Sevgi nəğməsi

 

Sənin çətirini alan küləyin

öpüşü qonacaq yanaqlarına,

enəcək, enəcək bir az aşağı -

o solan, göyərən dodaqlarına.

 

Bu yerin, bu göyün heç bilmədiyi,

ayın duymadığı, eşitmədiyi,

bir sevgi nəğməsi oxuyacağam,

qara buludların qulaqlarına.

 

Daha bu əllərim çətirdi sənə,

o mil-mil barmağım pərdələnibdi,

mənim baxışlarım şimşəkdən iti,

bulud pərən-pərən səpələnibdi.

 

Çırpdım küləkləri boz qayalara,

söndür, söndür məni, alışacağam,

mənim coşan sinəm yelkən kimidi,

dəniz dodağından yapışacağam.

 

Çırpıntılar

 

Mən sənin qapını döyməyən poçtalyonam.

Dünyanın ən böyük günah sahibi...

Iztirab sahibi, o AH sahibi.

zəng çalınır,

səsin eşidilir qapının kandarından.

Bir sükut boylanır ortalıqdan.

Mən sənin qapının önündən sakitcə ötən adamam,

sanki lap yadam.

Dünyanın ən böyük günah sahibi

sevgini öldürəndi.

 

Hər gün... ötüb,

sonra arxaya boylanıram,

əlimdən uçmaq istəyən məktubu

bərk-bərk tutub saxlayıram,

əlindən tutan kimi

 

əlimdə məktub əsir,

məktubda sözüm əsir...

ayrılıq nəfəsimi kəsir,

ömürdəki tələsir...

 

Döyülməyən qapı çırpınır,

ürək çırpınır,

məktub çırpınır,

.... məhvərindən çıxan

yerim, göyüm çırpınır,

bir də döyünən, tövşüyən zaman.

Aman-aman...

(küləyə qoşulub pəncərədən

gələcəyəm, dayan...)

 

Hər şey qarışıq

 

Bilmədim hansı yanağında, hansı gözündədi Polşa.

Bilmədim hansını öpüm, hardan öpüm...

Əllərimdən, baxışlarımdan

tutub apardın məni.  

Qopardın özümdən qopardın məni...

Apardın məni xəyallar, xatirələr qoynuna,

saldın məni sevdaların oynuna.

Bir saatlıq xəyali səyahətin səadətini yaşatdın mənə.

Sevə-sevə,

verib əl-ələ,

dil-dilə...

 

... Getdin, yenə fikirlər qarışıq,

güman qarışıq,

təbəssüm qarışıq,

zaman qarışıq.

Təzə Pir məscidi,

Müqəddəs Xaç kilsəsi,

qarışıq dünyanın

ortaq nöqtəsi.

Azan səsi,

orqan səsi,

insan nəfəsi.

 

Ürəyin hardadı, xəyalların harda,

polyak qız anası,

bu qarışıq dünyanın su sonası.

 

Həsrətli baxışlar boylanır

dan yeri kimi qızaran gözlərdən.

 

Yığacam üzünün qırışlarını

 

Yığacam üzünün qırışlarını,

yığacam öpüşün dodaqlarına.

Mənim baxışlarım sehrli əldi,

gəlib xoş çöhrəni tumarlayacaq,

narahat günləri, qəmli günləri,

tutub bircə-bircə oğurlayacaq...

Daha o günlərdən gün qalmayacaq,

bir xətt qalmayacaq, iz qalmayacaq,

ürəkdə bir misqal buz qalmayacaq...

Süpürüb atacaq görünməz yerə,

kim gəzsə tapmayan bilinməz yerə,

o gedər-gəlməzə...  gəlinməz yerə.

Təbəssüm qonacaq üzünə sənin,

bir dəli həsrətin quş qanadında,

məhəbbət adında, sevgi adında.

Üzündə dodağın təması qalar,

qulaqda səsimin sədası qalar,

gözümdə eşqinin ədası qalar...

Dərdi, ağrıları qoparar, atar,

könlünə təptəzə bir sevda qatar.

Bu təzə sevdanın təzə adıyla,

bu təzə sevdanın təzə dadıyla

bir ömür yaşanar, təzə bir ömür,

bu ömür gül açır, bu ömür sönmür...

 

Dəniz, sənə gül gətirmişəm

 

Könlünə yatmayanı

sahilə qovan dəniz,

gülü qoynuna alan

dəniz, könlün nə təmiz.

 

Sevgilərin sadiqi -

sənə gül gətirmişəm,

sən ismətli gəlinsən

üzünə tül sərmisən.

Gülü görüb əllərin

dalğa-dalğa əsəcək,

gəlib üzümə baxıb,

baxıb məni süzəcək.

 

Pıçılda qulağıma,

pıçılda duyulanı,

gəl danışaq, boşaldım

içimə yığılanı.

 

Dərdimə həmdəm dəniz,

mənim könül sirdaşım,

bu gün yaman kövrəyəm,

qəm yoldaşım, sirr daşım.

 

Gəldim sənin yanına

ürəyimi açmağa,

ayrı bir yerimmi var,     

baş götürüb qaçmağa.

 

Son layla çal uyuyum,

girdim sənin qoynuna,

daha dözə bilmirəm,

bu fələyin oynuna.

 

Bu payız

 

Yığıb qucağına xəzan payını,

bayırda səs salan yağış hayını,

itirib günlərin, ayın sayını,

gəldi ömrümüzə, gəldi bu payız,

əliylə bir xalı sərdi bu payız.

 

Solğun günəşində kölgələr çılpaq,

ağaclar lüt qalıb, yerdədi yarpaq,

otuyla birlikdə saraldı torpaq

gəldi ömrümüzə, gəldi bu payız,

əliylə bir xalı sərdi bu payız.

 

Meyvəli ağacı süfrə kimidi,

yağışı, günəşi töhfə kimidi,

fəsillər içində zöhrə kimidi,

gəldi ömrümüzə, gəldi bu payız,

əliylə bir xalı sərdi bu payız.

 

Ömürdən il alıb yaşa caladı,

hər gecəyə bir xatirə qaladı,

sevdirə-sevdirə bizi taladı...

gəldi ömrümüzə, gəldi bu payız,

əliylə bir xalı sərdi bu payız.

 

Rəfail Tağızadə

 

525-ci qəzet.- 2015.- 11 iyul.- S.16.