Qubadlısız qubadlılar
YAZIÇININ
MƏKTƏBLİLƏRLƏ GÖRÜŞÜ
Ümumtəhsil məktəblərində tədris
ilinin başa çatmasına bir neçə gün
qalmış, Qubadlıya getmişdim. Sumqayıtın kənarlarında
müvəqqəti məskunlaşmış Qubadlısız
qubadlılarımla həmdərd, həmsöhbət
olmağa. Dəqiq desək, Qara İlyasov adına
orta məktəbin müəllim və şagirdlərinin dəvəti
ilə. Getməsəydim, özümü
bağışlaya bilməzdim. Ahıllıq
çağımda bu da mənə bir nisgil olardı. Yurd-yuvasından didərgin düşmüş həmyerlilərimin
kövrək qəlbini sındırmaq nisgili.
Müasir qaydada tikilmiş yeni məktəb binasında tədris,
təlim-tərbiyə üçün hər cür şərait
vardır. Həyət-bacadan tutmuş, fənn kabinələrinə,
sinif otaqlarına, foyedəki müxtəlif stendlərə qədər
səliqə-sahmanı görəndə xoşhal oldum. Lakin müəllim və şagirdlərin səsinin
ehtizazında, onların nigaran, incik baxışlarında
çətin sezilən bir məyusluq da hiss edirdim. Çünki məktəb binası nə qədər
yar-yaraşıqlı olsa da, bu təhsil ocağındakı
müdavimlərin dünyaya göz açdıqları
doğma diyarda ucaldılmamışdı. Bu dərd istər-istəməz ahıl qələm
əhlinin kövrək qəlbinə də sirayət edirdi.
Və bəzən söhbət əsnasında,
fikir dünyası məni başqa səmtə çəkib
aparırdı. Və hərdən
sözümün rabitəsi pozulurdu.
Ötən əsrin qırxıncı illərində
Qubadlının mərkəzində fəaliyyət göstərən
bu məktəbdə mən də təhsil almışam. Pəncərələrdən
baxanda barlı-bəhərli bağlar, uzaq-uzaq dağlardan
hay-harayla baş alıb gələn Bərgüşad
çayı, ətəkləri seyrək kollarla və getdikcə
sıxlaşan meşələrlə örtülmüş əzəmətli
dağlar görünür. Çox da böyük
olmayan qəsəbənin arxası ağ,
çəhrayı, bozumtul qayalara söykənir.
Sonradan-sonraya qəsəbə adı verilən kiçik
Qubadlı!
Respublikamızın hüdudlarından kənarda belə
məşhur olan neçə-neçə mötəbər,
təpərli şəxs Qubadlı torpağında pöhrələnib.
Mətləbdən
kənara çıxsam da, bu barədə bəzi mülahizələrimi
qısaca olaraq bildirmək istərdim: hər bir bədii əsər
müəllifin dünya baxışının, daxili aləminin,
xarakterinin, insani keyfiyyətlərinin aynasıdır. Səməd
Vurğunun Azərbaycan nəsrinin ağır artilleriyası
adlandırdığı Süleyman Rəhimovun “Şamo”
epopeyasında Safo kişi demisini
tüstülədə-tüstülədə dağı
arana daşıyırdı, aranı dağa. Və
düşünürdü ki, namus ləkəsini isti qan
yuyar... Şübhəsiz, kənar ölkələrdə
bunu oxuyan hər kəs dərk edir ki, bu xalq hansı əxlaqın,
qeyrətin sahibidir. Və böyük
yazıçı kiçik bir cümlə ilə mənsub
olduğu milləti göylərə qaldırır.
lll
Sovet hakimiyyəti dövründə Mərkəzi Komitənin
büro üzvlərindən dördü Qubadlıdan idi. Cəmi otuz
minə yaxın əhalisi olan rayondan. Ötən
əsrin ortalarında Sovet İttifaqı Kommunist Partiyasının
Mərkəzi Komitəsinin katibi Pospelovun iştirakı ilə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi M.C.Bağırovun vəzifədən
götürülməsi məsələsi müzakirə
olunurdu. Onda Bağırovun etibar eləyib
arxa çevirdiklərinin, demək olar, hamısı
haqlı-haqsız onun üzünə durdu və olmazın
böhtanlar yağdırdı. Belə bir
deyim var ki, yıxılana balta vuran çox olar. Çıxış edənlərin içərisində
Möhbalı Əmiraslanov yeganə şəxs idi ki,
baltasını başqa səmtə yönəltdi. Dedi
ki, yoldaş Pospelov, burada çıxış edənlərin
çoxu cəfəngiyyat danışır... Əsl
həqiqət odur ki, bizi bu mərtəbəyə gətirib
çıxaran Bağırovdur. Onun dediklərini
Moskvanın göstərişi kimi qəbul edib yerinə
yetirmişik. Burada səslənən fikirlərdə
müəyyən bir həqiqət varsa, buna bir nəfər
yox, hamımız cavabdehik... Möhbalının
çıxışına bütün zal əl
çaldı...
Əlbəttə, burada Bağırov barəsində
müzakirə açmaq fikrində deyiləm. Ancaq məsələnin
kökünə səthi də olsa aydınlıq gətirmək
istərdim. Xruşşovun böyük oğlu Leonid bir
nəfər ananın yeganə əsgər övladını
qətlə yetirdiyi üçün on il
həbs cəzasına məhkum olunub, ön cəbhəyə
cərimə batalyonuna göndərilib. Leonid
ön cəbhədə vuruşub, özünü
doğrultmağa çalışmaq əvəzinə, gecənin
birində xəlvət yolla könüllü düşmən
tərəfinə keçib. Almanlara xidmət
etməyə başlayıb. Sovet kəşfiyyatı
satqın oğulu ələ keçirib geri qaytarıblar.
Və Vətən xaini kimi Belorusiyanın hərbi
səhra məhkəməsinin hökmü ilə güllələnib.
Xruşşovun Stalindən oğlu Leonidin əfv
olunması barədəki yalvarışlarının yerinə
yetirilməməsi Nikita Sergeyeviçin qəlbini göynətsə
də, büruzə vermirdi. Stalinin vəfatından
sonra Xruşşov fitnəkar yollarla ələ keçrdiyi
hakimiyyətdən istifadə edib, Stalindən və ona sadiq
olan görkəmli partiya, dövlət xadimlərindən
amansızcasına qisas almağa başladı. O cümlədən
də M.C.Bağırovdan. Və gəldiyim qənaət odur
ki, nöqsansız adam yoxdur. Bağırovun da müəyyən səhvlərə
yol verdiyini istisna etmirəm. Ancaq bunu
danılmaz bir həqiqət kimi qəbul etməliyik ki,
Bağırov xalqın yox, Xruşşovun düşməni
kimi güllələndi. Ancaq
Bağırovun məlum məhkəməsində məsələdən
hali olanlar da, olmayanlar da kor-koranə əl
çalırdılar ki, Kreml fironuna xoş getsin. On doqquz evli Balahəsənli kəndindən
çıxan Möhbalı Əmiraslanov isə bu axına
qoşulmadı.
Kreml
riyakarlarının yox, atası Hacı Firidunun kişilik yolu ilə
getdi... Və elə həmin
yığıncaqda ermənicə “Kommunist” qəzetinin
redaktoru Amirxanyan Bağırova qarşı cəfəng
itthamlar irəli sürdü. Guya Bağırov cazibədar
qadınları layiq olmadıqları yüksək vəzifələrə
irəli çəkib, onlardan intim məqsədlər
üçün istifadə edirmiş... Qubadlının
Eyvazlı kəndində pərvazlanan və Mərkəzi
Komitənin büro üzvlüyünə yüksələn
Zəhra Kərimova Amirxanyanın çirkin sözlərini
qüruruna sığışdırmadı. O, etika
qaydalarına əməl etmədən yerindən qalxıb
icazəsiz xitabət kürsüsünə doğru irəlilədi...
Zalda qəribə bir anlaşılmazlıq
yarandı. Axır ki, Pospelov işə
qarışmalı oldu. Və onun göstərişi
ilə Amirxanyanın çıxışı
dayandırıldı. Zəhra Kərimovaya
söz verildi. Zəhra Kərimova
Amirxanyanın dediklərinin yalan, iftira olduğunu dəlil-sübutlarla
ifşa etdi. Onun sözləri Pospelovun xoşuna gəldiyindən
hiss olunmadan hərdən dodağı qaçırdı... Kişi xislətli Z.Kərimovanın haqq sözlərini
bir nəfər belə təkzib edə bilmədi. Amirxanyan isə deməyə söz
tapmadığından müqəvva kimi quruyub
qalmışdı. Və Kərimovadan
sonra nitqini bir təhər tamamlayıb xitabət
kürsüsünü suyu süzülmüş tərk etdi.
Zəhra Kərimovanın belə bir cəsarətli hərəkəti
əyləşənlərin pıçıltılarında
rəğbətlə dolaşırdı.
lll
Ötən əsrin əllinci illərində
Muradxanlı orta məktəbində direktorun tədris işləri
üzrə müavini işləyirdim. Günün
axırında direktorla birlikdə kənd həkim məntəqəsinə
döndük. Əslən bakılı
olan tibb məntəqəsinin müdiri Əliabbas Kərimovla
söhbət edirdik. Əynində xəz
haşiyəli, məxmər arxalığı olan orta boylu
bir qadın şəstlə içəri daxil oldu. O, təmkinlə
salam verib ötkəm əda ilə həkimdən
soruşdu:
-
Bakılı balası, sizdə sulfiddin var?!
Həkim
gülümsəyərək:
- Tavad
xanım, sizin üçün tapılar, - deyib tez yan
otağa keçdi və əlində bükülü
kağız geri döndü.
Qadın qəddini əyib həkimdən dərmanı
alanda onun arxalığının altından
gümüşü xəncər göründü. Təəccübləndim.
Çünki o vaxtlar sadəcə ov
bıçağı belə gəzdirmək xatalı idi.
Bu çevik tərpənişli qadının
kimliyi ilə maraqlandım. Direktor dedi ki,
Başaratdandır. Ona “Xəncərli Tavad”
deyirlər. O vaxt xozabirt erməniləri
qardaşını işgəncə ilə qətlə
yetiriblər. Tavad atasının göz
yaşlarına dözməyb. Xəlvəti
silaha sarılıb, qardaşının bütün qatillərini
məhv eləyib. İndi də hər
ehtimala qarşı xəncərli gəzir. Rayonun inzibati orqanları da bunu bilir. Ancaq ona toxunmurlar.
lll
Rayon mərkəzindən kəndimizə gedən piyada
yol dərin dərələrdən, sıldırım
yamaclardan, sərt qayalıqlardan keçir. Ötən əsrin
qırxıncı illərində üç nəfər
oğlan, bir də ki, Mərziyə müəllimə rayon mərkəzində
xırda-para işlərimizi görüb, günbatana yaxın
geri döndük. Gölcük dərəsinə enəndə
dolu bədənli, orta boylu bir nəfər irəlidəki
qayanın arxasından çıxıb əlindəki
beşaçılan tüfəngin lüləsini bizə tərəf
yönəldərək hökmlə:
-
Düşün qabağıma,- deyib bizi
sol tərəfdəki meşəyə döndərdi. Yoldan
xeyli aralaşandan sonra bir açıqlıqda bizi
dayandırdı və:
- Nəyiniz
var, qoyun ortalığa, - dedi.
Dükan-bazardan
aldığımızı, cibimizdəki qəpik-quruşumuzu
dinməz-söyləməz qoyduq qaçağın
qabağına. O, üzünü Mərziyə müəlliməyə
çevirərək:
- Siz nə
verdiniz?
-
Üç yüz manat pul, beş paltar
sabunu, on əl-üz sabunu, on iki metr cuna, səkkiz metr sətin
parça. İyirmi beş yaşı olan, xaricən bir qədər
cazibədar görünən Mərziyə müəllimə
cavab verdi.
Qaçaq
baxışlarına ciddi ifadə verərək:
- Namus
üstündə qaçaq düşmüşəm, - dedi.
- Qırmızıpapaqlılar gecə-gündüz məni
izləyir. Hər dəqiqə məni
ölüm gözləyir. Ancaq
azadlığımı itirsəm də, müsəlmançılığımı,
dinimi, namus-qeyrətimi itirməmişəm. Bu dünyada qadın qarət eləyib o dünyaya
şuğlüzmə gedə bilmərəm. Ona görə də sənin bir çöpün də
mənə lazım deyil. Nəyin var,
hamısını götür.
lll
Qaçaq Nəbi ilə onun həyat yoldaşı Həcərin
qoçaqlığı aləmə bəllidir. Onların cəsurluğu,
igidliyi Azərbaycan tarixinə qızıl hərflərlə
həkk olunub.
lll
Ötən əsrin əvvəlləri idi. Qalın qar
yağmışdı. Soyuq adamın iliyinə
işləyirdi. Abdalanlı kəndindən
olan İbadulla ilə Cəbrayıl qardaşları
Əliquluuşağına təşrif gətirmişdilər.
İbadulla Gorus qazamatında dustaq olan Qaçaq Qəbilin
sifarişini camaata belə çatdırdı:
- İbadulla, tale məni ermənilərin tələsinə
salıb. Bir həftəyə qədər qətlə yetirilməliyəm.
Yaxşı bilirsən ki, ölümdən
qorxan deyiləm. Ancaq istəmirəm ki,
qanım erməni torpağına tökülsün.
İbadulla
üzünü camaata tutaraq:
- Ey
Əliquluuşağı camaatı, nəyin bahasına
olursa-olsun, Qaçaq Qəbili xilas etməliyik. Ancaq
bəri başdan deyim ki, bu yol ölüm yoludur. Sizlərdən
də kim istəsə könüllü
bizimlə gedək.
Əliquluuşağından da bir neçə nəfər
İbadulla ilə Cəbrayıla qoşuldu. Qışın
oğlan vaxtı, qaranlıq gecədə İbadulla ilə Cəbrayıl
qardaşlarının başçılığı ilə
Gorus qazamatı dağıdıldı. Bütün
dustaqlar azad edildi. Qaçaq Qəbil azad
olundu.
Bu hadisənin canlı şahidləri
danışırdılar ki, qaçaq Qəbili Mirzəmmədin
evinə gətirmişdilər. Mirzəmmədin
anası Göyçək arvad Qəbilin soyuğa
düşmüş yalın ayaqlarını qarla ovurdu.
lll
Mingəçevir dənizini yaradan, bozumtul düzlərdə
Sumqayıt kimi sənaye şəhəri salan fədakarlardan
biri Çərəli kəndindən olan Kamran Hüseynovdur. Sovetlər
dövründə neft sənayesinin inkişafında misilsiz
xidmətləri olan SSRİ Elmlər Akademiyasının
müxbir üzvü Əli Əmiraslanov on doqquz evli Balahəsənli
kəndindəndir. Uzun illər Azərbaycanın Ali
Sovetinə başçılıq edən Nəzər Heydərov,
elm-ədəbiyyat sahəsində silinməz izləri olan
Əhliman Axundov, Həsi Abdullayev, şair Qasım Qasımzadə,
elm xadimləri Mədəd Allahverdiyev, Həbib Şirinov
Qubadlı elinin yetirmələridir...
lll
Burada qeyd etdiklərimin bir çoxu qısa da olsa əsərlərimdə
əksini tapıb. Bunları təkrar-təkrar deməkdə
məqsədim, məramım odur ki, üzbəüz
olduğum müəllimlər, şagirdlər bir daha bilsinlər
ki, onlar kimlərin xələfləridir. Mənə
əziz olan həmyerlilərim hansı məkandan, hansı
kökdən, hansı nəsildən-nəcabətdəndirlər.
lll
Məktəblilər bəzi əsərlərimin əsasında
əvvəlcədən hazırlanmış kiçik səhnəcikləri
peşəkarlıqla nümayiş etdirdilər. Maraqlı
sual-cavablarımız oldu. Onların bilik səviyyəsi
məndə xoş ovqat yaratdı.
lll
Görüşümüzün rəsmi hissəsi
başa çatdı. Həyətə çıxdıq.
Ətrafa göz gəzdirdim. Ancaq... Ancaq Bərgüşad görünmədi ki,
görünmədi. Xəyalım
dolandı. Özümü ulu göylərə tutub demək
istərdim:
- Tezliklə
erməni əsirliyindən xilas olasan, Bərgüşad!!
Heç vaxt məcrandan çıxmayasan, suyun qurumasın,
yolun rəvan olsun, Bərgüşad!!
Cahıllığımda sevincim, ahıllığımda qəmim-kədərim,
Bərgüşad!!! Yazıb-pozduğum bəyaz kağızlar
kimi sahilində qalan izimi, sözümü, həsrətli
baxışlarımı əmanət saxla, Bərgüşad!!
Çətin məqamlarda Qubadlı el-obasına həyan ol, Bərgüşad!!
Qışda suların buz bağlayanda, qərib ölkələrdən
quşların qonaq gələndə, baharda sahillərin əlvan
gül-çiçəklərlə bəzənəndə
gecə-gündüz həsrətini çəkən bu qələm
əhlini də yad et, Bərgüşad!!
Bir də ki, yoxluğumda, yazılarımın xeyirxahları o
tərəflərə güzar salsa, həzin nəğmələrinlə
onları da şad et, Bərgüşad!!
Məktəblilərin gah şən, gah məyus
davranışı məni xəyal dünyamdan ayırdı. Vaxtilə
müəllimlik etdiyim illərə qayıtdım. Məni əhatə edən maarif işçiləri
ilə, məktəblilərlə həmsöhbət oldum.
İcra başçısının müavini
Xoşqədəm Alıyeva, maarif şöbəsinin
müdiri Afət Allahverdiyeva, məktəbin direktoru Hümbət
Hümbətəliyev nikbin əhval-ruhiyyə ilə
danışırdılar. Onların öz dili ilə desək,
yaman günün ömrü az olar. Belə çətin məqamda elmə, təhsilə
daha çox diqqət göstərilməlidir. Şagirdlərin dərin biliklərə yiyələnməsi
üçün necə səy göstərdiklərindən
vəcdlə danışırdılar. Elmin
çeşməsi məktəbdir. Müəllimlər
onun duruluğunu qorumağı, insan qəlbinin mühəndisləri
kimi özlərinə borc bilirlər.
lll
Rayonun icra aparatı üçün yeni bina tikilib. Burada hər
şey yerbəyerindədir. İşçilər
üçün normal şərait yaradılıb. Qubadlının həyatını əks etdirən
muzey diqqətə layiqdir. Rayonun vaxtilə
üzdə olan, xoş xatirələrdə yaşayan
adlı-sanlı adamları üçün guşələr,
lövhələr düzəldilib. İcra
başçısı Malik İsaqov el-obasının
qayğısı ilə yaşayır. O, vaxtilə
Sumqayıtın sənaye müəssisələrində
çalışıb, fəhlə məktəbi keçib, ədəb-ərkan
sahibidir. Mən jurnalist kimi yarım əsrə
yaxın respublikamızın şəhər və kəndlərini
dolaşmışam. Bir çox mənada
bunu dilə gətirmək bir qədər çətin olsa da
qətiyyətlə deyərdim ki, o vaxt təmasda olduğum
birinci katiblərin çoxundan yuxarı dayanır. Onun
işgüzarlığı, təşkilatçılıq
qabiliyyəti, hər kəslə öz dilində danışmaq mədəniyyəti,
nəcibliyi, nəzakəti... məndə məmnunluq
yaratdı. Yaxşı ki, belə bir çətin
məqamda Qubadlı el-obasının gün-güzəranı,
dor-dolanışığı belə bir təcrübəli,
səriştəli ziyalıya tapşırılıb. Çalışır ki, qubadlılar bu qərib
diyarda çətinlik əzabına düçar olmasın.
Malik müəllim bu barədə respublika
başçılarından razılıq etdi. Qaçqınların və köçkünlərin
dərd-səri ilə məşğul olan Əli Həsənovdan
minnətdarlıqla danışdı.
lll
Bu yerlərdə müvəqqəti məskunlaşmış
həmyerlilərimdən xoş təəssüratla
ayrıldım. Lakin fikrim Qubadlısız qubadlıların yanında
qaldı...
Qubadlı elinə görüşə
getdim,
Elə bil Kəbəni ziyarət
etdim.
Ancaq Bərgüşadın gəlmədi
səsi,
Qeyb oldu qəlbimin nuru, şöləsi.
Qalıb intizarda aranı,
dağı,
Pozulub kəndlərin əzəl
növrağı.
lll
Serjlər sevinməsin bəd əməlindən,
Fil belinə minib qürrələnməkdən,
Ohanyan cavabın alacaq yəqin,
Qazdığı quyudan
çıxması çətin.
Qisas yerdə qalmaz deyib babalar,
Tarixin dərsindən bixəbər
haylar.
15 may 2015
Əli İldırımoğlu
525-ci qəzet.-
2015.- 17 iyul.- S.14-15.