Milli və bəşəri dəyərlərə sənətkar münasibəti

 

ÖTKƏM İSKƏNDƏROVUN YARADICILIĞINDA

HUMANİST DÜNYAGÖRÜŞ MƏSƏLƏSİ

 

(Əvvəli ötən sayımızda)

 

İncə yumorla əhatələnmiş bu süjet tamaşaçıda homersayağı gülüş oyadır (qeyd etmək lazımdır ki, postsovet məkanında keçirilmiş forumların iştirakçılarının, tamaşaçıların etiraflarına görə, bu filmin uğuru, onun komediyalılığı daha çox Ötkəm İskəndərovun oyunu ilə şərtləndirildiyi bildirilir).

Qoroxov anadangəlmə çılpaq şəkildə isti hamamdan çıxaraq rus adətinə görə buzlu çaya enərək yaxalanır. Ona aşiq olmuş qız heç nə baş verməmiş kimi onunla söhbətə başlayır. Böyük əziyyətlə qızdan uzaqlaşan Qoroxov kolların arasından isinmək üçün yenidən hamama qayıdır. Soyuqdan çaşmış Qoroxovu onu bu vəziyyətdə görərək çaşmış Maqsud qarşılayır. Uzun ayrılıqdan sonra öz dostunu belə bir vəziyyətdə görən Maqsud hansı hisslər keçirir? Maqsudun buna reaksiyası necədir? İlk andan dostunun dəli olduğu fikrə gələ bilər. Lakin Maqsud isə tez bir zamanda nə baş verdiyini anlayıb, onu təpədən dırnağa qədər süzüb: "Çox yaxşı görünürsən! İndi mən başa düşdüm ki, nə üçün dekan insult, idman rəhbəri infarkt olub. Gedək, uşaqlar səni gözləyir"- fikrini söyləyir. Yaş və palçıq içində olan Qoroxova tez öz dəbli və baxalı papaq və dublyonkasını qeyindirir. Aktyorun incə oyunu vasitəsilə qurduğu xarakter kinematoqrafda ştampa çevrilmiş sadəlövh kəndli obrazından tamamilə uzaqdır. Aktyor tamaşaçılara onun davranışındakı kinayəni, nostalgiyanı və hiddəti duymağa imkan yaradır. Doğmalarından, evindən ayrı düşmüş bu gənc: "İndi Nuxada elə sakitlikdir..." ifadəsilə Vətəndən uzaq qalmasından nə dərəcədə yorulduğunu bildirir.

Məhz Maqsudun bütöv xarakteri, onun dəyər dünyası öz ləyaqətini itirmədən yaşamasına, təhsil almasına və yad yerdə insanlarla dostluq etməsinə kömək edir.

Tez-tez belə bir iddia ilə rastlaşırıq ki, guya insani dünyagörüşün formalaşması, dəyərlər sisteminin təkamülü, davranış seçimi, E.Frommun "Əldə etmək" və "Olmaq" antinomiyası, Kyerkeqorun "Entweder-oder" və Hamletin "Olum, ya ölüm!" sualları öz cavabını  həlli zaman və məkanın mütləq təzyiqi altında baş verməsində, insanın özündən asılı olmayan şəraitin qulu olmasında tapır. Bəs, şəraitin şərtiliyindən azad olmaq mümkün olsaydı?.. Əgər insan fövqəltəbii istedada malik olsa, necə? Xalça-təyyarə, özüyığılan süfrə, görünməz papaqlar, sehirli xalatlar, zamanın maşını, canlı su, lampadan çıxmış cin?... Ən qədim dövrlərdən başlayaraq bütün zamanlarda və xalqların bədii mədəniyyətlərində nə qədər utopik təxəyyüllər mövcuddur. Budur, 30 il əvvəl, daha doğrusu, 1985-ci ildə televiziya ekranlarına çıxan "Cin mikrorayonda" adlı yeni bədii filmdə əsərin qəhrəmanları, məhz bu sualları verməyə məcbur olurlar. İlk baxışdan sadəlövh görünən bu filmdə (ssenari müəllifi Eldəniz Quliyev, rejissor Oqtay Mirqasımov) həqiqətdə, ekzistensialistlərin dili ilə desək, "sərhəd vəziyyətləri" problemi qoyulur. Həqiqi postmodernist yaradıcılıq nümunəsi kimi filmin süjeti bizləri tanış olduğumuz arxetiplərə və iqtibaslara aparır. Filmin bu cür mozaik rejissor həlli: kiçik yaşlı məktəblidən tutmuş, peşəkar filosoflara qədər geniş tamaşaçı auditoriyasının özünə cəlb etməsinə imkan yaratmışdır.

Yada salaq ki, Ötkəm İskəndərov burada kiçik korrektor (bu lap Qoqolun kollec assesoru kimi səslənir!) Rüstəm Ağayev rolunu oynayır. Rüstəm müxtəlif növ çətinliklərlə üzləşir, o, nə özündən, nə də həyatından razıdır. Onun perfeksionizmi arzu etdiyinə nail olmağa imkan yaratmır, konformizm isə, heç də ona xas deyil. Bir sözlə, o, konkyuktura xatirinə pyesi hərfi və köçürmə mənasında roman həcminə qədər dartıb, yaxud da onu hekayə səviyyəsinə çatdıranlardan deyil. Özünün "müasir dostları"ndan fərqli olaraq cənab korrektor "əlahəzrət uğuru" tuta bilmir. Bundan əlavə, o, təkbaşına xoşbəxtlik haqqında düşünmür.

Dostları zarafatyana ayın altında ürəyində arzu tutmaq haqqında ritualı həyata keçirdikdə Rüstəmin arzusu müharibənin olmaması haqqında idi. Yeri gəlmişkən, jurnalistin Ötkəm İskəndərova ünvanladığı "bəs indi istəyiniz nədir?" sualına, tanınmış aktyor düşünmədən "30 il bundan əvvəl istədiklərimi. İstərdim ki, müharibə olmasın. Qarabağ problemi həll olunsun, xalqımız xoşbəxt yaşasın. İstərdim ki, gənclərimizin gələcəyi işıqlı olsun ki, öz potensiallarını göstərə bilsinlər" - cavabını verir. Rüstəmin səmimiyyəti, onun nəcibliyi dostlarında təəccüb doğurur. O, dostlarının gözündə maddi rifahlarla maraqlanmayan sadəlövh qəribə oğlan təəssüratı yaradır. Onu əhatə edən mühit üçün sonsuz xoşbəxtlik, şübhəsiz ki, zənginlik, komfort və nailiyyətlərdən ibarətdir. Rüstəm öz "xoşniyyətli" dostlarının mənəvi təzyiqi altında özünəməxsus dəyərlər sisteminə şübhə ilə yanaşmağa başlayır.

Komediya janrında çəkilməsinə baxmayaraq aktyorun istedadı sayəsində tamaşaçı Rüstəmin vicdan həyəcanını, incə qəlbini duya bilir. O, özünün gündəlik əməyinin mənəvi ideallardan uzaq olduğunu hiss edib, buna görə əzab çəkir. Bu əmək insanların rifahı naminə öz insani keyfiyyətlərindən bacarıqla istifadə etməyə imkan yaratmır. Axı, Şveyserin sözləri ilə desək, "Təmiz vicdan şeytanın ixtirasıdır". Yuxuda Rüstəm öz qoca valideynlərinin yanına gəlir və özünü itirməsindən, özündən narazı olmasından şikayətlənir. "Özündən narazısansa, deməli, yaxşı adamsan"-deyə valideynləri onu sakitləşdirirlər. Bununla bərabər, lampadan çıxmış cin, məhz Rüstəmə qismət olur. Bu məqam arxetipik cəhətdən qanunauyğundur. Bütün zaman və xalqların ədəbiyyatlarında fövqəltəbii istedad yalnız mənəvi cəhətdən kamil insana bəxş olunur. Rüstəm də belələrindəndir: o, bəxtsizləri görə-görə öz rifahından istifadə etməyi bacarmır. Bununla yanaşı, başqasının iradəsinə hörmətlə yanaşdığına görə o, cini çətin vəziyyətə salır. Axı, Rüstəmin əhatəsindəki mühitin dünyagörüşü öz riyakar mahiyyətində rahatlığın nə olduğunu bilmir.Lakin bu onlara xoşbəxtlik və mənəvi rahatlıq gətirmir. Bu cür paradoksun mexanizmini E.Fromm belə izah edir: "İnsanların tamahkarlığının əsasında nəyin durmasından asılı olmayaraq tamahkar üçün həmişə nəsə çatışmır, o, heç vaxt tam şəkildə "rahat" olmayacaq..."

Sürrealist yuxuları xatırladan süjetin fantastikliyi, incə yumor, bir çox situasiya və səhnələrin absurdluğu,kəskin keçidlər, oyunun incə çalarları-bütün bunlar aktyora plastika və mimika imkanları üçün zəngin material verir. Lakin zəngin çalarlar arasında əsas çalar Rüstəmin mənəvi seçim problemidir.

Rüstəm bütün bu müxtəliflikləri bir vəhdətdə birləşdirir. Dünyagörüşünə görə Rüstəmi kamilliyi sehr vasitəsilə nəyəsə nail olmanın qəti şəkildə inkar etməsidir. Filmin finalı tamaşaçıda optimizmi təlqin edir.

Özündə inam yaratmaqla qəhrəmanımız öz gücü ilə insanlığını və ləyaqətini itirmədən arzularına nail olur.

Ötən əsrin 80-cı illərinin sonu kommunist ideologiyasının qaçılmaz böhranı ilə yadda qalıb. Sosial kataklizmlərin çoxluğu - avtoritetlərin inflyasiyası, bir çox ənənəvi formaların itib-getməsi cəmiyyəti anomik vəziyyətə gətirib çıxartdı. Hüquqi və əxlaqi-mənəvi böhranlar öz təsirini göstərməkdə davam edirdi. Cəmiyyətin bataqlığı dibindəki rəzillik müvəqqəti də olsa, özünü həyatın sahibəsi kimi göstərirdi.

"Sonuncu reys" (1989-cu il, rejissor Fuad Şabanov) filmi ölkəmizin bu ağır dövründən bəhs edir. Avtobus sürücüsü Tağı özünün sonuncu iş növbəsinə çıxır. İşdən sonra o, dostları ilə görüşə hazırlaşır. Onun sevdiyi qız da var, VVAQ-a ərizə vermək haqqındakı qərarını telefonla ona deyir. Ümumi götürdükdə bu, adi günlər yaşayan, dostları və sevimli qızı olan məzəli avtobus sürücüsüdür. Mimika, hərəkət, yumor, gözlərin ifadəsi, köhnə və bahalı olmayan geyim, intonasiya-bütün bunlar kütlədən çıxmış sıravi insan obrazının əlamətləridir. Belə təsəvvür yaranır ki, Tağının bütün daxili primitiv aləmi və emosiyaları heç nə dəyişdirə bilməz, sanki bütün mimik qırışlar onunla birgə doğulmuşdur. Daha doğrusu, aktyor gözlərimizin önündə sözün klassik mənasında kiçik insan obrazı canlandırır. Fəaliyyət dönüşləri nəticəsində qarşımızda öz işinin peşəkarı olan insan obrazı dayanır. Və biz asan yolla çörək qazanmayan bu gəncə rəğbət hissi yaşayırıq.

Tamaşaçı aktyorun hipnoz edilmiş qeyri-adi xarizması nəticəsində cəngavərin öz sarı avtobusunda Böyük Yoldan qayıtmasını və dostları, ürəyinə hakim kəsilmiş xanımla istirahət edəcəyini gözləyir. Yoluna davam edən Tağı, gecənin qaranlığında öz peşəkar nəzərləri ilə gedən savaşı görür və xuliqanlarla haqq-hesab çəkmək üçün avtobusu saxlayır. Baş verən hadisələri öz şəxsi qənaətlərinə əsasən qiymətləndirən Tağının vicdanı sakit durmur. Qəhrəmanlıq dünyagörüşünün tərkib hissəsi sayılan həmin Hərəkəti həyata keçirir.

Tağı öz dəmir atını saxlayır və elə həmin andaca banditlər "kartda onlara uduzulmuş" iki gənci maşının içinə itələyirlər. Banditlərin başçısı Tağıya dayanmadan onların dediyi yerə hərəkət etməyi əmr edir.

Banditlərlə uğursuz qarşıdurmanı əks etdirən qorxunc mənzərə baş verir. Qeyri-bərabər vəziyyətdə banditlərə girov düşən Tağı tamaşaçının gözləri qarşısında bir neçə dəqiqəliyə "qocalır". Biz boşalmış, lakin qeyrətini itirməmiş qəhrəmanı görürük. Tağı zərgər dəqiqliyilə hesablama apararaq gənc oğlan və qızı azad etməyə çalışır. Yaşadıqlarından sonra o, yaşaya bilməyəcək: onda qisas hərisliyi, həyat hərisliyindən daha güclüdür. O, artıq bilir ki, sevimli qızı və dostları dəyirmi masa arxasında onu görə bilməyəcəklər: bu onun sonuncu reysidir.

Öz həyatı hesabına o, yaşamalı olmayanı məhv edir. Tağının "mövcud olmaq" imkanları haqqındakı təsəvvürləri yalnız öz dünyabaxışına sadiqliyindədir. Əsərin dramatizminin dərinliyi də bundadır. Onun üçün mənəvi cəhətdən "mövcud olmaq" fiziki cəhətdən "mövcud olmaq"dan vacibdir.

 

(Ardı var)

 

Tamilla ƏHMƏDOVA

ADMİU-nun Kulturologiya kafedrasının

dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2015.- 16 iyul.- S.4.