Yaşam fəlsəfəsi
İSLAM
DÜNYASINDA ELM VƏ TƏHSİL
VI YAZI
(Əvvəli ötən şənbə
sayımızda)
Bu yaxınlarda bir neçə təhsil eksperti ilə
birgə ADİU-nun rektoru professor Ədalət Muradovun
qonağı oldum.
Universitetin
əldə etdiyi nailiyyətlərlə, daha doğrusu, liberal
dəyərlərin tətbiqi ilə tanış
oldum. Bu universitetdə də elmi işlərin dəyərləndirməsində
təqribən Türkiyə modelindən istifadə edilir.
Belə ki, dəyərli bir elmi məqaləyə
universitetin alimi 2000 AZN tərtibində mükafat alır.
Aydındır ki, belə əlavə
mükafatı ancaq həqiqi elmi fəaliyyətdə olan alimlər
ala bilər. Bu isə talantlı alimlərin
elmi işini stimullaşdırır və gənclərin elmə
gəlməsinə əsas yaradır.
Azərbaycanda 2009-cu ildə prezident fərmanı ilə
Elmin İnkişafı Fondu yaradıldı.
Xoş niyyətlə qurulmuş Fond
birbaşa öz məqsədinə qulluq etməlidir. Fondun fəlsəfəsi düz istiqamətdə
yönəldilməlidir. Pul ideyaya yox, nəticəyə
verilməlidir. Məntiqə görə,
alimin bazara çıxardığı elmi məhsul
mükafatlandırılmalıdır, təcrübədən
keçməmiş ideya yox.
Fondun məqsədlərinin biri də mədəniyyətin
yüksək səviyyəsi kimi Azərbaycan elmini dünyaya təqdim
etmək olmalıdır. Elmi nəticə
bəşəri mahiyyət daşımalıdır. Lokal bir problem həll etməklə Azərbaycan
elmini şöhrətləndirmək olmaz. Bu nəticələr bəşər elminə Azərbaycanın
töhfəsi olmalıdır. A. P. Çexovun elmlə
bağlı bir fikrində deyilir: “Milli vurma cədvəli
olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə,
o, artıq elm deyil”.
Azərbaycanda muzeylər çoxdur. Texniki tərəqqinin
dinamikasını göstərən politexnik muzeyi isə
yoxdur. Yuxarıda qeyd edildiyi kimi həm Ə. Zevayl, həm
Əbd üs-Səlam müsəlman dünyasında
texnokratların az olmasından
narazıdılar. Gənclərin texniki sahəyə
marağını yönəltmək üçün belə
muzeylərin əhəmiyyəti böyükdür.
Müdafiə şuraları
Elmi ad və dərəcələrin verilməsində də
islahata ehtiyac var. Bu prosesdə qüsura məsuliyyət
daşıyan yoxdur. Mövcud kollektiv məsuliyyətdən
(Elmi Şuralarda gizli səsvermədən) fərdi məsuliyyətə
keçmək lazımdır. Bu gün bir
nəfərin alim adını alması üçün təqribən
25 alimdən (elmi rəhbər, üstəgəl 2 və ya 3
opponent, üstəgəl 20-dən çox Şura üzvü)
“həri” almaq lazımdır. Müdafiələrdə
elə opponentə rast gəlmək olur ki, o, dissertantı rəhbərdən
çox tərifləyir və müdafiədə dövlət
tərəfindən, yaxud cəmiyyət tərəfindən
çıxış etdiyini unudur. Bu yoldan
imtina etmək lazımdır. 25 nəfər
Şura üzvünü səhv qərara görə cəzalandırmaq
real görünmür. Üç-dörd
nəfər adlı-sanlı, hörmətli alimin şəxsi
məsuliyyəti altında müdafiələr təşkil
edilsə və qərar internetdə yerləşdirilsə,
obyektivliyi təmin etmək olar. Saxtakarlığa
yol vermiş alimi ictimai və ya inzibatı cəzalandırmaq
da mümkündür.
BDU-nun
Fizika fakültəsinin 26.12.2014-cü il
tarixli Müdafiə Şurasının iclasında pedaqoqika
üzrə elmlər doktoru elmi dərəcəsi almaq
üçün “Azərbaycanda fizika tədrisi
metodikasının inkişafı” mövzusunda müdafiəsi
oldu. Müzakirə zamanı Şuranın üzvü kimi mən
də çıxış etdim:
“Hörmətli Şura üzvləri. Bizim Elmi
Şurada kosmosun ənginliklərindən tutmuş atomun dərinliyə
kimi mövzular müzakirə olunub. Bu
işlərin nəticələrinə kölgə salmadan demək
olar ki, bu işlərin bəşəri elmə xeyri olsa belə,
siravi Azərbaycan vətəndaşlarının güzəranına
təsiri yox dərəcəsindədir. Azərbaycan
xalqı elmimizin nəticələrindən faydalana bilmir.
Bu gün müzakirə etdiyimiz elmi işin bizim
sıravi vətəndaşlara həm birbaşa, həm də
dolayısı ilə xeyri var. Çünki söhbət təhsildən
gedir, onun metodikasından (pedaqogikadan) gedir. Təhsil isə
əhalimizin az qala yarısını əhatə
edir. Demək, bu müzakirə əhalinin təhsil
səviyyəsinə təsir edə bilər. Belə mövzular birbaşa milli marağa qulluq
etdiyindən biz pedaqogika elminə kömək etməliyik”.
Təhsilşünaslıq
Fənlərin tədrisi metodikası və pedaqogika
(prof. S.Xəlilov bu terminin əvəzinə təhsilşünaslıq
terminini işlətməyi təklif edir) dolayısı ilə
xalqa xidmət edən elm sahəsidir. Öz milli əhəmiyyətinə
görə bu elm sahəsi iqtisadiyyat və hüquq elmləri
kimi elmlərlə bir sırada dayanmalıdır. Bu sahənin AMEA-da təmsilçiliyinə ehtiyac
böyükdür. Bir tərəfdən
bu təmsilçilik akademiyanın təbii üfüqlərini
də genişləndirər, digər tərəfdən
pedaqoji ictimaiyyət vasitəsi ilə təhsil sistemi ilə
birbaşa təmas yaradar və elmi - metodoloji cəhətdən
təhsilə rəhbərlik edər. Bu
yerdə nəzəri mənbə kimi Heydər Əliyev irsindən
də istifadə etmək olar. Ulu öndərin bu məsələ
ilə bağlı dəyərli fikri var: “Bizim dövlətin
gələcək taleyi gənclərə nəyi və necə
öyrətməmizdən asılıdır”. Orta
məktəblərdə təhsilin səviyyəsini
artırmaq üçün fənləri “necə öyrətmək”
probleminin həlli tapılmalıdır.
Göründüyü kimi təhsilşünaslığın
(pedaqoji elmlərin) vəziyyəti ölkəmizə qənaətbəxş
deyil və diqqət mərkəzinə çəkilməyə
böyük ehtiyac vardır. Biz elmi biliklərin
(fizikanın, riyaziyyatın, kimyanın, biologiyanın və
dig.) metodologiyasını öyrənməklə, bu elmlərin
məktəbdə tədrisinin keyfiyyətini yüksəldə
bilərik. Bu isə millətə çox
vacibdir. Diqqət yetirin, 2014 -cü ildə BDU-nun Fizika
fakultəsinə girən tələbələrin orta balı 700-ə qarşı 365 olmuşdur. 365 bal isə 2 ilə 3 bal arasında bir bilik səviyyəsidir.
Belə biliklə universitetlərə girən tələbədən,
əlbəttə ki, alim hazırlamaq çətindir. Belə olan halda təbii olaraq elmin səviyyəsi
aşağı düşəcək.
Gənclər özlərini yaxşı tanıyırlar
və onlar özlərini savadlı saydıqda elmin dalınca
gedəcəklər. Onlar savadsız alim olmaq istəmirlər.
Belə olan halda elmdə “qocalmanın”
qarşısı da alınar. Demək,
AMEA-da struktur baxımından da islahata ehtiyac var.
Elmi mühit
Müasir müsəlman dünyasında elmin geri
qalmasının bir səbəbi də zəruri elmi mühitin
yaradıla bilməməsidir. Elmi-tədqiqat mərkəzləri
formaca yaradılır, ancaq onun zəruri daxili məzmunu
yaradılmır. Qartallar üçün
hava mühiti, akulalar üçün su mühiti nə qədər
lazımdırsa, alim üçün də elmi mühit
lazımdır. Elmi mühit yaratmaq
üçün kompleks tədbirlər görülməlidir.
Diskussiya meydanları olmalıdır və
müntəzəm seminarlar fəaliyyət göstərməlidir.
Alimlərin mobilliyi, beynəlxalq səviyyəli
toplantılarda iştirakı təmin edilməlidir. Kitabxana fondu, periodik jurnallar fondu müasir tələblərə
cavab verməlidir. Dünyada
tanınmış alimlərin mühazirələri,
seminarları təşkil edilməlidir. İş
yerində də alimlərin məişət problemləri də
yüksək səviyyədə təmin olunmalıdır.
Elmi tədqiqatın gündəlik xərclərinin
çevik həlli təmin edilməlidir.
Avropa Universitetlərində elmi tədqiqat aparmaq
üçün hər cür zəruri şərait və
mühit (elmi, iqtisadi, texniki, məişət)
yaradılır. Aydındır ki, tədqiqatçı da
insandır və onun da gündəlik çay və kofe
içmək və ya günorta yeməyi yemək haqqı
tanınmalıdır. Bu haqlar Qərb
universitetlərində tanınır. Bu
ehtiyacları onlar laboratoriyada və ya kafedrada yox, bu məqsədlə
ayrılmış və soyuducusu, kofe (çay) dəsti ilə
təmin edilmiş ayrıca bir otaqda ödəyirlər.
Laboratoriya üzvləri ən azı gündə
iki dəfə (12:00 və 15:00) öz fiziki və mənəvi
tələbatlarını ödəmək üçün
bu otağa yığışırlar. Belə
otaq olmayanda da insan öz ehtiyaclarını müxtəlif
primitiv yolla ödəyəcək. Ancaq bu
qüsur elmin effektivliyinə və keyfiyyətinə təsir
edəcək.
Belə şərait dəyərli elmi nəticələr
almağa səbəb olur. Finlandiyada üç
aylıq elmi ezamiyyətdə olduğum vaxt
tanıdığım yox, tanımadığım, elmi
işlərinə bələd olmadığım başqa bir
professorla - Mauri Luukkala işləməli oldum. Birinci ay
professorun işləri, elmi istiqaməti ilə tanış
oldum və laboratoriyanın hesabatlarını və professorun
məqalələrini öyrəndim. İkinci
ay birgə tədqiqatın planlarını müzakirə
edib, tədqiqatlar apardım. Üçüncü
ay sonuna yaxın nəticələri çap üçün
B. Britaniyanın “Elektron Letters” jurnalına göndərdik.
Jurnal məqaləni çox qısa müddətdə
- 30 gün ərzində çap etdi. İlk
müsbət rəyi Nobel mükafatı laureantı Allen
Kormaxdan aldıq. Demək, yaradılan elmi
mühit və şərait güclü nəticələr
almağa imkan verir.
Son
Dəyərli
oxucular!
İslam
dünyasının yetişdirdiyi Nobel
mükafatçıları Ə. Səlam və Ə. Zevaylın, həmçinin digər alim və mütəfəkkir
insanların elmlə bağlı düşüncələrini
təhlil edərək, ümumiləşmə aparıb
müəyyən fikirlər söyləmək
mümkündür. Bir cümləlik nəticə bundan ibarətdir
ki, müasir müsəlman dünyasında elm (
həm də təhsil) dərk edilməmiş həqiqətdir.
Bu coğrafiyanın bir parçası kimi bu fikir bizə də
aiddir və Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin ölkədə ixtisaslı kadrların
çatışmazlığı, sanballı elmi əsərlərin
yazılmadığı barədə fikri ilə həmahəngdir.
İslam
coğrafiyasında elmdə tarixi geriliyin səbəblərinə
aşağıdakıları aid etmək olar:
Elmdə geriliyin əsas səbəbi təhsilin
geriliyidir. Məlumdur ki, elm təhsilin içərisindən
göyərir. Elm zəifdir, ona görə
ki, təhsil zəifdir. Müsəlman dünyasında həm
universitetlərin sayı lazım olandan azdır, həm də
gənclərinin çox az hissəsi ali təhsillə
əhatə olunub. Dəqiq elmləri, fundamental
elmləri, texniki elmləri öyrənən gənclərin
sayı humanitar sahəni öyrənənlərdən
çox azdır. Göteye görə, təhsili
düzəltməkdən ötrü nəvədən yox, nənədən
başlamaq lazımdır. Qərbdə təhsilə
“xəzinəsi özündə” olan bir şey kimi
baxırlar.
Şərqdə təhsilin bugünkü durumu çox
mürəkkəbdir. Hamının istifadə etdiyi “təhsil
suyuna” bir damcı zərərli maye qatılıb, indi həmin
mayeni oradan təmizləmək üçün bütün
ölkə çalışır. Damcı
suya qısa zaman ərzində salınıb, amma onu təmizləmək
üçün on illərlə vaxt, laboratoriya və bu
işi bilən mütəxəssislərə ehtiyac var.
Müsəlman
cəmiyyətlərində yüngül həyat tərzini
sevənlər (oxuyanlar, oynayanlar və bunun kimiləri) itmirlər,
ancaq iti başların, zəkalı gənclərin çoxu ya orta təhsil pilləsində (səhv ixtisas seçimi
səbəbindən), ya da ali məktəbdən sonra
(işsizlik səbəbindən) itirlər. İslam
dünyasında elmi və təhsil mühiti talantlı gənclərin
arzu etdiyi səviyyədə deyil. İstedadlı gənclərə sahib
çıxa bilmirik, bu səbəbdən də onlar Qərbə
üz tuturlar və Qərb dövlətlərinin
inkişafına xidmət edirlər.
İslam
ölkələrində həm orta, həm də ali təhsil
müəssisələrinin keyfiyyət göstəriciləri
zəifdir. Dünyanın 100 seçmə
universiteti sırasında bir müsəlman universiteti yoxdur.
Təhsilin keyfiyyəti artdıqca elmə, alimə
sosial tələbat artar, elm inkişaf edər. Nəticədə təhsil və elm dərk
edilmiş həqiqətə çevrilər. Keyfiyyətli təhsil milləti birləşdirmə
xassəsinə malikdir və cəmiyyəti bütövləşdirir.
Dünyanın heç bir yerində Avropa Birliyi
qədər böyük birlik yoxdur. Keyfiyyətli
təhsil toplumu yorulmaz edir, toplumun həyat eşqini
artırır. Yeri gəlmişkən,
türk dövlətlərinin də birliyi keyfiyyətli təhsildən
keçir. Keyfiyyətli təhsil ilə bu
birliyi 20 ilə yaratmaq mümkündür. Əks halda türk birliyi üçün yüzillərlə
vaxt lazımdır.
Keyfiyyətsiz təhsil, milli birliyə də zərbə
vurur. Karyera yüksəlişi zamanı “çatmayan
biliyi” hansısa həmyerlinin verdiyi “təkan” ödəyir.
Bu isə gəncləri qeyri-müstəqil edir
və yerliçiliyə meyl artır.
Qarabağ probleminin həlli də keyfiyyətli təhsildən
keçir. Bu işdə Təhsil Nazirliyinin məsuliyyəti təqribən
Müdafiə Nazirliyinin məsuliyyəti qədərdir.
Keyfiyyətli təhsilə nail olmaq üçün pedaqogika
elmi (təhsilşünaslıq) diqqət mərkəzinə
çəkilməlidir. Təhsilin nəzəri
və fəlsəfi əsaslarını mənimsəmədən
təhsildə keyfiyyəti qaldırmaq çətindir.
Təhsildə geriliyin səbəblərindən biri də
sistemin strukturu ilə bağlıdır. Təhsil
sistemi parçalanmış vəziyyətdədir.
Bağçalar bir quruma tabedir, qiymətləndirməni
başqa qurum aparır, təhsil müəssisə rəhbərlərinin
təyinatı Təhsil Nazirliyindən az
asılıdır və sairə. Beləliklə,
təhsil sistemi sadə sistem halından mürəkkəb
sistem halına gətirilib. Mürəkkəb
sistemlərdə problemin həlli “mürəkkəb sistemlərin
nəzəriyyəsi” vasitəsi ilə həll edilir.
İstənilən mürəkkəb sistemi idarə etmək
müşkül məsələdir, çünki sistemin hər
bir struktur hissəsinin öz maraqları var. Bu maraqlar işi
normal qurmağa imkan vermir. Hesab etmək olar ki, təhsil
mürəkkəb sistem halından sadə sistem halına
qaytarılsa, bir çox problemləri həll etmək olar.
Elm və təhsilin idarə edilməsinin hüquqi
bazası zəifdir. Bu sahənin rəhbərlərinin
seçimi ilə bağlı normalar yumşaqdır, ciddi
deyil. Elmin idarə edilməsində
dünyanın qəbul etdiyi ən məqbul yol demokratik yoldur.
Necə ki, durna qatarının
başçısını durnalar özləri seçirlər.
Əgər həmin durna inzibatı yolla təyin
edilsəydi, yəqin ki, durnalar mənzilə çata bilməzdilər.
Elm və təhsil qurumları dünya
şöhrətli alimlər yox, sıradan alimlər tərəfindən
idarə ediləndə belələri şəxsi mənafeni
ictimai mənafedən üstün tuturlar, bu səbəbdən
də düzgün qərarlar qəbul edə bilmirlər.
Bürokratiyanın da köməkliyi ilə bu
alimlər talantlı alimləri
sıxışdırırlar.
Müasir müsəlman cəmiyyətlərində elmin
maliyyələşməsi, əvvəla, yetərincə
deyil. İkincisi də, maliyyələşmə prinsipləri
elədir ki, ondan elmdən çox kvazielm bəhrələnir.
Çox təəssüf ki, son 400 ildə İslam
dünyası yaşamı təmin etmək üçün
iqtisadiyyatda ticarət yolunu, Qərb dünyası isə sənaye yolunu
seçib. Sənaye yolunda uğur keyfiyyətli
təhsildən, texnologiyadan, elmdən keçir. Dəqiq qanunçuluq və idarəetmə tələb
edir. Qərb ölkələrində siyasət və
iqtisadiyyat bir-birinə kömək edərək sənaye nəhəngləri
yaranmasına (“Bell Telefon Lab”, “General Electric Company”, “İBM”,
“Philips” “Ford” və “Mersedes” kimi avtomobil firmaları və s.)
nail olmuşlar. Belə sənaye nəhəngləri
həm də elmi qidalandırır, stimullaşdırır,
böyük alimlər ordusu saxlayır. Qeyd etmək kifayətdir
ki, elektronika sahəsində Nobel mükafatı alan
alimlərin bir çoxu - L. Esaki (“İBM”, 1973), G.Bednorz
(“İBM”, 1987), A.Müller (“İBM”, 1987), V.Brattain (“Bell Telefon
Lab”, 1956), İvar Giaever (“General Electric Company”, 1973), Jack S.Kilby
(“Texas İnstruments”, 2000) özəl şirkətləri təmsil
edir. Postsovet məkanında elm belə şirkətlərin
himayəsindən məhrumdur.
Yaşamaq üçün iqtisadiyyatın ticarət
yolunu seçən İslam dünyasında həm təhsilə,
həm də elmə zərurət olmadığından bunlar
diqqətdən kənarda qalır. Bu səbəbdən də inqilabların birinin
möcüzəsi maşını, təyyarəni, gəmini
(və bunun kimi) hərəkətə gətirən mühərrikin,
ikincinin möcüzəsi isə kompüterin
ixtirasıdır. Ticarət üçün keyfiyyətli təhsil,
dəyərli
alimlər, reytinqli universitetlər tələb
olunmur. Ticarət üçün mobil telefonla kalkulyator kifayət
edir.
Ticarətin yaratdığı düşüncə tərzi
və psixologiya, sənaye istehsalının
yaratdığından çox fərqlidir. Qərbdə belə bir
deyim var: “Sənayeçilər kasıb yaşarlar, ancaq
varlı ölərlər. Tacirlər isə əksinə,
varlı yaşarlar, ancaq kasıb ölərlər”. Ticarətçilər qanunların yanından
keçməyə, yüngül həyat tərzinə
meyillidirlər. Hansısa gözəllik
yarışmasına milyonlar xərcləyər, ancaq ölkə
universitetlərinin birinə müasir laboratoriya almağa və
talantlı bir vətən övladının təhsil xərcini
ödəməyə əli gəlməz.
Bütün inkişaf etmiş ölkələr tam ali təhsilə keçdiyi indiki zamanda TQDK gəncləri test balları əsasında ali məktəblərə yerləşdirir. TEST biliyi qiymətləndirmək üçün yaxşı vasitədir və bunun əleyhinə heç kim getməz. TEST-in ciddi qüsuru yoxdur, qüsur inzibati yerləşdirmədədir. İxtisas seçimində olan qüsurlar həm cəmiyyətin, həm də elmin inkişafına zərbə vurur.
Məlum konsepsiyaya görə, həyatın mənası və məqsədi nəsli artırmaq və xoşbəxt yaşamaqdır. Xoşbəxt yaşamaq -sevdiyin, xoşun gələn işlə məşğul olmaq deməkdir. İnzibatı yolla gəncləri ali məktəblərə yerləşdirərkən onların çoxu zorən səhv ixtisaslara düşürlər. Bu səbəbdən də ali məktəblərdə bilik öyrənməyə həvəs göstərmirlər, vaxt keçirirlər, dərsdə mürgüləyirlər. Düzgün seçim gənclərin gələcək taleyinə təsir edən əsas faktordur. İnsan ürəyincə olan, xoşu gələn işlə məşğul olanda yorulmaz və özünü xoşbəxt hiss edər. Əks halda tənbəl, passiv bir kütlə yetişər. Bu baxımdan universitetlər giriş qapılarını gen, çıxış qapılarını dar açmalıdır.
Bu gün dünya elm səhnəsində
yerimizi, koordinatlarımızı düzgün müəyyənləşdirməliyik
ki, biz hardayıq? Bunun
üçün ilk növbədə səhvlərimizi qəbul
etməliyik. Səhvin qəbulu isə problemin həllinin
yarısıdır.
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2015.- 17 iyul.- S.21;
23.