Sözünə güvənən şair
FƏXRƏDDİN TEYYUBUN
ŞEİRLƏRİNİN OYATDIĞI DUYĞULAR VƏ
DÜŞÜNCƏLƏR
O şair xoşbəxtdir ki, onu adı,
imzası, şeiri ilə tanıyırsan.
Bir neçə il
öncə sözün
həyasına sığınıb
"Ulduz" jurnalına
şeirlərini gətirmişdi.
Adını biləndə xatırladım
ki, bu imzaya
ədəbi orqanlarda,
elə "Ulduz" jurnalının özündə
rast gəlmişəm.
Söhbətimiz əsasında
məlum oldu ki,
Fəxrəddin Teyyub
uzun illər öz işi ilə əlaqədar ədəbi mühitdən
uzaq düşüb. Amma səssizcə yaradıcılığına
qayıdıb. Fəxrəddin müəllim mühitdən
uzaq da olsa,
şeirləri vaxtaşırı
mətbuatda çap olunub.
Harda olur olsun, şeirdən kənara çıxmayıb. Necə deyərlər,
bir əli qələmdə, bir əli dəftərdə olub. Şairdir axı. Çünki şeirləri canından,
qanından gəlir.
Heç
kimi təqlid etmir. Özü öz taleyinin,
zamanının, dərdinin
şəklini sözlə
çəkir. Onun
şeirlərində qəribə
bir tablo var. Ən çox təbiət şeirlərində:
Ağaclar üşüyür sərt havalarda,
Çəkir xiffətini gələn baharın.
Yarpaqlar darıxdı boş
yuvalardan,
Uçdular dalınca qaranquşların.
Ürək çəkə bilmir
hər dərdi, səri,
Sinəmə bir aləm düşüb qəm indi.
Bu incə, bu xərif budaq
əlləri,
Gərək nəfəsimlə
isidəm indi.
Bir azdan təbiət
bahara möhtac,
Nə külək, nə
də ki qışın qarı
var.
Elə bil yetimdi hər çılpaq ağac,
Nə geyindirəni, nə
paltarı var.
Puşkin deyirdi ki, "Xalqın tarixi şairə məxsusdur". Fəxrəddin Teyyub da o şairlərdəndir
ki, keçmişin millət üçün
dəyərinə inanır.
O ana mövzulu şeirlərində ana səsinə, ana laylasına qafiyə-qafiyə
vurulur. Ana haqqı, ana zirvəsi hər sətirdə bir-birinə doğmalaşır:
Bu dünyadan doyan qadın,
Ayaq saxla, dayan,
qadın.
Anama oxşayan qadın,
Gözlərini görüm gedim.
Bir ilahi sirrə döndün,
Göyə döndün, yerə
döndün.
Sən gözümdə pirə
döndün,
Nəfəsimi dərim gedim.
Bu şeirlərin hər
birinin arxasında onun özünəməxsus
intonasiya durur. Məhz bu
intonasiya onun sözünü oxuculara
tam çatdırır.
Fəxrəddin Teyyubun şeirləri adamla danışır, ünsiyyət qurur. Böyük
qələm dostu Musa Yaquba yazdığı şeir də buna canlı misaldır:
Qardaş, gəlib çatdı
ayrılıq dəmi,
Qəlbimi "Buynuz"da
qoyub gedirəm.
Vaxt nə tez ötüşdü, elə
sanma ki,
Sözündən, şeirindən
doyub gedirəm.
Adama sevinmək daha ar gəlir,
Kədər elə gəlir,
sanki var gəlir.
Sevincin köynəyi mənə
dar gəlir,
Qəmin köynəyini geyib gedirəm.
Fəxrəddin Teyyubun şeirlərində
bir mərdlik, kişilik əxlaqı
var. O, ömrün mənasını
alnıaçıq, üzüağ
yaşamaqda, dosta etibarda, insanlara sədaqətdə görür.
Bir qatar şütüyür qüruba
sarı,
Daha nə alovam, nə də ki, odam.
İtirər bir anda qazandıqların,
Abrının hayına qalmasa
adam.
Əlin gücü gedib,
dizin təpəri,
Bir daşın üstünə daş qoymaq olmur.
Daş üstə açardım
bəzən səhəri,
İndi balışa da baş qoymaq
olmur.
Salıb lələyini arzumun
quşu,
Açıb qucağını
adama ölüm.
Demə, kef-damaqmış ömrün
yoxuşu,
Enişi yaşamaq zülümmüş, zülüm.
Onun çox şeirlərində ömür fəlsəfəsinin, insan taleyinin özünəməxsus möhürü var. Heç bir şeir kefdən yaranmır. Fəxrəddin Teyyubun da şeirlərində müəyyən anlar onun doğma kədəridir. Xalq yazıçısı İsmayıl Şıxlıya həsr etdiyi şeir belə bir kədərin təsirli ifadəsidir:
Dünyadan bir dünya köçdü, ay aman,
Onsuz da itirən, neynim, Vətəndi.
Mən səni çiynimdə
aparan zaman,
Elə bilirdim ki, çiynim vətəndi.
Şair həyatın, zamanın elə nöqtələrinə
toxunur ki, bir anlıq faniliyə köklənirsən. Və bu
fanilikdə əbədi
həyat canlanır.
Fəxrəddin Teyyubun şeirlərində
musiqiyə köklənmiş
ağrı var. Fikirləşirsən
ki, bu qədər
ağrıya-acıya, haqqa
köklənən şairin
ürəyi necə
tab gətirir?
Gözlərindən yanağına nəm
axır,
Kimi ayıq, kimi sərxoş, dəm axır.
Damarında qan yerinə qəm axır,
Şairlərin ürəyinə
dəyməyin.
Səhər-axşam çəkdikləri bir ahdı,
Ümidləri
gülərüzlü sabahdı.
Tanrıya çox yaxındılar, günahdı,
Şairlərin ürəyinə dəyməyin.
Şair oxucularla özünün ümid, inam, halallıq təcrübəsini bölüşür.
Dərd ümmandı,
boğuluram,
Dərd
üzünə ağ oluram.
Doğulanla doğuluram,
Ölənlə
də ölürəm mən.
Göz güzgüdü,
göz tərəzi,
Çəkir, görür hər mərəzi.
Ulu Tanrı yıxan kəsi,
Qaldırana
gülürəm mən.
Dünya şairin gözündə dünyanı gördüyü boydadır. Söz onun içindən boylanır və ruhuyla kağız arasında onunla canlı ünsiyyət yaradır. Şairin şeirləri insan ömrünün bahardan ibarət olduğuna hamımızı inandırır. Bu şeir insan ömründən fərqli şair ömrünə işarədir. Onsuz da şair ömrü bahara həsrətdir, işıqlı dünyaya yaddır.
Elə bil donubdu bağçalar,
bağlar,
Qönçələr
açılmır göz dağı kimi.
Üşüyür ağacda kiçik budaqlar
Körpə
uşaqların barmağı kimi.
Gecikdi bu bahar, yaman gecikdi.
Bu payız heç məni düşündürmədi,
Solan yarpaqları sarı görmədim.
Şaxta titrətmədi,
üşündürmədi,
Qışın oğlan çağı qarı görmədim,
Gecikdi bu bahar, yaman gecikdi.
O, şeirlərində ruhu qoruyub saxlayır. Fəxrəddin Teyyub cənub bölgəsindəndir. Gözəl Lənkəran torpağından. Amma şeirlərinin çoxundan Qarabağ havası gəlir. Qarabağ mövzusuna elə toxunur ki, adamın qulağına Xan Şuşinskinin səsi gəlir.
Yoxdur bir səs-səda, nədir?
Bu görkəm nə, əda nədir?
Torpaq düşmür
yada, nədir?
Olmaz belə sinədağı,
Könlüm istər Qarabağı.
Yada doğma ocaq düşər,
Hər künc, hər bir bucaq düşər,
Sevinc daha qaçaq düşər.
Üzüm gülməz bahar
çağı,
Könlüm istər Qarabağı.
Fəxrəddin Teyyubun bu yaxınlarda "Kölgəm mənim yol yoldaşım" adlı şeirlər toplusu işıq üzü gördü. Azərbaycan Yazıçılar Birliyində yüksək səviyyədə təqdimatı keçirildi. Bir daha məlum oldu ki, şair ədəbi aləmdən sakitcə getsə də, möhtəşəm qayıdıb.
Əsl şair sözünə güvənəndə bütöv olur. Sözü bütöv olmaq da vətəndaş olmaqdı. Vətəni sevməyi çoxları bacarır. Vətəni çiyninə almaq isə hər oğulun işi deyil. "Mən elə bilirdim, çiynim vətəndir" deyən qardaşım, sözün, işığın, gəlişin, səmimiyyətin mübarək!
Fərqanə
MEHDİYEVA
525-ci qəzet.- 2015.- 15 iyul.- S.7.