Sevginiz tükənməsin!
JURNALİSTİKANI
HƏYAT KİMİ YAŞAYANLARA
“Allahım, Səndən başqa heç nəyi olmayan məni...
Səndən başqa hər şeyi olanlardan qoru”.
Neçə illərdi gecəsini bu sözlərlə bitirir, səhərini bu sözlərlə başlayırdı. İnsanlardanmı qorxurdu, yaşamaq çətindimi, deyə bilməzdi.
Qəfil, dalbadal itkilərdən sonra özünü arxasından dağı uçmuş, tənha, qərib hiss etməyə başlayandan, içində başqa bir insan oturduğunu duymağa başlamışdı və onun da fərqinə varırdı ki, bu insan nəcabətinin içində mürgüləyən cizgilərini qabartmaqla onu sanki yenidən yaradırdı. İnsanların pislikləri döndərə bilmirdi onu, xoş niyyətini sarsıda bilmirdi, qəlbini heç vaxt heç bir şəraitdə xılt, nəfsgirlik, həsəd yaralaya bilmirdi. Sadəcə, indi daha təmkinli olmuşdu, hər eşitdiyinə, hər gördüyünə səbrlə yanaşırdı, bunu bacarırdı çox vaxt. Amma davam etməyə, dərk etdiyi məsuliyyətin yükünü çəkməyə, ayaqüstə dura bilməyə, sadəcə mövcud olmağa belə, gücü çatmırdı. Onu da bilirdi ki, bütün olub-keçənlər, gündə yüz dəfə ölüb-dirilməklər, üzüntülər, sıxıntılar,dəli darıxmaqlar... iradəsinin hesabına ram olurdu. Bildiyi bir şey də vardı: iradəsini formada saxlamağa Allahın ona lütfü olan Yaxşı insanların, xeyirxah diqqətlərin və hiss etdiyi səmimiyyətin hesabına nail olurdu. Belədə qəti əmin olurdu ki, Allah ondan çox şey əsirgəsə də, çox şeyini talan eləsə də, hər halda, onu eşidir... Gecələrinin son sözünü, səhərlərinin ilk iltimasını yaddaşına yazır... təsadüflərin qanadında da olsa, onu yaxşı insanlarla ünsiyyət lütfü ilə xoşhal edirdi.Onu xoşhal eləmək nə çətin işdi ki... cılxa səmimiyyət, mərdanə dürüstlük, davranış və münasibətlərdə əndazə, həssas diqqət...
...Onunla da qarışıq günlərin birində redaksiyada tanış olmuşdu.Tanış olmuşdu deyəndə, bir gün bir dostu ilə baş redaktorun qəbuluna gəlmişdi, ağsaqqal dostu da onu xeyli tərifləyib tanıtdıqdan sonra yazısını təqdim etmişdi, ona da qəribə gəlmişdi ki, bu yaşda adam da yazı gətirməkçün kimisə qabağa salıb gətirib, görəsən niyə? Elə o saat da vərdişkar qənaət yetirmişdi özünü: belələri azmı gəlir redaksiyaya, jurnalistin bədii əsər yazmaq istəyinə inanmağa dəyməz, yəqin əsər də bir əsər deyil, ona görə minnətçi salıb araya. Həvəsi öldü yazını oxumağa, amma... Amma kişinin üz-gözündən axan səmimi yetiklik, güləriz simasında dolaşan nigaran kölgələrin tez-tez qarışıb-dolaşması fikrini qarışdırırdı... Səhər hiss elədi ki, onun yazısını oxumayınca rahat ola bilməyəcək...
Yazı bişkin redaktor əlindən çıxana oxşayırdı, deyəsən, publisistik çaları güclüydü,hər halda, jurnalist dəst-xətti, demək artıqdır ki, peşəkardan söhbət gedir, hiss olunurdu. Daha çox realist ovqatda yazılması, yaxın tarixin hamımızın gözünün qabağında baş vermiş hadisələri sanki yenidən yaşadırdı oxucusuna...Bəli, əsər ilkin rəydən də keçdi, çapa da hazırlandı, di gəl xırda-para texniki məsələlərin həlli üçün müəlliflə məsləhətləşmə uzanırdı: aylar keçir, müəllifdən xəbər çıxmırdı. Deyəsən, bu adam redaksiya qapısını yağır eləyənlərə heç oxşamırdı axı...
Bir gün tədbirlərin birində... xanım təşkilatçının soyadını oxuyanda xatırladı: deyəsən, o da demişdi, qızım jurnalistdir...
İki gün sonra redaksiya otağını həmin o işıqlı çöhrə, şaqraq səs doldurdu. İlahi, səsin təbəssümü deyilən nəydisə, o çağlayırdı. Sevincini yersiz ədalı təkəbbürə büküb gizləmək heç ağlına da gəlmirdi. Bəli, yanılmamışdı, belələri hər hissi bütöv yaşayarlar, nəinki yaşayarlar, başqalarını da eyni coşqunluqla sirayətləndirərlər.
Əlövsət Bəşirlinin jurnalla dostluğunun təməli qoyulan o illərdən xeyli keçib. İndi Əlövsət müəllim jurnalla nəfəs alan oxuculardandır: hər nömrənin materiallarını bir-bir saf-çürük edir, rəy bildirir. Təkcə öz adından yox; hökmən evdəki redaktorun - Dilarə xanımın münasibətini çatdırır. Hətta bu söhbətlərində də Əlövsət Bəşirlinin tələbə yoldaşı, həmkarı, ömür-gün ortağı Dilarə xanım Vəkilova ilə nəfəs aldığı duyulur.
“Yazmaya bilmirəm” - deyir və şəkki də yoxdur onu tanıyanların; yazmasa, sudan kənarda balıq misalıdır. O yazmır, əslində, yazıya aldıqlarını, sətir-sətir, söz-söz yaşayır. Belə fəallıq “mənəm” deyən jurnalistdə yoxdur. Bu gün Əlövsət Bəşirli fəal jurnalistikada deyil, ağsaqqal jurnalistlər dəstəsindədir, bədii yaradıcılığa daha meyllidir, amma yenə də yazır, yada salır, kimisə, nələrisə unudulmağa səsləyir, mediada baş verənlərə ağsaqqal gözüylə qiymət verir, məsləhətlərini əsirgəmir, əlbəttə, eşidənlərdən və dinləyənlərdən ötrü qiymətlidir ağsaqqal sözü. Əlövsət müəllimin məsləhəti nəsihət tonunda deyil, Əlövsət müəllim ortaya nümunə qoymaq yolu seçib və günün birində yaşanmış ömrün səhifələrini bir-bir çevirdikcə özü də bilmədən yenidən sözə dönəcəyini yəqin ağlına gətirməyib. Hər halda, belədir və gözəli də budur ki, burada da bu insan inandırır ki, qəlbi və qələmi riyadan, xəbislikdən uzaq saxlaya bilsən, düşüncəni və münasibətləri dürüstlüyə etibar eləsən, söz adlı güzgüyə baxmaq nəinki, çətin olmayacaq, əksinə, güzgünün göstərdiyi səni görmək xoş olacaq.
Əlövsət Bəşirli haqqında danışanda mənsubiyyətin cəm şəkilçisindən istifadə etmək gərəkdir. Özü ailədə yeganə övlad olsa da, az qala 60 illik jurnalistika yolunun əvvəlindən o, tək olmadı. Əvvəl 1957 - “J” qrupunun qaynar, hərarət dolu tələbəlik illəri, bu gün az qala əfsanəyə dönmüş həmin o qrupun Azərbaycan dolu şöhrəti olan məzunları - Mailə Muradxanlı, Ələkbər Abbasov-Şəhrili, Namiq Abbasov, Yusif Kərimov, Yalçın Əlizadə, İlyas Adıgözəlli, Rafiq Zeynalov, Zeynəddin Məmmədkərimov, daha kimlər, kimlər ...və Dilarə Vəkilova ...
Əlövsət Bəşirli Bakıdan təkcə Universitet diplomu ilə qayıtmadı, bu qədər və bundan da çox ad apardı özü ilə. Jurnalistika fakültəsində az-az belə bütöv qrup olar, zənnimcə... Sonra övladları bu “ailəni” böyütdülər. Yəqin özü ilə apardığı bu adların cazibəsi o qədər oldu ki, yenidən Bakıya qayıtdı. Harada işlədi, necə çalışdı, dostu Nahid Hacızadənin müşahidəsi-qənaəti daha etibarlıdır: “ ...hamı xətrini istəyirdi. O, bunu öz zəhməti, istedadı və insanlığı ilə qazanmışdı”. Və üstündən 55 il keçəndən sonra sonra Öz Dünyalarını bir kitaba yığıb bir dastan bağladılar. “Bizim dünya” adlı bu kitabın-dastanın qəhrəmanları Əlövsət və Dilarə deyil, əslində, bu, Jurnalistikanı həyat kimi yaşayan insanların dastanıdır. Hər halda, hər adama qismət olmur ki, həyatına sağlığında dastan bağlansın. Tələbə yoldaşı, tanımmış jurnalist Ələkbər Şəhrili kitaba ön sözünü dastansayağı təqdim edib. Bir kitabda iki müəllifin adını (Əlövsət Bəşirli, Dilarə Vəkilova) görəndə adamın fikri haçalanır, bir az bədgüman olursan, bir az... Məmməd Arazın misralarını xatırlayırsan:
Bir gün idi... İkimizin əlindən tutub, İkiliyin Birliyini alqışlayan gün.
Bu kitab, əslində, Birliyin, Dostluğun, Məhəbbətin, İşığın, İnamın bəstələdiyi bir nəğmədir, nikbinlik, qətiyyət, xoş ovqat təlqin edən bir nəğmə... Minnətdar olmağı bacaran insanların nəğməsi... Bu nəğmə heç vaxt tək oxunmayacaq, heç vaxt da susmayacaq... Ən azı, jurnalistikanı həyat kimi yaşayanlar olduqca, sözü, yaradıcılığı işıq bilənlər olduqca... oxunacaq. Ömür kimi oxunacaq.
Azərbaycan milli mətbuatının 140 illiyinin bayram edildiyi bu günlərdə xatirələri və adları həmişə mənimlə olan Universitet müəllimlərimi, bir də jurnalistikanı ömür kimi yaşayan insanları minnətdarlıqla xatırlayıram, məsələn, Əlövsət Bəşirli və Dilarə Vəkilova cütlüyünü. Onların bir kitaba toplanmış “tərcümeyi-halını” bu günlərdə bir də əlimə aldım və inandım ki, yanılmıram. Bu kitabı qeyri-rəsmi dərs vəsaiti kimi tələbələrimizə tövsiyə etmək istəyi keçdi könlümdən. O da yadıma düşdü ki, bir dəfə Əlövsət Bəşirlini auditoriyaya dəvət etmişdim, tələbələr bu görüşdən o qədər məmnun qalmışdılar ki... Elə o vaxt bir daha əmin olmuşdum ki, auditoriyaya jurnalistikanı, peşəkarlığı sevgi kimi yaşayan və aşılayan insanlar gətirilməlidir və belələri ilə bircə görüş neçə mühazirədən, dərslikdən daha çox səmərə və gərəkli olanı verir. “Bizim dünya “ kitabı bir daha bu fikrimi qətiləşdirdi. Belə nümunələr jurnalistikanı gün üzünə çıxarmaq istəyənlərə ən azı, stimuldur, rahat, sadə, təmiz dili də nitq mədəniyyətinə, redaktə səviyyəsinə yaxşı nümunədir, üstəlik, ədəbiyyatla jurnalistikanın birgəyaşayış, həm də yazı və düşüncə mədəniyyətinin bir ünvanı Əlövsət Bəşirli və Dilarə Vəkilova “get ki, arxanca gələn olsun” niyyətini jurnalistikada ənənəyə çevirə bilənlərdəndirlər. Pərvanə də onların yolunu seçdi, Aynur Bəşirli ata-ananın sadəcə davamçısı deyil, jurnalistikanı yeni standartlara yaxınlaşdırmaq, beynəlxalq və milli təcrübənin peşəkar sintezinə, jurnalistikanın ənənə və müasirliyin qovuşuğunda inkişafına çalışan, onun günün tələblərinə cavab verə biləcək kadr potensialına məsul alim-pedaqoq... Bir sözlə, enerji mənbəyi - həmişə və hər yerdə... İşgüzarlığı, istənilən şəraitdə nikbinliyi, yaxşılıq etmək, münasibətlərdə rahat və xeyirxah, əldə etdikləri ilə qane olmamaq... irsi keyfiyyətləridir. Aynurun sevdiyim yazı manerasını, bişgin qələminin hərarətli nəfəsini, yenilik təşnəsini də bura əlavə etsək, qalır Əlövsət Bəşirlinin qızı Aynurla, elə o biri övladları ilə də, ürəkdolusu fəxr eləməsini hər valideynə arzulamaq.
Aynur Bəşirli “Azad mətbuatın çərçivəsində” monoqrafiyasını onlara həsr etdiyini yazır, əgər əlavəsi olmasaydı, bu jest bir övladın ata - ana borcundan çıxmaq niyyəti kimi başa düşülərdi; Aynur xanım bu elmi işini jurnalistikanı işığa çevirə bilən insanlara həsr etdiyini yazır. Məhz bu məqam da seçiminin və hədəfinin düzgünlüyünə heç bir şübhə qoymur!
Çoxdan yol gələn bu kiçik yazı da bu hissə - duyğuya, bu seçimə və bu cütlüyədir - tanıdığım işıqlı insanlardan olan, işığını paylaya bilən, sözlə, nəcibliklə nəfəs alan Əlövsət Bəşirliyə, Dilarə Vəkilovaya...
Allahdan başqa hər şeyi olan kəslərdən uzaq, çox uzaq olduqlarına görə...
Südabə Ağabalayeva
525-ci qəzet.- 2015.- 17 iyul.- S.19.