Milli və bəşəri dəyərlərə
müasir sənətkar münasibəti
ÖTKƏM
İSKƏNDƏROVUN YARADICILIĞINDA HUMANİST
DÜNYAGÖRÜŞ MƏSƏLƏSİ
Müasir intellektual məkan mənəvi dünyagörüşünün təşəkkülü probleminin aktuallaşdırılması məqsədilə çoxsaylı festival, elmi-praktiki konfrans, seminar, dairəvi masaların, hazırkı mövzuya həsr olunan zəngin ədəbiyyatın təqdimatını məqsədəuyğun hesab edir.
Mənəvi normaların nəzarətinin mütləq
şəkildə dərk edilməsinin olmaması şəraitində
informasiyanın totalitarizmi insanın mahiyyətini təhrif
edir, neqativ ictimai hadisələrin sayını artırır. Nizamlanmayan informasiya selinin
nüfuz üstünlüyü relyativçi (latınca:relativus-nisbi)
dünyagörüşünün formalaşmasına gətirib
çıxarır. Relyativizm ideologiyası əxlaqi
normaların şərtiliyini və situativliyini mütləqləşdirərək
öz növbəsində konformizm və nihilizmi yetişdirməklə
cəmiyyətin anomik vəziyyəti üçün əlverişli
mühit yaradır. Bu cür qeyri-sağlam
axının qarşısını yalnız intellektual,
emosional səviyyələrdə formalaşan humanist
dünyagörüşü ala bilər. Burada
incəsənətin, xüsusilə də, kinematoqrafın
rolunu dəyərləndirməmək
qeyri-mümkündür. Kino, həqiqətən
də humanist dünyagörüşünün təşəkkülünə
təsir göstərən vasitələrin tükənməz
mənbələrindən biridir. Bu mənada
respublikanın Əməkdar artisti Ötkəm İskəndərovun
kinematoqrafiyada yaratdığı obrazlar əhəmiyyətli
yer tutur. Onun yaratdığı qəhrəmanlar
milli xarakter və mentaliteti daha yaxşı
çatdırır. Onun
yaratdığı obrazlar hələ gənclik illərindən
yaddaşlarda qavranılmış arxetipləri oyadır, bu səbəbdən
onlar bizə doğma və yaxındır ki, bu da şübhəsiz
ki, sağlam dünyabaxışının
formalaşmasına təsir göstərir.
Bizlərdən hər birimiz yaşlı nəslin
nümayəndələrindən İkinci Dünya müharibəsinin
faşizm üzərində qələbəsi naminə ön
və arxa cəbhədə baş vermiş dəhşətlərdən
bəhs edən hekayələrini dinləmişik. Azərbaycan kinematoqrafı
bu mövzuya həsr edilmiş çoxlu sayda yadda qalan filmlər
yaradıb. "Tütək səsi"
fllmindəki Nuru obrazı Ötkəm İskəndərovun
kinoda ilk roludur. Bu film görkəmli
yazıçı İsa Hüseynovun "Tütək səsi"
və "Saz" povestlərinin motivləri əsasnda 1975-ci
ildə çəkilmişdir. Çəkilişlər
zamanı "...film müxtəlif təşkilatların təzyiqlərinə
məruz qalmışdır. Lakin bu gün həmin
film kinematoqrafın klassikası sayılır. Sevilən filmlərdəndir". Bu, təsadüfü
deyil, burada rejissor və ssenaristin uğurlu tandemi
yaranmışdır.Ötkəm İskəndərovun
özü belə etiraf edir: "Mən bu vaxta qədər
Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov, Sadıx
Hüseynov, Mixail Volontir, Safura İbrahimova kimi aktyorlardan ibarət
kollektivdə çalışdığımdan fəxr edirəm.
Rejissor Rasim Ocaqov bizə qarşı çox tələbkar
idi.
Əvvəllər operator olmuş bu sənətkar
uğurlu kadr üçün gərəkli hesab edilən hər
şeyi yaxşı bilirdi. Biz onun arzuladığı nəticəni
alana qədər məşq edirdik".
"İlk çəkilişlər mənimlə
başladı,hansı ki çarpayıda
uzanıram. Uzanıb divara baxıram, yavaş-yavaş kadr
divardan panorama edir şəkilə, şəkildə olan
adamlaran və kadrarxasından mən
danışıram:"bu mənim atamdır bu Qılınc
Qurbandır, bu Tahir dayımdır, bu Tapdığın
atasıdır və s". O zaman mənə aydın oldu ki,
İsa Hüseynovun gəncliyini oynayıram,ayrı-ayrı
vaxtlarda olan hadisələr dilimdən səslənir".
Bir dəfə hadisələrin reallığına
inanan aktyor, sanki öz rolunu oynayır və
tamaşaçı da onunla birgə həyəcanlanaraq
dünyanı düzgün anlamağı öyrənir. Nuru
obrazının canlılığı baş verən
reallıqlarla şərtlənmişdir. Klassik
və populyar müasir əsərlərin
ekranlaşdırılmasının mürəkkəbliyi ondan
ibarətdir ki, o, tamaşaçını, dünənki
oxucunu inandırmalı, tamaşaçının onu necə
təsəvvür etdiyi kimi deyil, onu ekranda necə
gördüyü kimi dərk etməlidir. Yalnız
bu zaman aktyor tərəfindən yaradılmış obraz
tamaşaçıya doğma, aydın və canlı təsir
bağışlayır. "Tütək
səsi" povesti bir neçə dildə yüzmin tirajla nəşr
edilmişdir. Kitabda hekayə müəllim
oğlu Nuru tərəfindən danışılır. Povestdə Nuru kənddə baş vermiş hadisələri
öz dünyagörüşü prizmasından dəyərləndirir,
öz hərəkətlərinin məntiqini izah edir,
davranışını elə əsaslandırır ki, oxucu
onun səmimiyyətinə inanır.
Ağır sınaqlardan keçməsinə
baxmayaraq öz hekayəsinin sonuna qədər bu on beş yaşlı gənc öz
dünyagörüşünə sadiq qalır. Lakin filmin ssenarisində İsa Hüseynov Nurunun
öz dünyabaxışını ifadə etməsinə xəsiscəsinə
şərait yaradır. Kino,əslində
hekayə etmə deyil, təsviretmə sənətidir. Sonradan ekrana gətirilmiş povest qəhrəmanlarının
dialoq və monoloqları üzücü və qeyri
-inandırıcı görünür.
Ötkəm İskəndərovun istedadı Nuru
obrazını canlandıra bilmiş, onun əqidə və hərəkətlərindəki
düzgünlüyü, xarakterindəki kamilliyi bizlərə
çatdırmağı bacarmışdır. Kolxoz
torpağını şumlayan Nuru səmadakı kəşfiyyatçı
faşist təyyarəsini görür.Kənd sakinlərinin təsəvvürlərinə
görə düşmən pilotlarında əhalinin mənəvi
əhvali-ruhiyyəsini öyrənilməsi məqsədilə,
hətta insanların sifətindəki ifadənin müəyyənləşdirilməsinə
imkan yaradan texniki cihazlar mövcuddur. Düşmənin
acığına Nuru fit verərək gücdən düşmüş
dostlarını daha şən işləməyə, əyilməzliklərini
nümayiş etdirməyə çağırır. Tamaşaçıya elə gəlir ki, Nurunun bu fiti
təkcə təyyarəyə yox, Qafqaz dağları üzərində
uçur. Nurunun torpağı necə
şumlamağından onun muzdlu işçi deyil, ailə
başçısı olduğunu hiss edirik. Bu, onun üçün kolxoz mülkiyyəti deyil, Vətənin
torpağıdır. Növbəti kadrda
biz Nurunu kolxoz işlərindən sonra öz anası və kənd
sakinləri ilə evə qayıtdığını
görürük. Aktyorun ifadəli oyunu sayəsində
yetim oğlu ilə qalmış dul arvad deyil,igid
ilə qürurlu ananı görürük. Nuru
atasını müharibədə itirmiş yetim oğlan
deyil, öz vəzifələrini dəqiqliklə bilən ailənin
dayağıdır. Film boyu biz Nurunu öz
anası və qardaşının müdafiəçisi kimi
hiss edirik.
O, təkcə
ana və qardaşını düşünmür, kinodan hiss
etdiyimiz kimi, kənd sakinlərinin mənəvi vəziyyəti
onu çox həyəcanlandırır. Növbəti
epizodda Nuru tütək səsi ilə tarladakı taqətdən
düşmüş insanları öz kədərli
çalğısı ilə qəmləndirən
Tapdığı tənbeh edir. Daha
doğrusu filmin ilk kadrlarından biz Nurunu gələcəkdə
öz kəndinin ağsaqqalı kimi təsəvvür edirik.
Əgər filmin əvvəlində Nuru bizi öz qətiyyəti
və barışmazlığı ilə cəlb edirsə,
getdikcə isə öz təmkinliyi, şəfqətliyi, sədaqətliyi
ilə diqqətimizi ələ alır. Nurunun həyat
etikası onun ilk baxışdan irrasional məntiqində daha
dolğun şəkildə təzahür tapır. Filmin süjetinə əsasən, kolxoz sədri Cəbrayıl
ənənəvi cəmiyyətdəki milli mentalitetin təzyiqlərinə
baxmayaraq şəxsi xoşbəxtliyini (Mixail Volontir) qurmaq istəyir.
Əzrailin (kənddə onun ləqəbi belədir!)
inadkarlığı, yəqin ki, sosialist cəmiyyəti
quruculuğundakı qələbələrdən
qaynaqlanırdı.
Vaxtı ilə bəylərə, banditlərə qalib gəlmiş
Cəbrayıl öz intuisiya və ehtiyatından yan keçmək
istəmir. Sədr belə düşünür ki, kənd
sakinləri, Tapdıqla (Akif Məhərrəmov) onun
qarşıdurması zaman məsələsidir. Povestdə bu qarşıdurmanın dəhşət
və rəzilliyi daha ətraflı təsvir olunub. Lakin
filmdə Tapdığın uğursuz mübarizəsinin
dramatizmi aydın hiss olunur. Bu qarşıdurmada
Sayalı (Liya Eliava) qətiyyətsizliyi ilə
özünü, oğullarını, Cəbrayılı həm
fiziki, həm də mənəvi ölümə aparır.
Bu fonda Nurunun saf emosional, humanist
dünyabaxışı onu mənəvi və fiziki qəzadan
xilas edir. Tapdıqla mübahisəsindəki arqumenti belədir:"Mən
səni başa düşürəm. Amma insana
bu qədər əziyyət vermək olmaz. Başa düş ki, ananla birgə, sən
özünü də məhv edirsən". Lakin Nurunun dünyaya baxışının əsasını
tükənməz inam və ümid təşkil edir.Filmin
sonunda poçtalyon Milli (Xalidə Quliyeva) kəndə əsgərin
gəlməsi ilə əlaqədar xoş xəbər gətirir.
Kəndlilər vahid canlı orqanizm kimi geniş
yola çıxırlar. Bu zaman biz Nurunu
geniş kadrda görürük. Bu aktyorun
oyununda Nurunun taledən yalnız özü üçün
yalvarış və arzusunu göstərən yeganə
kadrdır. Uzaqdan əsgərin
yaxınlaşmasına baxan Nuru onun simasında öz
atasını görmək istəyir. Qəfəsdən
quşun uçduğu kimi ürəyinin sinəsindən
çıxmasından qorxaraq o, köynəyinin düyməsini
həyəcanla sıxır. Sıxılan,
açılan bu gözəl, incə və uzun barmaqlar və
işıq saçan gözlərdən bu on beş
yaşlı gəncin öz atasını sağ görmək
istədiyini başa düşürük. O, atasının
onlarla fəxr etməsini istəyirdi, sevdiyi adama layiq olmaq istəyirdi.
Aktyorun oyunu tamaşaçıya İsa
Hüseynovun povestdə təsvir etdiyi kimi Nurunun
dünyagörüşünə nüfuz etməyə şərait
yaradır. Ötkəm
İskəndərovun yaratdığı Nuru obrazı
tamaşaçıda gələcəyə inam, vicdan,
insanlıq hissləri aşılayır. İncəsənətin
tərbiyəvi gücü insanı öz gücünə
inam aşılmaqdan ibarətdir.
Ötkəm İskəndərov
tərəfindən yaradılan Nuru obrazı
tamaşaçı tərəfindən o qədər
sevilmişdir ki, hətta həyatda onu bəzən
tanımayanlar "Nuru müəllim" deyərək
çağırırlar. Demək olar ki,
faşizm ilə müharibə illərində Azərbaycanın
hər bir nəslinin öz Nurusu var idi. Kimisi
Nurunun obrazında müharibəyə görə vaxtından əvvəl
müdrikləşmiş oğlunu, kimisi ailə
başçısı olan qardaşını, kimisi isə
böyüklərin hekayələrindən
canlandırılmış öz dayısının obrazını
görürdü.
Ümummilli
lider Heydər Əiyevin təşəbbüsü ilə
1970-ci illərdə Azərbaycanın istedadlı gənc
oğlan və qızları o vaxtkı SSRİ-nin ən
qabaqcıl ali təhsil məktəblərində
təhsil almaq imkanı əldə etdilər. Ötkəm
İskəndərov da öz təhsilini Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda SSRİ Xalq artisti Yevqeni Matveyevin
kursunda davam etdirmək şansını qazanıb.
Ötkəm
İskəndərov bu barədə bildirir: "Heydər
Əliyevin bizə dediyi sözləri heç zaman yaddan
çıxartmayacağam. O deyirdi: Vətəndən uzaqda
olan şəhərlərdə təhsil alarkən yadda
saxlayın ki, siz azərbaycanlısınız və azərbaycanlı
olmağınızla fəxr edin. Siz gərək
Azərbaycan mədəniyyətini, Azərbaycan adət-ənənələrini
təbliğ edəsiniz". Cəsarət,
optimizm, dosta sədaqətli, Vətənə və
doğmalarına bağlılıq hissləri Ötkəm
İskəndərov daha ÜDKİ-nin tələbəsi kimi
və fərqli tonallıqda yenidən kinoda canlandırmalı
oldu. Beləliklə, 1978-ci ildə M.Qorki adına
kino studiyaya dəvət alan Ötkəm İskəndərov
"Naqqal" adlı komediya janrında bədii filmə
çəkilir (ssenari müəllifi Serqey Bodrov, rejissor
Vladimir Roqovoy). Bu filmdə o, Maqsud adlı azərbaycanlı
gəncin obrazını yaradır. Bu
baş rol olmasa da, lakin aktyorun koloritli oyunu filmə xarizmatiklik
bəxş edir. Zarafatlar, nitqlər, jestlər,
oyundakı bütün ünsürlər indiyədək
müasir səsləşir. Burada təkcə
ssenaristin deyil, gənc aktyorun improvizasiya istedadı da
özünü göstərir. Maqsud Nuxa
şəhərinin sakinidir və Moskvaya təhsil almağa gəlib.
Həyatda olduğu kimi kinoda da əyalətdən
böyük şəhərə gəlmiş gəncə
qibtə etmək olmur. Şəhər həyatındakı
bu və ya digər dərəcədə qeyri-kamillik
kompleksini bir çoxları, hətta ən görkəmli
adamlar da sınamışlar. Bir qayda olaraq
yad yerdəki inkulturasiya təcrübənin sözün
bütün mənalarında mümkün qədər zədələrlə
müşayiət olunurdu. Lakin Maqsud belələrindən
deyildir. Biz onun yad yerə uyğunlaşmasını
valideynləri və doğmalarının məhəbbətləri
sayəsində mümkün olduğunu hiss edirik.
Bütün hallarda o, yalqız olmadığını hiss edir, hamı ona himayədarlıq edir. Filmin lap başlanğıcından qəhrəmanımız öz qonaqpərvərliyi, özünə inamı ilə diqqəti cəlb edir. Onun daxili açıqlığı təcavüzə qarşıdır, tanış olmayan mühitə uyğunlaşmaq bacarığına malikdir, liderlik keyfiyyətləri, nəhayət, onun nəcib plastika və mimikası obrazı sonsuz dərəcədə cəlbedici edir. Obrazın məlahətliyi müəyyən ölçü dərəcəsində rolu addımbaaddım obrazın daxili aləminə sövq edir və bu rolun məzmunu ilə ahəngdarlıq təşkil edir. Filmdə aktyor, hətta impulsiv hərəkət və qərarlara öz yaşına müvafiqliyi ilə deyil, mənəvi kamilliyi və həssaslığı ilə nail olduğunu açır. Filmin sonunda Maqsud öz dostlarını başına yığaraq onunla həmkurs olan ingilis dili fənnindən kəsilmiş Qoroxovun (Vadim Andreyev) instituta qaytarmaq üçün kəndə gedir.
(Ardı var)
Tamilla
ƏHMƏDOVA
ADMİU-nun
Kulturologiya kafedrasının
dosenti, fəlsəfə üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2015.- 15 iyul.- S.6.