Azərbaycanın dövlətçilik və
mədəniyyət
tarixində Qarabağın yeri və rolu
(Əvvəli ötən sayımızda)
Qarabağ ərazisində yerləşən
Laçın rayonu Azərbaycanın cənub-qərbində,
dağlıq bölgədədir. Şimaldan
Kəlbəcər, şərqdən
Xocalı, Şuşa
və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən
isə Ermənistanla həmsərhəddir. 1924-cü
ildə təsis edilmiş rayonun ərazisi 1883 kvadrat kilometr, əhalisi 65430 nəfər olub.
1992-ci il mayın
18-də erməni qəsbkarları
tərəfindən işğal
olunandan sonra rayon əhalisi məcburi köçkün kimi respublikamızın 64 şəhər
və rayonunda məskunlaşıb. İşğal zamanı yüzlərlə
günahsız insan şəhid olub, yaralanıb, 1200-dən artıq
körpə yetim qalıb, rayonun bir çox tarixi-dini abidəsi məhv edilib.
Rayon ərazisindəki Ağoğlan çayı
sahilində IX əsrdə
inşa edilmiş və uzun müddət
fəaliyyət göstərmiş
Ağoğlan monastır
kompleksi yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır
məharətli konstruktiv
həllinə görə
alban xristian memarlığı abidələri
içərisində xüsusi
yer tutur. Monastır binasının daxili həcmi üç hissədən ibarətdir.
Daşlardan hörülmüş açıq dam örtüyünü
saxlayan hündür daş sütunlar silindrik formalı tağbəndlərlə tamamlanır.
Məbədin daxili sahəsini
işıqlandırmaq üçün
divarlarda ensiz və uzunsov pəncərələr vardır.
Laçın rayonunun Malıbəy kəndində aşkarlanmış
üç at heykəlli
qəbir daşında
(XVI-XVII əsrlər) və
Almazzisxevndə yerləşən
(XIV əsr) at heykəlli
abidənin bud tərəfində
həkk olunan üç üfüqi və bir şaquli
xətt çox maraqlıdır. Qarabağ abidələrindəki epiqrafik məlumatlardan və təsviri incəsənət motivlərindən
Cənubi Qafqazda Azərbaycan xalqının
təşəkkülündə mühüm rol oynamış qədim türk tayfalarının məskunlaşmasını müəyyən
etmək olar. Laçın rayonunun Malıbəy,
Güləbird, Cicimli
kəndlərində at heykəlli
qəbir daşlarında
günəş simvolunun
və əlində quş tutmuş insanın təsvirləri
vardır. Məlumdur ki,
Humay quşu qədim türk xalqlarının tanrısı
olub və bunun abidələrin üzərində təsviri,
güman ki, abidələri dağılmaqdan
qorumaq məqsədi daşıyırdı. Laçın rayonunun Cicimli kəndində 1790-1791-ci ildə
çaylaq daşından
düzbucaqlı planda
tikilmiş məscid binası da olub.
Laçının Ağoğlan məbədinə
gedən yolun sağında XVI əsrin
at heykəlli və sənduqə formalı qəbir daşları vardır. Həmçinin,
Laçın rayonunda
Məlik Əjdər türbəsi, Mirik kəndində XV əsrə
aid Alban məbədi, Minkənddə
XV əsrə aid məbəd,
Qarıqışlaq kəndində
XI əsrə aid Dəmirovlu
piri, Ərikli kəndində XVI əsrə
aid Qarasaqqal türbəsi
var.
Təkcə Qarabağın və
Azərbaycanın deyil,
bütün Qafqazın
gözəl guşələrindən
biri Şuşa
müdafiə məqsədilə
tikilmiş qala-şəhər
olub. Buna görə
də təsadüfi deyil ki, bu
gün el arasında qədim məkan “Şuşa qalası” kimi də tanınır.
1750-ci ildə Qarabağ
xanlığının banisi
Pənahəli xan Cavanşir indiki Şuşa şəhərinin
yerləşdiyi yerdə
- düşmən əlinin
çatmayacağı dağ
başında böyük
qala divarları - istehkam tikdirmək qərarına gəlir. Əvvəllər Qarabağ
xanının adına uyğun olaraq “Pənahabad” adlandırılan Şuşanın
strateji baxımdan əlverişli yerdə yerləşməsi onu düşmən üçün
sərt etmiş, şəhərin inkişafına
və milli-mədəni
abidələrin tikilməsinə
zəmin yaradıb. Qırxqız, Kirs, Murov, Bağqıran, Sarıbaba dağları ilə əhatələnən
Şuşa dəniz səviyyəsindən
1400-1800 metr hündürlükdə
yerləşir. Şuşa havasının
təmizliyi və müalicəvi əhəmiyyəti
baxımından Azərbaycanın
şəfalı kurort-istirahət
mərkəzlərindən hesab olunur.
Ərazisi 289 kvadrat kilometrdir. Şuşa rayonunun
ərazisinə bir şəhər və 31 kənd daxildir. Şuşada XVIII-XIX əsrlərə
aid Hacı Yusifli, Çöl Qala, Xoca Mərcanlı, Quyuqluq, Səyidli, Mərdinli Aşağı
Gövhər Ağa, Culfalar, Yuxarı Gövhər Ağa, Mamay,
Köçərli, Malıbəyli,
Qaybalı, Şirlan məscidləri vardı. Şəhərdə Qala divarı, Qala divarı üzərində
tikilmiş 17 bürc,
qədim üslubda salınmış 17 məhəllə,
Molla Pənah Vaqifin poeziya evi,Xan qızı Xurşudbanu Natəvanın
sarayı, Mir Möhsün
Nəvvabın mülkü,
Üzeyir Hacıbəyovun
ev-muzeyi, Bülbülün
ev-muzeyi, Xalça muzeyi, tarix-diyarşünaslıq
muzeyi, Qarabağ dövlət tarixi muzeyi, Molla Pənah
Vaqifin məqbərəsi,
Turşsu qalereyası
, 4 karvansara, Şahlıq
körpüsü, Rəsm
qalereyası, Gəncə
qapısı, Şor bulaq, Nəcəfqulu ağanın mülkü,
Azərbaycanda ilk realnı
məktəbin binası,
Xan qızı Natəvanın bulaq kompleksi, Ağa-Əbdürrəhim
ağanın evi, Zarıslıda Korun karvansarası, Təzə
məhəllədə körpü,
İbrahim xanın mülkü Sadıqcanın
qəsri, Uluq bəyin evi,Ağaböyük
xanımın bürcü,
Malıbəylidə “Qızlar
məktəbi”, Xan qızı Natəvanın
tikdirdiyi “Qaradam”, Ağabəyim ağanın
qəsri, Qasım bəy Zakirin yaşadığı ev, Qasım bəy Zakirin qəbirüstü abidəsi, küllü miqdarda gümüş və mis qablar,
Bəhmən Mirzə
Qacarın saray kompleksi, Bəhmən Mirzə Qacarın hərəmxanası, Bəhmən
Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı, Qacarların məqbərə kompleksi,
Məmməd Həsən
ağanın imarəti,
Qarabağ xanlığının
divan kompleksi, Hacı Şükürün imarəti,
Qədimovların mülkü,
İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə
kompleksi, Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin
məqbərə kompleksi,
Qarabağ qazisinin mülkü, Daş kitabələr, Ovdan bulağı, Xurşudbanu
Natəvanın tikdirdiyi
həbsxana binası, Bayat qalası, Şahbulaq qalası,”Pənahabad”
Şuşa qalası,
ikimərtəbəli karvansara,
“Dəlik-daş.. pilləkən kompleksi
, Səməd bəy Mehmandarovun Şuşadakı
mülkü kimi tarixi mədəni abidələr mövcud idi. Şuşa həm də
ziyarətgahlarla zəngin
bölgədir. Burada
Həzrət Əli kahası (Nəzir kahası), Həzrət Abbas şəfa ocağı, Saqqaxana və Pirgah pirləri, Seyid Mirfəsih türbəsi, Ağadədəli
məhəlləsində Mir Mehdi ağanın ocağı, Heydər türbəsi və sair xalqın inandığı, etiqad elədiyi məkanlardan idi. Şəhər 8 may
1992-ci ildə işğal
edilib və vəhşicəsinə dağıdılıb.
Qubadlı rayonu 1933-cü ildə yaradılıb. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon ilə birləşdirilib, 1964-cü ildə
yenidən müstəqil
rayon olub. Bərgüşad çayının hər
iki sahilində yerləşən şəhərin
əhalisi 5604 nəfərdir.
İşğaldan əvvəl 30500 nəfərlik rayon əhalisi
94 kənd və bir şəhərdə məskunlaşıb. Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində,
Həkəri və Bərgüşad çayları
hövzəsində yerləşir.
Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən
Cəbrayıl rayonları
ilə həmsərhəddir.
Qubadlı Azərbaycanın qədim yaşayış
məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin
yaşı bir əsrdən artıqdır.
Qubadlıdakı Gavur dərəsində IV
əsrə aid ibadətgah
mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki
V əsrə aid Qalalı
qalası, Əliquluuşağı
kəndindəki Göy
qala abidələri, Yazı düzündəki
XIV əsrə aid Cavanşir
türbəsi, Dəmirçilər
kəndindəki iki türbə, Gürcülü
kəndindəki XVII əsrə
aid türbə, Xocamsaxlı
kəndindəki XVIII əsrə
aid türbə rayon ərazisinin
tarixi-dini abidələrlə
zənginliyindən xəbər
verir. Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri
tərəfdən işğal
edilib. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşüb,
onlarla tarixi-dini abidəmiz məhv olunub.
(Ardı var)
S. ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 25 iyul.- S.22.