LAL TÜLKÜNÜN
MAHNISI
Evimin
küncündə toz yoxdu, qonaq,
Mən küncə qısılıb gözlədim səni.
Bu birdir,
bu iki, bu üç, bu da dörd,
Ardını saymağa səslədim səni.
Balaca
otaqlar qatdı başını,
Bu boyda tələni
ev bilib gəzdin.
Malasız
divarda daş adamları,
Bilmədən
söykənib o qədər əzdin...
Kaş Allah mənə də dil verəydi, dil.
Deyəydim,
ay yolçu, adını söylə,
Bilim ki, bir ömür kimi gözlədim?
Kimdir gəlib çıxan bu möcüzəylə?
Deyəydim,
ay qərib, yuxuna qurban,
Ayıl, bağrındakı yaranı bağla.
Mən səni
ölməyə çağırmamışam,
Yatma, dirəyim ol, evimi saxla.
Ömrümdə
bir dəfə tülkü olmazdım,
Sinəmdə sızlayan yalan yeridir.
İndi
doğrunu da səssiz deyirəm:
- Bura
qanadların sınan yeridir.
Hanı mənim səsim, hanı, İlahi?
Onu səsləməkdən batdı, bilmədim.
Hanı mənim ruzim, hanı, İlahi?
Bu yazıq acından yatdı, bilmədim.
Bu gün
qonağıma nə verə bildim,
Sabah ayılmağa nə gücü olsun?
Mənim
stolumun üç ayağı var,
Üçü də istəmir dördüncü olsun.
Bəlkə
yuxu bildin bu qonaqlığı,
Bəlkə də unutdun nə dediyimi.
Xörəyi
nimçədə soyuyan durnam,
Ya ac qal, ya sındır öz dimdiyini.
MƏLİKMƏMMƏDƏ
Sən mənim
quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma
axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.
Bir div
saçlarıma toxunan gündən
Uzanıb,
uzanır bu edam, oğlan.
Mən bu
div oğlanla tükəndim, bitdim,
Sənə
külüm qaldı, ay adam oğlan.
Düşmən
Məlikməmməd, dost Məlikməmməd,
Çıxart bu quyudan “sonra”larımı.
Sənin
barmağında duz qalıb, oğlan,
Göynədir mənim də yaralarımı.
Alnımda
yazılar yaman gündədir,
Bu qara
sözləri kim ağardacaq?
Bütün
quyuların dərini mənəm,
Məni
öz içimdən kim
çıxardacaq?
Bu nə
pis yuxudur, ayılmaq çətin,
Hər gün diri olmur sağ görünənlər.
Nə
olar, qoçların rənginə baxma,
Həmişə
ağ olmur ağ görünənlər.
Bu yerin
üstündə o qədər dərd var,
Quyu dərdlərimin izi itərmiş.
Bir simurq
lələyi yandırıb yetiş,
Sənin qardaşların divdən betərmiş.
Sən mənim
quyuma xoş gəldin, oğlan,
Məni saçlarımdan asıb bu nağıl.
Alma
axtarırdı sənə verməyə,
Bir quyu dibində azıb bu nağıl.
QUŞ
Nədi dimdiyindəki?
Mənim ağıllı quşum.
Bu ət
sənə haramdır,
Qanadı xallı quşum.
Səni
ulduz sandılar,
Əridin, itdin, ay quş.
Göründüyündən
gözəl,
Ola bilmədin, ay quş.
Qanadına
xal düşür,
Hamı deyir ləkədi.
Dimdiyini
açma heç,
Bu dünya bir tikədi.
Axı, sənin
ac arzun,
Burda olmaz çin, quşum.
Qarğaya
bənzəyərsən,
Mənim göyərçin quşum.
Qış
yenə də qar qusur...
Burda qəmlər qədimdir.
Burda
qumrular ölüb,
Burda quşlar yetimdir.
Uç
get, qanadlı gözəl,
Bu yer tanımır səni.
Tanısa,
göy tanıyar,
O da
qınamır səni.
Sevdiyin adam hələ
Yeriməyi öyrənir.
Uçmalı
dərdlərini
Sürüməyi öyrənir.
Təksən, balacam mənim.
Nə “lar”san, nə də “lər”sən.
Bu adam sənlik deyil,
Zəhərlənib ölərsən.
Nədi dimdiyindəki?
Mənim ağıllı quşum.
Bu ət
sənə haramdı,
Qanadı xallı quşum.
PALTAR
Yad
paltarda keçən ömür,
Allah bilir, hara axır.
Bu bədən həminkidirmi?
İçində ruhum darıxır.
Mən
alanda təptəzəydi,
Bir-bir qırdım düymələri.
Öz
ruhumun paltarına
Özüm vurdum döymələri.
Əzdim,
ütüyə gəlmədi,
Sonra kimsə tapdaladı.
Ətəyindən
tutdu divlər,
O
tüpürdü, bu yaladı.
Düz
sol döşümün altından,
Sökülür, çürüyür indi.
Başdan
ayağa ləkədi,
Yuya bilmirəm, mən pinti.
Hanı bu paltarın rəngi?
Yazdı, qışdı bomboz qalıb.
Mən
tikirəm, o sökülür,
Elə
sapım da az qalıb.
Bu
yaşda bu qədər yamaq -
Ağırdı, iynəm, ağırdı.
Bu gün
də yamaq vururdum,
Bu gün də Allah baxırdı.
HƏVVA SEVGİSİ
Dərd
uydur, əzizim, bir az ağlayaq,
Səninlə sevinmək bəs etmir daha.
İndi
dünyadan da qovulmaq üçün,
Batmaq istəyirəm yeni günaha.
Milyon illər
sonra görüşdük, gülmə
Heç kim yarısını belə gözlətmir.
Hələ
də palçıqsan, qurumamısan,
Ən qalın paltar da səni gizlətmir.
Bəşər
beşiyində beş günlük
yatıb,
Ayılıb bizi də tanımayacaq.
Tanrı
bağışlasa, qayıtsaq ora,
İnan, heç kəs bizi qınamayacaq.
Mənə
bir qabırğa boşluğundakı
Ağrıdan
danışma, o ağrı mənəm!
İndi
qucağına bərk-bərk sığınsam...
Can, özün
bilirsən, lüzum yox dinəm.
Ağlımda
sözləri unutmaq vardı,
Sən mənim dilimi bilənə qədər.
Gəl
gedək dünyadan, görək cənnəti,
Bir də
söyləmərəm: O almanı dər!
MƏNİ UNUTMAĞA NƏ VAR
Kİ, DOSTUM
Mən
bir iş bilirəm, hamı bacarır -
Yorğanın altında ağlamaq kimi.
Bu gün
böyütdüyün təkliyi sabah,
Torpağın altda da saxlamaq kimi.
Bu gün
istiotun vətəni mənəm,
Bu gün işim-peşəm acı salmaqdır.
Bu gün
bildim, dostum, ən böyük arzum:
Hamıyla heç kimsiz - tənha qalmaqdır.
Çoxdan
susadığım rahatlıq varmış,
Bütün dostlarımı unutmaq kimi.
Sonra təmiz-təmiz
yalan danışmaq...
Azad! Öz-özümü aldatmaq kimi.
İnan,
qış kimidir elə payız da,
Təklikdə hər fəsil bir cür soyuqdur.
Amma
soyuğun da öz ləzzəti var,
Çoxdandır istidən bağrım oyuqdur.
Məni
unutmağa nə var ki, dostum,
Daha yaddaşında qala bilmərəm.
Sənin
nə vaxtını, nə ürəyini -
Sənin heç nəyini ala bilmərəm.
Mən
sizi vaxtından əvvəl görmüşəm,
Gecdir, mənə görə eynək taxmayın.
Şəhərin
alnına elan vurmuşam,
Vurmuşam
ki: “Heç vaxt mənə baxmayın!”
Beliniz
bükülər - boyum qısadır,
Sığmazsız içinə - qəlbim
kiçikdir.
Bizdə
meyvələri kal dərir külək,
Sınmış
budaqların şirəsi çiydir...
Məni
unutmağa nə var ki, dostum!
AC
Demə nə
var, nə yox,
Necəsən, ay balam?
Baxma mənə
sarı,
Acam, anam, acam.
Səndən
olan acgöz,
Sənə oxşamadı.
Dili, əli
uzun,
Üzü
axşamadı...
Nə
yedimsə qusdum,
Yaşdı dodaqlarım.
Şəhərdə
yad yoxdu,
Hanı doyduqlarım?
Heç
vaxt öz yemini,
Dadmadı ki balan.
Yedi
öz içini...
Acam, anam, acam.
ADSIZ
Dünən
cibim cırılmışdı,
Bu gün ayağım burxuldu.
Onlar
adımı səhv dedi,
Onlar gözümdən yıxıldı.
Bir də
nələrsə də oldu,
Yadımdan çıxartdım getdi.
Xalıma
ürək düşmüşdü,
Qaraldı, qopartdım getdi.
Bir də,
bir də olmayacaq,
Yeni əvəzlik kəşf etmək.
“Mən”dən,
“onlar”dan qurtulub,
“Siz”i biryolluq ləğv etmək.
Bir də
mənim adım yoxdu,
Ad qoyanım lalmış, ağa.
Bir də
burdan adsız keçir,
Bütün cığırlar günaha.
Bir də
bu yay ərimədi,
Ötən qışın töhfə qarı.
Bir də
məndən soruşmayın,
Bu yol gedir kimə sarı?
İKONA
Bütün
obalarda qaraçılar var,
Ən
köhnə daxmalar bənzəyir rusa,
Mənəsə
komalar doğmadı hələ
Bir də evlər - əgər mənim də olsa.
Səni
öz evindən mən qovdum o vaxt,
Qayıt, qoy uçulsun bu hasar suçum.
Söküb
kandarını köhnə daxmanın,
Sənə qapı boyda pəncərə açım.
Bu koma, bu
daxma ev ömrü görüb,
O vaxt
özül bilib quyu qazardım.
Səni
uduzmağa mən çağırmışdım,
Uduzub özünü, məni qazandın.
İsanın
çarmıxı düz bizə baxır,
Nəsimidən qalan qürub sarımı?
Bütün
ikonalar daxıl kimidi,
Udub saxlayıblar dualarımı.
Çox
güman, bu evdə mən də əşyayam,
Dua qonduraram susqun dillərə.
Xaçlı,
bax, ovcumda mismar yeri var,
Bir müsəlman eşqi dolur o yerə.
Günel ŞAMİLQIZI
525-ci qəzet.-
2015.- 17 iyul.- S.17.