Azərbaycanın dövlətçilik və
mədəniyyət
tarixində
Qarabağın yeri və rolu
(Əvvəli ötən
sayımızda)
Kəlbəcər dəniz səviyyəsindən
1500-3800 metr yüksəklikdə,
Tərtər çayı
vadisində, Kiçik
Qafqaz dağlarında
yerləşir. Rayon zəngin
flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər inzibati rayon kimi
8 avqust 1930-cu ildə yaradılıb. Ərazisi 1936 kvadrat kilometr, əhalisi 61 min nəfərə
yaxındır. Rayona bir
şəhər, bir şəhər tipli qəsəbə (İstisu)
və 128 kənd daxildir. Dəlidağ,
Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin
Mıxtökən, Qarabağ
yaylasının bir hissəsi Kəlbəcərin
təbii sərhədləri
tərkibindədir. Ən yüksək
zirvəsi olan Camışdağın (Murov
dağının zirvəsi)
hündürlüyü 3724 metrdir. Rayon faydalı
qazıntılarla, o cümlədən,
qızıl, civə və qiymətli tikinti materialları (tuf, perlit, obsidan,
travertin, və s.) ilə zəngindir. Kəlbəcərin 280 min hektar ərazisini
meşələr təşkil
edir.
Kəlbəcər rayonu ərazisində, Tərtər çayının
sol sahilində yerləşən,
xalq arasında "Xotavəng" və ya "Xudavəng", yəni "Tanrı məbədi" adlandırılan
monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra
(IX əsrdə) Qarabağın
dağlıq hissəsində
yaranmış Xaçın
Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə alban yepiskopunun
iqamətgahı olub və dini maarif
mərkəzi fəaliyyət
göstərib. Arxeoloji tədqiqatların
nəticələri göstərir
ki, monastrın əsası VI-VII əsrlərdə
qoyulub. Mehranilər sülaləsindən olan Xaçın knyazı Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparıb, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə
kilsə tikdirib.
Kilsənin şərq fasadında
daş üzərində
knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun
iki oğlunun təsvirləri həkk olunub. Alban knyazı
tərəfindən inşa
edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə
erməni və gürcü xalqlarının
kilsələrindən fərqlənir.
Vəngli kəndində Xaçın
çayının sol sahilində
dağın üstündə
ucaldılmış məşhur
Qandzasar (Gəncəsər)
monastrı Qafqaz Albaniyası xristian memarlığının ən
görkəmli abidələrindən
biridir. Monastrın
divarında daş üzərindəki epiqrafik
yazıda bildirilir:
"Yüksək və
böyük Arsax ölkəsinin hökmdarı,
geniş vilayətin çarı, Böyük
Həsənin nəvəsi,
Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən
1216-1238-ci illərdə inşa
edilmişdir". Rayon ərazisində
V, VI, VII, VIII əsrlərə aid alban məbədləri, alban kilsələri, məscidlər,
qalalar mövcuddur.
Ağdam da Qarabağın tarixi- memarlıq cəhətdən zəngin
rayonlarındandır. XX əsrin 50-ci illərindən
sonra aparılan tədqiqat işləri buranın qədim insanların yaşayış
məskənlərindən olduğunu sübut edib. Üçoğlantəpə adlanan ərazidə
aparılan tədqiqatlar
nəticəsində qədim
insanların bu ərazidə Eneolit dövründə (e. ə. IV-VI minillik) məskunlaşmağa
başladığı müəyyən
edilib.
Rayon ərazisinin 88%-i
1993-cü il iyul ayının 23-də ermənilər tərəfindən
işğal edilib. Rayonun ərazisində qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır.
Buradakı tarixi memarlıq
abidələri müxtəlif
tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Rayonun onlarla
tarixi yaşayış
məskəni Eneolit dövründən günümüzə
kimi gəlib çatıb. Xaçındərbənd
kəndində 1314-cü ildə
inşa edilmiş Qutlu Musa oğlu türbəsi, Kəngərli
kəndində XIV əsrə
aid türbə, Ağdam
şəhərində XIX əsrdə
memar Kərbəlayi Səfixan Qarabaği
(1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli
kəndində dua edən insan şəklində daş heykəl, Çəmənli
kəndində məşhur
övliyalardan olan Seyid Lazım Ağanın məqbərəsi
rayonun tarixi-dini abidələrinin zənginliyindən
xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.
Tərtər rayonu Qarabağ düzündə, Tərtər
çayının sahilində
yerləşir. Rayonun ərazisi Ağdam,
Ağdərə, Goranboy,
Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.
Tərtər rayonunda 24 tarix və mədəniyyət
abidəsi var. Onlardan biri dünya əhəmiyyətli tunj və ilk dəmir dövrünə aid Borsunlu
kurqanlarıdır. İndiyədək aparılan araşdırmalar
və arxeoloji qazıntılar Tərtərin
qədim yaşayış
məskəni olduğunu
göstərməkdədir. 1981-ci ildə Tərtərin
Borsunlu kəndinin ərazisində arxeoloji qazıntı aparılarkən
və eramızdan əvvəl III minilliyin əvvəllərinə aid böyük
kurqan aşkar edilib. İlk tunc dövrünə aid olan bu abidələrdən
biri 15 kvadratmetr sahədə gil
daşdan kvadrat şəklində hörülmüş
üçmərtəbəli qəbirdir. Üst mərtəbədə bir insan skeleti,
ikinci mərtəbədə
səkkiz, üçüncüdə
isə on insan skeleti aşkar olunub. Həmin yerdən tapılan
və Çor kurqan adlanan kurqandan tayfa başçısına aid qəbir
aşkar edilib. Qəbrin uzunluğu 32 metr, eni 8 metr, dərinliyi
4 metr olub. Qəbrin üstündə 200-dən çox
indi nadir tapılan arqan ağacı döşənib. Tabutun
mıxları əsasən
qızıl və tuncla mismarlanmışdır
ki, indiyə qədər qızıl mismar vurulmuş tabuta demək olar ki, rast
gəlinməyib. Tabuta tayfa
başçısının döyüş silahları,
nizə və ox ucları, döyüş
təbərzini, mərmər
toppuzla yanaşı, saxsı qablar, tunc və qızılla
işlənmiş bəzək
əşyaları, qızıl
düymələr, başlığı
fil sümüyündən
qızıl toqqa, şüşə və əqiqdən muncuqlar tapılıb.
Qəbrin bir tərəfində qul və kənizlər
dəfn edilib, başqa bir hissəsində isə atlar basdırılıb. Arxeoloji materiallar
göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar üzümçülük və
maldarlıqla məşğul
olublar.
Azərbaycanın iri yaşayış məskənlərindən olan
Füzulinin əsası
1827-ci ildə qoyulub. Qarabulaq adlanan
yaşayış məskəninin
əsasında 1930-cu ildə
rayon təşkil olunub
və Qaryagin adlandırılıb. Rayon
mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay,
Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında
olan kəndləri əhatə edib. 1959-cu ildə böyük
şairimiz Məhəmməd
Füzulinin 400 illik yubileyi münasibətilə
rayonun adı dəyişdirilərək, Füzuli
rayonu adlandırılıb.
Rayonun ərazisi
1386 kvadrat kilometr, əhalisi isə 105 min nəfərdir. Tərkibinə bir şəhər
və 78 kənd daxildir. Avqust ayının 23-ü 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin
rayon ərazisinə hücumu
nəticəsində Füzuli
şəhəri daxil
olmaqla, 58 kənd işğal olunub. Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən
də türbələrlə
zəngindir. Bu abidələr sırasına
rayonun Babı kəndində yerləşən
səkkizguşəli Şeyx
Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli
kəndində XIV əsrə
aid Mirəli türbəsini,
Əhmədalılar kəndində
orta əsr qəbiristanlığının ərazisində sənduqə
formalı qəbirdaşının
üzərindəki türbəni,
XIX əsrə aid olduğu
söylənilən Cəlil
türbəsini aid etmək
olar. Qarğabazar kəndində, Şah
Abbas karvansarasından
yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşir. Yerli əhali
onu Şah Abbas məscidi də adlandırıb.
Ağdərə rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1705 kvadrat kilometr, əhalisi 44,4 min nəfər olub. Rayonda iki şəhər tipli qəsəbə, 57 kənd var.
Rayon ərazisi 17 iyun 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal
olunub. Albaniyada xristianlığın yayılmasında böyük
xidmətləri olmuş
apostol Yeliseyin xatirəsinə ölkədə
əsrlər boyu bir çox məbədlər tikilib.
Bunlardan bizim günədək gəlib çatanlardan biri də, Dağlıq
Qarabağın Ağdərə
rayonundakı Müqəddəs
Yelisey monastr kompleksidir. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, uca bir dağın
zirvəsində tikilmiş
və qala divarları ilə əhatə olunmuş monastr kompleksinin əsası V əsrdə
qoyulub. Xaçın knyazlığı dövründə burada geniş inşaat işləri aparılıb,
böyük baş kilsə binası, altı kiçik kilsə, bir neçə yaşayış
və təsərrüfat
binaları tikilib.
Yaxşı yonulmuş daşdan tikilmiş baş kilsənin ikimailli daş damının üstündə dörd sütunlu ratonda ucalır. XIII-XIV əsrlərə aid edilən bu alban kilsəsi geniş ibadət zalından və silindrik tağbəndlərlə tamamlanan sütunları olan kvadrat formalı otaqdan ibarətdir. Monastr kompleksində dəfələrlə yenidənqurma və inşaat işləri aparılıb. Ağdərədə islam istiqamətli bir sıra abidələr də mövcud olub. Bunların arasında ən çox yayılan pirlərdir. "Ulduz təpə" adlanan pir bölgədə tanınmış pirlərdən olmaqla rayon mərkəzindən 10 kilometr aralıda yerləşirdi.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 29 iyul.- S.4.