Bir il Adilsiz

 

ŞAİR ADİL MİRSEYİDİN VƏFATININ

İLDÖNÜMÜ TAMAM OLDU

 

özümü dəfn elədim bir axşam

şəhərin mərkəzində balaca bir bağda

bir zeytun ağacının altında

bağışla zeytun ağacı torpağına şərik oldum

asfalt altında yatmaq istəməzdim...

...kölgəndə öldüyüm zeytun ağacı

səni ağlatdım bağışla bacı

səndən yaxın kimsəm yox bu talesiz şəhərdə.

 

Adil Mirseyid bu şeiri yazanda yaşı otuza çatırdı, amma yaşadığı bu işıqlı dünyadan getmək, özü də “şəhərin mərkəzində balaca bir bağda bir zeytun ağacının altında” dəfn olunmaq arzusunu beləcə ifadə etmişdi. Yaşadığı kirayə evlər, özünü, ailəsini dolandıracaq qədər maddi təminatının olmaması onu sıxır, bir insan kimi ruhunu əzirdi.

 

Gözüm görə-görə ötüb keçir gəncliyim

rahatlığım var, nə də dincliyim

neçə yol qırıldı qolum-qanadım

neçə yol yaramı açdım qanatdım

su kimi hər qaba axıb dolmadım

xəyanətlər gördüm xain olmadım

...akvariumda yaşayıram elə bil

akvariumda yaşamaq səadət deyil.

 

Əlbəttə, akvariumda yaşamaq bir balıq üçün bəlkə də səadət idi, amma insan istəkləri, yaşamaq yanğısı, azadlıq ehtirası balıq xoşbəxtliyinə sığışdırıla bilməz. İnsan biləndə ki: “qürbət dediyin ana yurddan başlanır”, “yuvasız quşam ayrılıqda”, “hətta ay işığı da üz döndərmişdi məndən”... o zaman ölüm haqqında düşünür.

 

yenə könlüm havalandı

mən zavallı daha gözəl bir dünyanın

şairi olmalıydım.

 

Yaşa doldu. Yenə o sıxıntılı günlər, yenə evsizlik, yenə maddi və mənəvi üzüntülər və ömrünün son illərində onun yaxasından əl çəkməyən xəstəliklər öz işini görsə də, Adil Mirseyid bu sıxıntılar içində yaşaya-yaşaya Azərbaycanın üzdə olan şairlərindən biri kimi tanındı. Onun çoxlarında qıcıq oyadan, bəzilərinə müəmmalı və mücərrəd görünən şeirləri ədəbiyyatımızın öndərləri tərəfindən layiqincə qiymətləndirildi. Xalq yazıçıları Anar və Elçin eyni ildə - 1997-ci ildə Adil Mirseyidin poeziyasından ürək açıqlığı ilə söz açdılar. Anar müəllim yazırdı ki: “Adil Mirseyidin həzin, qüssəli, yalqızlığa və kədərə bələnmiş, çox vaxt ümidsizlik içində çabalayan və çırpınan poeziyası məndə bu şairin gələcəyinə böyük ümidlər doğurur. Çünki poeziyaya çevrilmiş ümidsizlik-ümiddir”. Elçin müəllim əvvəlcə “Ürəyimin nar çiçəyi” adlı kiçik bir yazı yazdı, bir neçə il keçəndən sonra Adil Mirseyidin poeziyasının bənzərsizliyini isbata yetirən “Elitar poeziya” məqaləsini qələmə aldı və o yazıda Adilin artıq özünü təsdiq etmiş elitar bir şair olduğunu nəzərə çarpdırdı: “Adil o şairdi ki, hamı üçün doğma ola bilməz, şeirləri kütlənin ürəyinə yol tapa bilməz və elitar sözünü biz hissiyyata aid etsək, o zaman Adil bir qrup seçmənin şairidir, elitar şairdir”.

Sonralar Adilin şeirləri haqda Vaqif Səmədoğlu, Fikrət Sadıq, Rüstəm Kamal, Vaqif Yusifli, Cavanşir Yusifli və digər müəlliflər də söz açdılar, bu poeziyanın özünəməxsusluğunu etiraf etdilər. Adilin elitar poeziyası, şeirlərində nəzərə çarpan poetik düşüncə tərzinin yeniliyi, qəribə və gözlənilməz assosiasiyalar, rəssamlıq duyğusunu ifadə edən cizgilər ona “modernist”, “sürrealist” və s. təyinlər bəxş etdi. Amma Adil Mirseyid müasir Qərb poeziyasından nə qədər bəhrələnsə belə, o, bizim milli poeziyanın ənənələrindən, bədii təsvir cəbbəxanasından ayrı təsəvvür edilə bilməz. Bu yazıda mən onun poetik ənənələrimizə necə bağlı olduğunu sübut edən çoxlu misallar gətirə bilərəm, ancaq biri ilə kifayətlənəcəyəm. Toğrul Nərimanbəyovun nar tablolarına həsr etdiyi bir şeiri:

 

Toğrulun hər tablosundan

eyni bir nar gülümsəyir

hər tabloda eyni narın qırmızısı

müxtəlif notda

qırmızı-alt

qırmızı-tenor,

qırmızı-soprano

bəzən sehirli çıraq olur gülümsəyən nar

çox iri gözlü bir uşağın əlində-

uşağın gözlərində

uşağın dodağında o narın təbəssümü.

Toğrulun rəsmini çəkmək istəsən

sən qollu-budaqlı çinar çək,

amma unutma, qardaş

Toğrul yüz illik çinar da olsa

Budaqları nar gətirəcək.

 

Adil Mirseyid peşəsinə görə rəssam idi. Doğrudur, o, məşhur bir rəssam kimi o qədər də tanınmadı və tanıdılmadı, amma onun rəssamlığı tablolarından daha çox şeirlərində görünürdü.

O, tez-tez “Ulduz” jurnalında, eləcə də digər mətbuat orqanlarında sənət haqqında fikir və mülahizələrini oxucularla bölüşürdü.İndi bu yazıların  bir qismi “Ruhlarla insanlar arasında” kitabında toplanıb və bu yazılar təkcə bir şairin duyğu və düşüncələri kimi yox, həm də bir sənət bilicisinin intellektini ifadə edir.

Mən onun ölümündən az sonra işıq üzü görən bu kitabdan da söz açmaq istəyirəm.

O, holland rəssamı - dünya şöhrətli Rembrandt haqda yazır, bu dahi rəssamın rənglər dünyasının sirlərini, möcüzələrini oxuculara çatdırır. Öz rəsmlərində ənənəvi çərçivədən kənara çıxan Rembrantın əsərlərinin yaşam sirrini açır və yazır: “Nizami Gəncəvi bizim üçün, Şekspir İngiltərə üçün, Mikelancelo İtaliya üçün, Tolstoy Rusiya üçün kimdirsə, Rembrandt da Hollandiya üçün odur.

O, ispan rəssamı “Qoyya üçün kapriççio” yazır, onun macəra dolu həyatından söz açır.

O,  bizi “rəssamlığın Homeri” adlanan  Piter Paul Rubensin zamanına aparır, onun yaradıcılıq əzablarından, virtioz rəng və kompozisiya ustalığından, novator üslubundan danışır.

O, sürrealizmin banilərindən biri olan Salvador Dalinin yaradıcılığı və şəxsiyyəti haqda söz açır, yazır ki: “Sürrealist fantaziyalar gerçəkliyə çevrilir. Salvador Dali sənəti XX əsrin metaforasıdır. Dali üfüqə qədər görünən dünyanın deyil, üfüq arxasında qalan dünyanın rəsmini çəkirdi”.

Adil Mirseyid böyük italyan rəssamı Leonardo da Vinçinin  həyatı və yaradıcılığı və məşhur “Cakonda” əsəri haqqında çox maraqlı bir yazı yazıb. Elə bu yazını oxumaq kifayətdir ki, o böyük rəssamın dünyasını anlayaq, dərk edək.

Adil Mirseyid  uzun illər əsərləri dərk olunmayan, gözdən uzaq düşən, amma sonralar Azərbaycanda ən məşhur, son dərəcə orijinal bir sənətkar kimi təqdir olunan Mircavadın rəsmləri önündə düşüncələrə dalır və yazır: “İlk baxışda bu tabloda ağlabatan bir məntiq yox kimidi,bu yalnız ilk baxışda belədi, mistik bir dünyanın adamı olan rəssam bu xaotik aləmdə  hürr və azaddı. Fırçanın yaratdığı forma o qədər  qeyri-adi, o qədər gözlənilməzdir ki,ansızın olaraq  diqqəti cəlb edir. Bu da həqiqətdir-forma onun üçün heç vaxt önəmli olmayıb. O, sosrealizmin bütün normalarını pozmuşdu”.

Adil Mirseyid “Rənglərin sirri, sehri və müəmması” yazısında  rənglərlə bağlı poetik düşüncələrini əks etdirir.  Yeddi rəng-qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy bənövşəyi- Adilin şərhində maraqlı səslənir. O yazır ki, rənglərin insana psixoloji və bioloji təsiri haqqında yüzlərlə örnək var. Bəzən rəssam fırçasının məhsulu olan hər rəsm əsəri insan ömründə taleyüklü rol oynayır. Yazır ki, otağımızda mütləq qırmızı rəngdə bir əşya saxlayın, heç olmasa masanızın üstündəkigüldana bir qızılgül qoyun-əsəbləriniz sakitləşəcək.  Sarı rəng insan orqanizmini toksidlərdən təmizləyir, sinir sistemini stabilləşdirir, diqqəti cəmləyir, fikri aydınlaşdırır. İnsanı depressiyadan qoruyur. Mavi rəng qan təzyiqini aşağı salır, rahatlıq və asudəlik gətirir, ağrıları azaldır. Bənövşəyi rəng daxili xəstəliklərdə faydalıdır, gözləriniz yorulanda bənövşəyi rəngə baxın. Yaşıl rəng geniş müalicəvi önəmə malikdir, sizi neqativ emosiyalardan qoruyur.

Gözlərinizi yumub təsəvvür edin ki, yaşıl çəmənlikdə seyrana çıxmısınız, evinizdən, ofisinizdən meşə mənzərəsi açın.

Kitabda bir-birindən maraqlı, hər biri də oxucunu özünə çəkən yazılarla tanış olduq və əlbəttə, heyrətlənməyə bilməzdik. “İmpressionist etüd”də fransız rəssamı Eduard Manenin sənət aləmini kəşf etdik. “Andrey Tarkovski-kinonun şairi” yazısında Adilin kino sənətinə bələdliyinin şahidi olduq, Andrey Tarkovski haqqında məlumatımız artdı. “Barış Mançonun qara sevdası”nda şöhrətli türk müğənnisinin həyat yolunu izlədik.

Adil Mirseyidin öz şair dostları, həm ustadları, həm də həmyaşıdları haqqında yazdıqları da orijinallığı ilə diqqəti cəlb elədi. Xüsusilə Vaqif Səmədoğlu və Elçin İsgəndərzadə yaradıcılığı ilə bağlı esseləri bu iki şairin özünəməxsus poetik aləmindən soraq verdi. Orijinal deyim tərzi ilə seçilən bir şairimiz - Zahid Sarıtorpaq haqqında görün nə yazır: “Zahid Sarıtorpağın şeirləri bizim miniatürlərimizə bənzəyir. Miniatür sənətində məkan, zaman və insan qəsdən bir-birindən ayrılır. Miniatür sənətimizdə  seyr etdiyimiz ikiölçülü məkan bizi “əl-xəyalə” insan ruhunun  növbəti yüksəlişi üçün  aralıq pillə sayılan xəyallar dünyasına aparır”. O, “Poeziyamızın Qarabağ şikəstəsi” yazısında Elçin İsgəndərzadə şeirlərindən söz açır. Doğrudan da, dəqiq fikirdir - Elçin İsgəndərzadə yaradıcılığında Qarabağ nəfəs alır, haraylayır, Xanın səsi çağırır bizi.

Adil Mirseyid bu dünyadan vaxtsız köçdü. Öncə qeyd etdiyim kimi,ömrünün son beş ilini ağır xəstəliklə mübarizə apardı . Doğrudur, altmış yaşını keçdi, amma üzü gülmədi. Nə etmək? Özü getdi, yazdıqları qaldı, xatirəsi qaldı. 

Adil Mirseyid şeirdə nə yapdısa, rəssamlıqda nələrə qadir oldusa, sənət haqqında fikirlərində də o məqama yüksəldi. Amma bir qədər kasıblıq, maddi ehtiyac və xəstəlik olmasaydı... Yenə yazımın əvvəlində misal gətirdiyim o misraları xatırlatmaq istəyirəm:

 

Yenə könlüm havalandı

Mən zavallı, daha gözəl bir dünyanın

Şairi olmalıydım.

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2015.- 17 iyul.- S.18.