Gələcəyimizə ünvanlanan əsərlər

 

 

 

Ömrümün xeyli ilini Uşaq Ədəbiyyatı redaksiyasında çalışmışam. Bu gün klassikə çevrilənləri , gün düşmüş qar yığını kimi əriyib tarixdən silinənləri görmüşəm. Bu ədəbiyyat sahəsinin sərhədlərindən kənarı da seyr etmişəm, onun bizə məxsus mətbəxində "bişirilən"ləri ... özümü uşaq ədəbiyyatı bilicisi hesab edib, zövqümə arxalanmağım bəlkə elə bu bağlılıqdan yaranıb.

 

Bir gün əlimə, görünüşündən kitabdan çox fotoalboma bənzəyən, rəngarəngliyi ilə nəzərimi cəlb edən bir kitab düşdü.

 

" xoruzun hekayəti" adlanırdı. Müəllifi şəxsən mənə tanış deyildi. Vərəqlədim birnəfəsə oxumağa başladım. Şirin, məzəli, axıcı dili ilə F.B.Köçərlini, A.Şaiqi xatırladan bu kitab mənim o qədər xoşuma gəldi ki, müəllifin ilk kitabı olduğuna inanmadım. Çox gözəl bədii dilinə, ədəbi fantaziyasına, yaradıcılıq hünərinə heyran olduğum kitabın müəllifini indiyə qədər tanımadığıma təəssüfləndim.

 

Tale belə gətirdi ki, sonralar həmin kitabın müəllifi Sevinc Nuruqızı mənimlə bir yerdə - "Təhsil" nəşriyyatında işlədi. Bundan sonra onun yaradıcılığını yaxından izlədim. Doğrusu, heç bilmirəm ona şairə deyim, yoxsa yazıçı?

 

O, milli irsimizin ilk yazılı abidəsi hesab edilən "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm bir dastanı uşaqlarımız üçün işləyəndə, "Babək", "Şah İsmayıl Xətai", "Ağabəyim ağa" kimi tarixi şəxsiyyətlərimiz haqqında kitablarını araya-ərsəyə gətirəndə bədii dilindəki aydınlığı, səmimiyyəti, anlaşıqlığı rəngarəngliyi qoruyub saxlaya bildi.

 

Arzu ilə ömür yolu həmişə üst-üstə düşmür. Ağdamın Şelli-Qaradağlı kənd orta məktəbində rus dili müəllimi kimi fəaliyyətə başlayan Sevinc Nuruqızı indi respublikanın orta məktəb şagirdlərinin sinifdənxaric oxu materialına olan zəruri tələbatını ödəyə biləcək çoxsahəli yaradıcılığa malik yazıçıdır. Onun haqqında bu fikri cəsarətlə deyirəm. Müəllim olasıymış, amma yazıçı oldu. Bu necə baş verdi? Sözsüz ki, Qarabağ hadisələri onun yaradıcılığına öz möhürünü vurdu. Bakıya gəldi həyatında hər şey dəyişdi. Pedaqoji təcrübə, uşaqlarla işləmək yaradıcılığını daha da zənginləşdirdi, qələmini püxtələşdirdi təxəyyülünü genişləndirdi. İndi onun yaradıcılığından uşaqlarımız bol-bol bəhrələnir.

 

Sevinc Nuruqızının yaradıcılığı zamanın tələblərinə cavab verir. Orijinal qələmi var, heç kəsi təqlid eləmir, heç kəsə bənzəmir, özünəməxsusluğu, səmimiyyəti, uşaq qəlbinə yaxınlığı ilə fərqlənir. Bu məqamda oxuculara onun hələ 2003-2006-cı illərdə "Mədəniyyət" qəzetindəki çox səviyyəli, cəsarətli, məntiqli publisistik yazılarını, dinləyicilərə isə 2005-2007-ci illərdə İctimai Radionun efirində həftənin beş günü aparıcısı olduğu canlı "Çoxbilmiş" uşaq verilişini xatırlatmaq istəyirəm. Kim bunları izləyibsə, Sevinc xanımın istedadına şübhə eləyə bilməz. Canlı efirdə uşaqlarla müsahib olmaq bacarığı, maraqlı həmsöhbət olmaq tərzi onu az müddətdə uşaq auditoriyasının sevimli aparıcısına çevirə bilmişdi.

 

Sevinc xanımın yaradıcılığının əsas obyekti azyaşlılardır. Bu yaş həddinə uyğun yazarlara ədəbiyyatımızın çox böyük ehtiyacı var. Belə sənətkarlarımızdan Xanımana Əlibəylinin, Nəriman Süleymanovun, Bayram Həsənovun, Firudin Ağayevin, İlyas Tapdığın, Məmməd Namazın eləcə   orta yuxarı yaşa mənsub oxucular üçün yazan başqa yazıçıların əsərləri əxlaqi-tərbiyəvi cəhətləri ilə diqqəti həmişə cəlb etmişdir. Sevinc xanım da belə yazarlarımızın davamçılarındandır. O, körpə balalarımıza sədaqətlidir. Dediyinə görə, öz sələfi, rəhmətlik Xanımana Əlibəyliyə sağlığında, onun xahişini nəzərə alıb bu yoldan əl çəkməyəcəyinə söz verib. Bu gün əhdinə əməl edir. Onun bağça uşaqları üçün yazdığı 196 səhifəlik sanballı, deyərdim ki, Azərbaycan uşaq ədəbiyyatında ilk hesab ediləcək "Bapbalaca əlifba" kitabı buna əyani sübutdur. Bu kitabda nələr yoxdur? Əlifba sırasına uyğun yazılmış kiçik həcmli hekayələr, şeirlər, tapmacalar, yanıltmaclar rəngbərəng şəkilləri ilə birlikdə kitaba xüsusi zənginlik verir, uşaqların zövqünü oxşayır.

 

Yazıçı üçün ən münbit yer düşdüyü mühitdir. Bu sahədə tale Sevinc Nuruqızının üzünə gülüb. "Təhsil" və "Aspoliqraf" nəşriyyatlarının nəfis tərtibatı və professional yanaşması da Sevinc Nuruqızının bir neçə ildə bir-birinin ardınca işıq üzü görən kitablarında özünü göstərdi. Bu kitablar sevildi, arzu olundu oxunan kitab taleyini yaşadı. İndiyədək onun bir-birinin ardınca 40-dan artıq uşaq kitabı çap edilib, bəziləri rus, belarus ingilis dillərinə tərcümə edilmişdir. "Göy qurşağı", "Göyün göz yaşları", "İlbiz", "Kaktus", "Qarğa", "Damsız evlər" s. bir çox şeirləri kimi "Ağca Cubbulu", "Dostumun köməyi", "Yamanlığa yaxşılıq", "Əsl dost", "Qəribə kəndin nağılı", "Paltar dolabında gizlənqaç", "Aysu Ay", "Xortumlu dağ" adlı çoxsaylı hekayələrini maraqsız, həyəcansız oxumaq olmur.

 

Sevinc Nuruqızının istər şeir, istər hekayə istərsə başqa janrlı yazılarında təsvir etdiyi bütün fəsillər, canlı-cansız təbiət lövhələri, hadisələri adama o qədər təbii təsir edir ki, sanki onu kitabdan oxumursan, təbiətin seyrinə çıxmısan.

 

Sözsüz ki, dünyada elə bir mövzu yoxdur ki, yazıçıların diqqətindən yayınmış olsun. Lakin hər mövzuya hərənin öz yanaşma fərqi var.

 

Sevinc Nuruqızının qələmə aldığı əsərlər ruhən təzədir, həyatidir, emosional təsir gücünə malikdir. Onun təkcə yağışa həsr etdiyi səkkiz şeirinə diqqət verdim. Hər birinin ideya, məzmun fərqliliyi, özünəməxsus ifadə tərzi adamı valeh edir. Eyni təbiət hadisəsinə qədər təzə ideya, yeni çalar vermək olar? Şairə bunu məharətlə bacarır. Bu cəhəti onun başqa mövzulu yazılarında da görmək mümkündür. Bax, əsl sənətkarlıq budur.

 

Onun yaradıcılığında bir cəhəti xüsusilə vurğulamaq istəyirəm ki, yazdıqlarının hər biri uşağa bilik verən, onu düşündürən, təsəvvüründə iz qoyan, onu zənginləşdirən mövzulardır. Həm nədən yazırsa yazsın - təbiət aləmindən, elmdən, texnikadan, məişətdən, adət-ənənəmizlə bağlı hər hansı məlumatı, bilgini uşaqlara xırdalığına qədər öyrətməyə çalışır.

 

Onun şifahi xalq ədəbiyyatımızdan bəhrələnən konkret müəllif nağılları da çoxdur.

 

Sevinc xanımın yaradıcılığında xarici ölkə yazıçılarının yaradıcılığından seçilmiş tərcümələrin xüsusi yeri var. "Təhsil" "Aspoliqraf" nəşriyyatlarında işıq üzü görən "İssumbosi", "Üç tenqu porsuq", "Nağıla bax, nağıla", "Sarı ağacdələn ordeni", "Günəşdən gələn pay" s. kitablarındakı dünya ədəbiyyatı nümunələri məhz öz zövqü ilə seçilib, onun tərcüməsində uşaqlarımıza çatdırılıb.

 

Sevinc xanımın yaradıcılığından Qarabağ mövzusu, həsrətində qaldığı yurd yerinin ağrısı qırmızı xətt kimi keçir. Bu, özünü həm uşaq, həm böyüklər üçün yazdığı əsərlərində göstərir ("Qisas", "Günəşdən gələn pay", "Qəbirdə doğulan uşaq", "Edam", "Cəhənnəmdəkilər", "SOS", "Yarıda kəsilmiş nəğmə").

 

Mən hər dəfə Sevinc Nuruqızının Azərbaycan xalq nağıllarının motivləri əsasında işlədiyi "Tıq-tıq xanım", "Cırtdan", "Qoğal", "Sərçəcik" nağıl ssenarilərini oxuyanda müəllifin folklora, xalq dilinə və deyim tərzinə, məişətinə bağlılığını bir daha duyuram. Onun işləməsində nağıllara xüsusi poetik çalarlar, axıcılıq və məzmun dolğunluğu əlavə edilir. Hörmətli bəstəkarımız Oqtay Rəcəbov elə bu xüsusiyyətləri nəzərə alaraq, Sevinc Nuruqızının libretto müəllifi olduğu "Sərçəcik" nağılı əsasında uşaq operası yazmışdır. Bu opera səhnələşdirilmiş və kiçikyaşlı tamaşaçılara təqdim olunmuşdur.

 

Bir vaxtlar Azərbaycan yazıçılarının əsərlərinin Moskvada çap edilməsi böyük hünər, fəxr hesab edilərdi. Həm də bu, hər yazıçıya nəsib olmazdı. Beynəlxalq aləmdə təmsil olunmağımızdan heç danışmağa dəyməzdi. Bu il isə Sevinc Nuruqızının iki əsərinin - "Aysuay", "AğcaCubbulu" əsərlərinin Andersen mükafatına təqdim edilməsi, məncə, bu yolun başlanğıcında olduğumuzdan xəbər verir. Bu, şəxsən məni çox sevindirir.

 

Bu yaxınlarda Sevinc xanımın Belarusda çapdan çıxan "Bozqulaq və fəsillər" kitabı eləcə də həmin ölkənin ədəbi mətbuatında dərc edilən "Azərbaycanda uşaq ədəbiyyatı" mövzusunda müsahibəsi də iki respublikanın ədəbi və mədəni əlaqələrinin genişlənməsində sevindirici haldır.

 

2015-ci ilin aprel ayı Sevinc Nuruqızının yaradıcılığında iki çox böyük uğuru ilə yadda qaldı. Çanaqqala zəfərinin 100 illiyi münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində Kültür və Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən təşkil olunan ədəbi müsabiqəyə qoşulan şairənin yazdığı "Çanaqqala keçilməz" adlı poeması birinci yerə layiq görüldü. Aradan bir az keçməmiş başqa bir sevindirici xəbər də aldıq. Sevinc xanımın yenicə işıq üzü görən "Qədim Bakıya səyahət" adlı kitabı Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" Ədəbi Mükafatını qazanmışdır.

 

Sevinc xanım çox sadə, təvazökar, həsəddən, paxıllıqdan uzaq, səmimi, qəlbən böyük bir insandır. Elə bu cəhətləri onu uşaqların sevimlisinə çevirə bilib. Çünki uşaq yazıçısı gərək təbiətcə də uşaq olsun.

 

 

Məsudə Əvəzqızı

əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2015.- 2 iyun.- S.7.