Anadolu türkcəsindən keçən söz

və ifadələr: dil dilə tən gərək?

 

Azərbaycan dilində hansı proseslər, yeniliklər izlənməkdədir?” sualına cavab axtararkən, güman ki, ağlımıza ilk gələn Anadolu türkcəsindən söz və ifadələrin, bəzən isə bütöv qəliblərin, konstruksiyaların keçməsi olacaqdır. Bu dil vahidlərindən bir çoxları o qədər fəaldır ki, bəzən onların azərbaycancada  lap əvvəldən işlənmədiyini, lüğət ehtiyatına yaxın zamanlarda keçdiyini sübut etməli olursan.

Doğrudur, bu proses əsasən danışıq dilində izlənməkdədir. Lakin bu fakt, haqqında danışdığımız prosesin araşdırılması, müəyyən qanunauyğunluqların və təzadların aşkarlanması zərurətini heçə endirmir. Elə isə hansı dil vahidləri keçir? Bu keçidin kökündə hansı amillər durur? Nəyə görə Anadolu türkcəsindəki bəzi dil vahidləri asanlıqla işləndiyi halda digərlərindən qaçınılır?

Bir qədər araşdırdıqda türkcədən dil vahidlərinin keçidinə bir neçə amilin təsir etdiyini görə bilərik. Bəzən bu amillərin bir-birinə bağlılığı və ya bir-birini tamamlaması aydın sezilir. Başqa sözlə, Anadolu türkcəsindəki hər hansı dil vahidinin dilimizə keçidinə eyni zamanda bir neçə amil təsir edir. Bu mənada aşağıda sadalanan amillərin hamısı mütləq xarakter daşımır. Aşağıda həmin amilləri aşkarlamağa, nəzərdən keçirməyə və bəzi suallara cavab tapmağa çalışacağıq. Burada o da qeyd edilməlidir ki, türkcədən keçən leksik vahidlərin heç də hamısı mənşəcə türk sözləri və ifadələri deyil. 

 

Həyat paylaşdıqca gözəldir! Elə kəlmələr də...

 

Bu cümlənin özü də türkcədən alınmadır və hazırda azərbaycancada kifayət qədər çox işlənməkdədir. Onu daha çox reklamlarda və sosial çarxlarda görmək olar. Haqqında danışdığımız prosesdə həlledici amillərdən biri, bəlkə də birincisi kommunikasiya və onun müasir formalarıdır. Türkiyə televiziya kanallarını və burada yayımlanan proqramları, filmləri davamlı seyr etmək imkanı nitqin eşidilmə intensivliyini artırır. Bu isə nəinki ayrı-ayrı sözlərin, həm də bütöv konstruksiyaların eşidilmə fəallığını gücləndirir və beləliklə də, onların dilə keçidini sürətləndirir. Bu prosesin kütləvi, intensiv xarakter daşıması Azərbaycan dinləyicilərində bəzi sözlərə olan “alıcı” marağını gücləndirdi. Lakin eşidilən hər dil vahidinin azərbaycancaya  keçə bilməsi ehtimalı eyni səviyyədə deyil. Bəzi vahidlər dil daşıyıcıları tərəfindən asanlıqla, böyük rəğbətlə qəbul edildiyi halda, digərlərinə etinasız münasibət göstərilə bilər. Lakin istənilən halda informasiya yayımının, öyrənmənin, əxz etmənin əzəli şərtləri - kommunikasiya və onu gerçəkləşdirən şərtlər kimi eşitmə və görmə, onların intensivliyi türkcədən söz və ifadələrin alınmasında müstəsna rol oynayır.

 

Bəzi faktlara rəğmən.

Yeri gəlmişkən, indi “rəğmən” nə deməkdir?

 

Türkcənin təsirilə Azərbaycan dilindəki bəzi sözlərin mənasının əks istiqamətdə dəyişməsi faktına da rast gəlmək olar. Məsələn, “rəğmən” sözündə olduğu kimi. Yaxın keçmişə qədər Azərbaycan dilində bu söz “nəyə isə uyğun olaraq”, “nə iləsə həmahəng olaraq” mənasında işlədilirdi. Əslində “rəğmən” ərəb mənşəli söz olub “acığına olaraq, əksinə” mənasını verir. Bu söz türk dilində məhz bu mənada işlənir, həm də nitqdə yetərincə fəaldır. Məhz bu fəallığın təsiri nəticəsində “rəğmən” sözü azərbaycancada mənasını əks istiqamətdə dəyişib, məhz türk dilindəki kimi, yəni həm də əzəli mənasında işlənməyə başlayıb.

Sosial şəbəkələrdə Türkiyə mədəniyyəti, eləcə də bəşəri dəyərlərlə, bütövlükdə dünya haqqında türkcə məlumatların çoxluğu dil yaxınlığı və doğmalıq baxımından Azərbaycan vətəndaşlarının da onlardan faydalanmasına şərait yaradır. Məhz bu səbəbdən xüsusilə də gənclər arasında “paylaşım” /”paylaşmaq”, “yükləmək”,”bəyənmək” kimi türkcədən götürülmüş sözlər getdikcə daha çox işlənməkdə və dildə möhkəmlənməkdədir. Bundan əlavə, türk və Azərbaycan vətəndaşları sosial şəbəkələrdə dostlaşır və bir-biri ilə müxtəlif  linkləri, məlumatları bölüşürlər. Qeyd etmək lazımdır ki, bu zaman obyektiv səbəblərə görə (əhalinin sayı, medianın vəziyyəti və s.) Türkiyə mənbələri üstünlük təşkil edir. Türk mədəniyyətində bəzi mövzuların həm ənənəvi, həm də yeni mediada açıq müzakirəsi Azərbaycan vətəndaşlarının həmin mövzulara münasibətini dəyişə bilir. Artıq buna bəzi nümunələr də göstərmək olar. Məsələn, əvvəllər “doğum günü” və onunla bağlı ifadələr (“Doğum günün mübarək!” tipli) buradakı sözlərdən biri ilə (doğum) əlaqədar olaraq insanların təsəvvüründə müəyyən assosiasiyalar doğururdu. Mentalitetimizin əsas “sütunlarından” biri olan “utanc”, “ayıb olar” inancı üzündən bu sözün açıq deyilməsi məqbul sayılmırdı. Lakin indi məhz türk film və proqramlarının, sosial mediada gedən müzakirələrin, paylaşımların təsiri ilə bu sözün özündə daşıdığı məna və ona münasibət dəyişməkdədir. Hazırda sosial mediada təbrikləşmə zamanı insanların, xüsusilə də gənclərin bu sözdən daha çox istifadə etdiklərini görə bilərik. Sosial mediada adamların müxtəlif yığıncaqlardan, toplantılardan paylaşdıqları fotolar və onların şərhi formaları da bəzi qəliblərin, frazeoloji ifadələrin azərbaycancaya keçməsinə və dildə sabitləşməsinə şərait yaradır. Məsələn, çay süfrəsi arxasında toplaşanların paylaşdıqları şəkillərə “Dostlarla çay keyfi” kimi şərhlər verməsi artıq yayılmış bir haldır.

Boşluqlar heç vaxt boş qalmır.  Bir az düşünün. Heç olubmu ki, danışarkən, fikrinizi izah etməyə çalışarkən ən uğurlu, ən yerinə düşən söz kimi hansısa türk sözünü işlətməyə üstünlük vermisiniz? Yəni başqa seçiminiz olmayıb. Sanki söz özü “xahiş edir” ki, onu işlədəsən. Əlbəttə, əksəriyyət belə hallarla qarşılaşıb. Məsələn, şüuraltımı və ya süurlu surətdəmi “stres atmaq” ifadəsini işlədirik. Sanki dil özü bu ifadəni (eləcə də bəzi başqa dil vahidlərini) quru torpaq suyu canına çəkən kimi çəkir. “Stres atmaq” dilimizə yaxın zamanlarda daxil olub. Amma bu “gəliş” əsaslı, dayanaqlı olub. Niyə? Sovet dönəmində yaşayanlar bilirlər ki, o dövrlərdə həyat çox yeknəsəq idi. Zaman aramla axıb gedirdi, onun sürətlə keçdiyindən şikayətlənən də çox az idi. Çağdaş dövrümüzlə müqayisə etdikdə o dövrü hərəkətsiz və donuq da adlandırmaq olar, yəni həm də stressiz və qaçhaqaçsız. İndi isə vəziyyət tamamilə fərqlidir. Stres həyatımızın bir parçasıdır. Belə bir vəziyyətdə stresdən azad olmanın (müvəqqəti də olsa) gərəkliliyini və qaçılmazlığını daha dərindən anlayır və ondan azad olmaq yollarını axtarırıq. Təbii ki, artıq həyatımızın ayrılmaz bir hissəsinə, “atributuna” çevrilmiş streslə bağlı söz və ifadələr də nitqimizdə daha çox işlənməkdədir. Dil daşıyıcılarının “stres atmaq” ifadəsinə rəğbəti mənanın qısa, məntiqi yolla çatdırılmasıdır. İnsanlar məişətdə istəmədikləri, lazım olmayan şeyləri atmaqla onlardan qurtulur, yükdən azad olurlar. Başqa sözlə, “atmaq” qurtulmaqla, yüngülləşməklə assosiasiya olunur. Bu səbəbdən də “stres atmaq” istənilməyən haldan (stresdən) azad olmağı ən dəqiq ifadə edən dil vahidi kimi “göydəcə qapıldı”. Güman ki, bu feil türkcədə istifadə olunmasaydı və azərbaycancada onun yaranmasına ehtiyac yaransaydı, o, elə belə də olacaqdı - stres atmaq. “Dadını çıxarmaq” feilinin  dilimizdə möhkəmlənməsini də eyni aspektdən izah etmək olar. Bu da yeri boş olan leksik vahidlərdən idi. Nədənsə xoşlanmaq və bu prosesdən maksimum faydalanmaq anlamında “dadını çıxarmaq” feilinə azərbaycancada “zövq almaq” feili uyğun gəlir. “Zövq almaq” isə  bir çoxları tərəfindən rəsmi, akademik üsluba aid feil kimi qəbul olunur. “Dadını çıxarmaq” feilindəki “dad” sözü və onun assosiasiya olunduğu pozitiv hisslər, həmçinin anlaşıqlılıq bu feili çox çəkici və maraqlı edir.

Daha bir nümunə isə “fərqində olmaq” feili ilə bağlıdır. Bu feil də azərbaycancada  qarşılığı olmayan dil vahidlərindəndir.  Hansısa hadisənin, prosesin və ya ümumiyyətlə, nəyinsə baş verməsini bilmək və bu hadisəyə şüurlu münasibət göstərmək mənasını verən “fərqində olmaq” dilə (bundan da əvvəl ağla) tez gələn feildir.

Hər hansı dildə bu və ya digər səbəblərdən yaranmış boşluqların olması normal haldır. Dillərin “ünsiyyəti” o boşluqların doldurulmasına imkan yaradır. Yeni dünya düzəninin Azərbaycan dilinə təsiri bu boşluqların sayını artıra bilər. Onların bir qisminin türk dilinin vasitəsilə “dolması” prosesi izlənməkdədir. Bu prosesdə ən vacib amil doğmalıq - tanışlıq amilidir. Doğmalıq - tanımaq, tanış gəlmək, nəyə isə çox yaxşı bələd olmaq, mənanın bütün incəliklərini hiss etmək deməkdir. Buna misal olaraq, yuxarıda göstərilən “dadını çıxarmaq”, “fərqində olmaq”  kimi feillərlə yanaşı, “həftə sonu”, “keçərli”, “uğraşmaq”, “keçmiş olsun” kimi söz və ifadələri göstərə bilərik. Əlbəttə, bu vahidlərin sayını artırmaq olar.

Sadəlik, qısalıq, diləyatımlılıq və məntiqilik. Bəzi sözlərin türk dilindən asanlıqla keçməsi həm də həmin vahidlərin məntiqli və anlaşıqlı səslənməsi, şifahi xalq ədəbiyyatı və ya danışıq üslubunda qurulması ilə əlaqədardır. Şifahi xalq ədəbiyyatı isə millətin yaddaşında daha əzəli olduğuna görə doğma və əzizdir. Bu cür söz və ifadələr adətən folklorda olduğu kimi sadə və yaddaqalan olur. Üstəlik dilin təbii qaydalarına və modellərinə uyğun gəlir (məsələn, ahəng qanununa). “Soyad”, “öncə”,”say”, “bağ” (“əlaqə”, “bağlılıq” mənasında), “olay”, “yasaq”/”yasaqlanmaq”,”qatılmaq”, “dartışmaq”, “qaçırmaq” (bir fürsəti, məqamı əldən vermək mənasında), “yetərli”, “endirim” kimi sözlərin dilə asanlıqla keçməsi və qərar tutması bu aspektdən izah edilə bilər. Danışıq dilində heç vaxt işlək olmamış “kimyəvi təmizləmə” ifadəsinin “quru təmizləmə” ilə əvəz olunması da analoji səbəblərlə izah oluna bilər. Qısalıq və tələffüzdə rahatlıq da bəzi sözlərin dilə keçidi üçün əlverişli şərait yaradır. Buna nümunə olaraq, dilimizdə uzun müddət qərar tutmuş və bəzi insanların çətinliklə tələffüz etdiyi “müvəffəqiyyət” sözünün türk dilində hər zaman daha fəal olmuş “uğur” sözü ilə əvəzlənməsi prosesini göstərə bilərik. “Bir şey deyil” də tez-tez işlədilən ifadələrdəndir. Sadəlik, məntiqilik, diləyatımlılıq bu ifadəni yayqınlaşdıran səbəblərdir.

 

Sinonimlər: “yaxın qohumlara”

həmişə ehtiyac var!

 

Türkcədən söz və ifadələrin keçməsini şərtləndirən amillərdən biri də sinonimlərə olan ehtiyacdır. Sinonimlərdən bir sözün eyni cümlə daxilində təkrarlanmaması üçün də istifadə edilir. Əgər cümlənin bir yerində “iştirak etmək” feili işlədilirsə, eyni cümlədə onun təkrarından qaçmaq üçün “qatılmaq” feilinin istifadəsi məqsədəuyğundur. Bu halda təbii ki, türk dilindəki leksik vahidlərə müraciət olunur.

 

“Hanı bunun duzu, istiotu,

sumağı, zəfəranı, zəncəfili?”

 

“Yaşıl eynəkli adam” tamaşasındakı həmin o məşhur səhnə yadınızdadır? Soruşacaqsınız - ədvaların bura nə dəxli var? Var. İnsanların nitqi, yazısı “dadlı” və “dadsız” ola bilər. Dil şəxsin özünüifadə vasitəsidir. Kimsə daha savadlı və ya zəngin dünyagörüşlü, öndə, dəbdə olan nəyə isə bələd olduğunu göstərmək  üçün nitqini xarici mənşəli sözlərlə “doldura” bilər. Hər bir insanın həm də özünəməxsus danışıq tərzi - üslubu var. Birinin nitqi maraqlı, qeyri-adi, çəkici və zəngin ola bilər, digərininki isə yox. Biri nitqinin yaddaqalan və təsirli olmasına çalışır, digəri isə seçilməməyə üstünlük verir və ya fərqlənmək heç ağlına da gəlmir. Biri qısa danışmağı sevir, digəri isə fikrini ifadə etmək üçün uzun-uzadı cümlələr qurur. Azərbaycanlılar danışarkən nitqlərinə “ədva qatmağa” xüsusi meyl göstərirlər.  Onların danışarkən fərqli dillərə məxsus sözləri işlətmələrinin bir səbəbi də bu ola bilər. Əlbəttə, bunu digər amillərlə də (kimsə rusca və ya ingiliscə bildiyini və bununla da başqalarından geridə qalmadığını göstərməyə çalışır) izah etmək olar. Bəzi türk söz və ifadələrindən də məhz nitqə xüsusi “rəng”, “ədva” qatmaq, onu daha cəlbedici etmək məqsədilə istifadə oluna bilər. “Canım”, “həyatım” tipli əzizləyici müraciət formaları buna misal ola bilər. Bu sözlər həm də qısa, diləyatımlı və azərbaycancadakı mövcud modellərə uyğun gəldiyi üçün asanlıqla qəbul olundu. “Şəhərdə adam əlindən tərpənmək olmur. İştə bazar günü!” cümləsindəki “iştə” sözü deyimi gücləndirmək və maraqlı etmək məqsədi daşıya bilər. Bəzi şəxslər zarafat etmək, xoş ovqat yaratmaq üçün də türkcədən bu və ya digər sözü işlədə bilərlər. Məsələn, kimsə nitqini daha şux, maraqlı və xoş etmək üçün dost-tanışına müraciətdə “necəsən?” əvəzinə “nasılsın?” deyə müraciət edə bilər. Türk ifadələrindən və ya məşhur kəlamlardan, film, mahnı sözlərindən həm də tənqid xarakterli nitqin yumşaldılması, ona bir növ zarafatyana ton vermək məqsədilə də istifadə oluna bilər. Yəni kimsə elə düşünə bilər ki, söyləyəcəyi tənqidi fikri türkcə (və ya türk sözlərindən istifadə etməklə) desə, o daha yumşaq səslənər. Məsələn, “Allahım, nəydi günahım?”, “Gəl bunu tatlıya bağlayalım”, “Yapma  ya...”  və s.

 

Təranə MAHMUDOVA

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

 

525-ci qəzet.- 2015.- 11 iyul.- S.15.