollar səviyyəsində, işlədiyi universitet isə
təqribən 1000 dollar səviyyəsində
mükafatlandırır. Qeyd edək ki, elmi
jurnalların sayı çoxdur. Bu
jurnalların impact faktorları (elmi jurnalın əhəmiyyətinin
kəmiyyət göstəricisi) da müxtəlifdir. Xarici elmi jurnalların sayı çoxdur. Bəzi
məlumatlara görə Skops bazalı jurnalların sayı 29
000, Tomson bazalı jurnallar 21 000-dir. Qeyd edək ki, Web of science
(Thomson Reuters) bazalı elmi jurnallar çox keyfiyyətli elmi məqalələri
çap edən jurnalları əhatə edir və sayı
7000-dir. Scopus i Thomson Reuters bazalı jurnalların elmi məqalələrə
qoyulan tələblər Web of science-dən
aşağıdır. Əgər alim ildə
belə jurnallarda bir neçə məqalə çap edərsə
onda onun maaşdan əlavə elmi fəaliyyətdən
qazancı (təqribən 10 000 dollar) olacaq. Təbii ki, kadr baxımından da elm içəridən
təmizlənəcək.
(Ardı var)
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2015.- 11 iyul.- S.21.