Ürəyi dolu adam

 

Rauf Muradov - Qaraişıq ürəyi dolu adamdır. Paylaşmağı sevir və tükənmir. Sanki paylaşdıqca impuls alır, enerji yığır.

Onunla bir həyətin, bir məktəbin uşaqları idik. Öncələr sən deyən yaxınlığımız olmasa da, sonralar şeirə-sənətə vurğunluğumuz bizi bir araya gətirdi. Amma eyni orbitdə olsaq da, yenə adda-budda görüşdük.

Buna baxmayaraq, mənə elə gəlir ki, onunla elə hər zaman birlikdə olmuşuq. Hər halda mənə elə gəlir. 

Bir eşitmişəm ki, xaricə köçüb. Çox işlərini yarıda qoyub gedib. Ondan öncə Bakıda AzPİ-də, Moskvada aspiranturada, Liverpulda təhsil almışdı. Hələ 88-də özü yazmışdı: “ Heç hara aparıb çıxarmayan yollar mənim yollarımdı...”

Sonradan sosial şəbəkələr bizi qovuşdurdu. Öyrəndim ki, Londonun bir saatlıq məsafəsində olan Southampton şəhərində yaşayır. Texniki ixtiraları ilə baş dolandırır. Zahirən elə ingilislərə bənzəyir. Yalnız zahirən amma! Əslində isə Rauf təpədən-dırnağa türkdür, iliyinəcən qarabağlıdır.

Bu dəfə qürbətdən vətənə gəzməyə gəldiyində yenidən görüşdük.

Rauf qeyri-adi insandır. Mühəndis, şair, şaman və əla həmsöhbət... Hissiyyatlı, ciddi və o qədər də baməzə... Unudulmazlardandır. Bircə görüşdən ürəyə, yaddaşa hopur...  O elə işıqdır ki, göz qamaşdırmır, amma parlayır... (Qara işıq - hələ kəşf edilməmiş işıq deməkdir. Gur işıq kimi də izah oluna bilər). 

Danışanda dilli-dilavər olsa da, yazılarında lakonikləşir. Qısa, kəsə, dürüst olur. Snayper kimi. Hədəfə, yalnız hədəfə vurur. Həm də şeirləri rəsm kimidir. Dedikləri göz önündə gözəlcə sərgilənir Raufun.

Bunu 30 il qabaq yazıb:

Ay küçə,

Bu gecə

Bir qərib keçəcək səndən.

Diksinib eləmə -

Ayaqları yalındı.

Həmin qəribi mən o gün Sumqayıtın küçələrində gördüm. Yüngül ayaqqabıları vardı, amma corabsız idi.

Hava isti olduğundan, camaatın nə deyəcəyi onun vecinə deyildi. Çünki o, Raufdur.  

Qara işıq... Black light! 

Hindistan çarı Aşoka xeyli döyüşdükdən sonra müharibəyə nifrətlə ondan imtina etmişdi. O deyirdi ki, yeganə həqiqi qələbə öz üzərindəki qələbədir və drahmanın köməyilə  adamların ürəyini fəth etməkdir.

Aşoka üçün drahma xeyirxah işlər görmək, cəmiyyəti yüksəltmək demək idi. Bu kodekslə insanın yaşayış qaydası və onun həyatının mömin obrazı başa düşülürdü. Dar mənada isə bu, buddizm təliminin mənasını, doktrinanın özünü ifadə edə bilərdi.

Rauf Qaraişığın tutduğu yol buna uyğunluğu ilə diqqət çəkir.  Mən bu qənaətə onun yenicə çapdan çıxmış “77 şeir” kitabı ilə tanışlıqdan sonra gəlmişəm.

On-on beş il öncə Məşhədə ziyarətində qonaq qaldığı ailənin qohum-əqrabası hər axşam Raufun başına toplaşıb şəfalı təmaslarından,  ürfani söhbətlərindən xüsusi zövq alırmış. Adam İmam Rzanın ziyarətinə yalnız 15 gündən sonra güc-bəla gedə bilib. Allah qəbul eləsin!

Şeirləri poetik çoxdetallıdır Raufun. Zəngin mütaliəsi var deyə, çeynənmiş deyimlərdən qaçır. Bir az da modernistdir, amma milli koloriti olan modernist.   

Mən rusca babat bilirəm, o isə ingiliscə. Üz-gözündən əzab yağır, amma fağır deyi.  Qürbət eldə ingilisə, almana atmaca da ata bilir. Özünə inamı var, axı. Rusca da, ingiliscə də şeirlər yaza bilir Rauf.

Rauf yeniyetmə çağlarından maşın sürüb. Dönmə, ötmə, forsaj kimi şeyləri yaxşı bilir. Elə şeirlərində də qəfil “povorot”lar eləməyi ustalıqla bacarır. 

Payız gəlir, uşaqlar!

Ağaclar köhnə,

Saralmış şeirlərini cırıb atarlar...

Həsrət mövzusunda yazdığı bir şeirində görün Rauf sözlərdən necə “dərz” bağlayıb:

Tellərindən ən naziyini 

qopart, ver-

kipriklərimi yığıb bağlayım.

Qalım elə beləcə-

gözlərimin ağrısından inləyə-inləyə,

Sən gələnəcən...     

Raufun yazılarında Markes var, Nazim də, Ramiz də, Vaqif də. Ruh məsələsidir. Amma daha çox o, özüdür. Özünə bənzəyir eləcənə: sadə, səmimi! Bir baxın, tələbə dostlarına nə yazır Rauf:

Mən Bakıya gələndə

orda olun, siz Allah!

Bir də, siz Allah,

elə edin ki,

Günnü olsun hava -

darıxmışam Gün üçün!..

Oxuculara son sözüm: Rauf Qaraişığın “77 şeir”ini tapıb oxuyun. O, ürəyidolu adamdır. Hamıya pay çatar.

 

Əli NƏCƏFXANLI

 

525-ci qəzet.- 2015.- 25 iyul.- S.21.