Anadolu türkcəsindən keçən
söz
və ifadələr: dil dilə tən gərək?
Daha bir “ədva” - avaz
Nitqin
mühüm aspektlərindən biri də intonasiyadır. Hər
bir dilin özünəməxsus “musiqisi” var. Bu “musiqi”, avaz o qədər
spesifikdir ki, başqa dili öyrənənlər o dildə nə
qədər yaxşı danışsalar da, bəzən məhz
həmin o avaz - ana dilinin
intonasiyası onları “ələ verir”. İnsanlar dil vahidlərini
yalnız məna tutumuna, ifadə gözəlliyinə və
orijinallığına görə deyil, həm də
avazını xoşladıqlarına görə əxz edə
bilərlər. Türkcədən alınmış bəzi
dil vahidlərini azərbaycanlılar üçün
maraqlı və çəkici edən də bu amildir. Məsələn,
toplumumuzda “yani” sözünün həvəslə işlədilməsi
bu amillə izah oluna bilər.
Dil daşıyıcılarının bu sözə
artmaqda olan rəğbəti aydın sezilməkdədir. Bu rəğbətin
səbəblərindən biri də onun türkcə tələffüzü
zamanı xüsusi avazla səsləndirilməsi ola bilər.
Adətən öz dilinin avazına öyrəşərək
onun özəlliyini hiss etməyən insanlar başqa dillərdən
gələn vahidlərin tələffüzünə, nitqin
“musiqisinə” daha həssas olur və daha fəal reaksiya verirlər.
“Yani” sözünün başqa bir özəlliyi isə onun
cümlədə işlənmə özəlliyidir. Daha dəqiq
desək, bu söz azərbaycancadakı
qarşılığından fərqli olaraq, hər hansı
deyimdən sonra tam sərbəst, heç bir söz, cümlə
müşayiəti olmadan, tək işlənə bilər. Bu
cəhət avazla yanaşı, ona özəllik verən
xüsusi nüansdır. Son zamanlar “zatən” sözünün
də yayqınlaşması müşahidə olunur. Bu
sözün də xüsusi avazla deyilişi ona fərqlilik və
çəkicilik verir.
Başqa “ədvalar” -
yenilik,
orijinallıq, dəyişiklik etmək
həvəsi
Dil donuq,
“yerində sayan” bir nəsnə
olmayıb daim yenilənən və dəyişən bir sistemdir. Həyatı bütün yenilikləri,
təlatümləri, dəyişiklikləri ilə əks
etdirən bu ünsiyyət vasitəsi qanunauyğun və təzadlı
dəyişməyə, özünüyeniləməyə “məhkumdur”.
Dil həm də mahiyyətcə ictimai bir hadisə olduğuna
görə, fərdlərin linqvistik yeniliklərini tez bir
zamanda bütün toplumun “sərvətinə” çevirməyə
qadirdir. Dildə yenilənmə,
şəxsiyyətdə və cəmiyyətdə, ümumiyyətlə
yaşamda yenilənmə deməkdir.
Bəzi insanlar bunun fərqində ola bilərlər, bəziləri
yox, amma təhtəlşüurda demək olar ki, hamı
yenilik həvəskarıdır, daha doğrusu, buna məhkumdurlar.
İnsanlar bu səbəbdən hər axşam
televizorların qarşısında əyləşir və ya
xəbər - yenilik axtarışında gün ərzində
saytları ələk-vələk edirlər. Qonum-qonşuda
gördüklərini, haradansa eşitdiklərini telefonda
uzun-uzadı həmsöhbəti ilə bölüşənlər,
ona qulaq asanlar da əslində yenilik həsrətindədirlər.
İnsanlar uzun müddət geydiklərindən, yediklərindən,
baxdıqlarından bezdikləri kimi eyni söz, ifadə və
danışıq tərzindən də yorula bilərlər.
Bu yenilik axtarışı onlarda başqa dillərdən yeni
linqvistik vahidlər və ifadə tərzi almaq həvəsi
yarada bilər. Dildə türkcədən alınmış
bir çox söz və ifadələrin əsasında da məhz
bu durur - yenilik amili. Dilimizdə yuxarıda sadalanan vahidlərlə
yanaşı,”tatlıya bağlamaq”, “merak etmək” kimi son
zamanlar danışıq dilində tez-tez işlədilən
türk sözləri buna misal ola bilər.
Rəğbət böyük qüvvədir!
Xüsusilə o, kollektiv olanda...
Türkcədən
alınan bəzi söz və ifadələrin dilimizə
keçməsinin çox sadə bir səbəbi də var -
rəğbət. Fərqli qaynaqlardan gələn söz və
ifadələrin dildə qalıb-qalmamasını müəyyən edən
güclü amillərdəndir. Dil özü ictimai bir sistem
olduğundan kollektiv şüura və yaddaşa
bağlıdır. Məhz bu amillərlə bir-birlərinə
bağlanmış dil daşıyıcıları - fərdlər
bir-birlərindən asılı olmadan bu və ya digər dil
vahidinə rəğbət göstərərək ondan fəal
istifadəyə “yaşıl işıq” yandıra bilərlər.
Son dövrlərdə “rəsmən” (türkcədə həm
də “əməlli-başlı”, “açıqca”,
“sözün əsl mənasında” anlamında işlənir)
sözünün dil daşıyıcıları tərəfindən
böyük həvəslə işlənilməsi
müşahidə olunur. Bu alınma da rəğbət amili
ilə izah edilə bilər. Azərbaycan dilində
“halallaşmaq” feili var. Lakin bu feilin işlək olduğunu deyə
bilmərik. Daha doğrusu, bəzi səbəblərdən
kültürdə və bunun birbaşa nəticəsi olaraq
dildə bu prosesi verbal olaraq ifadə etmək yayqın hal
deyil. Türkcədə işlənən “Haqqını halal
et/Haqqınızı halal edin” ifadələri isə Azərbaycan
toplumunda rəğbətlə qarşılandı. Sanki bu
ifadənin türk insanının nitqində tez-tez eksplisit (yəni
açıq, verbal yolla ifadəsi) olaraq səsləndirilməsi
insanlara halallığın əhəmiyyətini və dəyərini
xatırlatmış, onun gərəkliliyini izah etmiş oldu.
Dinə olan marağın güclənməsi də
haqqında danışdığımız ifadənin həvəslə
qəbul olunmasında və hazırda fəal işlənməsində
əhəmiyyətli rol oynadı. “Keçmiş olsun” ifadəsi
də toplum tərəfindən rəğbətlə qəbul
olunan dil vahidlərindəndir. Maraqlı, məntiqli və
anlaşıqlı ifadə forması, folklorsayağı sadəliyi,
bir çox situasiyalarda işlənə bilmə xüsusiyyəti,
təsəllinin, diləyin personifikasiya olunmaması (yəni
şəxsləndirilməməsi) və bütün sadalanan
cəhətlərinə görə dilimizdə güclü
qarşılığının olmaması bu vahidin
böyük həvəslə qəbul olunmasını şərtləndirdi.
Maraqlıdır ki, bənzər situasiyalarda türk
insanlarının işlətdiyi “(çox) üzgünəm”
ifadəsinin azərbaycanlı dil
daşıyıcıları tərəfindən işlədilməsi
ehtimalı o qədər də perspektivli görünmür.
Azərbaycanlıların dil yaddaşında hər hansı
itki, ölüm və ya bədbəxt hadisə zamanı təsəlli
üçün deyiləcək xeyli sayda ifadə və qəliblər
var. Üstəlik “(çox) üzgünəm” ifadəsindəki
personifikasiya (şəxsləndirmə) azərbaycanlı
düşüncəsinə yaddır. Başqa sözlə,
azərbaycanlıların təsəlli verərkən işlətdikləri
ifadə və qəliblərin arasında personifikasiya
hallarına, demək olar ki, rast gəlmək mümkün
deyil. Daha bir vacib amil isə budur ki, bu ifadə Azərbaycan
insanına çox “türkcə” görünə bilər.
Birlərin gücü və/və ya
imitasiya “sindromu”
Buna
yoluxuculuq da demək olar. Sonradan böyük kütlələrin
qəbul etdiyi hər hansı yenilik tək bir şəxsin
tapıntısı, təşəbbüsü ola bilər.
Əslində bütün yeniliklər əsasən bir şəxs
və ya kiçik insan qrupu tərəfindən
düşünülür və tətbiq edilir. Sonra bu yenilik
yüzlər, minlər, bəzən isə milyonlar
üçün bir nümunə və ya imitasiya -
yamsılama obyekti olur. Deyilənlər dilə də aiddir. Bəzən
tək bir şəxsin hansısa situasiyada başqa bir dildən
alınma sözü işlətməsi həmin vahidin tez bir
zamanda populyarlaşmasına səbəb ola bilər. Təbii
ki, bu proses həmin adamın şəxsiyyətinə,
ictimaiyyətdəki nüfuzuna, peşəkarlığına,
ona olan rəğbətin dərəcəsinə, həmçinin
onun nitqini yayan kommunikasiya kanallarına bağlıdır. Çoxsaylı
kommunikasiya kanalları istənilən məlumatı və ya
xəbəri tez bir zamanda milyonların düşüncə və
söhbət obyektinə çevirməyə qadirdir.
Yalnız bakteriya, virus və mikroblar deyil, dil vahidləri, tərzlər
də yoluxucu ola bilər.
Gücün gücünə dair
Türkcədən
alınma sözlərin bəzilərinin azərbaycancada
qarşılığı var. Dillər
qarşılaşdırılarkən ekvivalent sayılan
sözlərin müqayisəsi də qaçılmaz olur.
Türkcə səslənən nitqi eşidənlər
dilimizdəki bəzi sözlərin türkcədəki
qarşılığını daha güclü və
münasib sayırlar. Buna səbəb həm də o sözlərin
çoxmənalılığı və bir neçə fərqli
situasiyada işlənə bilmə xüsusiyyəti,
onların məna sistemini təşkil
edən semantik komponentlərin çevikliyi və rəngarəngliyidir.
Başqa sözlə, dil daşıyıcıları bu və
ya digər fikri daha dolğun və hərtərəfli ifadə
etdiklərini düşünürlər. Buna misal olaraq, “hak
etmək” feilini göstərə bilərik. Azərbaycancada onun
qarşılığı “layiq olmaq”dır. Lakin bəzi
situasiyalarda dil daşıyıcısı “hak etmək” feilini
daha uyğun sayır və onu işlətməyə
üstünlük verir. Buradakı “haqq” sözünün
şəksiz gücü bu seçimi şərtləndirən
əsas amildir. Üstəlik Azərbaycan dilinin bəzi ləhcə
və şivələrində “haqq olur” kimi oxşar mənada
işlənən feil var. Anadolu türkcəsindəki “huzur” sözü də son zamanlar Azərbaycan
dil daşıyıcıları arasında tez-tez işlənən
sözlərdəndir. Türkcədə sözün “huzur”
kimi yazılmasına və səsləndirilməsinə
baxmayaraq, azərbaycanlılar onu daha çox “hüzur” kimi tələffüz
edirlər. “Ərəb və fars sözləri lüğəti”
ərəb mənşəli bu sözün məhz “hüzur”
kimi tələffüz edildiyini göstərir.
Bildiyimiz
kimi, azərbaycancada bu sözün qarşılığı
“sakitlik”dir. Lakin diqqət yetirsək,
görərik ki, “sakitlik” əsasən ətrafımızdakı,
çevrəmizdəki fiziki səssizliyə və ya minimal səs-küyə
münasibətdə daha çox işlənərək
iç dünyamızdakı daxili dincliyə, rahatlığa
o qədər də şamil olunmur. Üstəlik “hüzur”
ingiliscədə çox işlənən “inner peace” (hərfi
tərcüməsi: daxili sülh) ifadəsinin ən dolğun
və uğurlu qarşılığı sayıla bilər
ki, bu mənanı “sakitlik” sözü tam əhatə etmir.
Bir amil də nəzərə alınmalıdır ki, bəzən
hər hansı sözə üstünlük ona görə
verilə bilər ki, o leksik vahidin səslənişində
ifadə etdiyi məna ilə bir uyarlıq olsun. Yəni o
sözün səslənişi özü belə insana ifadə
edilən fikri, situasiyanı andırsın. Bu baxımdan
“hüzur” sözünün səslənişində mənaya
uyğun bir həzinliyin, yumşaqlığın olması
faktı ilə, çətin ki, kimsə
razılaşmasın. Daha bir nümunə isə daha tez-tez
işlənməkdə olan “zatən” sözüdür.
Yuxarıda xatırladılan bu söz də bəzən
deyilişi, işlənməsi qaçılmaz olan, sanki
situasiyanın özünün “xahiş etdiyi” leksik vahidlərdəndir.
Yenə də ərəb mənşəli olan bu söz,
özündə ehtiva etdiyi mənaların çoxluğuna və
beləliklə də, daha çox situasiyada işlənə
bilmə xüsusiyyətinə görə güclü və
cəlbedicidir.
“Əlinə/qoluna
sağlıq” ifadəsi də azərbaycanlılar tərəfindən
get-gedə daha çox işlənməkdə olan dil vahidlərindəndir.
Azərbaycan dilində “Əlin (-qolun) var olsun” ifadəsi olsa
da, bir çox insanların onun türkcədəki
qarşılığına üstünlük verdiyini görə
bilərik. Güman ki, bu seçim türkcədəki ifadənin
əlinə, qoluna sözləri ilə yanaşı, həm də
“ağzına/ dilinə/ ürəyinə sağlıq” kimi
işlədilə bilməsi ilə əlaqədardır. Yəni
bu ifadənin imkanları və tətbiq sahələri daha
genişdir. Üstəlik, türkcədəki ifadədə
diləyin, alqışın (sağlıq) daha konkret və
arzuolunan olması seçimin onun xeyrinə edilməsini şərtləndirə
bilər.
Sintaktik vahidlər
Azərbaycan
dilinə türkcədən ancaq söz və ifadələr
deyil, həm də bütöv sintaktik vahidlər daxil
olmaqdadır. Buna misal olaraq,
“adam” sözü ilə başlayan cümlə-qəlibləri
göstərmək olar. Azərbaycan dilində “Adam bir az təmkinli
olar”, “Adam hər deyilənə inanmaz” tipli başqasına
öyüd- nəsihət vermək məqsədilə işlədilən
cümlələr, bir də “Adam lap bezir”, “Adam maraqlı yerlər
görmək istəyir” tipli sintaktik
vahidlər var. Diqqət yetirdikdə görmək olar ki,
sonuncular daha çox refleksiv funksiyaya
malik olub şəxsin özü haqqında
danışarkən istifadə olunur. Türkcədən eyni
sözün (“adam” sözünün) istifadə olunduğu
cümlə-qəliblərdə isə bunun əksinə
olaraq, başqa bir şəxs haqqında fikir söyləyərkən
deyilir. Məsələn, “Adam o alanda büyük bir uzman”,
“Adam bir günün içinde bütün servetini kayb
etmiş” və s. Türkcənin təsiri ilə haqqında
danışdığımız sintaktik vahidin məhz bu
funksiyada, yəni başqa bir şəxs haqqında fikir
söylərkən işlənən forması Azərbaycan
dilində get-gedə daha çox yayqınlaşmaqdadır.
Hazırda “Adam bunu demək istəyirmiş”,
“Adam əməlli-başlı danışır azərbaycanca” tipli cümlələr daha tez-tez
eşidilməkdədir.
Nöqtə (lər) əvəzi...
Son
zamanlar türkcədən keçmiş dil vahidlərinin
alınma mexanizminin araşdırılması göstərir
ki, azərbaycancada fəal işlənməkdə olan türk
söz və ifadələrinin, sintaktik vahidlərin bir
çoxunun dilimizdə bənzər
qarşılıqları, modelləri var. Başqa sözlə,
türkcədən dil vahidləri alınarkən
doğmalıq amili mühüm rol oynayır. Bundan əlavə,
daha çox situasiyaya tətbiq edilə bilmə, məna rəngarəngliyi
və çevikliyi, ifadə orijinallığı, avazdakı
spesifiklik, bəzi məqamlardakı boşluqlar və digər
amillər türkcədəki bu və ya digər vahidlərin
işlənməsinə imkan verir. Əslində hər
hansı vahidin dilə keçməsinə
və orada sabitləşməsinə eyni zamanda bir neçə
amil təsir edə bilər. Yeniliyi dəstəkləyən,
yaşadan əsas amil isə kollektiv rəğbətdir. Onun
necə formalaşması və təsir göstərməsi
isə artıq başqa mövzudur.
Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika
kafedrasının dosenti
525-ci qəzet.- 2015.- 17 iyul.- S.10.