Qəndəharda "ov" əməliyyatı
(hekayə)
Əfqanıstanda Sovet-mücahid
qarşıdurmasının ən qanlı
çağlarıydı. Əfqan hərbi hava
qüvvələrinin mücahidlərə endirdiyi hava zərbələrinə
baxmayaraq, bir çox bölgələrə rahat getmək
olmurdu. İstər əfqan piyada
qoşunları, istərsə də, Sovet qoşunları
Kabildən kənar bölgələrə hərəkət
edərkən tez-tez mücahidlərin pusqusuna
düşürdülər. Belə
döyüşlərdə hər iki tərəfdən xeyli
itki olurdu.
Bir gün Əfqan hərbi hava qüvvələrinin Qərargah
Mərkəzinə verdikləri statistik məlumatları
general Yasenyuk Sergeyeviç nəzərdən keçirərkən
gülməli bir vəziyyətin şahidi oldu. O, əfqanların Qərargah
Mərkəzinə təqdim etdiyi məlumatların
hamısını diqqətlə nəzərdən
keçirdikdən sonra, növbəti hərbi müşavirədə
üzünü Sovet hərbi heyətin üzvlərinə
tutub gülərək dedi:
- Yoldaşlar, mən əfqanların
bizə verdikləri statistik məlumatları izlədikdən
sonra belə qənaətə gəldim ki, Əfqanıstanda nə
bir mücahid, nə də bir mülki vətəndaş
qalmayıb. Yəni bütün Əfqanıstan
bu müharibədə mücahidləriylə birlikdə məhv
olub. Əgər bu rəqəmlər
doğrudursa, belə olan halda indi biz kiminlə
döyüşürük? Hər gün
hərbi birləşmələrimizə kimlər hücum
edir?! Bizi hər gün pusquya
düşürən hansı qüvvələrdir?! Digər tərəfdən kəşfiyyatımızın
bizə verdiyi məlumata görə, son zamanlarda Qəndəhar
vilayətində istər Sovet ordusunun, istərsə də əfqan
ordusunun hərbi texnikasının regionlara sərbəst hərəkəti
mümkünsüz olub. Bu bölgədə
mücahidlər günü-gündən fəallaşmağa
başlayıb. Nəzərinizə
çatdırım ki, son bir ay ərzində bu bölgədə
həm Sovet, həm də əfqan ordusu xeyli sayda hərbi
texnika və canlı qüvvə itirib. Bu
artıq çox ciddi məsələdir. Bu barədə
yuxarıdan kəskin əmr var. Bu bölgə tezliklə
mücahidlərdən təmizlənməlidir!
-
Bütün heyət sakitcə bir-birinə baxdı. Kimsə bir söz deyə bilmədi. Hərbi
heyətin susduğunu görən general sözünü davam
etməli oldu:
Buradan belə çıxır ki, əfqan həmkarlarımız
bizə yalan məlumat verir. Biz isə bu məlumatların
nə dərəcədə doğru olub,
olmadığını hökmən yoxlamalıyıq.
Polkovnik Nikolay Zaxaroviç, sabaha MİQ-ləri
hazırla. Qəndəhara
uçuşa hazırlaşın. Mən
özüm də sizinlə uçacağam.
-Yoldaş
general, sizin bu bölgəyə uçmağınız
çox risklidir. Orada hər an həyatınıza
təhlükə yarana bilər. Əgər
icazə versəydiniz... - polkovnik sözünü tamamlaya bilmədi.
General Sergeyeviç polkovnik Nikolay
Zaxaroviçin sözünü kəsərək, əsəbi
halda bildirdi:
- Polkovnik Zaxaroviç, hər halda
bizim burda müharibədə olduğumuzu unudursunuz. Müharibə özü elə təhlükə
deməkdir də. Buna görə də, əsgər
və zabit bütün təhlükələrə
qarşı həmişə hazır
olmalıdır.Gördüyünüz kimi, bizə verilən
rəqəmlər də ortadadır, hazırkı mənzərə
də. Biz bu məlumatların nə dərəcədə
doğru olub-olmadığını hökmən
yoxlamalıyıq. Bu barədə
sözü olan varmı? Təklifiniz yoxsa, çıxa
bilərsiniz! Müşavirə bitmişdir!
Nikolay
Zaxaroviç generalın əmrinə əsasən sabah Qəndəhara uçacaq
bombardmançı MİQ-lərin son
hazırlığını yoxlamaq üçün anqara
getdi. Yolda o, pilot heyətinin komandiri, polkovnik
Aleksey Petroviçlə rastlaşdı. Nikolay
general Yasenyukun müşavirədəki fikrini Alekseyə də
bildirdi. Aleksey Petroviç təəccüblə dedi:
- Nikolay Zaxaroviç, indiki zamanda Qəndəhara
uçuş çox təhlükəlidir. Son aylar orada mücahidlər xeyli
fəallaşıblar, hava uçuşlarına ciddi nəzarət
edirlər. Keçən ay həmin regionda iki
vertolyotumuzun vurulduğu sizə də məlumdur. Birdən-birə generalın o bölgəyə uçuşu
bizimçün sıxıntı yaradacaq. Çalışın, generalı fikrindən
döndərəsiniz.
- Siz də
bilirsiniz ki, Sergeyeviçi fikrindən kimsə döndərə
bilməz. Mən də Qəndəhara uçuşun çox
təhlükəli olduğunu onun nəzərinə
çatdırdım, ancaq məni dinləmədi. - polkovnik Zaxaroviç məyus halda bildirdi.
-Elə
isə generalı fikrindən döndərmək
üçün general-mayor Mixail Antonoviçə müraciət
edin. Yoldaş Antonoviç Yasenyukun dilini
yaxşı bilir. Onların bir-biriylə çox
yaxın, hətta ailəvi dost olduğunu yaxşı bilirəm.
Generalı Qəndəhara uçuş fikrindən
ancaq Mixail Antonoviç vaz keçirə bilər. Yoxsa, başqa birisini tanımıram, - deyə
polkovnik Aleksey Petroviç təəssüf hissiylə qeyd
etdi.
Nəsə, general-mayor Aleksey Petroviç də general
Yasenyuk Sergeyeviçi Qəndəhara uçuş fikrindən
döndərə bilmədi.
Ertəsi
gün uçuşa hazırlıq zamanı diviziya komandiri,
general-mayor Vladimir Juravlyov general Yasenyuk Sergeyeviçə
yaxınlaşıb dedi:
-
Yoldaş Sergeyeviç, bəlkə, siz
uçmayasınız?
- Xeyr,
uçacağam. Əfqanların haranı
bombalamalarını öz gözlərimlə görməliyəm!
Mən onların bizə verdikləri məlumatlara daha
inanmıram, - deyə general əsəbi halda cavab verdi.
-Yoldaş
general, deyirəm, bəlkə sizi iki qırıcı
müşayiət etsin? Bu sizin üçün
daha təhlükəsiz olar.
-
Yoldaş Juravlyov, birinci dəfə deyil ki, uçuram. Əlavə qırıcılara ehtiyac yoxdur. - general Yasenyuk MİQ-in kabinəsinə
qalxdı.
O, kabinədə
yerini rahatladıqdan sonra əlini yerdəki hərbi heyətə
yellədi. General özü də as
pilotlardandı. O, dəfələrlə
Əfqanıstanın ən qızğın bölgələri
olan Qəndəhara, Herata, Məzari-Şərifə, Paktiyaya,
Calalabada uğurlu uçuşlar etmişdi. General xaraktercə yaxşı adamdı; hamıyla
mehriban danışar, hamıyla kef-əhval tutardı,
tabeçiliyindəkilərə qarşı
qayğıkeş və tələbkardı. O, cəsur və
qorxmazdı...
General Yasenyuk Sergeyeviç MİQ-lər
dördlüyündə sonuncu təyyarənin sükanı
arxasındaydı. Həm onu yola salan zabitlər, həm də generalın
özü hardan biləydi ki, bu onun son uçuşu olacaq...
Artıq çox böyük döyüş təcrübəsinə
malik olan mücahidlərin öz döyüş taktikaları
vardı. Onlar əvvəlcə ərazi üzərində kəşfiyyat
və tanıma uçuşu həyata keçirən təyyarələrin
sayının dörd olduğuna əmin olduqdan sonra, ilk
şığıyan 3 təyyarəyə atəş
açmadılar. Həmin üç təyyarə
bombalarını əraziyə boşaldıb yenidən
yuxarı milləndilər. Mücahidlər
dördüncü təyyarəni, generalın idarə etdiyi təyyarəni
DŞK ilə hədəfə aldılar. "Ov"
üçün gedən general çox asanlıqla
özü "ovlanmış" oldu. Çünki
şığıma vəziyyətindən çıxan və
arxasınca onu qoruyan birinin olmadığı təyyarə
göydə dayanıb sanki, "gəl, məni vur!"
deyirdi.Bu zaman general Vasenyukun son sözü eşidilir:
"Yüksəklik 600 metr, məni vurdular, katapult edirəm!" Generalın bu son
cümləsi Əfqanıstanda olan bütün Sovet
personalını şoka saldı. Hamı
heyrət içindəydi. Heç kəs
generalın ya diri, ya da ölü halda mücahidlərin əlinə
keçməsini istəmirdi. Ona görə
də həmin gün axşama qədər həm Sovet, həm
də əfqan hərbi hava qüvvələri generalı
xilasetmə əməliyyatına cəlb edildi. Amma bütün hava hərbi əməliyyatları nəticəsiz
oldu. Belə olan halda, ertəsi gün Cənub
istiqamətində quru qoşunlarından ibarət geniş hərbi
əməliyyat başladıldı. Qərargah
Mərkəzinə generalın həyat yoldaşı Mariya
Vasiliyevna da gəlmişdi. O, çox pərişan və
həyəcanlıydı, gözlərinin yaşı
qurumurdu. Hamı onu sakitləşdirməyə
çalışır, böyük acısına şərik
çıxırdı. Amma bütün bu
təsəllilər Mariya Vasiliyevnanı sakitləşdirməyə
yetmirdi, onu ovundurmaq mümkünsüzdü. O, otuz beş illik həyat yoldaşı Yasenyuku
çox istəyirdi. Bu illər ərzində
Mariya ərindən heç inciməmiş, ondan bircə kəlmə
belə acı söz eşitməmişdi. Çətin
günlərini birgə adlamışdılar...
Mücahidlərlə altı gün şiddətli
döyüş getdi. Döyüşün
üçüncü günü mücahidlər Sovet və əfqanların
çoxsaylı hərbi hava qüvvələrinin və quru
qoşunlarının texnikası qarşısında duruş
gətirə bilməyib geri çəkilməyə məcbur
oldular. Üçüncü gün
generalın katapult etdiyi oturacaq tapıldı.
Oturacağın söykənəcəyini güllə
deşib keçmişdi. Belə
çıxırdı ki, o, hələ göydəykən
gülləylə vurulub. Amma həmin
gün generalın cəsədini tapmaq mümkün olmadı.
Səhərisi gün həmin əraziyə
vertolyotlarla desant çıxarıldı. Kremldən kəskin əmr vardı. Nəyin bahasına olursa-olsun generalın cəsədi
tapılmalıydı.
Beşinci gün həmin əraziyə yenə də
vertolyotla desant çıxarıldı. Desantın tərkibində
iki azərbaycanlı leytenant da vardı. Onlardan biri Abdulla, digəriysə
Qurban adlı leytenantdı. Amma həmin gün də itkisiz
ötüşmədi. Bugünkü
döyüş zamanı vertolyot alayının komandiri Vadim
Solovyov mücahidlərin atdığı raket vasitəsiylə
vuruldu. Buna baxmayaraq generalın cəsədi
qumun altında basdırılmış halda tapıldı.
Görünür, mücahidlər onun general
olduğunu bilməyiblər, yoxsa onlar yüksək rütbəli
Sovet zabitlərinin istər ölüsünü, istərsə
də dirisini vermirdilər. Sonra
generalın vurulmuş təyyarəsini tapdılar. Təyyarədən ancaq gövdənin qabaq hissəsi
və bir də sağ qanadı qalmışdı. Qanadın yanından bir kasset də tapıldı.
Həmin kassetə baxış keçirildi.
Bunu mücahidlər çəkərək qəsdən
buraya buraxmışdılar. Onlar təyyarəni
vurduqdan sonra onun üstünə çıxaraq sevinclərini
əlləriylə, çığır-bağır salmaqla,
havaya atəş açmaqla qeyd edirdilər. Onlar Sovet hərbçilərinə müxtəlif
cür hədələyici işarələr etməkdən
belə çəkinməmişdilər.
Generalın cəsədi Qərargah Mərkəzinə gətirildi
və orada bütün zabit heyətiylə vida törəni
keçirildi.
Sonra meyit təyyarəylə generalın həyat
yoldaşı Mariya Vasiliyevna başda olmaqla Moskvaya yola
salındı.
Camal ZEYNALOĞLU
525-ci qəzet.- 2015.- 15 iyul.- S.8.