Milanlı “La Donna”
Milan
şəhərinin Malpensa hava limanından
çıxar-çıxmaz... özümü Türkiyədə
hiss edirəm. Bir az qəribə və əndrəbadi
fikirdi, deyilmi? Əslində, hər şey
çox sadədi. Məsələ
burasındadı ki, Azərbaycan heyətini
qarşılamağa gələn minibusun
sürücüsü türkdü. Elə mehriban
salamlaması, bircə dəfə “Xoş gəldiniz” deməsi,
yolboyu tərtəmiz türkcəsində şəhərdən,
“Expo-2015” sərgisindən, özünün gərgin iş
qrafikindən, daha nə bilim nələrdən
danışması bəs edir. Bəs edir ki, Milanda
olduğunun fərqinə varmayasan...
...Görünür,
ölkələr, şəhərlər, ümumiyyətlə,
bütün hər yer sadəcə, insandı. Bəlkə
elə bütün yeni getdiyimiz şəhərlərdə ən
maraqlı görməli “abidə” də, “eksponat”da odu. O
yerin havasının, suyunun, təbiətinin, tarixinin, adət-ənənələrinin
yaratdığı, yetişdirdiyi, formalaşdırdığı
insan. İtaliya insanını isə indiyə kimi Fellininin,
Antonioninin, Tornatorenin, Ekonun, Da Vinçinin, Modelyaninin,
Puçininin, Albinioninin, Verdinin,
Pavarottinin və daha neçə-neçə italyan sənətkarın
sayəsində oxumuşuq, dinləmişik, izləmişik. Məhz bu adamlara görə İtaliya
maraqlıdı, sirlidi, fərqlidi. Ümumilikdə
dünya mədəniyyətinin, incəsənətinin,
kinosunun, musiqisinin beşiyi olması bir yana,
İtaliya həm də ayrı-ayrı kiçik
“personajları” ilə düşündürücüdü,
dərindi.
... Otelin önündə, sürücümüzün
söhbətləriylə, şərhləriylə Türkiyəyə
“çevirdiyi” minibusdan enincə hər şey yerini alır.
Hə, indi çatdıq Milana... Otel xidmətçilərinin
davranışını müşahidə edəndə ilk təəssüratım
bu olur ki, italyanlar
heç yerə tələsmirlər. Nə istədiyini
tam anlamaq və səni razı salmaq üçün
uzun-uzadı müzakirəyə hazırdılar, öz təklif
etdiyini də saatlarla (mübaliğəsiz deyirəm!) izah edə
bilərlər. Ona görə elə təkcə oteldə
yerləşmə xeyli vaxtımızı alır... Dinamik
yaşayan, hər işi sürətlə görən bizlər
üçün bir az
üzücüdü. Ancaq onsuz da əsas tədbirlər, təqdimat
sabahdı: Rəşad Məcidin italyanca “O” (“La Donna”)
kitabının təqdimatı və şeirlərə
yazılmış musiqilərdən, kompozisiyalardan ibarət
konsert proqramı. Azərbaycan ədəbiyyatı
və ümumiyyətlə, mədəniyyəti
üçün son dərəcə əhəmiyyətli, əlamətdar
olan bu hadisəni, onun məğzini tam anlatmaq çətindi.
Əgər 20-25 il öncə dünya,
Avropa bizlər üçün nə qədər mifik,
mücərrəd, qeyri-real idisə, indi Azərbaycan
şairinin şeirlərinin italyan dilinə çevrilməsi,
təqdimatının keçirilməsi o qədər
realdı. Hələ ötən il italyan
şair-bəstəkar, Milan Universitetinin professoru Davide Qualtieri
Məmməd Arazın, Fikrət Qocanın şeirlərini
italyancaya çevirmişdi. Milanda
Konservatoriyanın konsert salonunda Fikrət müəllimin
şeirlərinə həsr olunmuş musiqi, rəqs, rəsm
gecəsi keçirilmişdi. Həmçinin
Azərbaycan şairlərinin italyancaya çevrilmiş
şeirlərindən ibarət antalogiyanın da təqdimatı
olmuşdu. Və yəqin ki, elə bu “La Donna”
kitabının “təməli” də o vaxt, bir il öncə
qoyulub. Cənab Qualtierinin Rəşad Məcidə “Kimsən
ey doğulan?” - deyib salam verməsiylə...
Fikrət müəllim qəzetimizə müsahibəsində
bu məqamı belə şərh eləmişdi:
“Orada mənə bir epizod da çox gözəl təsir
bağışladı. Deməli, Davide Qualtieri Rəşad Məcidlə
üz-üzə gələndə onun adını yadına
salmamışdan öncə, əlini Rəşad Məcidə
uzadıb şeiri ilə ona müraciət etdi: “Kimsən, ey
doğulan?” Hər bir yazıçı,
şair Allahdan istəyir ki, onun adından əvvəl əsəri
gəlsin, əsəri xatırlansın. Bu,
çox incə məqamdı”.
O cür şairanə
görüşün məntiqi davamı belə
olmalıydı yəqin. Davide Qualtieri Rəşad
Məcidi italyancaya çevirməliydi, ingiliscə məktublarının
sonunda ona azərbaycanca “qardaşım” yazmalıydı, hələ
üstəlik, ona şeir də həsr etməliydi. Bu şeir “Körpü salırıq” adlanır.
Burada körpü rəmzi məna
daşıyır, mədəniyyətlər arasındakı
körpü simvollaşdırılır. Bu mənada
İtaliyada Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti, xoreoqraf Mais Nuriyev bu cür
“körpü” hesab oluna bilər. Gerçək bir vətənpərvər
olan Mais müəllim on beş ildən
çoxdur ki, ailəsiylə Milanda yaşayır. Əslində, Davide Qualtieri ilə Azərbaycanı
dostlaşdıran da, poeziyamızın italyan dilinə
çevrilməsinə vasitəçi olan da odur. Hələ italyan qızlarına bizim milli rəqslərimizi
öyrətməsini, xoreoqraf kimi sevilməsini, hörmətini
demirəm. Bir sözlə, əslində
Mais Nuriyev ailəsi ilə birgə Milanda balaca bir Azərbaycandı.
Və bu illər ərzində həyat
yoldaşı Nəzakət xanım da, özü də nə
dili, nə adətlərimizi, münasibətlərə aid
yazılmamış qanunlarımızı unutmayıblar.
Bunu onlarla ünsiyyətdə olduğumuz
üç gün ərzində dəfələrlə
müşahidə etdik. Amma bütün bunlar haqqında
bir azdan söz açacağam...
Xalq
yazıçısı Anar, akademik İsa Həbibbəyli, Rəşad
Məcid, Vaqif Bəhmənli, Günel Anarqızı, Xalq
artisti Fikrət Verdiyev, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım
Cavanşir Verdiyeva, kaman ustası Elşən Mansurov və
muğam ifaçısı Sevinc Sarıyeva ilə səfərə,
özü də Milana getmək ayrıca mövzudu. Və bu səfərin qeyri-rəsmi məqamlarından
da xeyli danışmaq, yazmaq olar. Amma
qısa desəm, bu səfərimizdən ən parlaq təəssüratım
o oldu ki, nə qədər pafoslu səslənsə də, bu
adamları sənətə və Vətənə sevgi birləşdirir.
Azərbaycan şeirinin, musiqisinin,
muğamının avropalılara necə təsir etdiyini
görmək hər birimizə eyni həyəcan, eyni sevinc gətirirdi.
Hələ Davidenin “Xocalı” kompozisiyasına
hamılıqla kövrəlməyimizi demirəm. Amma indi bütün bunlardan, tədbirlərdən
aldığım təəssüratları, heyətimizin
ayrı-ayrı üzvlərinin fikirlərini bölüşməzdən
öncə “Expo-2015” sərgisinə ziyarətimizdən
danışmaq istərdim.
Expo ziyarəti...
...Səmimi
etiraf etmək lazımdı ki, expoya ziyarət İsa Həbibbəylinin
sayəsində baş tutdu. İsa müəllim
elə Milana çatan kimi müxtəlif adamlara, təşkilatçılara
zənglər edir, Expoya necə getməyi, Azərbaycan
pavilyonunun yerini öyrənir. Nəhayət,
lazım olan məlumatı alandan sonra əşyalarımızı
oteldə qoyub çıxırıq.
Expo balaca bir dünyadı əslində. “Planetimizi
qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding
the Planet, Energy for Life) devizi ilə keçirilən builki sərgidə
145 ölkə iştirak edir. Bu ölkələrdən
yalnız 54-ü, o cümlədən, Azərbaycan milli
pavilyonla təmsil olunur. Digər ölkələrinsə
sadəcə, stendləri nümayiş etdirilir. Əgər Expo balaca bir dünyadısa, bizim
pavilyonumuz da kiçik bir Azərbaycandı. İnternet səsvermədə ən çox bəyənilən,
eyni zamanda ən çox ziyarətçisi olan pavilyonlardandı.
Dördmərtəbəli pavilyonun hər mərtəbəsi
haqda xeyli danışmaq olar. Mərtəbələri
bir-bir gəzib baxırıq. Girişdə güzgü
formasında monitor quraşdırılıb. Eynilə belə
bir monitor Bakıda - Heydər Əliyev Mərkəzinin
qarşısında yerləşdirilib. Bu
monitorların hər ikisi bir-biri ilə əlaqədədir.
Pavilyonla tanış olan şəxslər
monitorun qarşısında durmaqla Bakıda monitor
quraşdırılan məkanı görür, buradakı
insanlarla söhbət edə bilirlər. Həmçinin
Bakıdakı monitor qarşısında dayanan adam
expo ziyarətçisiylə ünsiyyət qura bilər.
Birinci mərtəbə “Səslər simfoniyası”
adlanır. Burada Azərbaycanın tarixi, mədəniyyəti,
coğrafiyası barədə məlumatlar var. 2-ci mərtəbədə
- “Rənglər simfoniyası”nda ölkəmizin iqlimi,
landşaftı və bioloji müxtəlifliyi göstərilir.
3-cü mərtəbə “Dadlar simfoniyası”
adlanır. Burada milli mətbəx və
orqanik təbii qida məhsulları barədə məlumat və
nümunələr təqdim edilir. 4-cü
mərtəbədə isə restoran fəaliyyət göstərir.
Burada milli mətbəx təqdim edilir və gələnlər
interaktiv vasitələrlə Azərbaycan milli yeməklərinin
hazırlanma üsulu ilə tanış
ola bilirlər. Monitorlarda tanınmış musiqiçilərin,
jurnalistlərin, müəllimlərin, həkimlərin,
hüquqşünasların foto slyadları bir-birini əvəz
edir, Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, ənənələrinə,
incəsənətinə aid materiallar, müxtəlif
videoçarxlar nümayiş olunur. Əcnəbilərin
bütün bunlara necə maraqla tamaşa etməsi, heyrətlə
izləməsi insanda qürur hissi doğurur. Bir gün öncə ölkə prezidenti İlham
Əliyev xanımı Mehriban Əliyeva ilə birgə
pavilyonu ziyarət edib. Buranın əməkdaşı
Marko prezidentin gəlişi haqda təəssüratlarını
bölüşür, telefonuna çəkdiyi həvəskar
fotoları bizə göstərir. Marko
ötən gündən bayram kimi danışır; Azərbaycan
bayrağının qaldırılmasından, Exponun mərkəzində
musiqimizin səsləndirilməsindən, ziyarətçilərin
pavilyonumuza marağından və s. Daha sonra bizi kiçik
avtomobillə başqa bir neçə ölkə
pavilyonlarına aparır. Bütün
Exponu gəzib baxmaq sadəcə, mümkünsüzdü.
Ancaq hər halda Türkiyənin, Rusiyanın,
Ərəb Əmirliklərinin fərqli, möhtəşəm
pavilyonlarını ötəri də olsa görə bilirik.
Azərbaycan pavilyonu isə sərgi bitdikdən
sonra Bakının mərkəzində qurulacaq. Və indidən əminliklə söyləmək
olar ki, son illərdə sürətlə yeniləşən,
müasirləşən Bakının gözəlliklərindən
birinə çevriləcək.
Xocalı həqiqəti italyan dilində...
Davide Qualtieri ilk dəfə Xocalı haqda videolara,
fotolara baxandan sonra bu faciəyə şeir həsr edib. Daha sonra musiqi
bəstələyib. Bu gün də Cüzeppe Verdi
Konservatoriyasının zalında Rəşad Məcidin
şeirlərinin təhlilindən, təqdimatından öncə
italyan və Azərbaycan musiqiçilərinin birgə
çıxışı təşkil edilib, burada əsas
vurğu məhz Xocalı faciəsinin üzərinə
qoyulub. Davide Azərbaycan və italyan musiqiləri
arasındakı oxşarlıqlardan danışır. Və bunu əyani şəkildə göstərmək
üçün elə yerindəcə, necə deyərlər,
ekspromt şəkildə qədim italyan musiqi alətiylə
ifanı və bizim muğamımızı sintez edir. Daha doğrusu Fikrət Verdiyevin, Elşən
Mansurovun, Sevinc Sarıyevanın italyanlarla “duet”i alınır.
Bu ilk baxışdan izaholunmaz, qəribə sintezi
dinlədikcə bir daha başa düşürsən ki, əsl
sənətin dili, sərhəddi olmur.
Musiqi səslənərkən səhnədə
italiyalı rəssam xanım Alessandra Vahid tablolar işləyir. Muğam
üçlüyünün ifası zamanı rəssam
xanımın rəngləri xüsusi maraqlı gəlir mənə.
Günəş çıxması zamanı səmanın
rənglərini xatırladır. Bəlkə doğrudan
da elə muğamımız bu rəngdədi... İtalyan tamaşaçılar musiqimizdən təsirlənirlər.
Amma daha təsirli olan “Xocalı”
kompozisiyasıdı. Davide Qualtieri öz
yazdığı şeiri son dərəcə təsirli səslə
oxuyur, Sevinc xanım ağrılı muğam
parçaları səsləndirir, Fikrət Verdiyev tarda,
Elşən Mansurov kamançada adamın ürəyini titrədən
ifalar edirlər, italyan opera müğənnisi klassik
parçalar oxuyur, rəqqasə qızla oğlan yerdə
sürünür, müharibənin bütün
ağrısını göstərməyə çalışırlar,
rəssam xanım kətana vurduğu al-əlvan rəngləri
qaralayır. Hamımız şokdayıq, elə bil
Xocalını gözümüzün önünə gətiriblər...
Birdən! Sanki hardansa uzaqdan Üzeyir Hacıbəylinin
“Arazbarı”sı gəlir... Azərbaycan heyəti
təəccüblənirik, bir-birimizə baxırıq, hardan
gəlir bu musiqi?! Sevinc xanım
pıçıltıyla “mənim telefonumdu” - deyir.
Telefonunun zəngi imiş... Bax, məhz bu məqamda
“yanlış da bir naxışdı!” - məsəli
necə yerinə düşür...
Rəşad Məcid şeirləri
italyan dilində...
Davide Qualtierinin “Körpü salırıq” şeirini
oxuyanda onun bu fərqli sənət yanaşmasını anlamaq
üçün əsas açarı tapdım. Yaşadığı həyat,
öz yazdığı kimi, hərbi xidmət, körpü
salmaq, insanlara təmənnasız xidmət etmək onu
“doydurub”... Bu adam real qaydalarla, yer
qanunlarıyla yaşamır. Ona görə də
sənətə yanaşmasında da qəribə bir
nizamsızlıq, sistemsizlik var. Amma bu, ilk baxışdan belədi.
Dərinində, alt qatında ağrı duran bu
sintez sənətin açarını, vacib detalını
tuta bilsən, hər şey aydın olur. Əslində,
aydın olması lazım da deyil, bəlkə. Başlıca məqam sənətin ruha təsiridi,
içini silkələməsidir ki, iki gün ardıcıl Rəşad
Məcid Davide Qualtieri birliyi bunu tamaşaçılara
yaşatdı.
Davide dilimizin melodikliyindən danışır, bir
neçə misra söyləyir. Dinlədikcə
özümüzə kənardan, yad gözlə baxmağın
vacibliyini bir daha anlayıram. Eyni zamanda
müasir dünya üçün keçmişə, ənənələrə
sadiqliyin qüsur hesab olunduğu zamanda Davide bunu bizlərin
üstünlüyü kimi şərh edir. Minillik muğamımızı, yaşı bilinməyən
dilimizi qorumuşuqsa, böyük işdi. Həm
də ən müxtəlif dillərin, mədəniyyətlərin
təzyiqinə baxmayaraq. Görünür,
artıq Avropa da müasir “atılıb-düşmə
janrlarından” bezib, yorulub. Ona görə
bizim poeziyamızdakı, bu dəfə Rəşad Məcidin
şeirlərindəki dərinlikdən, hüzündən,
ağrıdan bu qədər təsirlənirdilər. Sevinc Sarıyeva Rəşad müəllimin şeirlərindən
oxuyur, daha sonra Davide şeirlərin italyanca versiyasını səsləndirir,
bunlara yazdığı musiqini royalda ifa edir, gənc rəqqasə
ilə oğlan emosional rəqs edirlər. Çox
güman ki, peşəkarlardan ötrü bu kompozisiyalar daha
aydındı, anlaşıqlıdı. Amma
istənilən halda sadə tamaşaçını, dinləyicini
də təsirləndirir. Davide hər cəhətdən
istedadlı adamdı. Sadəcə
şeirləri necə oxumasından tutmuş bəstələri,
mahnılar oxuması, musiqiləri sintezinə kimi hər bir
işində istedad, peşəkarlıq duyulur. Və Rəşad Məcid istedadının,
poeziyasının belə fərqli təqdimatı son dərəcə
fərqli, mistik təsir bağışlayır. Akademik
İsa Həbibbəyli çıxış edərək Rəşad
Məcidin poeziyasından, tədbirin önəmindən
söz açır:
“Dünyanın incəsənət ölkəsi olan
İtaliyada Rəşad Məcidin şeirlər toplusunun təqdimatı
təkcə şairin deyil, bütövlükdə Azərbaycan
ədəbiyyatının böyük uğurudur. Əminəm
ki, bu şeirləri italyan oxucular da bəyənəcəklər.
Rəşad Məcid bir ədəbi şəxsiyyət
olaraq hər cəhətdən yaradıcı,
orijinallığı və genişliyi ilə fərqli
görünən professional bir Azərbaycan
ziyalısıdır. Azərbaycan
ziyalılığının fəal vətəndaşlıq
mövqeyi, milli düşüncəsi, açıq
yaradıcı təfəkkürü Rəşad Məcidin
simasında ümumiləşir. Fikrimcə
bu görüş və təqdimatına
yığışdığımız kitab İtaliya Azərbaycan
ədəbi əlaqələrinin inkişaf tarixində
ayrıca yer tutacaq. Arzu edirəm ki, bu hadisə
ənənə halını alsın və ədəbi-mədəni
əlaqələrimiz genişlənsin”. İsa müəllimin
çıxışındakı mühüm məqam Rəşad
Məcidin şeirlərinin təqdimatını “Expo-2015” sərgisində
Azərbaycan pavilyonunun tərkibi kimi şərh etməsi oldu:
“Dünən biz Expodakı Azərbaycan pavilyonunu ziyarət
etdik, italyanların və başqa ölkələrdən gələn ziyarətçilərin
marağını gördük. Bir gün
öncə prezident cənab İlham Əliyev ölkənin
birinci xanımı ilə bərabər ziyarət edib sərgini.
Sərgi əməkdaşlarının dünənki
görüşə aid təəssüratlarını dinlədikcə
qürur hissi keçirirdik. Bu gün də
eyni dərəcədə fəxarət hissi duyuruq. Və məncə, Rəşad Məcid şeirlərinin,
kitabının təqdimatı elə Expodakı Azərbaycan
təqdimatının tərkibi, davamıdı. Müstəqillik dövrü Azərbaycan
poeziyasının böyük hadisəsidir”.
Anar
müəllim isə öz çıxışında mədəniyyətin
ən müxtəlif xalqları birləşdirdiyini
vurğuladı: “Siyasət xalqları ayırır, mədəniyyət
isə əksinə, onları birləşdirir. Tarix boyu siyasətçilər millətləri
ayırmağa, mədəniyyət xadimləri
yaxınlaşdırmağa, birləşdirməyə
çalışıblar. Bu gün biz mədəniyyətlərin
uzlaşmasını gördük. Və məlum
oldu ki, bizim muğamla qədim italyan musiqisi bir-biriylə
uyuşur, sintez təşkil edir. Ən
maraqlısı isə müxtəlif sənət növlərinin
- rəssamlığın, şeirin, musiqinin sintezi idi. Mən senyor Davide Qualtieriyə həm bu günki tədbirin
təşkilinə, həm də şairlərimizin, bu dəfə
Rəşad Məcidin şeirlərinin tərcüməsinə,
çapına görə təşəkkürümü
bildirirəm”. Çıxışının
sonunda isə Anar müəllim italyanları xeyli təəccübləndirdi.
“Çıxışımın davamını
italyanca edəcəyəm...” - deyəndə hamı maraqla
gözləyirdi. Sən demə, Anar müəllim italyan
dilindəki məşhur sözlərdən maraqlı bir
sonluq da düşünübmüş: “Qratsia, bellissimo,
feliçita, bella donna, viva poeziya, viva
İtaliya...”
Palazzo Marinoda iki Davide...
Milan Bələdiyyəsinin
binasında Palazzo Marino konfrans zalında keçirilən təqdimatda
son dərəcə fərqli “ansanbl” - Davide Qualtieri, Rəşad
Məcid, Fikrət Verdiyev, Sevinc Sarıyeva, Elşən
Mansurov sənətlərinin sintezi hər kəsi heyrətləndirmişdi.
İtalyan tamaşaçıların
marağı bizlərin qüruruna
qarışmışdı. Rəşad Məcid
şeirlərini öz dilimizdə oxuyur, Davide italyanca...
İtalyan musiqiçiləri öz musiqilərini ifa edirlər,
bizim trio muğam... Və bütün bunlar
gözümüzün qabağında bütöv bir əsərə
çevrilir.
Milan şəhər bələdiyyəsinin milli
şurasının sədri Bazilio Rossi və qurumun mədəniyyət
məsələləri üzrə şöbəsinin
müdiri Cüzeppe Landonio şeirlərlə bağlı təəssüratlarını
bölüşürlər. Çıxışlardan
dilimizə, mədəniyyətimizə maraq duyulur.
Və daha bir maraqlı məqam sonda baş verir. Bayaqdan bəri
şeirləriylə hər kəsi təsirləndirən Rəşad
Məcid həmişəki şux, orijinal, iti yumorlu Rəşad
Məcidə çevrilir. Gətirdiyi hədiyyələri
təşkilatçılara təqdim edir. Cüzeppe Landonioya Azərbaycan xalçası, digər
iştirakçılara müxtəlif suvenirlər
bağışlayır. Anar müəllim müxtəlif
sənətçilərə Yazıçılar Birliyi
adından təşəkkürnamələr təqdim edir,
Vaqif Bəhmənli öz italyan həmkarlarına Mədəniyyət
Nazirliyi, İsa Həbibbəyli Akademiya adından kitablar
bağışlayırlar. Daha sonra Rəşad
Məcid Davide Qualtierinin şəkli əks olunmuş
xalçanı bəstəkara təqdim edir. Zalın reaksiyası son dərəcə
maraqlıdı. Bununla daha bir sənətimizi
- xalçaçılığı italyanlara nümayiş
etdirmiş oluruq. Rəşad Məcid özünəməxsus
zarafatıyla - Sizin Davide yaxşıdı, ya bizim? - deyir... Amma bütün konsertdən,
kompozisiyalardan çıxan əsas qənaət budu ki, burada
“bizim-sizin” məsələsi qalmayıb. Dillərimiz,
musiqilərimiz, rəqslərimiz qarışıb bir-birinə.
Mais müəllimin italyan rəqqasə tələbələrinin
“Tərəkəmə”ni, “İnnabı”nı
o cür duyaraq, içdən oynaması buna bariz nümunədir...
Duomo... La Skala...
Milan İtaliyanın başqa şəhərləriylə müqayisədə daha müasir şəhərdi. Roma kimi qədim, Venesiya kimi qeyri-adi, mistik deyil. Bura daha çox iqtisadi şəhərdi. Zamanın olsa dünyanın ən gözəl brend mağazalarını gəzib faydalı, həm də sərfəli alış-veriş edə bilərsən. Amma hər iki tərəfində mağazalar sıralanmış küçəylə irəliləyib meydana çıxanda birdən-birə gözün qamaşacaq. Möhtəşəmlikdən az qala nəfəsin kəsiləcək... Duomo kilsəsinin nəhəngliyi, gözəlliyi sadəcə, heyrətamizdir. Burda yalnız susmaq və düşünmək olar. Dünyada məşhur olan La Skala teatrı da Milanda yerləşir. Qarşısında isə Da Vinçinin öz tələbələri ilə bərabər heykəli qoyulub. Bütün bunlar Milanı həm tarixi, həm də müasir şəhər kimi qavramaq üçün səbəbdi.
PƏRVİN
525-ci qəzet.- 2015.- 25 iyul.- S.10-11.