Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
(Əvvəli ötən cümə
sayımızda)
Öz əhəmiyyətinə görə ikinci dənli
bitki olan buğda, Çində VI-VII əsrlərdən
yayılmağa başlanmışdır. Payızlıq
buğda əsasən Böyük Çin düzənliyində
yayılmışdır, yazlıq taxıl isə daha
çox şimali-şərqi Çində becərilir.
Cənubi və mərkəzi rayonların
çoxunda buğda payızlıq bitki kimi istifadə olunur.
Böyük Çin düzənliyindəki
buğda rayonları bəzən yaz şaxtalarından ziyan
çəkir. Buğda tarlası
üçün erkən və isti yazda şaxta vurması
xüsusilə qorxuludur. Yaz
quraqlığı ilə üst-üstə düşən
şaxta vurması daha böyük təhlükədən xəbər
verir. Vaxtında aparılan suvarma və ya
şaxta vurmasından sonra yağan yağış adətən
bitkinin inkişafını bərpa edir və dəyən
ziyanın azalmasına səbəb olur.
Digər dənli bitkilər isə qarğıdalı,
qaolyan, darı, arpa və qarabaşaqdır. Qarğıdalı
Çində ilk dəfə XVI əsrdə becərilməyə
başlamışdır, axı bu bitki Avropaya da Xristofor
Kolumbun Amerikanı kəşf etməsindən sonra gətirilmişdi.
Çində onun tez yetişən sortları
seleksiya edilmişdir ki, bu da dağ rayonlarında nisbətən
qısa vegetasiya müddətində məhsul yetişdirməyə,
vegetasiya dövrü uzun olan regionlarda isə ildə iki məhsul
və ya iki ildə üç məhsul götürməyə
imkan vermişdir. Qarğıdalı
çinlilər tərəfindən qida üçün,
mal-qara yemi və müxtəlif sənaye sahələri
üçün xammal kimi istifadə edilir.
Qaolyan barədə Çin yazılı mənbələrində
VI əsrdən rast gəlinir. Bu bitki əvvəlcə
cənubi-şərqdə becərilsə də, sonralar
Böyük Çin düzənliyində geniş
yayılmağa başlamışdır. Bunun
səbəbi qaolyanın quraqlığa çox davamlı
olması, torpağın münbitliyinə tələbkar
olmaması və quraqlıq ərazilər üçün
daha mühüm cəhət kimi duza, şorana davamlı
olmasıdır. Qaolyan dəni qida kimi və
spirtli içkilər üçün xammal kimi istifadə
olunur. İri gövdəsi meşəsiz
düzənlik rayonlarda yanacaq, tikinti materialı və
kağız sənayesi üçün xammal kimi istifadə
edilir.
Darı və çumiza (Çin darısı) da qaolyan
kimi torpağa tələbkar olmayan bitkidir. Tez yetişən
arpa əsasən dağlıq rayonlarda becərilir. Arpanın xüsusi növü olan tsinke Tibetdə
başlıca dənli bitki hesab olunur, dəniz səviyyəsindən
4200 metr hündürlüyə qədər olan torpaqlarda becərilir.
Həmin yüksəkliklərdə
yağıntının miqdarı da çox azdır, hətta
səhralarla müqayisə edilə bilər. Çin dünyanın ən çox batat
yetişdirən ölkəsidir. Batatın
meyvə kökü kraxmal və şəkərlə
çox zəngindir. Bu bitkini, demək olar
ki, hər yerdə becərirlər.
Çin pambığın, soyanın, araxis və
tütünün iri istehsalçısıdır. Əsas
pambıq rayonları Huan Ho və Yantszı
çaylarının hövzələrində yerləşir.
Qədimdən Böyük Çin düzənliyində
pambığı suvarmasız becərirdilər. Bu isə havasının dəyişkən olması
hesabına çox vaxt pambığın keyfiyyətinə mənfi
təsir edirdi. Kəndlilər pambıq əkinlərini
quraqlıqdan qorumaq üçün onları quyulardan çəkilən
su ilə suvarırdılar, lakin bu, heç də həmişə
kömək etmirdi, çünki pambıq bitkisi başqa
bitkilərdən, məsələn, payızlıq buğdadan
çox su tələb edir.
Çində
əsas qida piyi mənbəyi kimi çox müxtəlif yağ verən bitkilər
yayılmışdır. Onlardan
başlıcaları araxis, raps, küncüt, soyadır.
Yantszı hövzəsində hər yerdə becərilən
raps yeganə yağ verən bitkidir ki,
qış vaxtı yetişdirilir. Soya əkini
sahələri isə taxıl istehsalını artırmaq vəzifəsi
sayəsində xeyli azalmışdır. Ölkədə
həm də şəkər çuğunduru ilə
yanaşı, şəkərə olan tələbat ancaq
Avstraliya və Braziliyadan gətirilən məhsul hesabına
ödənilir.
Çay Çin ədəbiyyatında ilk dəfə IV
əsrdən xatırlanır, həmin vaxt ondan dərman kimi
istifadə edirdilər. VI əsrdən isə çay adi
içkiyə çevrildi. Lakin hələ
çox vaxt Çin və çoxlu Avropa təbibləri
çayı bütün xəstəliklərin dərmanı
- panatseya hesab etdiklərindən onu xəstələrə
yazırdılar. Çay bitkisi torpağa
tələbkar deyildir, qısamüddətli şaxtaya da
dözə bilir, lakin çox miqdarda yağıntıya
möhtacdır. Onu şərqi dəniz kənarının,
Yantszı və Yunnanın hövzələrinin təpəlik
yerlərində becərirlər. Çində
yaşıl çayın çoxlu sortları mövcuddur.
Bəzilərinə xoş iy vermək
üçün onlara jasmin ləçəyi qatırlar.
Qara və ya çinlilərin onu
adlandırdıqları kimi “qırmızı” çay demək
olar ki, yalnız ixrac üçündür.
Çinin,
Haynan adası da daxil olmaqla, uzaq cənubu ölkədə ən
uzun vegetasiya dövrü ilə fərqlənir, burada bitkilər
bütün il boyu inkişaf edir.
Bütün il ərzində yüksək
temperatur və böyük miqdardakı yağıntılar
bir sıra qiymətli tropik və subtropik bitkiləri becərməyə
imkan verir, onlara heveya, kokos və yağ verən palmalar, kofe
ağacı, ananaslar daxildir.
Çində tarixən heyvandarlığın, təsərrüfat
üslubu, sürünün tərkibi və yayılma
arealına görə iki tipi mövcud olmuşdur. Onlardan
birincisi əkinçiliklə sıx bağlıdır və
köməkçi xarakter daşıyır. Əsasən çinli əhalisi olan şərqi
düzənlik rayonlarda daha çox donuzçuluqla, qoşqu
üçün iri buynuzlu qaramal yetişdirməklə, həmçinin
quşçuluqla məşğul olurlar. Ərazinin
yüksək əkin səviyyəsinə görə və
otarmaq üçün sahələr, çəmənlik və
otaqlar məhdud olduğundan ev heyvanları
bütün il boyu bağlı şəraitdə saxlanılır.
Əsasən qeyri-çinli xalqların (monqolların,
tibetlilərin, qazaxların, uyqurların və s.)
yaşadığı qərb rayonlarına başqa tip təsərrüfat
- ekstensiv köçəri və ya yarımköçəri
heyvandarlıq xasdır. Həmin ərazilərdə
qoyunçuluq, ət-süd novu olan iribuynuzlu mal-qara
yetişdirilməsi və atçılıq
yayılmışdır.
Donuzçuluq Çində hələ bizim eradan əvvəl
mövcud idi.
Donuzların sayına görə Çin
dünyada ən qabaqcıl yerlərdən birini tutur. Bu sahə böyük iqtisadi əhəmiyyətə
malikdir, donuz əti çinlilər tərəfindən
istehlak edilən ət məhsulunun əsas hissəsini təşkil
edir, donuz tükü və içalatı isə ixrac maddəsi
hesab olunur. Bundan başqa, donuz peyini
bitkiçilikdə üzvi gübrə kimi istifadə olunur.
Çox əsrlər ərzində süni seçmə,
seleksiya bir sıra qiymətli donuz cinslərinin yetişdirilməsinə
səbəb olmuşdur ki, bu cinslər ölkə sərhədlərindən
kənarda da geniş yayılır. Quandun donuzlarından
İngiltərədə məşhur Yorkşir cinsini meydana gətirmək
üçün istifadə olunmuşdur.
Çin torpaqçılığında əsas
qoşqu vasitəsi iri buynuzlu mal-qaradır, onu hər yerdə
saxlayırlar, lakin ölkənin şimal hissəsində onlar
daha çoxdur. Bir qayda olaraq xırda, kiçik boylu,
lakin tələbkar olmayan və dözümlü heyvanlar
müstəsna olaraq sahələrin becərilməsi və
yüklərin daşınması üçün istifadə
olunur. Düyüçülük rayonlarında su
basmış sahələrin becərilməsi
üçün böyük əzələ enerjisi tələb
olunduğundan, bu iş camışların köməyi ilə
görülür. Şimal rayonlarında
çöl işlərində həmçinin qatır və
eşşəklərdən istifadə olunur. Qədim zamanlarda Çində
heyvandarlığın mühüm sahəsi
atçılıq idi. Hətta Çinin
ilk imperatoru Tsin Şi Huandinin əcdadlarının
yaxşı cins at bəsləməklə məşğul
olduqları güman edilir. At yük
daşımaq üçün, sonralar isə tarla işlərini
görmək üçün istifadə olunurdu.
Çinin şərq hissəsində quşçuluq
geniş yayılmışdır. Çin kəndliləri
çox sayda qiymətli quş növləri
yetişdirmişlər, onlar ölkənin sərhədlərindən
kənarda da yaxşı tanınırlar. Ağ
Pekin ördəyini və bir yerli toyuq cinsini hələ XIX əsrin
ikinci yarısından ABŞ, İngiltərə, Almaniya və
Yaponiyada yetişdirməyə başlamışdılar.
Çin Yaponiya və ABŞ-la birlikdə molyuskların
və xərçəngəbənzərlərin
dünyadakı ovunun böyük hissəsini verir. Balıq və
dəniz məhsulları ovuna görə Çin dünyada
üçüncü yeri tutur. Dəniz
akvakulturasına da böyük diqqət verilir. Çin ərazisini
əhatə edən dənizlərdə 1 mindən artıq
balıq növü vardır, onlardan ov əhəmiyyətinə
yalnız 50-dən az növ malikdir. Dəniz məhsullarının əsas hissəsini
Sarı dəniz və Şərqi-Çin dənizi verir.
Bir az əvvəllər onlar yer kürəsinin
ən məhsuldar dənizləri hesab olunurdu. Şirin
sudakı balıqların isə Çində 500-dən
çox növü vardır, onlardan yalnız 20-30 növ ov əhəmiyyətinə
malikdir. Balıq ovunun 45 hissəsini karp ailəsinə
məxsus olanlar təşkil edir. Hələ
qədimdən Çində düyü tarlalarında
balıq becərilməsi tətbiq edilirdi. Bu balıqlar
(əsasən ağ amur və
qalınalınlı balıq növləri) demək olar ki,
yedizdirilmir, onlar qida axtarışında torpağı
yumşaldır və bu yolla hava mübadiləsinə kömək
edir, düyünün zərərvericilərini, bəzi
növlər isə bitən alaqları yeməklə məhv
edirlər.
Çinin rayonlarının çoxunun sakinlərinə
uzun keçmişə gedib çıxan süni meşə
salmaq ənənələri və adətləri xasdır. Meşə
ehtiyatlarının məhdudluğu, həm də
torpağın eroziyası və sovrulması, qumların irəliləməsi
və ölkənin şimal rayonlarında tez-tez baş verən
quraqlıqlar mövcud meşə fondunun qayğı ilə
qorunması və müntəzəm olaraq meşə salma
işlərini zəruri edir. Xalq bunun
vacibliyini olduqca çoxdan anlamışdır. Mərkəzi və cənub rayonlarının kəndliləri
qiymətli ağac növlərinin əkilməsi sahəsində
böyük təcrübəyə malikdirlər. Kunninqaliya ağacının becərilməsi dağ
yerlərində kəndlilərin gəlirinin əhəmiyyətli
hissəsini əmələ gətirir, bu ağac çox tez
böyüyür, 25-30 ildə artıq kəsilməyə
yararlı olur. Onun suya, çürüməyə
davamlı olan ağac materialı inşaat və bəzək əşyaları
düzəltmək üçün istifadə edilir. Yantszı çayının orta və
aşağı axınındakı yerli şam ağacı dəmir
yollarının şpallarının hazırlanması
üçün, kağız və tikinti materialı kimi
istifadə olunur. Yantszıdan cənuba
bambuk xüsusən mühüm yer tutur.
Sənaye
ÇXR
respublikasının mövcudluğunun 65 ili
ərzində ölkənin sənayesi nəinki xeyli
inkişaf etmişdir, son 30 ildə isə bu vaxtilə geridə
qalmış diyar əsl sənaye nəhənginə
çevrilmişdir. Keçən əsrin 80-ci
illərinin başlanğıcına ağır sənaye məhsullarının
istehsalının dəyəri 1949-cu illə müqayisədə
90 dəfə, yüngül sənayeninki isə 20 dəfə
artmışdı. 2014-cü ilin göstəricilərini
ÇXR-nin ilk illərinin göstəriciləri ilə
müqayisə etməyə isə, onlar əslində
müqayisəedilməz olduğundan ehtiyac da yoxdur.
Çinin yanacaq balansının əsasını
daş kömür təşkil edir, onun payına istehlak edilən
enerji resurslarının əhəmiyyətli hissəsi
düşür. Əhəmiyyətinə görə
ikinci enerji mənbəyi neftdir. Ölkə
neftə olan ehtiyacının 23-nə qədərini öz
istehsalı hesabına ödəyir. Lakin
Çinin bir paradoksal xüsusiyyəti də ondan ibarətdir
ki, neft idxalı, ölkənin öz yataqlarında istifadə
ediləndən ucuz başa gəlir. Bəzi
neft məhsulları istehsalının dəyəri idxal edilənlərdən
50% yüksəkdir. Ancaq burada digər
enerji növlərinə də böyük diqqət verilir.
2010-cu ildə Çin güclü külək
generatorlarının qoyulmasına görə ABŞ-ı
ötüb, dünya liderinə çevrildi.
Çində öz əsaslı tikintisinə gedən
sement istehsalı da ABŞ-dan dəfələrlə irəlidədir. Çin həm
də ABŞ-ı əvəz edərək, tikilmiş və
tikilməkdə olan göydələn binaların sayına
görə birinci yerə keçmişdir.
Çanşa şəhərində hündürlüyü
838 m. olan, 220 mərtəbəli “Səma şəhəri”
adlanan göydələn inşa edilir ki, bu da Dubaydakı
“Bürc əl-Xəlifə”ni də ötüb keçəcəkdir.
ÇXR olduqca sürətli templə texnologiya
sferasını inkişaf etdirir və qeydə
alınmış patentlərin miqdarına görə
ABŞ-ı xeyli qabaqlayır. Səmaaltı ölkəsində
istehsal edilən mallar faktiki olaraq dünya bazarını
doldurmuşdur.
Çin iqtisadiyyatının uğuru onun islahatlara və
innovasiyalara istiqamətlənməsidir, onlar
bütövlükdə dünya iqtisadiyyatının yenidən
qurulması üçün də zəruridir. Çin bürokratiyası
bazar iqtisadiyyatının bir hissəsidir, çünki bu,
iş adamlarının fəaliyyətini xeyli
asanlaşdırır.
ÇXR-in iqtisadiyyatı son üç onillikdə daim
və sürətlə artır, ona heç bir dünya
böhranı da təsir göstərə bilmir. XXI əsrin
başlanğıcında Çin sənaye məhsulunun
istehsalına görə, həm də kosmik tədqiqatlara və
nüvə silahına malik olan dövlət kimi
dünyanın fövqəldövlətinə
çevrilmişdir.
Çin öz təhsil sistemini inkişaf etdirmək
qayğısına qalır, xaricdə (xüsusən
ABŞ-da və Yaponiyada) çoxlu tələbələr
oxutdurur, texnologiya idxalına hər cür həvəs
göstərir.
Telman Orucov
(Ardı var)
525-ci qəzet.- 2015.- 25 iyul.- S.20.