Çin - qədim sivilizasiya
və müasir möcüzələr
ölkəsi
“Böyük sıçrayışın” uğurla həyata
keçirilməsi vəzifəsini Çin cəmiyyətinin
sosial təşkilatlanmasının yeni forması - xalq
kommunası təmin etməli idi.
İlk plana görə xalq kommunaları həm şəhərdə,
həm də kənddə yaradılmalı idi. Lakin şəhərdə
onu yaratmaq cəhdi hətta təcrübə vaxtı
uğursuz oldu. Kənddə isə
“kommunalaşdırma” çox qısa müddətdə həyata
keçirildi. 1958-ci ilin sentyabrında
artıq “kommunalar” 98 faiz kəndli həyatını əhatə
edirdi. Özü də kənd
kommunaları süni surətdə
böyüdülürdü, xeyli sayda kəndi əhatə
edirdi. Nəticədə 740 min kənd təsərrüfatı
istehsalı kooperativi 26 min xalq kommunasına çevrildi.
Onlarda kənd təsərrüfatının çox sahələri
ilə yanaşı sənaye istehsalı, ticarət, maarif və
hərbi iş həyata keçirilirdi. Hər
bir kommuna universal istehsal sahəsinə çevrilməli idi və
əslində yeni səviyyədə natural təsərrüfata
qayıtmaq vəzifəsini güdürdü.
Əmək haqqının bir hissəsi “pulsuz” ərzaq
ödənişi ilə əvəz olunurdu. Bu yolla guya
bölgü sistemində sosializmdən kommunizmə keçid
baş verəcəkdi, “hər kəsə tələbatına
görə” prinsipi həyata keçiriləcəkdi.
Pulsuz təchizat ərzaq ehtiyatını nəzərə
almadan tətbiq edildiyindən taxılın və digər qida
maddələrinin izafi məsrəfinə səbəb oldu.
Kommunalar qarşısında “təşkilatı hərbiləşdirməklə
kollektiv həyat tərzi sürmək” vəzifəsi
qoyulmuşdu, bəzi əyalətlərdə polad və
çuqun tökməklə və digər işlərlə
məşğul olan əmək orduları yaradılmağa
başlandı.
Xalq
kommunaları bir az əvvəlki kooperativlərdən
xeyli iri idi və minlərlə, bəzən hətta on minlərlə
kəndli həyətini əhatə edirdi. Əkinçilikdə
əsas diqqət “çox dərin şuma” və
“sıxlaşdırılmış səpinə” verilirdi.
Bu isə bütünlüklə aqrar elminə
və təcrübəsinə əsaslanmadığından,
hansısa bir ciddi məhsul artımı əməl gətirmədi.
“Böyük sıçrayış” siyasəti
bütün iqtisadiyyatın ciddi surətdə pozulmasına səbəb
oldu. Müəssisələrin avadanlıqla, elektrik
enerjisi və xammalla təchizatında fasilələr meydana gəlirdi,
əmək intizamı kəskin zəiflədi. Bütün bunların nəticəsində XX əsrin
60-cı illərinin əvvəllərində sənaye və
kənd təsərrüfatı istehsalı, xarici ticarət
dövriyyəsi xeyli aşağı düşdü, əhalinin
ərzaqla, çox işlənilən mallarla təchizatı
pisləşdi. Ölkənin bəzi
rayonlarında aclıq başladı, epidemiya xəstəlikləri
meydana gəldi. 1961-ci ildə sənaye
istehsalı 38.2 %, 1962-ci ildə isə daha 16.6 % aşağı
düşdü. Kənd təsərrüfatı məhsulları
istehsalı ildə beş il əvvəlki
səviyyəyə nisbətən 19 % aşağı idi.
Belə bir şəraitdə Çin rəhbərliyi
yeni iqtisadi siyasətə görə əsaslı tikintinin həcmini
kəskin surətdə azaltdı, zərərlə işləyən
müəssisələri bağladı, şəhər əhalisinin
bir hissəsini kəndə göndərdi. Kənddə
istehsal birliyi kimi kommunaların çoxu öz fəaliyyətini
faktiki olaraq dayandırdı. Kəndlilərə
onlardan kommuna yaradılan vaxt alınmış həyətyanı
torpaqlar, mal-qaranın və əmək alətlərinin bir
hissəsi qaytarıldı. “Pulsuz ərzaq
təchizatı” xeyli azaldıldı.
XX əsrin 60-cı illərinin ortalarında ölkə
“mədəni inqilaba” cəlb edildi, bu tədbir də ÇXR
iqtisadiyyatının bütün sahələrinin normal
inkişafını çox illər ərzində ləngitdi. Mao-Tszedən və onun
yaxın ətrafı 1966-cı ildə “böyük proletar mədəni
inqilabı” adını alan, mahiyyətcə
isə daha çox siyasi çevrilişə bənzəyən
tədbiri həyata keçirdi. Siyasi əleyhdarlar
izolə edildi, partiya, həmkarlar ittifaqı, gənclər təşkilatları
kənarlaşdırıldı. “Mədəni
inqilabın” qurbanları arasında çox sayda görkəmli
partiya xadimləri, hərbi xadimlər, ÇKP Mərkəzi
Komitəsinin əksər hissəsi var idi. Kütləvi repressiyalar milyonlarla vətəndaşları
əhatə etdi.
70-ci illərin ortalarında kənd təsərrüfatının,
sənayenin, elmin və texnikanın hərtərəfli modernləşdirilməsi
xətti elan edildi, bu, “dörd modernləşdirilmə”
adlanırdı. Bu plana görə Çinin 2000-ci ilə
dünyanın iqtisadi cəhətdən qabaqcıl ölkələrinin
səviyyəsinə çatması nəzərdə
tutulurdu. Bu məqsədə nail olunmaqla Çinin milli gəlir,
sənaye və kənd təsərrüfat məhsullarının
istehsalı həcminə görə dünya ölkələrinin
birinci cərgəsinə çıxması
planlaşdırılırdı.
ÇXR iqtisadiyyatı üçün kənd təsərrüfatının
böyük əhəmiyyəti bir sıra şərtlərlə
müəyyən olunur. Bu sahə ərzaq mallarının, həmçinin
yüngül sənayeni xammalla təmin etməyin
başlıca mənbəyidir. Kənd təsərrüfatında
Çinin əvvəllər ixrac resurslarının xeyli hissəsi
istehsal edilirdi. Çinin kənd təsərrüfatında
ənənəvi olaraq taxılçılıq istiqamətinin
çox seçildiyi əkinçiliyə olan meyl daim
çox güclü olmuşdu. Burada
bitkiçilik kənd təsərrüfatının
aparıcı sahəsidir, heyvandarlıq isə köməkçi
təsərrüfatdır. Çində əkinlər
ərazinin 110-ni; meşə ilə örtülü sahələr
18-ni; otlaqlar isə 13-ni tutur. Çin kəndliləri
əsrlərlə isti və rütubətli iqlimi olan çay
vadilərindən, həmçinin ölkənin şərqindəki
münbit torpaqlardan istifadə etmiş və onları becərmişdir.
Düzənlik, əsasən şərq vilayətlərindəki
sahələr Çin ərazisinin yarısından
azını təşkil etməklə, orada əkin sahələrinin
910-u yerləşir, 110-i sə qərb əyalətlərinin
payına düşür. Böyük
Çin düzənliyi daha çox əkilmişdi, bura
ölkə əkinçiliyinin ən qədim ocaqlarından
biridir. Yantszı çayının
deltasındakı ərazi də əsasən əkilmişdir.
Burada becərməyə yararlı hər
kiçik torpaq parçasından istifadə olunur. Əkinə yararlı xam torpaqların sahəsi 35
milyon hektar olmaqla əkin fondu üçün olduqca
böyük ehtiyatdır.
Laterit torpaqlar (onlar rütubətli tropik meşələrin
altında formalaşır) texniki bitkilər üçün
xüsusən yararlıdır. Belə torpaqlarda
bütün pambıq məhsulunun 70%-i istehsal edilir. Laterit torpaqlarda həmçinin çay
plantasiyalarının 50%-i yerləşir. Onlarda həmçinin barama
istehsalı üçün yarpaqları xammal olan tut
ağacı və həmçinin meyvə ağacları
yaxşı böyüyür. Lakin əhalinin
artması şəraitində adambaşına düşən
əkinçilik sahəsi ölçülərinin
azalması baş verir. Mövcud əkin
fondunun məhsuldarlığının artırılması
imkanları hələ də qüvvədə qalmaqdadır.
Əsas əkinlər əkinçilik
üçün bir sıra əlverişli cəhətləri
ilə - vegetasiya dövrünün uzun müddətliliyinə
imkan verən, əsasən yazda yağan
yağışların bolluğu və yaxşı
torpaqları ilə fərqlənən rayonlarda yerləşir.
Bu ərazilərin xeyli hissəsində il ərzində
iki, uzaq cənubda isə hətta üç bitkiçilik məhsulu
götürməyə imkan verir. Nəticədə faktiki
olaraq səpin sahəsi əkin sahəsindən demək olar
ki, 1,5 dəfə çox olur.
Çində bitkiçiliyin məhsuldarlığını
yüksəltməyin ən əsas vasitələrindən
biri süni suvarmadır. Ölkənin mərkəzi və cənub
rayonlarında geniş suvarma və drenaj sistemlərinin
tikintisi bu ərazilərdə kənd təsərrüfatının
əsas sahəsi olan düyüçülüyü qoruyub
saxlamağın və inkişaf etdirməyin mühüm
şərti kimi xidmət edir. Süni
suvarma xüsusən ildə iki dəfə məhsul
götürmək üçün zəruridir.
Suvarılan torpaqlarda bir qayda olaraq məhsuldarılq quru dərə
torpaqlarına nisbətən 2-2,5 dəfə
yüksək olur. Bundan başqa, hidrotexniki
qurğuların tikintisi olmadan kənd təsərrüfatını
quraqlıq və daşqınlar təhlükəsindən
qorumaq da mümkün olmazdı.
Çin dünyanın iri dövlətləri
arasında əkin fondunda suvarılan sahələrin payına
görə qədimdən fərqlənirdi. Hazırda
bütün əkin torpaqlarının beşdə birinə
yaxını suvarılır. Əkinçiliyin
quraqlıqdan əziyyət çəkdiyi Böyük
Çin düzənliyində suvarma üçün əsasən
subartezian quyularından çıxarılan sudan
istifadə olunur. Kənd təsərrüfatı
su istehlakına görə Çin iqtisadiyyatının ən
böyük sahəsi hesab olunur. Ancaq suyun
praktiki olaraq izafi miqdarı yalnız Yantszı çayı
hövzəsində mövcuddur.
Torpağın uzun əsrlər ərzində intensiv
istifadə edilməsi, onun münbitliyini qoruyub saxlamaq
üçün fasiləsiz olaraq qayğı göstərməyi
tələb edir. Son onilliklərdə mineral gübrələrin
tətbiqi xeyli artmışdır, onların
çatışmaması əvvəllər əsasən
yerli gübrələrin istifadəsi hesabına ödənilirdi.
Ölkədə yerli üzvi gübrələrin
onlarla növündən istifadə olunur. Onların
ümumi həcmi isə olduqca böyük rəqəmdə
ifadə olunur. Çində istifadə
edilən əkinçilik sistemi (bir sahədə eyni vaxtda
müxtəlif bitkilərin becərilməsi, torpaq sahələrinin,
xüsusən düyü əkən rayonlarda xırda hissələrə
bölünməsi) kənd təsərrüfatı
texnikasının tətbiqini xeyli çətinləşdirir.
Çində ən mühüm taxıl bitkisi
düyüdür. Əkin sahələrinin xeyli hissəsini
düyü tarlaları tutur, taxıl istehsalının
yarısı onun payına düşür. Düyüçülüyün əsas
rayonları Huan Ho çayından cənubda yerləşir.
Bu hər şeydən əvvəl Yantszı
hövzəsidir ki, orada düyü əkinlərinin 23 hissəsi
toplanmışdır, həm də cənub dənizkənarıdır.
Düyüçülüyün
ayrı-ayrı ocaqları Huay Ho çayından şimalda da
vardır, Koreya-Çin sərhədi boyunda və Amur
çayının hövzəsindədir.
Çin dilində “yemək” sözünə bir yox, iki
söz uyğun gəlir - “çi fan”, hərfi mənada bu,
“düyü yemək” deməkdir. Səhər yeməyi
Çin dilində “tszao fan” adlanır, bu, “erkən
düyü” mənasını verir, nahar “u fan” və ya
“günorta düyüsü”, şam yeməyi isə “van fan” və
ya “gec yeyilən düyü”nü bildirir. Etimologiyaya azacıq nəzər
saldıqda bu qida növünün çinlilərin həyatında
necə böyük rol oynadığı məlum olur. Düyü Çinin mərkəzi və cənub
rayonlarında yaşayan yüz milyonlarla insanın qida maddəsidir.
Onun çatışmaması qida ratsionuna
hökmən öz mənfi təsirini göstərir.
Düyüçülük ölkədə uzaq qədimdən
inkişaf etməyə başlamışdır. Düyü
bitkisinin becərilməsi bir sıra şərtlərlə
bağlıdır. Düyü qiymətli ərzaqdır,
qidalılığına görə dənli bitkilər
arasında buğdadan sonra ikinci yeri tutur. Ən
mühüm cəhət isə odur ki, heç bir ərzaq
bitkisi suvarılan düyü kimi belə yüksək məhsul
verə bilməz. Bu şərait müstəsna
dərəcədə yüksək sıxlıqlı kənd
əhalisi rayonlarında və daimi torpaq kasadlığında
həlledici əhəmiyyətə malikdir. Düzdür, düyü təkcə başqa bitkilərdən
2-3 dəfə artıq məhsul vermir, həm də daha
böyük əmək sərfi tələb edir.
Düyüyə nisbətən daha çox rütubət,
günəş işığı və isti lazımdır. Bütün
bunlar Çinin mərkəzi və cənub rayonlarında
vardır. Çin kəndliləri 10 minə
yaxın düyü sortu yaratmışlar. Bir sort tez
yetişir, digərləri isə gec yetişir. Müxtəlif
vegetasiya müddəti olan sortların seçilməsi
rayonların çoxunda ildə eyni sahədən iki
düyü məhsulu götürməyə imkan verir. Haynan adasında isə hətta üç məhsul
götürmək mümkündür. Bundan
ötrü ya gec yetişən sortlar tez yetişən
sortların yetişməsinə qədər cərgələr
arasına əkilir, yaxud da məhsul yığıldıqdan
sonra onu əvəz edir. Düyünün
su sortları daha geniş yayılmışdır, bu da
tarlanın suya batırılmasını tələb edir.
Düyü sahələrinin səthi ideal qaydada
düz və üfüqi olmalıdır, ona görə də
onların ölçüsü xırda olur. Düzənlikdə belə sahələri düzəltmək
daha asandır, lakin kəndlilər düyü altına
dağ yamaclarını da, onlarda süni terraslar yaratmaq yolu ilə
uyğunlaşdırırlar. Düyünün
toxumu əvvəlcə xüsusi xırda sahələrdə səpilir
- bunlar şitillikdir, sonra təqribən bir aydan sonra həmin
şitillər - körpə bitkilər tarlaya
köçürülür.
Düyü çox vaxt dəyişilmədən eyni tarlada uzun illər boyu becərilir. Yalnız bəzi əyalətlərdə yay düyüsü payızlıq buğda və ya yazlıq rapsla növbələşdirilir. Bəzən düyü biçildikdən sonra qış mövsümündə yaşıl gübrə rolunu oynayan bitkilər səpilir.
Çin kəndliləri təkcə düyü dənindən deyil, (o bilavasitə qidaya gedir, həmçinin ondan müxtəlif spirtli içkilər və kraxmal hazırlanır), həm də düyünün samanından istifadə edirlər. Samanla evlərin damı örtülür, geniş günlüklü şlyapalar hazırlanır, həm də yağışdan qoruyan saman-plaş düzəldilir. Saman həm də mal-qaranın altına döşənir, kağız istehsalı üçün xammal kimi istifadə olunur.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 17 iyul.- S.20.