Metamorfoz
“Mən həyatı sevmişəm və
onun gözəlliyi uğrunda döyüşmüşəm”
Yulius Fuçik
(Əvvəli 22 iyul sayımızda)
“Baksovet ölkəsi”nin
uşaqları
...Xatirələrin
də rəngi solur, sozalır... Xatirələr
də köhnəlir, bəzən lap əldən
düşür. Amma xatirələrn
yaddaşı dərin və iti olur. Odur
ki, səndən keçən, sənə hopan xatirələr
həmişə diri olur. “Baksovet” xatirələri
kimi. Bu, Məzahirin yazılarında daha
canlıdır, daha isti və daha şirindir. Bəlkə hamımıza doğma olduğu
üçün belə gəlir. Amma yox, deyəsən
axı, Məzahir bu xatirələrin munisliyindən daha səmimi
danışır, daha incə və zərif tellərə
toxunur... Biz hamımız “Baksovet” şinelindən
çıxmışıq, hamımız bu Akademiyanın məzunlarıyıq,
hamımız bu ölkənin vətəndaşlarıyıq.
(Söz gəlmişkən, deyim ki, bu ifadənin,
“Baksovet ölkəsi” deyiminin müəlliflik hüququ da Məzahirə
məxsusdur).
Bizim hər birimiz bu ölkənin xatirələrini bu
gün də yaşadırıq və bəzən, bəlkə
də çox vaxt, həmin ölkənin o zaman mövcud olan
qanunları ilə yaşayırıq. Gündəlik həyatımızda,
insan və cəmiyyət anlaşmalarında o
yazılmamış qanunlara söykənirik... Amma
bəzilərimizdən fərqli olaraq, Məzahir o dövr
yaşantılarımızı həm də qələmə
gətirir, o günlərin adiliklərindəki qeyri-adilikləri
əbədiləşdirir.
Məzahir yazılarında 60-cı illər ədəbi
nəslinin ənənə və varisliyini yaşadan 70-80-ci
illər ədəbi nəsli haqqında mahiyyətcə dəqiq
və sərrast informasiya verə, bu nəslin ədəbi fəaliyyətinin
fəlsəfi və əxlaqi-mənəvi gələnəklərindən
yetərincə danışa bilir. Özü də fəxrlə,
qürurla. Ramiz Rövşən, Vaqif Cəbrayılzadə,
Eldar Baxış, Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu),
Camal Yusifzadə, Vidadi Məmmədov, Nadir Cabbarov, Vaqif
Əlixanov, Baba Vəziroğlu, Pərviz Əliyev
qarışıq, bu dəstədə az-çox onun - Məzahir
Əhmədoğlunun da yeri vardı. Biz bir az
sonrakı cərgədəydik. Biz gələndə Məzahir
artıq bu ölkənin oturuşmuş vətəndaşlarından
idi... Və bizə, bu məmləkətə təzəcə
ayaq basmış yeni sakinlərə ilk sığınacaq verənlərdən
biri də məhz Məzahir olmuşdu. Yəni
çayxanada oturduğu stola bizi ən səmimi ərklə o
dəvət etmişdi, çay puluna-filana qədər
bütün ilk qayğılarımızı da o həll
etmişdi. Baxmayaraq ki, Məzahir o zaman, əsasən,
rayonda yaşayırdı, nə vaxt gəlirdik, onu ya “Baksovet”
metrosunun böyrü ilə uzanıb gedən Həbibin
uzunşüllə çayxanasında tapırdıq, ya da ilk
əvvəl Zülfünün uşaq kimi Qala divarlarına
qısılan çayxana - kafesində. Sanki Məzahir
axşamlar Göyçaya gedir, səhər tezdən də
“Baksovet”ə (Bakıya yox a, məhz “Baksovet”ə)
qayıdırdı... Vidadi Məmmədov elə bil bu sözləri
onunçün demişdi: “Vallah, bu xaraba çayxana Vətən
kimi şeydi, adamı çəkir...” Doğrudan
da “Baksovet”, çayxana bizim hər birimizçün elə vətən
idi, ondan kənarda darıxırdıq, yaşaya bilmirdik, nəfəsimiz
tıncıxırdı. Bura bizim üçün
müqəddəs idi, ədəbi mübahisələrilə,
dostluq, yoldaşlıq ülfətilə, əqidə
sirdaşlığıyla, sakit, pıçıltılı,
xısın-xısın antisovet söhbətlərilə,
hamının birliyi, bərabərliyi statusuyla, özünəməxsus
daxili saflığı və hətta KQB xofu və qorxusu ilə...
Bəli,
gözəl günlər idi... Kimi istəsən,
gəlib “Baksovet” metrosunun qarşısında tapardın,
çox yox, beş-on dəqiqəyə ürəyin istədiklərinin
hamısı bura cəm olardı. Elə bil şərtsiz,
danışıqsız görüş yeri idi... Bir də görürdün, Məzahir fikirli-fikirli,
onun özünəməxsus “perekos”, yəni köndələn
yerişlə, deyinə-deyinə, tələsik yanından
ötürdü. Sanki səni heç
görmürdü. (Əvvəllər xətrimizə
dəyirdi, sonradan öyrəşdik). Salam
verirdik, ağızucu alırdı və tələsik, “gəlirəm”
deyib ora-bura baxa-baxa uzaqlaşırdı. Sonradan
bildik ki, belə məqamlarda Məzahirə kimsə yalan
danışıb, ya da nəsə vədinə xilaf
çıxıb. Məzahir də onu cəzalandırmaq
üçün axtarır. Bir-iki belə
hal bizim gözümüz önündə baş vermişdi. Sonra hər şey yoluna
düşürdü və bütün dərdləri
unutduran, dərdlərə məlhəm qoyan,
qızğın, işgüzar çayxana söhbətləri...
Bu
çayxanalara kimlər gəlmirdi?.. Elə
o dövrdə də Azərbaycan ədəbiyyatının
sütunları sayılan Anar, Elçin, İsi Məlikzadə,
sonrakı nəsillərdən Ramiz Rövşən, Vaqif Cəbrayılzadə,
Mövlud Süleymanlı, Vahid Əziz, Eldar Baxış, Malik
Fərrux, Zakir Fəxri, Vaqif Bəhmənli, Ağacəfər
Həsənli, kimlər... kimlər... Bizimçün
bu çayxanalar əsl universitetə çevrilmişdi.
Biz universitetdə (o vaxt universitet bir idi - Azərbaycan
Dövlət Universiteti, indi çoxalıb) öyrənə
bilmədiklərimizi burada ayrı-ayrı elm, sənət
xadimlərindən əxz eləyirdik. Burda
həm də isti, səmimi aura vardı. Universitetdə
bizə Azərbaycan dilindən dərs deyən zabitəli,
ciddi, bir az da sərt Kamil Vəliyev burada o qədər həlimləşirdi
ki, bizi lap çaşdırırdı. Hətta
çay pulumuzu da verirdi. Vidadi olanda, incələyib
onun boynuna bir sosiska qonaqlığı da qoyurdu.
Görünür, elə bu demokratik dəyərlərinə
görə çayxana-universitet bizə daha doğma idi...
“Baksovet ölkəsi” uşaqlarının bir
çoxunun portret cizgiləri Məzahirin əsərlərində
yaradılıb. Çox yaxşı! Nə yaxşı
ki, Məzahir bunları yazıb və xatirələri
canlı insan obrazlarıyla təqdim edib. Ramiz
Rövşən, Vaqif Cəbrayılzadə, Fəxrəddin
Manafov, Aqil Abbas, Nadir Cabbarov, Şahmar Hüseynov, Sabir Adil və
başqa “Baksovet uşaqları” bu yazılarda həm ədəbi
obraz kimi yaşayır, həm də bizimçün əbədi
doğma olan “Baksovet” xatirələrni yaşadır.
Amma... Təəssüf
ki, əziz dostum Məzahir, sənin üstündə əsdiyin,
kövrək bir yanğı ilə yaddaşının ən
dərin qatında hifz etdiyin, qəlbinin ən gizli guşəsində
qoruyub saxladığın o xatirələri, elə bizim də,
tarixin də yaddaşından retuş elədilər, pozdular. Nəinki pozdular, hətta sökdülər. Sökdülər xatirələrimizi,
dağıtdılar, yerlə-yeksan etdilər. Zülfünün
çayxanası yığışdırıldı, Həbibin
çayxanası söküldü. Qala
divarlarını yonub-yontalayıb “müasirləşdirdilər”,
faktura köhnəliyini qeyb etdlər. Bəlkə
də yazmaq artıqdır, bunları sən məndən də
yaxşı bilir, duyur, dərk edirsən. Belə
olmasaydı, yazılarının birində beləcə
için-için sızıldamazdın: “O hava, o
işıq, o duyğular ki, var, çalın-çarpaz
yollarda, göydələnlərin zirzəmilərində,
qırılan-budanan bağlarda, onların üstündəki
marketlərdə çoxdan dəfn olunub, bircə
işartısını belə, saxlamayıb.
Bu şəhər öz koloritini, deyəsən,
İçərişəhərdə də itirməyə
başlayıb. Bu şəhər daha o şəhər
deyil, boşuna vurnuxma, canım. Hər
şey gözəlləşib, ancaq heç nə
qalmayıb. Kinoteatrlardakı
şüşəli kassaların arxasında, dodaqları
qıpqırmızı boyanmış, biletsatan rus və yəhudi
qadınları da, heç demə, bu şəhərin
azacıq koloriti imiş. Peraşki, saqqız, siqaret
satanlar da... Evdə, küçədə rusca
danışıb, meydançada azərbaycanca oynayan
“Neftçi” də.
... Adam hərdən “Gün keçdi” filminə tək-tənha
baxmaq istəyir.
Bizim şəhər daha yoxdur. Xatirələr də
bir-bir qopub düşür. Acısıyla, şiriniylə...”
Qarşı yaxa məmləkət...
Yaxud İstanbulda İstanbul həsrəti
Bu qaynar gözlü, qara saçlı oğlan hara
baxır görən? Bəlkə sahildən sahilə, sərhəddən sərhədə,
ən nəhayət, Vətəndən Vətənə getmək
amacındadır?.. Baxır, baxır... Bu
sahildən o sahilə... Sanki ayin icra edir, dua oxuyur... Bəlkə
bu qız hörüklü dalğalardan yapışıb
üzmək... üzmək... mətləbinə yetişmək
istəyir?.. Bəlkə elə bu zaman
böyük Nazim Hikməti dodaqaltı
pıçıldayır?.. “Qarşı
sahil məmləkət”... və sair. Bəlkə
“Şirvan” çöllərində ədəbi məskən
salmış o türk əsgərlə, o nakam şəhidlə,
adı başdaşına da yazılmamış o xilaskarla
söhbət edir?.. Bu, uzaq
zamanların xəyali bir etüdüdür. O zamanlar
ki... sevdalı Məzahir sevdalar içində
çabalayırdı, sevdalı qəlbinin cazibəsilə
sahildən-sahilə, ölkədən-ölkəyə, Vətəndən-Vətənə
səfərlər edirdi. Bu, o vaxtlar idi. Bu qaragözlü, qaynar, özü-özünə
sığışmayan Məzahirin Soçinin Qara dəniz
sahillərindən qarşıya - Türkiyənin Qara dəniz
yaxalığına həsrətli
yaşantılarıydı. Sonralar Məzahir
quş olub o tərəfə uçacaqdı, balıq olub o
sahillərə toxunacaqdı, hətta İxtiandr cildində o
sahillərdə Qutteranı axtaracaq və son anda onu, dünya gözəlini
İstanbulun çopur, mamırlı bir daşına dəyişəcəkdi.
Bütün bunlar sonralar olacaqdı.
İndilikdə isə coşğun, dəlisov, sevdalarla
süslənmiş bir gənc, Soçinin Qara dəniz sahillərində
öz xəyallarıyla əlbəyaxadır... Zaman həmin
zamandır - 1978-ci ilin yayı... Sonralar tez-tez
xatırlanan General Xludov da müəllif üçün həmin
dövrün xatirə yadigarlarını oyadan bir bəlgədir.
General Xludov sayağı sahildən-sahilə xəyallanan
bu cavan daha qaynar, daha çılğındır. Xludov ölmüş xəyallarının qoynunda
susqun bir həyat yaşayır, bizim qəhrəman isə
ümidli arzuların qanadındadır.
Məzahirin qələmindən çıxmış həmin
o məşhur İstanbul xatirələri, əziz oxucu,
heç də burdan, 1978-ci ilin bu yay ovqatından
başlamamışdı. Bunun tarixi daha uzaqlara, həmin o Baksovetli
günlərimizə, bəlkə ondan uzaqlara gedib
çıxırdı... Məzahir o
dövrün ən dotələb “pantürkist”lərindən
biriydi. Vaqif Cəbrayılzadəylə
birgə günlərlə Axundov Kitabxanasından
çıxmırdılar. O vaxt müəyyən
qadağalarla izlənən Türkiyə cəmiyyəti, onun ədəbiyyatı,
mədəniyyəti, musiqisi barədə bilgiləri biz ilk dəfə
onların dilindən almışdıq. Nazim Hikməti, Orxan Vəlini,
Fazil Hüsnü Dağlarcanı, daha kimləri-kimləri
onlar bizimlə “görüşdürmüşdülər”. Və türk sevdası elə o vaxtdan bizim
başımızda dolaşmağa başladı. Uca göylərdən bayraq almış, hür
doğulub hür yaşamış bu böyük türk
qövmünün təəssübkeşləri,
sevdalıları gündən-günə artırdı.
Buna görə biz o dövrün gəncləri,
tələbələri həm də Məzahirə minnətdarıq.
Türkdən, böyük Turançılıqdan indi
danışmağa nə var ki!.. Hünər oydu ki, onda, Sovet dövrünün
“şirin” vaxtlarında belə iddialara düşəydin.
Amma danışanlar danışır, deyənlər deyir, hətta
yazanlar da olurdu, xəlvətcə olsa da, arxivlər
üçün nəzərdə tutulsa da... KQB-nin burnunun
ucunda, ayıq-sayıq, eynəkaltı iti
baxışlarının bucağında bu “adi” işləri
görmək indi bəlkə də miyanə görünə
bilər... Bu gün bəlkə də maraq dairəsindən
çıxmış bu hadisələr zaman-zaman Məzahirin
qələm obyektinə də çevrilib. Eləcə İstanbul xatirələrinin bir hissəsi
məhz bu məsələdən danışır. İlk baxışdan bu hissə kontekstdən kənar
görünə bilər. Amma İstanbul
xatirələri bununla tam görünür. Axı, Türkiyə sevgisi, İstanbul arzuları
burdan qaynaqlanır.
Məzahirin yazıları bu sarıdan K.Paustovskinin
yaradıcılığına oxşayır. Nəsr və
publisistikanın qarışığından özəl
üslubunu yaratmış K.Paustovski kimdən, nədən
yazır-yazsın, onu sənə sevdirir. Adi
cümlələrlə, sadə, bəzən bəsit, lakin
isti, munis, ürəyə toxunan ifadələrlə öz ədəbi
qəhrəmanı haqda elə maraqlı vaqeələr
danışır, səni səndən alıb aparır.
Mən Məzahirin yazılarında da bu
şirin, ecazkar magiyanı hiss etmişəm. Məzahir yazıçı məhəbbətini
yaxşı ifadə edir, səlis çatdırır. Hətta yumoristik, satirik, şarjvari üslubunda da o zərif
məhəbbət duyğularını hifz edib qoruya bilir.
İstanbul xatirələri bu mənada çox
səciyyəvidir. Sevdiyimiz İstanbulu Məzahirin təqdimatında
yenidən, özü də tamam başqa cür, Məzahirvari
sevməyə başlayırıq...
1978-ci ildə
Soçidə qarşı yaxaya, sahilin o tayına həsrətlə
baxan o qaynar gözlər artıq İstanbulda -
Boğaziçində, Gülhanədə qocafəndi nəzərlərlə
İstanbulu oxşamaqdadır, baxışlarıyla onun
sokaklarına, binalarına, cevizlərinə, dənizinə,
Qara dənizinə məhrəmanə sığal çəkməkdədir.
Bu, uzun yolun sevgisidir. Doymaq, toxtamaq bilməyən,
daşıb-çağlayan, heç vaxt sönməyən,
daim kükrəyən, ipə-sapa yatmayan dəli bir
sevdadır, belə demək mümkünsə, Məzahir
sevdasıdır... Bu məqamlarda onun
ağlı, istedadı, poetik təfəkkürü yeni
ampulada görünür. Sanki qələm
yazmır, yazan sevdalı könüldür, mürəkkəb
ürək eliksiridir. Və bütün bunların məntiqi
yekunu - İstanbulda İstanbul həsrəti...
İstanbul xatirələri həm də yaxşı
yaddaşdır. Məzahir iti yazıçı fəhmiylə burda elə
detallara işıq tutur, elə gələnəkləri silkələyr
ki, İstanbulun özündə illərlə yaşayanlar bəlkə
bunun fərqində deyillər... Gülhanə parkında Məzahir
yaradıcılığına və ədəbi məsləkinə
uyğun olaraq böyük Nazimi xatırlayır: “Görəsən,
parkdakı bu qədər insan içərisində məndən
başqa o dahiyanə misraları və böyük Nazim Hikməti
düşünən varmı? Bu da polis - bir qadın, iki kişi. Onlar bizim və ayrıca
mənim xəyallarımın “yanından” saymazyana
ötüb keçirlər. Düz 57 il bundan əvvəlki
kimi...” Bəli, düz 57 il əvvəlki
kimi heç kim heç kimin, heç kim heç nəyin
“farkında” deyil. Elə İstanbul özü də indi
ayrı havadadır, nəyin “farkında” olmalıdır ki...
“Uzağı bir il çəkər iyirminci əsrdə
ölüm acısi...” Bunu da böyük Nazim deyib axı...
İyirmi birinci əsrdə isə bir gün, iki gün... Belə
də...
İstanbul xatirələri şərh üçün,
təhlil üçün canlı materiallarla zəngindir. (Təsadüfi
deyil ki, bu qeydlər barədə həcmcə onun
özündən böyük yazılar yazılıb). Elə faktlar, elə detallar var ki, onların hər
biri ayrıca bir əsərin mövzusudur. Türkiyə,
Batum həndəvərlərində
qaçaqmalçılıq etmiş babası barədə
qeydlər, əlcəzairli qız “əfsanəsi”... müstəqil
əsərlərə mövzu ola bilər.
Bir də, deyəsən, bu yazının
davamı olacaq, mən də istəyərdim. Həm də onu ayrıca bir kitab kimi oxumaq istərdim.
Realizm... Romantizm...
Modernizm... Postmodernizm...
Hər bir yazar fərdi üslubu, dili, hadisələrə
yanaşma tərzilə seçilməlidir. Yəni əsəri
oxuyan kimi, elə ilk cümlədən onun müəllifini də
sərf-nəzər etməlisən. Bu mənada
Məzahir öz üslubunu tapmış, yolunu seçmiş,
özünəməxsus yaradıcılıq manerasını
haqq etmiş yazıçı-publisistdir. Onun
sətirlərində döyünən alqoritmik dinamizm
eksklüziv improvizələrlə, başqa sözlə, metomarfozalarla
üzə çıxır. Bu dəyişmələr,
bu çevrilmələr təkcə şəkli dəyişikliklərdə,
yaxud söz çevrilmələrində təzahür etmir,
metamorfostik gəlişmələr, ifadə assosiasiyaları
hadisənin, həyat həqiqətlərinin məzmununu, məntiqini
şərtləndirir. Elə həmin an
hiss edirsən, müəllifin qabartmaq istədiyi fikir, ideya, məqsəd
başqa üslubda bu dərəcədə məntiqi
biçimdə dolğunluqla alınmayacaqdı. Elə şeylər var ki, onu saya, adi, yalxı,
çılpaq cümlələrlə çatdırmaq olmur.
Belə məqamda mütləq obrazlı təfəkkürə
güvənməlisən, improvizələrə, sətiraltı
gəlişmələrə söykənməlisən. Məzahir öz yazılarını məhz daha
çox özünə məlum mübhəm söz
çevrilmələri ilə süsləyir. Belədə o, sözlərlə, kəlmələrlə
oynayır. Ancaq bu, əyləncə deyil.
Bunu oyunla qarışdırmayın, xahiş
edirəm.
M.Əhmədoğlu istedadlı və zəhmətkeş
jurnalistdir. Bura intellekti, erudisiyanı, geniş
dünyagörüşü və dünyadərkini, zəngin
informasiya və savadı da əlavə etsək, nə
alınar? Məzahir Əhmədoğlu
yaradıcılığı. M.Əhmədoğlu
yaradıcılığı bu eliksirlərdən yoğrulub.
O, istedadlı yazmır, həm də savadlı yazır. Onu oxuya bilmək və başa düşməkdən
ötrü oxucudan müəyyən səviyyə tələb
olunur. Məzahir özünə
qarşı tələbkar jurnalistdir, odur ki, oxucusundan da
bunları tələb edir. Hətta
yazılarında savadsız, hazırlıqsız oxucuya incə
eyhamlarla sətiraltı mənalarla, özünəməxsus
incə yumorla da sataşır. Belədə
o, əvvəllər qeyd etdiyimiz kimi, heç vaxt kütləvi
oxucunun səviyyəsinə enmir, onu öz səviyyəsinə
qaldırmağa çalışır.
M.Əhmədoğlunun üslubu təkcə bədii
deyil, həm də intellektual üslubdur. Əli Kərimin
şeirləri kimi. Malik Həddadın eksklüziv
üslublu əsərləri kimi... Böyük
Əlcəzair yazıçısı, fransızdilli nasir
Malik Həddadı elə-belə xatırlamadım. Bizim
gənclik illərimizin yazıçıları... Kumirlərimiz...
Biz onda onları oxuyurduq. Malik Həddadın
“Çevrilmiş səhifə”si, Henrix Böllün “O illərin
çörəyi” əsəri... Məzahirin fərqli
üslubu bir az da Malik Həddaddan gəlir.
Demək olar ki, bütün əsərləri Əlcəzair
xalqının fransız əsarətinə qarşı
mübarizəsinə həsr olunan Malik Həddadın əsərlərinin
ictimai məzmunu bir yana, onların hər
biri bu gün ən yeni, ritmik və dinamik ədəbiyyatın
parlaq nümunələri, ədəbiyyat hadisələridir. Xüsusən, dili, üslubu, hadisəyə, predmetə
yanaşma, onu dilləndirmək maneraları mükəmməldir.
Əsər boyu dil idiomlar, improvizələr,
metamorfozalar üzərində qurulub. Məsələn,
“Səid öldü”, - demir, “Səid - (minus)” yazır. Yaxud uşaqdan söhbət gedəndə “75
santimetrlik səadət parçası”, - deyir. Bu sözlər, cümlələr saçma, seçdirmə
halında, konteksdən kənarda bəlkə də
bayağı görünə bilər. Təsəvvür
edin, bütün roman bu üslubi çalarda ola,
bu qeyri-adi düşüncə və dil metomarfozaları
üzərində qurula, onda anlayış kifayət qədər
dolğunlaşa bilər. Məzahirdə də
bu yazıçıyla üslub doğmalığı var (Bəlkə
İstanbulda əlcəzairli qıza rast gəlməsi, onun
haqqında yaddaşına yazdığı əfsanə,
Malik Həddadın anılması, “Cəmilə” filminin, onun
qəhrəmanı əlcəzairli qızın
xatırlanması da bu yaradıcı doğmalıqdan
süzülüb gəlir). İstənilən
qədər misal çəkmək olar, amma biri ilə kifayətlənək.
Məzahir İstanbul xatirələrinin ən məhrəm
epizodlarından birində - babası haqda söhbət
açarkən yazır: “Təvəllüdündən 15-16
yaş cavan görünən 74 yaşlı qıvraq
kişini o qısqaclı dəniz heyvanının “şərəfinə”
adlandırılmış qorxunc xəstəliyin ikicə
ayın içində nə günə qoyduğunu da
unutmamışam. 1974-cü ildə.” Göründüyü kimi, Məzahir bir elə də
“ciddi tələb olunmayan” məqamlarda, hadisə nəqlində
də obrazsız, impulsiv təsvirsiz, metamorfozasız
keçinə bilmir. O məlum müdhiş xəstəliyə
də təmtəraqlı bənzətmə tapır. Çünki bu, artıq onun
doğmalaşmış, vətəndaşlıq hüququ
qazanmış üslubudur.
Belə
bir dil və üslub hadisəsi onun, demək olar ki,
bütün yazılarında izlənir... Bəzən
bu sirli söz və ifadə çevrilmələri, hadisələrin
içində yaşayan metamorfoz düşüncə
bütöv bir yazını müəmmaya, tapmacaya
çevirir. “Uembli arayışı”nı götürək. Elə ilk baxışdan müəmmalı və
çaşdırıcıdır. Lap elə Uembli barədə
məlumatı olanların da ilk əvvəl ağlına bu gəlmir.
Və tələm-tələsik yazını oxumağa
girişir (Deyim ki, bu da Məzahirin çevik, usta bir manevridir.
Bu sirli və mübhəm vasitəylə
yazını oxumağa məcbur edir, axı bağlı
qapıya maraq güclü olur). Məsələ
burasındadır ki, yazını oxuyandan sonra da zahirən bir
mətləb hasil olmur. Bir də oxuyursan, yenə həmin
su, həmin dibək... Hardan biləsən ki, futbol tarixinə
ekskurs etməli, əfsanəvi Tofiq Bəhramovu
xatırlamalısan... Ondan sonra bir mətləb hasil edəsən
bəlkə... Beləcə, əziz oxucu, bu
münvalla gərək Məzahirin bütün
yazılarının açmasıyla məşğul olaq.
Dəyərli dostumuz, yazıçı-publisist Aqil Abbasın
M.Əhmədoğlu yaradıcılığı barədə
dediyi sözlər, məncə, fikirlərimizi sərrastlıqla
tamamlaya bilər: “Məzahirin publisistikasında qəribə
bir özünəməxsusluq var. Bir qədər sirli-sehrli, bəzən
tuta bilmədiyimiz şeylər var. Görən burda Məzahir
nə demək istəyirdi? Məzahirin nə demək
istədiyini bilmək istəyirsinizsə, gərək onun
yazdıqlarının hamısını oxuyasınız,
çünki bütün yazıları bir-biriylə
bağlanır, yəni onun dediklərində nəyisə tuta
bilmədinizsə, ya yazını ikinci dəfə oxuyun, ya da
bir geri qayıdın, əvvəlki yazılarına da bir
baxın. Gözəl bir şeir bir
ağac kimidi, onun kökü var, gövdəsi var,
budaqları var, yarpaqları var, çiçəkləri var.
Hamısı bir yerdə gözəldi, bitib. Məzahirin publisistikası hamısı bir yerdə
bir şeirdi. Gərək onun
özülünü də biləsən, budaqlarını
da, çiçəklərini də və axırda da meyvəsindən
dadıb ondan sonra görərsən ki, Məzahir sənə
dünyanın hansı tamını verib”.
Mən də
eləcə bunu demirdimmi, əziz qardaşım?..
Sən dənizsən - yosunuyla, gəmisiylə, buluduyla...
P.S. Telefonda saqqızımı
oğurlayıb yazının adını soruşdu. Dedim:
- “Metamorfoza” qoymaq istəyirəm.
Güldü:
- Elə “Metamorfoz”- dedi.
“Hə... - fikirləşdim.
- Düzdür. Metamorfoz Məzahirin özüdür.
Yazdıqları isə başdan-ayağa metamorfozadır...
P.S.S. Məzahirin
avtoqrafları da orijinal və maraqlıdır. O vaxt
kitabının avtoqrafında məni “Mətbuatımızın,
beşdə dördü dərinliklərdə gizlənmiş
aysberqi” adlandırmışdı. Xoşdur, məmnunedici və
qürurvericidir. Həm də kədərlidir. Əziz dostum!
Əslində mən nəinki aysberq, heç suların
üzündə səllimi dolaşan, məqsədsiz-filansız
vurnuxan balaca buz parçası da deyiləm. Mən, olsa-olsa,
özü-özünü öz içindən yemiş ipəkqurdu
kimi bir şeyəm...
Loğman RƏŞİDZADƏ
yazıçı-publisist
525-ci qəzet.- 2015.- 25 iyul.-
S.18-19.