Azərbaycan mülki aviasiyası:

keçmişi, bugünü və gələcəyi

 

Bakının "hava qapısı" - hər bir əcnəbi üçün Azərbaycan məhz bu məkandan başlayır. Deyilənə görə, ilk təəssüratın sonrakı müsbət qənaət və təsəvvürlərin formalaşmasında böyük əhəmiyyəti var. Elə həmin həqiqətdən çıxış edərək əminliklə söyləmək olar ki, Ulu Öndərin adını daşıyan Beynəlxalq Aeroport, mülki aviasiya heyəti ölkəmizə gələn qonaqları yüksək səviyyədə qarşılayıb, yola salır.

 

AVİASİYAMIZIN TARİXİ

 

Təxminən 105 il əvvəl, 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçub. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurub, sonra isə gurultulu alqışlar altında yerə enib.

Azərbaycanın aviasiya ilə ilk tanışlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması üçün on beş il tələb olunub: 1923-cü ildə "ZAKAVİA" Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılıb. Onun təsisçiləri "Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz Gəmiçiliyi" və "Azneft" olub. "ZAKAVİA"nın təyyarələrindən aerofotoçəkiliş işləri aparılmasında, təcili yüklərin çatdırılmasında və poçtun daşınmasında istifadə etmək nəzərdə tutulub.

"ZAKAVİA" yaxşı təsərrüfatçı olub. Artıq 1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata keçirilib, iki il sonra isə Keşlədə aerodrom tikilib və mülki "Hava stansiyası" yaradılıb. 1926-cı ildə Mineralnıye Vodı, Qroznı, Mahaçqala, Bakı, Yevlax, Tiflis marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirilməyə başlanıb.

Növbəti illərdə Bakı-Xarkov, Bakı- Qroznı, Bakı-Rostov, Bakı-Həştərxan, Bakı-Tiflis reysləri işə salınıb, Bakı hava limanı isə Xalq Komissarları Sovetinin sərəncamı ilə müstəqil təsərrüfat vahidinə daxil edilib. 2 iyun 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya qrupu yaradılıb. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib.

 

ÜMUMMİLLİ LİDER HEYDƏR

ƏLİYEVİN SƏYLƏRİ BƏHRƏSİNİ VERDİ

 

Azərbaycanın mülki hava donanmasının tarixində yeni keyfiyyətli dövr yetmişinci-səksəninci illərə təsadüf edir. Bu dövr ərzində Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikilib. Onlar "Yak-40" reaktiv təyyarələrini qəbul etmək imkanına malik idilər. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində avialayner parkı Sovet İttifaqının ərazisində ilk "Tu-134" və "Tu-154" reaktiv təyyarələrini, "Mi-2" və "Mi-8" helikopterləri alanlardan biri olub. Həmin illərdə təyyarə nəqliyyatın ən tanınmış-sürətli, komfortlu və əlverişli növünə çevrilir.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan aviasiyası ağır vəziyyətə düşüb. Kooperasiya əlaqələri pozulmuş, texniki təchizat kəsilmiş, təyyarələr köhnəlmiş və dağılmışdı, aviasiyadan təcrübəli işçilər gedirdilər, yeni mütəxəssislərin hazırlanması üçün isə yer yox idi. Amma bu problemi Azərbaycan Prezidenti, Ulu Öndər Heydər Əliyev öz nəzarəti altına aldı. Mülki aviasiyaya 200 milyon dollardan yuxarı sərmayə qoyuldu. Bu, aviaparkı müasir "Boeing-757" təyyarələri ilə təkmilləşdirməyə, uçuşları idarəetmə vasitələrini yeniləməyə, iyirmiyədək ixtisas üzrə kadrların hazırlanması sistemini yaratmağa və bu gün altmışdan yuxarı aviaşirkətin təyyarələrini qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı şəhərində açılmasına imkan verdi.

Tikintisi 2005-ci ilin mart ayında başa çatdırılmış Bakı Yük Terminalı (BYT) Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba hərəkət edən yüklər üçün yük boşaltma məntəqəsinə çevrilməyə imkan verdi. Elə həmin ildə Bakı Yük Terminalı (BYT) Yerüstü Xidmət üzrə İATA Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvü və Beynəlxalq Hava Limanları Şurasının Ümumdünya İşgüzar Partnyorlar Proqramının iştirakçısı oldu.

Növbəti illərdə "Naxçıvan" beynəlxalq hava limanı, "Gəncə" beynəlxalq hava limanı və "Zabrat" hava limanında yeni təyyarə vağzalının binası istismara verildi. Heydər Əliyev Beynəlxalq Aeroportunda beşulduzlu mehmanxana tikilib. 2008-ci ildə "Lənkəran" və "Zaqatala" beynəlxalq hava limanları açıldı. Mülki hava donanmasının tərkibinə "Aerobus-319", "Aerobus-320", "ATR-72" və "ATR-42" avialaynerləri əlavə olundu. Yük təyyarələri üçün nəzərdə tutulmuş parkın üçdə iki hissəsi daha müasir maşınların əldə olunması hesabına yenilənmişdir.

 

7 İL ƏVVƏL PREZİDENT İLHAM

ƏLİYEVDƏN ADINI ALAN

"AZƏRBAYCAN HAVA YOLLARI"

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırıldı. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, "Azərbaycan Hava Yolları" aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, "SW Airlines"in yük aviaşirkətinin hava yolları isə bütün qitələrin üzərindən keçməklə yüzə qədər ölkəyə uzanmışdır.

 

"BAKININ HAVA QAPISI"

 

12-28 iyun tarixlərində Bakının ev sahibliyi etdiyi I Avropa Oyunları milyonlarla insanın qəlbindən silinməyəcək bir xatirəyə çevrilsə də, bu gün hələ də nəinki Avropanın, bütün dünyanın gözləri Azərbaycana zillənib.

Belə bir möhtəşəm tədbirin keçirilməsində başda Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və iradəsi, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti və Bakı-2015 I Avropa Oyunlarını keçirən təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanın gündəlik ilgi və qayğısı ilə yanaşı minlərlə insanın zəhməti olub. Nazirindən tutmuş xırda məmuruna, taksi sürücüsündən tutmuş polis nəfərinə, otel xidmətçisindən, mətbuat işçisindən tutmuş təyyarə pilotunadək...

Ulu Öndərin adını daşıyan Beynəlxalq Aeroport, mülki aviasiya heyəti "Bakı-2015" iştirakçılarını və qonaqları yüksək səviyyədə qarşılayıb yola saldı. Həmin məqsədlə hava limanında kompleks tədbirlər planı hazırlanıb həyata keçirilib, yenidənqurma və abadlıq işləri görülüb. Bu sırada xüsusi reyslərin, eləcə də aerovağzal kompleksində, VİP salonlarda və biznes-terminalda xidmətin nümunəvi təşkilini, qonaqların qarşılanması və yola salınması üçün xüsusi qrupların, təyyarələrin, nəqliyyat xidmətinin, uçuş heyətinin və təyyarə bələdçilərinin hazırlanmasını, aviasiya təhlükəsizliyinin, gömrük və viza xidmətinin təmin edilməsini, habelə müvafiq reklamların yerləşdirilməsi və s. işləri göstərmək mümkündür.

"Bakı-2015"in iştirakçı və qonaqlarını Azərbaycan torpağında qarşılayan da, idman yarışmasından sonra onları vətənlərinə uğurlayan, hələ yol yoldaşlığı edən də "Azərbaycan Hava Yolları"nın gülərüz və mehriban personalı oldu. Və bəlkə də ömründə bir də heç vaxt yolu Azərbaycana düşməyəcək bu adamların ölkəmiz, xalqımız haqqında ürəklərinin bir guşəsində bəsləyib yaşatdıqları xatirələrin içində, heç şübhəsiz, milli aviasiya işçilərimizin də yeri və payı var.

 

1 AYLIQ DAŞIMANIN HƏCMİ - 280 MİN 405 NƏFƏR

 

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) və mülki aviasiyanın bütün strukturları "Bakı-2015" ilk Avropa Oyunları zamanı ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərib.

İyun ayında Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişin daşımanın həcmi 280 min 405 nəfər təşkil edib ki, bunun da 228 min 182 nəfəri beynəlxalq, 52 min 223 nəfəri isə daxili reyslərin payına düşür.

Rəsmi məlumata görə, ilk Avropa Oyunları zamanı Azərbaycana 28 mindən çox əcnəbi səfər edib. Avropa Oyunlarını izləmək üçün bilet alan əcnəbilərin böyük əksəriyyəti Rusiya, Böyük Britaniya, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ-nin vətəndaşları olub.

Bakıda keçirilən ilk Avropa Oyunlarında 49 ölkədən olan 6000-dən çox idmançı iştirak edib.

 

BEGOC-dan AZAL-a TƏŞƏKKÜR MƏKTUBU

 

"Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) AZAL rəhbərliyinin adına daxil olan təşəkkür məktubunda qeyd edildiyi kimi, ilk Avropa Oyunlarının rəsmi ev sahibi kimi Bakı Hava Limanının qarşısında indiyə kimi rastlaşmadığı ən böyük əməliyyat və maddi-texniki tapşırıqlar dayanırdı.

"Heydər Əliyev Beynəlxalq Hava Limanı oyunlar zamanı və oyunlardan sonra görünməmiş sərnişin sayı və baqaj həcmi ilə üzləşdi. Hava limanı nəinki qısa zaman çərçivəsində çox sayda idmançının baqajı ilə birlikdə daşınmasının həyata keçirilməsi kimi unikal tapşırıqlarla üz-üzə qaldı, həm də işinin əvvəlki kimi maneəsiz davam etməsini təmin etməli idi. Bu, Bakıya belə möhtəşəm və unudulmaz oyunlar təqdim etməyə şərait yaradan proqramda əməyi keçən hər kəsin sadiqliyi, həvəsi və ağır əməyi demək idi. Tədbirin planlaşdırılmasına çox vaxt və səy sərf olundu və indi geriyə baxarkən, sadəcə mükəmməl şəkildə həyata keçirilmiş bir iş görə bilərik. Nəticə səmərəli, yaxşı planlaşdırılan, gözəl koordinasiya olunan və resurslarla yaxşı təmin olunan işdən xəbər verir. Bakıda oyunların keçirilməsi təcrübəsi müsbət oldu və heç bir şübhə yoxdur ki, hava limanı Oyunların vacib məqsədlərinin öhdəsindən gəldi və Oyunların uğurlu keçirilməsinə öz töhfəsini verdi", - deyə BEGOC-un məktubunda deyilir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı təhlükəsizliyin yüksək səviyyədə olmasını, rahat şərait və keyfiyyətli xidmət göstərilməsini təmin edib. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilib, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb.

"Azərbaycan Hava Yolları" (AZAL) böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə "Azərbaycan Hava Yolları" 1 milyon 800 mindən çox sərnişin daşıyıb.

2015-ci ilin iyun ayında aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində ən tanınmış beynəlxalq reytinq agentliyi "Skytrax" AZAL-ı nüfuzlu "4 Ulduz" reytinqinə layiq görüb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir.

 

İbrahim CƏFƏROV

 

Yazı "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

 

525-ci qəzet.- 2015.- 15 iyul.- S.5.