Azərbaycan Nadirşünaslığına yeni töhfə

 

Bütün həyatı, dövlətçilik və sərkərdəlik fəaliyyəti ilə Azərbaycanın və qonşu xalqların tarixində ciddi iz buraxmış böyük şəxsiyyətlərdən biri də, şübhəsiz, Nadir şahdır. Onun şəxsi keyfiyyətləri, siyasi və hərbi fəaliyyəti, bölgənin tarixində oynadığı rol uzun illərdir ki, tarixi mənbələrin və tarixi araşdırmaların mövzusunu təşkil edir və bu gün də bu mövzu öz aktuallığını itirməyib. Amma qeyd edilməlidir ki, Nadir şah azəri türklərinin Şərq tarixinə, xüsusilə də dünya hərb tarixinə bəxş etdiyi nadir və əlçatmaz sərkərdələrdən, dövlət xadimlərindən biri olsa da, bu tarixi şəxsiyyət bölgə xalqları arasında, bəlkə də, ən az Azərbaycanda tədqiq olunub. Bölgə xalqlarının tarixşünaslığında Nadir şaha və onun yaratdığı Əfşarlar dövlətinin tarixinə çoxsaylı müraciətlər özlüyündə maraqlı bir hal olsa da, bu müraciətlərin nəticəsi kimi meydana gələn əsərlərdə etnik və siyasi maraqlardan doğan natamamlıq və birtərəflilik təəssüf ki, Nadir şah fenomeninin mükəmməl mənzərəsinin yaradılmasına mane olur. Nadir şahla bağlı belə bir natamamlıq və boşluq Azərbaycan tarixşünaslığında da mövcuddur. Sovet dövründə aparılmış tədqiqatların nöqsanlarına toxunmadan, hazırkı dövrdə Nadir şahla bağlı olan ilkin mənbələrin yetərincə tədqiq edilməməsi, Nadir şahla bağlı naqis olan Sovet və xarici tarixi ədəbiyyatın təsiri və nəhayət mövzunun diqqət mərkəzinə çıxmaması müəyyən boşluqları ortaya çıxarıb. Bu boşluğun aradan qaldırılması və bütünlükdə mövzunun aktuallaşdırılması baxımından akademik Ramiz Mehdiyevin elmi redaktorluğu və ön sözü ilə yenicə çapdan çıxmış “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı (tərcüməçi və şərhlərin müəlifi Rauf Şeyxzamanlı, redaktor Paşa Kərimov) kifayət qədər ciddi elmi əhəmiyyət kəsb edir.

Kitabın elmi dəyəri hər şeydən əvvəl Nadir şahla bağlı ilkin mənbələrin tərcümə edilərək Azərbaycan oxucularının və tədqiqatçılarının ixtiyarına verilməsidir. Bununla ilkin mənbələri orijinal dildə tədqiq etmək imkanı olmayan araşdırmaçılar tərcümədə bu mənbələrlə tanış olmaq imkanı əldə edirlər. Digər tərəfdən isə geniş oxucu kütləsi Nadir şah haqqında yeni məlumatlar əldə etmək imkanı qazanırlar. Nəhayət, belə bir əsərin işıq üzü görməsi və Azərbaycan elminin nəhənglərindən olan akademik Ramiz Mehdiyevin bu kitabın hazırlanmasında iştirakı Nadirşünaslığın aktuallaşmasına yeni bir təkan verə bilər. Buna doğrudan da bir ehtiyac var. Çünki qeyd edildiyi kimi, Nadir şah və Əfşarlar dövləti haqqında işıq üzü görmüş müxtəlif kitablarda Nadirin azəri türkü olmasına ötəri şəkildə yanaşılır və bir çox hallarda isə Nadir şahın şəxsiyyəti qeyri-xarakterik məqamlarla xarakterizə edilir və onu fenomen səviyyəsinə qaldıran keyfiyyətləri yalnız ötəri təsvirin mövzusu olur.

Adı çəkilən kitabı şərti olaraq üç hissəyə bölmək olar:

1) Kitaba akademik Ramiz Mehdiyev tərəfindən yazılan geniş ön söz;

2) Nadir şahın məktublarının tərcümə olunmuş mətni;

3) Nadir şahın tərcümə olunmuş məktublarına yazılmış şərhlər.

Əks sıralama ilə bu hissələrə münasibət bildirərkən qeyd etmək lazımdır ki, Nadir şahın məktubları konkret tarixi şəraitdə, konkret səbəblərə görə yazılmış məktublardır. Tərcümə olunmuş məktubların mahiyyətini və məzmununu düzgün başa düşmək üçün onların nə üçün, nə vaxt, hansı şəraitdə yazıldığını bilmək lazımdır. Bu mənada kitaba yazılmış şərhlərin özünəməxsus əhəmiyyəti var. Həmin şərhlər də Nadir şahın məktublarının tərcüməçisi, Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Rauf Şeyxzamanlı tərəfindən hazırlanıb. R.Şeyxzamanlının Nadir şah məktublarının tərcüməsi üçün çəkdiyi zəhməti xüsusilə qiymətləndirmək lazımdır. Qeyd etmək lazımdır ki, Nadir şahın məktubları saray tarixçisi Mirzə Məhəmməd Mehdi xan Astrabadi tərəfindən qələmə alınıb. Dövrün yazışma normalarına uyğun olaraq bu məktubların hər birində Quranın müxtəlif surələrindən ayələr, çoxlu sayda ərəb tərkibləri, habelə əski fars sözləri, ibarələri və tərkibləri işlənib. Ona görə belə mətnlərin tərcüməsi geniş bilik və dərin dil praktikasını tələb edir. Bu keyfiyyətlər Nadir şah məktublarının tərcüməsində özünü göstərir və onun nəticəsidir ki, həmin məktublar anlaşıqlı şəkildə oxucu tərəfindən başa düşülür.

Kitabda 28 məktubun tərcüməsi verilib. Onlar sözsüz ki, Nadir şahın bütün məktubları deyil. İstər şahlığı dövründə, istərsə şahlığa qədərki dövrdə Nadir şah qonşu dövlətlərin rəhbərləri ilə xeyli yazışma aparıb. Onların arasında Osmanlı sultanı, Rusiya çarı, Hindistan şahına yazdığı məktublar çoxluq təşkil edir. Həmin məktublar Əfşarlar dövlətinin başçısı kimi Nadir şahın qonşu dövlətlərlə münasibətini, bütünlükdə Nadir şahın dövlətçilik fəaliyyətini ətraflı təsəvvür etməyə imkan verir. Təqdim olunan kitabda Nadir şahın Osmanlı sultanı ilə mübadilə etdiyi bir neçə məktubun mətninin tərcüməsi verilib. Həmin məktublar da Nadir şahla Osmanlı dövləti arasında formalaşan münasibətlərin məzmunu barəsində ətraflı təsəvvür verir.

Bütünlükdə qeyd edilməlidir ki, Nadir şahın Osmanlı sultanı ilə yazışmalarının siyasi motivi digər dövlətlərin rəhbərləri ilə yazışmalarının siyasi motivindən müəyyən qədər fərqlənir. Məsələn, Nadir şahın Rusiya və Hindistan sarayı ilə münasibətləri daha çox qarşıya qoyulan hərbi məqsədlərin tamamlanmasına xidmət edirdi. Nadir şah Qafqazda Səfəvi dövlətinin sərhədlərini bərpa etmək istəyirdi və yazışmaları ilə bu məqsədə çatmağı asanlaşdırmağa çalışırdı. Hindistan şahı ilə yazışmalarında isə Nadir şah bu ölkəni fəth etmək niyyətinin heç də gizlətmirdi və yazışmaları ilə məqsədinə daha asan yolla nail olmaq istəyirdi.

Osmanlı sultanı ilə yazışmalarında isə Nadir şah iki dövlət arasında münasibətlərin yaxşılaşmasına başlıca diqqət yetirirdi. Nadir şah dəfələrlə Osmanlı qoşunları ilə döyüşlər aparmış və bir qayda olaraq bu döyüşlərdən qalib çıxmışdı. O, Səfəviər dövlətinin qərbdə sərhədini bərpa edərək sərhəd boyu Osmanlı ərazilərinə də daxil olmuşdu. Amma bu daha çox sərhəd boyu təhlükəsizliyin təmin edilməsi ilə bağlı idi. Nadir şahın imkanı və gücü olsa belə, Osmanlı dövlətinin içərilərinə doğru hərəkət etmədi və Osmanlı sultanını yaxşı münasibətlərə səslədi. Nadir şah öz məktublarından birində hətta özünün də türk soyuna mənsubluğunu xatırlatmaqla Osmanlı sultanı ilə xoş münasibətlərə ümidini ifadə etdi. Belə münasibətlərə nail olmaq üçün Nadir şah yaratdığı dövlətin əhalisinin şiə məzhəbinin Cəfəri məzhəbi ilə əvəzlənməsinə razı olduğunu da bildirdi və bununla bağlı Osmanlı sultanı və islam xəlifəsi qarşısında məsələ də qaldırdı. Osmanlı sarayı Nadir şahın bu təklifini qəbul etmədi. Ömrünün sonlarına yaxın Nadir şah Osmanlı dövləti ilə xoş münasibətlərin qurulması xatirinə Cəfəri məzhəbinin Məkkə ziyarətində təmsil olunması ilə bağlı Osmanlı sultanı qarşısında artıq məsələ qaldırmayacağını da bildirdi. Lakin qaldırdığı təşəbbüslərə Nadir şah Osmanlı sarayından ümidində olduğu cavabı ala bilmədi. Başqa sözlə Nadir şah öz məktubları ilə bölgədə türkçülüyün güclənməsinə və iki türk hökmdarı arasında güclü qarşılıqlı əlaqələrin olmasına ciddi cəhd göstərdi. Bununla belə konkret tarixi şəraitdə bölgədə türkçülüyün möhkəmləndirilməsi üçün qaldırılan təşəbbüs öz həllini tapmadı.

Təqdim olunan kitabın qiymətli tərəflərindən biri ona akademik Ramiz Mehdiyev tərəfindən ön söz yazılmasıdır. Əslində, bu ön söz ayrıca bir araşdırmadır və onun mövcudluğu kitabı tamamlanmış bir tədqiqat əsərinə çevirir. Bu ön söz bir tərəfdən akademikin Nadir şahın Əfşarlar dövlətinin yaradılması və möhkəmləndirilməsi sahəsindəki fəaliyyətinə milli dövlətçilik təfəkkürü və dəyərləri ilə verdiyi qiymətdirsə, digər tərəfdən də Azərbaycan Nadirşünaslığına olan töhfəsidir.

Akademik Ramiz Mehdiyevin adıçəkilən kitaba yazdığı ön sözü də şərti olaraq üç hissəyə bölmək olar. Birinci hissə Azərbaycan tarixşünaslığında Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsinə konseptual baxışdir, ikinci hissədə Nadir şahın həyatı, mənsub olduğu Əfşar türk tayfası, Əfşarlar dövlətinin möhkəmləndirilməsi istiqamətindəki fəaliyyəti haqqında fikirlərdir, üçüncü hissədə isə Nadir şahın diplomatik yazışmaları, konkret olaraq kitabda təqdim olunan məktubları haqqında mülahizələridir. “Nadir şah: imperiya tariximizin sonuncu səhifəsi diplomatik sənədlər aynasında” adlı ön sözün birinci hissəsində akademik R.Mehdiyev Nadir şah dövrünün, ondan əvvəlki və sonrakı dövrlərin dövlət quruculuğu proseslərinin, Azərbaycanın ərazi hüdudlarının transformasiyasının siyasi qiymətləndirilməsinə yeni, konseptual baxışın tətbiq edilməsini lazım bilir. Müəllif Azərbaycan daxilində parçalanmanın xanlıqlar dövründə deyil, məhz Nadir şahın qətlindən sonra baş verməsini bu konseptual baxışın əsası kimi irəli sürür. Əslində, bu, doğrudan da, belə idi. R.Mehdiyevin də qeyd etdiyi kimi, Nadir şah bütün Azərbaycan torpaqlarını bir dövlət daxilində birləşdirməyə nail olmuş və Azərbaycan daxilində vahid siyasi, iqtisadi, məişət məkanı yarada bilmişdi. İrəli sürülən konseptual baxış kifayət qədər aktual bir yanaşmadır və onun əsas tutulması həm Nadir şahın fəaliyyətinin daha mükəmməl mənzərəsinin yaradılmasına, həm də Azərbaycanın dövlətçilik tarixinin obyektiv və milli dəyərlər əsasında yenidən qiymətləndirilməsinə  yol aça bilər. Bu konseptual baxış eyni zamanda bütünlükdə Azərbaycan tarixşünaslığı qarşısında qoyulan yeni bir vəzifə kimi də dəyərləndirilə bilər.

Akademik R.Mehdiyev eyni zamanda Nadir şahın şəxsiyyəti ilə bağlı olan köhnə stereotiplərdən uzaqlaşmağın vacibliyini, bu böyük şəxsiyyətə yeni meyarlar əsasında qiymət verilməsini lazım bilir. Bu mənada müəllif Sovet dövründə Nadir şahla bağlı yaranmış stereotipin qəbuledilməzliyi qənaətini ortaya atır. Belə bir yanaşma əlbətdə ki, doğrudur. Çünki Sovet tarixşünaslığında Nadir şah daha çox, R.Mehdiyevin də qeyd etdiyi kimi, qaniçən, cəllad, qəddar bir hökmdar kimi təsvir edilir. Amma təəssüf ki, belə bir naqis yanaşma yalnız Sovet tarixşünaslığına xas deyil. Uzun illər ərzində Nadir şah haqqında fars, rus, türk, ingilis dillərində işıq üzü görmüş araşdırmalarda da qeyri-obyektiv yanaşma ilə rastlaşmaq mümkündür. Bu əsərlərin çoxunda Nadir şah, akademik R.Mehdiyevin qeyd etdiyi kimi, qəddar, soyğunçu bir şəxs kimi təsvir edilir və onu fenomenal şəxs səviyyəsinə qaldıran keyfiyyətlər üzərindən bir çox hallarda susmaqla keçilir, onun milli dövlətçilik tarixindəki xidmətləri tədqiqatdan kənarda qalır və azəri türklərinin dünya tarixinə belə bir şəxsi təqdim etməsi faktı isə qulaqardına vurulur.

Ön sözünün ikinci hissəsində Nadir şahın mənsub olduğu tayfa, doğulduğu və həyat səhnəsinə atıldığı tarixi şərait, onun hərbi sərkərdə kimi yürüşləri, Əfşarlar dövlətinin banisi kimi bu dövlətin möhkəmləndirilməsi üçün gördüyü işlər haqqında yığcam məlumat verilir. Burada bir tərəfdən Nadir şahın dövlətçilik təfəkkürünə,  bir tərəfdən də onun sərkərdəlik və fatehlik istedadına yığcam, lakin maraqlı bir qiymət verilir. Müəllif Nadir şah haqqında yazılmış çoxsaylı araşdırmalara müraciət edir və ön sözün verdiyi imkan daxilində Əfşarlar dövləti haqqında müxtəsər bir tarixi mənzərə yaradır. Burada da müəllifin mövzuya yeni baxışla yanaşması, mövcud olan tarixi faktları yeni meyarlarla qiymətləndirməsi maraqlı elmi-tarixi qənaətləri ortaya qoyur. Həmin qiymətləndirmə isə Nadir şah fenomeninin və onun dövlətçilik fəaliyyətinin öyrənilməsinin hələ də  aktual olmasını nümayiş etdirir.

Nəhayət, akademik R.Mehdiyev ön sözündə təqdim olunan məktubların mənbə kimi Nadir şah tarixinin öyrənilməsindəki əhəmiyyətinə də toxunur. Aydındır ki, ilkin mənbə kimi bu məktublar Nadir şah və Əfşarlar dövləti haqqında daha düzgün tarixin ortaya qoyulması və obyektiv fikrin formalaşması baxımından xüsusi dəyərə malikdir. Diplomatik yazışmaları Nadir şahın fəaliyyətinin bir istiqamətini təşkil edir. Müəllifin qeyd etdiyi kimi, Nadir şah tarixinin doğru və dürüst öyrənilməsi üçün mövcud olan ciddi mənbələrin və tarixi ədəbiyyatın tərcüməsinə də elmi ehtiyac var. Həmin mənbələrin və tarixi ədəbiyyatın bir neçəsinin adları da ön sözdə sadalanır.

Qeyd etmək lazımdır ki, dünya miqyasında Nadir şah mövzusunda işiq üzü görmüş elmi-tarixi ədəbiyyatın heç birində bu böyük şəxsiyyətin zəngin dövlətçilik fəaliyyətinin, sərkərdəlik dühasının, mənəvi dünyasının, insani və psixoloji keyfiyyətlərinin  mükəmməl mənzərəsi yaradılmayıb. Bir tərəfdən bunu obyektiv saymaq olar. Çünki yeni tarixi mənbələr və faktlar ortaya çıxdıqca nadirşünaslıq da təkmilləşəcək. Amma onu da nəzərə almaq lazımdır ki, Nadir şah mövzusunda yazılan elmi-tarixi ədəbiyyatın əksəriyyətindəki natamamlıq bu əsərlərin müəlliflərinin elmi yanaşmasının səthiliyi ilə bərabər, həm də onların etnik və siyasi mənsubiyyətindən, müəyyən hallarda isə sadəcə olaraq azəri türkü kimi Nadir şah dühasına olan qısqanclıqdan irəli gəlir.

 Akademik R.Mehdiyevin Azərbaycan dilinə tərcümə üçün tövsiyə etdiyi əsərlərin tərcüməsi Nadir şah mövzusunun araşdırılması və tariximizin mühüm dövrünün öyrənilməsi üçün elmi-metodoloji əhəmiyyət kəsb edir. Əlbətdə, bu iş kifayət qədər zəhmət və vaxt tələb edən işdir. Amma akademik R.Mehdiyevin qeyd etdiyi kimi, şərəfli tariximizin obyektiv şəkildə araşdırılıb ortaya qoyulması üçün etibarlı mənbələrin və maraqlı elmi-tarixi ədəbiyyatın tərcüməsi diqqət mərkəzinə gətirilməlidir. Bu mənada akademik R.Mehdiyevin rəhbərliyi və ön sözü ilə Nadir şah haqqında işıq üzü görmüş kitab başqa bir qənaətin aktuallığına da əsas verir.

Nadir şahın bir azəri türkü olaraq bəşər tarixinə bəşx edildiyinin, bütün həyatı boyu Nadir şahın milli mənsubiyyətinə bağlılığının, onun milli dövlətçilik təfəkkürünə sahib olmasının və ömrünün sonuna qədər azəri türkü olaraq da qaldığının qlobal elmi və tarixi məkanda birmənalı qənaətə çevrilməsini istəyiriksə, onda nə üçün Azərbaycan dünya nadirşünaslığının mərkəzinə çevrilməsin? Bunun üçün isə Azərbaycanda Nadir şah mövzusunun araşdırılmasına diqqət daha da artırılmalıdır. Akademik Ramiz Mehdiyevin elmi redaktorluğu və ön sözü ilə işıq üzü görmüş “Nadir şah Əfşar: diplomatik yazışmalar” kitabı da bu istiqamətdə atılmış vacib və zəruri addımlardan biri kimi dəyərləndirilə bilər.

 

Mehman SÜLEYMANOV

tarix elmləri doktoru

 

525-ci qəzet.- 2015.- 25 iyul.- S.12; 17.