Azərbaycan
muğamı Çində səslənib
Çin Xalq Respublikasının
(ÇXR) paytaxtında keçirilən
ənənəvi "Pekində
görüş" beynəlxalq
incəsənət festivalında
Azərbaycan musiqisi gecəsi təşkil edilib.
Konserti izləyənlər arasında
Pekindəki diplomatik korpusun təmsilçiləri,
o cümlədən, Rusiya,
Qazaxıstan, Ukrayna, Özbəkistan, Əlcəzair,
Belarus, Qırğızıstan, Türkmənistan, Gürcüstan,
Albaniya və Qətərin səfirləri
və bir çox ölkələrin
səfirliklərinin əməkdaşları,
bu ölkədə yaşayan soydaşlarımız
olublar.
Bundan başqa, Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr
idarəsinin rəis müavini, ÇXR Xarici İşlər və Mədəniyyət nazirliklərinin
departament rəisləri,
tanınmış şirkətlərin
rəhbərləri də
konserti izləyənlər
arasında yer alıb.
Konsertdən əvvəl çıxış edən ÇXR Mədəniyyət Nazirliyinin rəsmisi Gao Hayşenq Çin-Azərbaycan mədəni əlaqələrinin tarixi, hazırkı vəziyyəti barədə danışıb. O, bu cür festivalların və konsertlərin xalqlarımızın bir-birinin mədəniyyətini daha yaxından tanımaları baxımından əhəmiyyətini vurğulayıb: "Hər iki ölkənin birgə konserti həm də musiqiçilərin peşəkar əməkdaşlığı baxımından faydalıdır".
Bu cür layihələrin ölkələrimizin mədəniyyətinə töhfə verdiyini qeyd edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov deyib ki, Azərbaycan xalqı dünya mədəniyyətinə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi bəstəkarlar verib: "Budəfəki layihə simfo-muğama həsr edilib. Muğam Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri olan qədim bir janrdır. Muğamın vətəni Qarabağdır. Qarabağ torpağının musiqimizdə oynadığı böyük rol nəzərə alınaraq ona "Azərbaycanın konservatoriyası" da deyirlər".
Proqrama Oqtay Zülfüqarovun "Bayram" uvertürası ilə start verilib. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Çin Milli Opera və Rəqs Dram Teatrının simfonik orkestri və "Qarabağ" muğam üçlüyü - Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, həmçinin müğənni Vüsalə Rəcova və nağara ifaçısı Siyavuş Kərimov tamaşaçılara unudulmaz musiqi gecəsi yaşadıb.
Konsertdə Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası səslənib. Konsertdən sonra ÇXR Mədəniyyət Nazirliyinin nümayəndəsi Azərbaycanın Çindəki səfirliyinə bu konsertin təşkilində göstərdiyi köməyə görə təşəkkürünü ifadə edib. Konserti izləyən rəsmilər Azərbaycan musiqiçiləri ilə görüşüb onlara bu cür yüksək bacarıqlarına görə minnətdarlıqlarını bildiriblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 2 iyun.- S.7.