Atəş səsləri qulağımda
...Atası qoşalüləni zirzəmidən gətirdi, üstünə sarıdığı köhnə bezi tələsə-tələsə açdı. Sonra ora-bura vurnuxdu, aynabənddəki
şkafdan göy daş və maşın yağı gətirdi,
stulda oturub tüfəngi silməyə, ora-burasını yağlamağa
başladı. Arvadı əvvəlcə 9 yaşlı oğluna
baxdı, sonra da ərinə işarə elədi: yəni
uşağın gözünün qabağında niyə belə
edirsən?
“Uşaq” deyilən Umudun topu uşaqlarda
qalmışdı. Bu barədə atasına demək istəyirdi,
amma ürək eləmirdi. Atası əsəbi
və qayğılıydı. Bunu onun əl hərəkətlərindən
də bilmək olardı, həm də öz-özünə
kiminsə qarasına
deyinirdi.
Bir neçə gün əvvəl hökumət kənddəki
silahların hamısını yığmışdı,
barışıq üçün.
- Ermənilərə
etibar yoxdu, - evin kişisi dedi, - Göydərə tərəfdə
yaman qaynaşırlar.
Körpə bacısı anasını
dartışdırdı, anası o biri otağa keçdi,
uşağı yatızdırmaq üçün.
-Topum
uşaqlarda qaldı, -deyə Umud atasının üzünə
baxdı.
Atası
acıqlı-acıqlı:
- İndi top vaxtıdı? -dedi.
Uşaqların
anası bir
azdan qayıtdı. Patronları doldurmaqda ərinə
kömək elədi. Patron gilizdən,
qırma və köhnə qəzet
qırıntılarından ibarət idi. Onları
uşaq da doldurardı, amma topu hardan alasan. Nahaq verdi. Umud ata-anasına baxa-baxa
ürəyində belə fikirləşirdi. Onu da fikirləşirdi ki, görən, atası
uşaq olanda top-top oynayıb.
- Əgər
bir şey olsa, məni gözləmiyin, Araza tərəf gedin,
Umud o yolları yaxşı tanıyır, - atası belə
dedi və oğluna baxdı.
Umud başıyla təsdiqlədi.
- Hə,
tanıyıram, -dedi, - ordan o qədər keçib getmişəm
ki...
Bu
sözləri deyəndə bir az
forslandı da, yəni, uşaq deyiləm ha! Doğrudan
da atasıyla Araza balıq tutmağa çox getmişdi.
Həmin yol qaratikan kollarıyla doluydu, aradabir
dağdağan və saqqız ağacları da gözə dəyirdi. Bir az
aralıda isə tala-tala bitmiş daş armud ağacları
vardı. Ötən payız uşaqlara
qoşulub o qədər yemişdi ki, qarnı bərkimişdi,
evlərilə ayaqyolunun arasını səhərdən
axşama kimi ölçmüşdü. Təpəliyin
aşağısında “subasar”dı. Yazda
Araz məcrasından çıxır və yaşıl
çəmənlikləri örtürdü. Balıq da tutmaq olurdu. Hələ
bir dəfə sinif yoldaşı ilə balıq üstündə
dalaşmışdı da. Balığı ikisi
tutmuşdu: biri balığı qırağa
atmışdı, o birisi sürüşüb suya
düşməyə qoymamışdı. Di gəl, ayırd
elə görüm kim haqlıdı? Ona görə də balığı
atmışdılar çaya.
Atası
yarı pıçıltı, yarı qəzəblə
danışırdı:
- Bu
axşam növbə mənimdi, bəlkə Qəbil də mənnən
getdi. Sağ olsun, o da beşaçılanı vermiyib, amma
ikincidə tutulur, atmır. Bilalın da bir qəməsi var.
Sabah “Sarı təpə”nin
döşünü şumlayajam. Qoy, ermənilər
görsünlər ki, özümüzə arxayınıq.
Dığa köpəyuşaxları.
- Səni
vurarlar, - arvadı çəkinə-çəkinə etiraz
elədi.
- Qələt
eliyərlər.
- Dədə,
mən də səninlə gedəjəm.
- Bəs
dərsə kim gedəjək? -”dədə” dediyi atası ona tərs-tərs
baxdı.
Umud güldü.
- Sabah dərs
yoxdu. Bazardı.
Atası onun bu sözündən tutuldu. Zamanı
unutduğuna görə.
- Evdə
qalıb quşatan düzəldərsən. Bir
azdan buraları sığırçınlar basajax. Onda
kara gələr. İndi isə get yat,
gejdi.
Umud dodağının altında nəsə
mızıldandı və yatmağa getdi.
Ər-arvad tək qaldılar.
- Gərək
sizi əvvəldən şəhərə göndərəydim,
- əri patronları patrondaşa düzə-düzə
söyləndi.
Patrondaş tam dolmamışdı, ona görə
dörd giliz də doldurdu.
Arvadı:
- Səni
qoyub gedə bilməzdim, - çəkinə-çəkinə
dedi.
Qurdbasar xırda kənddi, 7 evdən ibarətdi. Evlər
bir-birindən o qədər uzaqdı ki, güllə atsan
eşidilməz. İki ailə erməni-müsəlman
davası başlayandan burdan köçüb. Yerdə qalan 5 ailənin ikisinin arvad-uşağı
ötən həftə “Qaz-69”la burdan
çıxarılıb. Üç ailə
isə kənddə qalıb. Sağ tərəfdəki
yüksəklikdə üç kişi
növbəliklə kəndi qoruyur. Rayondan xəbər
göndəriblər ki, ermənilərlə
danışıblar, hücum olamayacaq, amma bərayi-ehtiyat
ayıq olsunlar.
- Necə
ayıq olaq? Kənddə hərənin
iki-üç tüfəngi vardı hamısını
yığıb apardılar. İki tüfənglə
neyləmək olar! -deyə evin kişisi
öz-özünə deyindi. Sonra
arvadının hazırladığı bağlamanı
götürüb evdən çıxdı.
Umud güllə səsinə oyandı. Səhər
yenicə açılırdı.
Anası onu durquzdu. Körpəni geyindirməyə
başladı. Umudla bacısı İlahənin
arasında üç uşaq da olmuş, amma körpəykən
ölmüşdülər.
- Umud, sən
özün geyin, - nənə gözlərinə qurban.
Umud mızıldandı. Yenə də topun
davasını eliyirdi. Bu zaman evin kişisi
püfərək içəri girdi.
- Bizə
vaxtında demiyiblər, ermənilər hər tərəfdən
gəlirlər, ən çox da kəndin
aşağısından. Siz kənddən
çıxana kimi onları saxlıyarıq. Umud, dədə,
sən aşağı cığırla get. Özün
də qorxma. Nənəni də (bu yerlərdə
anaya nənə deyirdilər), bacını da sənə
tapşırıram.
Fikirləşməyə vaxt yoxuydu. Arvadı
döyükə-döyükə ərinə baxdı.
Əri:
-
Gözünü üzümə nə zilləmisən,
uşaqları qurtar! - acıqlı-acıqlı
qışqırdı.
Körpə atasına baxıb qorxdu və ağladı. Atası səhv elədiyini
başa düşdü, uşağın başını
sığalladı:
- Qorxma,
-dedi.
Qaratel bağlamasını götürdü, körpəni
dalına şəllədi və arxaya baxmadan getdilər. O biri iki evin
arvad-uşağı bir az əvvəl
getmişdilər. Ayaq izləri də aydın
görünürdü.
Bağlamalardan birini Umuda yüklədilər. Ədyal idi.
Yolda lazım olardı. Havadan
yaz qoxusu gəlirdi. Bir neçə gün
əvvəl bərk yağış yağmışdı deyə
cığırın bəzi yerləri sürüşkən
idi, qalan yerlər isə incəvardan
qumsallığıydı.
Qaratel təpənin başında dayanıb kəndə
göz gəzdirdi. Həyətlərindəki ağaclar yenicə
çiçəkləmişdilər. Uzaqda
örüş yeri və ərinin bayaq qaçıb getdiyi
kolluq basmış dərə-təpə uzanırdı.
Umud
yükünü yerə qoydu və:
- Topum
qaldı, -deyə mızıldandı.
Anası ona acıqlandı.
-
Atanı demirsən, topun dərdin çəkirsən. Hamı gedib, sənin topun da.
-
Özümə görə demirəm, e. İkuş onnan
oynamağı xoşluyurdu, -dedi və İlahənin
qıvırcıq saçlarını qarışdırdı.
Uşaq quş balası kimi ağzını
açıb səssizcə güldü.
Yaxşı futbol oynamalı havaydı. Gün
üfüqdən qızarırdı, yer bir azdan qupquru
olacaqdı.
Qaratelə elə gəldi ki, əri uzaqdan onları
görür və əl edir ki, getsinlər. Bəlkə də
gözünə görünən ilğım idi. Getməyə həvəsi yoxuydu. Ərini qoyub getmək istəmirdi. Amma getməlidi, əri belə istəmişdi.
“Fazil” deyə yarı pıçıltıyla dedi.
On
üç il bundan əvvəl Fazil ilk dəfə
ona bacılığından söz göndərmişdi. Fazil əsgərlikdən yenicə gəlmişdi və
elin adətinə uyğun olaraq evlənməliydi.
Əsgərliyi qurtardın, oldun kişi.
Əvvəlcə hər kəsə kəndin bir
böyründən ev tikirdilər, sonra da
evə gəlin gətirirdilər. Kənddə
ayda-ildə toy olurdu. Onda da o qədər
oynayırdılar ki, üç gün-üç gecə
yıxılıb yatırdılar.
Həmin gün qızlar pencər yığmağa
getmişdilər. Tərs kimi leysan yağmış və Qaratel
bacılığı ilə kəndin ayağındakı
birinci evə qaçıb girmişdi: Fazilgilin evinə. Qismətdən qaçmaq olmaz. Bir
müddət çardağın altında
dayanmışdılar. Fazil pəncərədən
onlara baxırdı, yağış damcıları pəncərədən
aşağı süzülür və xırda arxa
dönüb axırdı, damın üstündə
ildırım şaqqıldayırdı...
O günlər
keçmişdə qalmışdı, amma indiki qədər
aydın və duruydu.
Təpədəki cığır əvvəlcə
bağlara, sonra Araza düşürdü. Elə də
uzaq deyildi.
Aşağıdakı asfalt yoldan tırtılların səsi
gəlirdi. Qaratel vahiməyə düşdü. Əri
demişdi ki, ermənilər hər tərəfdən gəlir:
həm aşağıdan - Füzuli tərəfdən, həm
də yuxarıdan - Mincivan tərəfdən.
Tələsmək lazımıydı. İlahə
elə hey ağlayırdı, “çiş” istəyirdi. Umud şələsini tez-tez yerə
qoyub, nəfəsini dərirdi, anası onu tələsdirirdi...
Nəhayət, çatdılar. Aşağıda Araz idi: enli və
lam. Bəzi yerlərdə su daşlara dəyib
ləpələnir, köpüklənirdi. Ora girmək ölümə bərabəriydi, amma
düşmən əlinə keçməkdənsə, nə
olur-olsun adlamalıydılar. Qaratel
özündən yox, balalarından qorxurdu.
Aralıdan bir əsgər göründü. Azərbaycanca onları
çağırdı:
- Orda nə
veyllənirsiniz! - deyə
qışqırdı, - o tərəfə keçmək
lazımdı.
Araz
özü ilə müxtəlif ev əşyaları
gətirirdi. Aralarında alabəzək bir top da vardı. Bu, Umudun gözündən yayınmadı. Heyfsləndi. Görünür,
yuxarı başın camaatı əşyalarını suya
buraxmış, özləri isə o tərəf
keçmişdilər.
Əsgər danışa-danışa onlara tərəf
gəlirdi.
Qaratel:
-
Uşaqları su aparar, - dedi.
Əsgər:
- Mən
sizə dayaz yeri göstərərəm, bayaqdan xeyli adam
adlatmışam, köhnə bəndin üstündən, -
dedi, - amma yüklərinizi apara bilməyəcəksiniz.
- Bəs
bunları neyliyək?
- Burda
qoyun. Bu əski-üskü canınızdan
artıqdı?
Qaratel dinməz-söyləməz şəlləyini
açdı.
Balaca düyünçəsi şəlləyin
içindəydi. Ailənin bütün
gümanı ordaydı.
Əsgər İlahəni qucağına aldı,
şalla qarnına bərkitdi.
-
Düyünçəni də mənə ver, - dedi.
Qaratel duruxdu.
- O tərəfdə
qaytararam, - əsgər dedi və düyünçəni
alıb cibinə qoydu.
Yuxarıya tərəf getdilər. İki il
əvvəl Güneylə Quzey arasındakı sərhəd məftilləri
qırılmış, kimsə, yaxud kimlərsə bəndin
üstündən o tərəfə yoğun məftil
atmışdı. Əsgər sağ əli ilə
məftildən tutdu. Məftil yellənirdi.
Bir iki yerdə çaya dəmir payalar bərkidilmiş,
məftil də ora bağlanmışdı. Amma xeyri yoxdu, məftil ləngərləyirdi.
Qaratel arxaya dönüb əri qalan tərəfə
baxdı, amma təpələr görünmürdü,
bağ-bağat onun qabağını kəsmişdi. Qaratelin
gözlərində yaş damcıları puçurladı.
Umud əsgərin enli toqqasından, Qaratel oğlunun
belindən yapışdı. Arazın ən
qıjav yeriydi. Köhnə bənd
dağılsa da, enli və sürüşkəniydi. Daşlar mamır bağlamışdı. Onlar asta-asta, ayaqlarının altını
yoxlaya-yoxlaya gedirdilər. Bir azdan su
Qaratelin dizinə, Umudun qarnına çıxdı.
Əsgər:
-
Bir-birinizdən bərk tutun, -deyə qışqırdı. Bu zaman Qaratelin ayağı sürüşdü və
suya yıxıldı, oğlunu da özü ilə
dartacağından qorxub əllərini buraxdı. Su onu üzü aşağı apardı.
- Nənə!
- deyə Umud qışqırdı və özünü onun
arxasınca atmaq istədi. Əsgər sol əlini
atıb onu bərk-bərk saxladı.
-
Hara!?-deyə qışqırdı...
İlahə qorxusundan çığırıb
ağladı.
Sahilə çıxdılar. Qarşıdakı təpəlikdə
əsgər postu vardı. İranlı əsgər
və zabitlər dinməz-söyləməz onlara
baxırdılar.
Anasının
son sözü qulaqlarında qalmışdı:
- Umud!!!
Uzaqda - kənd tərəfdən
atışma səsləri gəlirdi...
Körpə
kirimək bilmirdi, əllərini köpüklənən
dalğalara tərəf uzadıb ağlayırdı.
Umud bacısını qucağına aldı. Əsgər onların hər
ikisinin başını tumarladı, sonra isə:
- Burda
dayanmayın gedin, orda sizi gözləyirlər. Mənsə
geri qayıtmalıyam. Hələ gələnlər
çox olacaq...
Xeyli aralıda naməlum kənd görünürdü.
...Umud gedə-gedə
hıçqırır və ağlayan bacısını
ovundurmaq üçün:
- Sənə
alabəzək top alajam, - deyirdi...
Fevral - iyul 2015
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2015.- 17 iyul.- S.16.