Azərbaycan mülki
aviasiyası:
keçmişi, bugünü və gələcəyi
Bir əsrlik tarixə malik Milli
Aviasiyamız
18-ci əsrin sonlarına qədər buludların üzərinə
qalxmaq insanların əlçatmaz arzusu olub. Nəyin
bahasına olursa-olsun öz məqsədlərinə
çatmaq istəyən insanlar qanadları olmasa da
ağılları sayəsində uçmaq arzusunu
reallaşdırmağa çalışıblar. Hətta bunun bir ucunda ölüm dayansa belə.
Əsrlər
bir-birini əvəz etdikcə dövrün insanları
müxtəlif möcüzələrin, o cümlədən,
"sehirli xalça"nın
reallığa çevrildiyinin şahidi olublar. İlk
dəfə 1783-cü ildə Jozef və Etyen Monqolfye
qardaşları hava şarını ixtira ediblər. Bu havaya qalxan ilk uçuş aparatı kimi tarixə
düşüb. Lakin hava şarları vasitəsilə
istənilən məsafəyə uçmaq mümkün
deyildi: anidən küləyin qopması müxtəlif fəsadların
baş verməsinə səbəb olurdu. Nəhayət,
arzuları reallaşdıran uçuş aparatı bundan 2 əsr
sonra ixtira olunub. Uilbur və Orvill Rayt
qardaşları 1903-cü ilin dekabrın 17-də ixtira etdikləri
iki pərli, primitiv uçuş aparatı ilə təyyarə
erasının başlanğıcını qoyublar.
Səmanı fəth edən ilk azərbaycanlılar
Azərbaycan
səmalarında ilk dəfə uçan aparat 105 il əvvəl görünüb. 1910-cu ilin 20 oktyabrında Bakı şəhərində
təyyarə ilə ilk sınaq uçuşu uğurla həyata
keçirilib. Sergey Utoçkinin idarə
etdiyi "Farman-4" sistemli fransız biplanı kiçikdən
tutmuş böyüyə kimi görənləri heyran edib.
Çünki buna qədər Azərbaycanda demək
olar ki, heç kəs göy səmada quşlardan savayı
uçan hər hansı bir obyektə rast gəlməyib.
Aviasiya tarixinə düşmüş ilk azərbaycanlı
aviatorların fəaliyyəti də 1910-1920-ci illərə təsadüf
edir.
Əli bəy Verdiyev 1910-cu ildən başlayaraq Fransada
aviamühəndislik təhsili almış, 1916-cı ildə
Beynəlxalq Aviasiya Federasiyası tərəfindən
pilot-aviator diplomuna layiq görülüb. Birinci
Dünya müharibəsi dövründə Fransanın
aviapilotaj məktəbində hazırlıq kursu
keçmiş, sonra isə məzunu olduğu məktəbin
müdavimlərinə uçuş dərsləri verib.
O, yeni təyyarələrin sınaq
uçuşlarını tənzimləyən təlimatçı
olmaqla yanaşı, həm də mühəndis-mexanik kimi, təyyarələrin
sazlığına nəzarət edib. Ə.S.
Verdiyev 1918-ci ildə Azərbaycana qayıdaraq, mühəndis-mexanik
kimi əmək fəaliyyətini davam etdirib. Fərrux ağa Məmmədkərim oğlu
Qayıbov Azərbaycanın aviasiya tarixinə ilk hərbi təyyarəçi
kimi düşüb. 1910-cu ildə məktəbi
əla qiymətlərlə bitirən Fərrux Peterburqdakı
Konstantinov artilleriya məktəbinə daxil olub. Buradakı təhsil illərində gənc Fərrux
özünün iti zehni, gözlə dəqiq ölçmə
qabiliyyəti, cəsurluğu, xüsusilə topdan dəqiq atəş
açmaq bacarığı ilə diqqəti cəlb edib.
Nəticədə o, məktəbin birinci
mükafatına layiq görülüb. Həmin
mükafat İseçrədə hazırlanmış
qızıl saatdan ibarət idi. Saatın
arxasında "Yunker Fərrux ağa Qayıbov, 1913-cü
il" sözləri həkk olunub. Az
müddət ərzində poruçik rütbəsinə
yüksələn F. Qayıbov Birinci Dünya Müharibəsi
başlayanda Qərb cəbhəsindəki rus aviasiyası tərkibində
hərbi əməliyyatlarda iştirak edib. O, "İlya
Muromets - 16" tipli bombardmançı təyyarənin
uçuş heyətində mahir atıcı pilot kimi
tanınıb. 25 yaşlı Fərrux 1916-cı il sentyabrın 12-də qeyri-bərabər
döyüş uçuşunda düşmənin dörd təyyarəsini
vurub, özü isə heyət üzvləri ilə birlikdə
həlak olub.
Cümhuriyyət dövründən
başlanan aviasiya tariximiz
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
aviasiyanın inkişafı istiqamətində bir sıra
önəmli addımlar atılıb. 1919-cu ildə
Gürcüstanla bağlanan hərbi əməkdaşlıq
müqaviləsinə əsasən, bir qrup əsgər və
zabitimiz təcrübə keçmək üçün bu
ölkəyə ezam olunub. Onlardan 9-u hərbi
təyyarəçi peşəsi üzrə
ixtisaslaşıb. Kapitan Firudin bəy Mirzə
Qacar, praporşiklərdən Əlihüseyn Dadaşov, Teymur
Mustafayev, Gəncinski, Həsənzadə, Qaraşarov həmin
zabitlər dəstəsində olublar.
Azərbaycan aviasiyanın tarixində uzaq məsafəyə
ilk uçuş da məhz Cümhuriyyət dövründə
- 1919-cu ildə həyata keçirilib. Bakı
aerodromundan səmaya qalxan "Farman-30" tipli təyyarə
Xəzər dənizi üzərindən uçaraq Türkmənistanın
Krasnovodsk şəhərində uğurlu eniş edib. Ölkənin müdafiə qüdrətinin
artırılmasında aviasiyanın rolunu düzgün qiymətləndirən
Xalq Cümhuriyyəti hökumətinin 1919-cu ildə orduda hərbi
aviadəstənin yaradılması barədəki qərarı
həmin dövr üçün mühüm əhəmiyyət
kəsb edib. Lakin hərbi hava qüvvələrini
inkişaf etdirmək, kadrların peşəkarlıq səviyyəsini
artırmaq Cümhuriyyətin qurucularına qismət
olmayıb.
1920-ci
ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
süqut etməsindən sonra bütün sahələrə
olduğu kimi
mülki aviasiyaya da Moskva nəzarət etməyə
başlayıb. 1923-cü ildə ZAKAVİA -
Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti
yaradılıb. Bu Cəmiyyətin təsisçiləri
"Muğan Meliorasiya Tikintisi", "Xəzər Dəniz
Gəmiçiliyi" və "Azneft" Birliyi olub. ZAKAVİA-nın təyyarələrindən aerofoto
çəkiliş işləri aparılmasında, təcili
yüklərin çatdırılmasında və poçtun
daşınmasında istifadə olunub. Artıq
1923-cü ilin aprel ayında "Yunkers" təyyarəsində
Bakı-Tiflis-Bakı marşrutu ilə uçuş həyata
keçirilib. İki il sonra isə
Keşlədə aerodrom istifadəyə verilib və mülki
"Hava stansiyası" yaradılıb. 1926-cı
ildə Mineralnıye
Vodı-Qroznı-Mahaçqala-Bakı-Yevlax-Tiflis marşrutu
üzrə müntəzəm uçuşlar həyata
keçirilib.
Həmin
dövrdə Bakıda, Yevlaxda və Şəkidə
"Dornye-Kometa-3" və "Dornye-Merkuri" tipli təyyarələrin
yerləşdiyi hava limanları da fəaliyyət göstərib.
Qeyd edək ki, bu tip təyyarələrin
ekipajı 2 nəfərdən ibarət olub. Hər bir uçuşun müvəffəqiyyətli
sonluğu onların məharətindən asılı idi.
Çünki həmin dövrdə təyyarələrdə
heç bir naviqasiya cihazları mövcud deyildi. Təyyarəçilər
yollara, dəmir yolu xətlərinə, olduqları yerin
relyefinə və yalnız onlara tanış
olan başqa əlamətlərə istinad edərək kursu
müəyyənləşdiriblər. Lakin təyyarəçilərin
ixtiyarında olan hava gəmilərinin qeyri-mükəmməl
olmasına baxmayaraq, 1929-cu ildə Xarkov-Bakı-Pəhləvi
beynəlxalq xətti açılıb. 1938-ci
ilin iyunun 2-də isə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb.
Məhz bu tarix 2006-cı ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin fərmanı
ilə Azərbaycan Mülki Aviasiya Günü elan edilib.
Həmin dövrdə Sovet İttifaqının əsas
neft istehsalçısı olan Azərbaycanın
iqtisadiyyatı sürətlə inkişaf edib. Sözsüz ki, bu inkişafda aviasiyamızın da
xüsusi rolu olub. Qeyd edək ki, o illərdə
təyyarəçi Teymur Mustafayev Xəzər dənizi
üzərindən uçarkən suyun üzərində neft
ləkələri görüb. Hava
limanına qayıtdıqdan sonra o, bu yerin koordinatları
haqqında geoloqlara məlumat verib. Sonradan
bu yerdə böyük karbohidrogen yataqları kəşf
edilib. Beləliklə, mülki aviasiya həm
də yeni sahənin-dənizdə neftçıxarmanın
yaradılmasının iştirakçısına
çevrilib.
Lakin İkinci Dünya Müharibəsinin
başlanması və 1941-ci ildən 1945-ci ilədək
"Hər şey cəbhə üçün" devizi
mülki aviasiyamızı müharibə qanunlarına tabe
edib. Bu baxımdan, Azərbaycan təyyarəçilərinin
əmək və döyüş qəhrəmanlıqları
qələbə uğrunda canlarını qurban verənlərin
adları ilə birgə tarixə həkk olunub.
MDB məkanının lideri - AZAL
Mülki aviasiyamızın bu günü haqqında
danışarkən Heydər Əliyevin bilavasitə təşəbbüsü
ilə 1992-ci ilin 15 iyunundan fəaliyyət göstərən
Milli Aviasiya Akademiyasının kadr hazırlığında
oynadığı rolu qeyd etməmək olmaz. Hal-hazırda Milli Aviasiya
Akademiyasında hava gəmilərinin texniki istismarı,
onların idarə olunması, uçuşların təhlükəsizliyi
ilə bağlı bir çox ixtisaslarda gələcəyin
aviasiya mütəxəssisləri yetişdirilir və bu
işdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif
Paşayevin rolu olduqca böyükdür. Onun səyləri nəticəsində
Milli Aviasiya Akademiyası mütəxəssislərin
hazırlanması sahəsində dünyanın müxtəlif
ölkələrinin ən qabaqcıl ali təhsil
müəssisələləri ilə əməkdaşlıq
edir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 16 aprel 2008-ci il tarixli Fərmanına
görə, həmin gündən "Azərbaycan Hava
Yolları" Dövlət Konserninin adı dəyişdirilərək
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə
(AZAL) çevrilib. Bu gün Azərbaycanın
mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının
(İCAO) standartlarına tam uyğundur. Hazırda
"Azərbaycan Hava Yolları" aviaşirkəti İCAO,
İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi
tanınan mötəbər mülki aviasiya birliklərinin bərabərhüquqlu
üzvüdür. Hal-hazırda aviaşirkətin
aviaparkı təhlükəsizliyin bütün tələblərinə
cavab verən müasir avialaynerlərdən ibarətdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun keçən
ilin aprelin 23-də açılışı olan yeni
aerovağzal kompleksi isə uçuşların təhlükəsizliyinə
daha etibarlı təminat yaradan, beynəlxalq aviasiyada istifadə
olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə
imkan verib. Bununla da ölkənin əsas
hava limanının strateji əhəmiyyəti daha da artıb.
Milli
aviadaşıyıcımız olan AZAL-ın təyyarə
parkında bu gün yetərincə "Airbus A-320",
"Boeing-757-200", "Airbus A-319", "Airbus
A-340-500", "Boeing-767-300ER" və "Embraer-ERJ
170-100LR", "Embraer ERJ 190-100", "Boeing-787-8
Dreamliner" kimi ən müasir avialaynerlər var. Bununla, uzaq
Amerika qitəsinə, Cənub-Şərqi Asiya və
Avropanın bir sıra ölkələrinə yüksək
komfortlu və təhlükəsiz aviareyslər həyata
keçirmək mümkündür. Qeyd etmək yerinə
düşər ki, bu gün təkcə Bakıdan deyil, eyni
zamanda Gəncə, Lənkəran, Qəbələ və
Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə
beynəlxalq uçuşlar həyata keçirilir. "Azərbaycan
Hava Yolları"nın təyyarələri
hazırda dünyanın 32 şəhərinə uçur. Nəhəng aviaşirkətə çevrilmiş
AZAL yeni avialaynerlərin sayına görə MDB məkanında
liderlərdən biridir. Aviaşirkətin
ümumi marşrut şəbəkəsi 19 ölkədə
40 istiqamətdən ibarətdir. 2014-cü
ildə "Azərbaycan Hava Yolları" 1 milyon 800 mindən
çox sərnişin daşıyıb.
Müasir dövrü ən etibarlı və təhlükəsiz minik vasitəsi olan təyyarələrsiz təsəvvür etmək mümkün deyil. Bu gün insanlar uçuş aparatları vasitəsilə dünyanın bir nöqtəsindən digərinə ən qısa zamanda səyahət edə bilirlər. Ona görə də, aviasiyanın inkişafı hər bir dövlətin prioritet istiqamətlərindən biri hesab olunur. Bu mənada 1 əsrdən çox tarixi olan Azərbaycan milli aviasiyası dövlət səviyyəsində göstərilən yüksək qayğı və diqqət sayəsində dövrün ən qabaqcıl tələbləri ilə ayaqlaşmaqdadır. Bunun nəticəsidir ki, hal-hazırda AZAL "Skytrax" marketinq şirkətinin dünyanın 100 ən yaxşı aviaşirkətinin reytinq sıralamasında Almaniya, ABŞ, Portuqaliya, İslandiya, Səudiyyə Ərəbistanı kimi ölkələrin şirkətlərini arxada qoyaraq 66-cı yerə yüksəlib. Bu müstəqillik dövründə yaranan "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün mühüm göstəricidir.
Bu onu deməyə əsas verir ki, uğurlu inkişaf strategiyasına malik "Azərbaycan Hava Yolları" yaxın gələcəkdə dünyanın ən aparıcı aviaşirkətləri sırasında özünə layiqli yer tutacaq və təkcə ölkə miqyasında deyil, həm də beynəlxalq uçuşların həyata keçirilməsində liderliyi ələ alacaq.
Ceyhun ABASOV
Yazı "Azərbaycan
Hava Yolları" (AZAL) QSC və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur
525-ci qəzet.- 2015.- 15 iyul.- S.6.