Azərbaycanın dövlətçilik və
mədəniyyət
tarixində
Qarabağın yeri və rolu
(Əvvəli ötən
sayımızda)
Cəbrayıl
rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində,
Araz çayının sol sahilində yerləşir. Cənub
tərəfdən İran İslam Respublikası, cənub-qərbdən
Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd,
şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.
Sahəsi 1050 kvadrat kilometr, əhalisinin sayı 59100 nəfərdir.
Tərkibinə bir şəhər, 91 kənd daxildir.
Cəbrayıl
rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı
abidələri ilə zəngin rayonlarından hesab olunur.
Rayonun köhnə qəbiristanlığında qədim
yazılar yazılmış bir lövhə parçası
aşkar olunmuşdur. Həmin yerdə, yolun
qırağında isə iki başdaşı vardır.
Başdaşılarının yuxarı hissəsində heyvan
təsvirləri - dağ keçiləri və Qobustan
qayaüstü təsvirlərini xatırladan müxtəlif
tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında
müxtəlif bədii formaya malik qəbirdaşları
vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın
digər dağətəyi rayonlarındakı abidələrin
analogiyasıdır. Cəbrayıl rayonunda müxtəlif
türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə
aid türbə, Şıxlar kəndində yerləşən
Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində
XVI əsrə aid səkkizguşəli türbə və
onlarla başqa tarixi-dini memarlıq nümunələri var.
Vahid Azərbaycan
rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də
Cəbrayıl rayonunda yerləşir. Bu körpü
haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin
körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın
orta əsr şəhərlərini birləşdirən,
karvan yolunun üstündə tikilib. O, həm də
mühüm hərbi-strateji əhəmiyyət
daşıyır. Araz çayının ən dar,
qayalıqla əhatələnən yerində inşa
edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən
başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərib.
Kərpic körpü isə XII əsrdə tikilib.Bundan başqa
rayonun Xələfli kəndində bizim eradan əvvələ
aid Mazannənə, Mərmərnənə məqbərələri,
rayonun müxtəlif yerlərində çoxsaylı məscid
və türbələr, ocaq və ziyarətgahlar mövcuddur. 23 avqust 1993-cü ildə
Ermənistan silahlı qüvvələrinin işğalı
nəticəsində rayonun yaşayış məskənləri
ilə yanaşı, tarixi-dini abidələri də məhv
edilib.
Zəngilan
rayonu ərazisi şərqdən Həkəri
çayından Mehri dağ silsiləsinə qədər olan ərazini
əhatə edir.
1920-ci
ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi
ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini
quran ermənilər Zəngəzur qəzasını
işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi
ilə Zəngəzur Azərbaycanın əlindən
alınaraq Ermənistana birləşdirilib. Nəticədə,
qəzanın yuxarı hissəsi Ermənistanın,
Laçın, Qubadlı və Zəngilan bölgələri
isə Azərbaycanın tərkibində qalıb.
Zəngilan
rayonu 1930-cu ildə yaradılıb. Rayonun sahəsi 707 kvadrat
kilometr, əhalisi 35351 nəfərdir. Ərazisinə bir şəhər,
bir şəhər tipli qəsəbə, bir qəsəbə,
81 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar
Ermənistan tərəfindən işğal olunub.
İşğal nəticəsində rayon ərazisindəki
onlarla milli və dini-tarixi abidə məhv olub.
Zəngilan
rayonu Azərbaycanın özünəməxsus tarixi
keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən
axan Şərəkə çayının hövzəsində
özünün tarixi ornamenti ilə seçilən onlarla
türbə vardır. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli
kəndində yerləşən səkkizguşəli Yəhya
ibn Məhəmməd türbəsi (1304-1305) öz
memarlıq-konstruktiv formasına görə seçilir.
Türbənin ətrafında orta əsr qəbiristanlığı
yerləşir. Türbədən bir qədər aralıda
Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin
(759 h. - 1358 il) məzarı yerləşir. Türbənin ətrafında
şeyxin davamçılarının pərakəndə
şəkildə başdaşıları mövcuddur.
Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii
tərtibatına görə Şıxbaba Qədiriyyə sufi
xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə
aid etmək olar. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə,
başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları
ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif
relyeflərlə Azərbaycan xalqının həyatının,
məişətinin müxtəlif tərəflərini əks
etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə,
etnogenez məsələlərinə aydınlıq gətirir,
Azərbaycanın orta əsr mədəni həyatına dair
bir sıra məsələləri işıqlandırır.
Məmmədbəyli
kəndindəki türbə səkkizbucaqlı şəklində
tikilib və yuxarısı piramidalı günbəzlə
tamamlanır. Divarları xaricdən və daxildən
yonulmuş daşla çox səliqəli formada üzlənib.
Türbənin sərdabə hissəsi içəridən
kvadrat planda tikilib. Türbənin giriş qapısının
üstündə nəsx xətti ilə yazılmış ərəbcə
kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin
kimə məxsus olduğu və nə vaxt tikildiyi qeyd edilib.
Kitabədəki mətnə görə, bu, Yəhya ibn Məhəmməd
əl-Həcc Seyid Əlinin türbəsidir.
XIV əsrdə
yaşamış məşhur coğrafiyaşünas və
tarixçi Həmdullah Qəzvininin yazdığına görə,
Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni
636-cı (637) ildə qoyulub. Deməli, Zəngilanın təqribən
1400 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin
su qovşağının yaradılması ilə əlaqədar
olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji
qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi
memarlıq abidələri ilə zəngindir. Bunlardan biri
Şərifan kəndində yerləşən Şəhri-Şərifan
(və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin
böyük bir hissəsini Həkərə çayı yuyub
aparmışdır. Şəhər qalığının ərazisi
9 hektara yaxındır, təbii, coğrafi və strateji
baxımdan əlverişli mövqedə yerləşib, qərbdən
dağ silsiləsi, şərqdən Həkəri
çayının sıldırım sahili ilə əhatə
olunub. Aparılan tədqiqat zamanı şəhər ətrafında
iki qəbiristanlığın olduğu müəyyən
edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus
sərdabə tipli qəbirlərdən ibarətdir. Bu qəbiristanlıq
təqribən 1 km şimalda yüksək dağın
döşündə salınıb. Onlar ağ daşla
inşa edilib, əksər hallarda qapı üstü və ya
mehrabvari hissədə həndəsi formada
naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin
cənub-qərbində olub, üstü dirəklərlə
örtülən qəbirlərdən ibarətdir. Hər iki
qəbiristanlıqda dəfnetmə İslam şəriətinə
uyğun aparılıb.
Şərifanda
aparılan qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət
qalıqları aşkar edilib. Arxeoloji materiallara əsasən,
şəhər tipli yaşayış məskəni olan Şərifan
XIV əsrdə salınıb və XVII əsrə kimi burada
intensiv yaşayış olub. Rayon ərazisində müxtəlif
tarixi, dini memarlıq abidələri- səkkizguşəli
türbə, Alban kilsəsi, sərdabələr, pirlər,
küp qəbirlər, qala və körpülər, Yəhya
ibn Məhəmməd əl-Hoca məqbərəsi və digər
abidələr var.
(Ardı var)
S. ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 28 iyul.- S.4.