Mətbuat və jurnalistikamızın
Rəşidi
Bu gəlimli-gedimli dünyada
hər kəsin öz yeri, hər
nəsnənin öz dəyər olduğunu görən və olduğu kimi göstərən Azərbaycan
jurnalistikası tarixində
elə kimsələr
var ki, onları
zaman-zaman xatırlamaq,
yenidən oxumaq vacibdir.
Həsən bəy Zərdabidən
günümüzədək belələri az
olmayıb. Onlar Azərbaycan cəmiyyətinin
inkişaf qayğıları
ilə yaşadığına
görə gələcəyə
yönələn yolumuzun
yolgöstəricisi olub,
xalqımızın milli-mənəvi
dəyərlərinin qoruyucuları
kimi tarixin yaddaşında qalıblar.
Heç şübhəsiz
ki, bu günlərdə
“İki sahil” qəzeti səhifələrində
məqalələrini oxuduğum
Rəşid Faxralı
da həmin əbədiyyət yolçuları
kimi tarixin yaddaşında öz dəsti-xətti ilə seçiləcək, milli
irsimizə varis olduğuna görə həmişə rəğbətlə
anılacaq. Bu fikri Rəşidin “İki sahil”dəki məqalələr
toplusu olan “Söz üzərlikdir” adlı kitabı əsaslı şəkildə
təsdiqləyir, onun
vətəndaş mövqeyi,
yaradıcı şəxsiyyət
kimliyi, dünyabaxışı haqqında müfəssəl məlumat
verir. Belə olduğuna görədir ki, Rəşid oxucusu ilə dərdləşməyi bacarır,
deyir ki: “Dərdləşmək ifadəsinin
bir çaları da söhbətləşməkdi,
ağrılı mövzuları
çözməkdi, bu
və ya digər mövzuda mükalimələşməkdi, dərdi bölüşməkdi.
Xalqa, millətə ad
olan məqamlar kimi...”
Jurnalistikanın dəyərini-kommunikativliyi, yəni kütləvi ünsiyyət qurmağı
dərdləşmək kimi
qiymətləndirən Rəşid
Faxralının məqalələrində
vətən, xalq, millət, dövlətə bağlı
mülahizələr diqqət
mərkəzindədir. O hər
şeydən önsə
ictimai faydalı həqiqətləri axtarır,
həmvətənlərinə hər zaman gərəkli olan nəsnələrin izahına
çalışır, bildirir
ki, “Şəhidlik xalqın yaşam, var olma düsturudu...”
... “Gülüstan” müqaviləsi
ilə ikiyə bölünmüş xalqımızın
azadlıq mübarizəsi
yerə-göyə sığışmırdı.
İmperiyanın nə gücü,
nə silahı-yarağı,
nə cəza üsulları xalqımızın
iradəsini sarsıtmağa
qadir deyildi, “yatmış vulkan” (M.Araz) oyanmışdı.
Xalq zülm, əsarət, milli gözügötürməzlik, ... buxovunu sındırmaq,
dağıtmaq üçün
ayağa qalxmışdı.
İmperiya bu hərəkatı
özünə dar ağacı bilirdi. Belə olmasaydı, bu həddə quduzlaşmazdı; son nəfəs
ərəfəsində canlılar
bir qədər dirçəlir, son nəfəsin
ömrünü uzatmaq
üçün hər
şeyə əl atır...
1990-cı ilin 19 yanvar
gecəsi qaranlığın
o üzündən bir
işıq sızırdı. O işıq
xalqın vətən
sevgisiydi, milli hissiyyat nuruydu. Küçələrə axışanlar
bu işığın,
bu nurun zərrəsiydi..
Rəşid Faxralının yazılarındakı
inandırıcılıq, etibarlılıq, təsiredicilik
onun xalq dilində açıq-aydın
danışması ilə
bağlıdır. Rəşidin publisistikasında fəlsəfi
təhlil, sosial dəyərlər, milli mənəvi ehtiyaclar diqqət mərkəzindədir.
Bütün bunlar sözün
ilahi gücü, fikrin səlisliyi, ifadənin aydınlığı,
sərrastlığı ilə
maraq doğurur, jurnalistə rəğbət
yaradır. Rəşidin sözü ona görə etibarlı, ona görə maraqlıdır ki, burada milli tarix
həqiqətləri və
tale ağrı-acıları var. Rəşid Faxralı doğru deyir ki, “1920-ci ildən 1991-ci ilə kimi sözümü
sıxılcımlar çəksə
də (Sibir xofu, məhkumluq) sınmadı; məmləkətimiz
kimi “Əkinçi”nin,
“Molla Nəsrəddin”in
nurundan qopan sözümüz də azadlığa çıxdı.
Yeni jurnalistika yeni-yeni nəfəslə, yeni sözlə gəldi.
Mətbu
söz daşıyıcılarından
biri də “İki sahil” qəzeti oldu.
Sözün qüdrətinə kim inanmır ki. “İki sahil”də
bu qüdrətə tapındı...
Söz daşıyıcılarının
(mətbu orqan) hamısı eyni deyil. Sözə yük olan da var, sözün
yükünü çəkən
də. Söz daşıyıcılarından
sözü qul edən də var, sözə qul olan da.
Sözün qəhrini çəkən
də var, sözün qəhri olan da. Sözə can yandıran da var, sözün
canını yandıran
da. Sözün kölgəsinə sığınan da var, sözü kölgəsinə dustaq edən də. Sözü yaşadan da var, sözə daş atan da.
Sözdən ömür
alan da
var, sözün ömrünü alan da. Sözü ruhuna tən
bilən də var, sözün ruhunu tən bölən də”.
Rəşid Faxralının klassik Azərbaycan jurnalistikasının yolgöstərənlərinə ardıcıl istinad etməsi onun sözünün ictimai dəyərini artırır, fəlsəfi mühakimə gücünü və hədəfini müəyyənləşdirir. Müasir dövrün texniki yenilikləri, İKT-nin imkanları artdıqca jurnalistikanın da tipi dəyişir, daha çox xəbərçilik prinsiplərinə əməl edilir. Lakin şükürlər olsun ki, analitik jurnalistikanın kütləvi kommunikasiyada yeri görünür, müasir informasiyalı cəmiyyət quruculuğunda rolu və faydalılığı öz əhəmiyyətini itirmir. Rəşid Faxralının publisistikasındakı bütöv və abad vətən, güclü dövlət, milli mənəvi dəyərlər, azad söz və sair haqqında işıqlı düşüncələr əsas verir deyək ki, müasir mətbuat və jurnalistikamızın ictimai faydalı əməllər uğrunda mübarizə aparan, daha xoş günlər arzusu ilə yaşayan Rəşid oğulları irs-varislik əlaqələrini bundan sonra da yaşada biləcəklər.
Şamil Vəliyev
525-ci qəzet.- 2015.- 17 iyul.- S.15.