V Muğam
Televiziya Müsabiqəsi
yekunlaşıb
Heydər Əliyev Mərkəzində
beşinci Muğam Televiziya Müsabiqəsinə
yekun vurulub.
Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət
Fondunun layihəsi əsasında, Azərbaycan
Televiziyasının təşkilatçılığı,
Mədəniyyət və
Turizm Nazirliyinin iştirakı ilə keçirilib.
Fevral ayında
başlayan və dörd ay davam edən müsabiqənin qalibləri mükafatlandırılıb.
Tədbir 5-ci Muğam müsabiqəsinin
iştirakçılarının çıxışları ilə
başlayıb. Münsiflər heyətinin rəyinə
əsasən, yarışmanın
qalibi Nisbət Sədrayeva seçilib.
İkinci və üçüncü
yerlərə isə uyğun olaraq Məhəbbət Səfərov
və Sədəf Budaqova layiq görülüblər.
Qaliblərin mükafatlandırılmasından sonra çıxış
edən Xalq artisti Əlibaba Məmmədov muğam sənətinə göstərdiyi
yüksək diqqətə
görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü
bildirib.
Qeyd edək
ki, Bərdə, Şamaxı və Bakıda keçirilmiş
seçimlərə qatılan
500-ə yaxın namizəd
arasından müsabiqədə
iştirak üçün
20 gənc ifaçı
seçilib. Gənc ifaçıların çıxışları
muğam sənətinin
mahir biliciləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə
İsmayılova, Mənsum
İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri
Sərdar Fərəcov
və Nadir Axundovun daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin şərtlərinə görə, iştirakçılara
münsiflər heyəti
tərəfindən verilən
ballar toplanır və ən az səs
yığmış iştirakçı
həmin həftə müsabiqəni tərk edirdi.
Bu ilin fevral ayından başlayan müsabiqəyə qatılmış
ifaçıların çıxışları
həftənin bazar ertəsi və cümə günləri Azərbaycan Televiziyası
və Radiosu və "Mədəniyyət"
telekanalında birbaşa
yayımlanıb.
Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və yeni ifaçılar
nəslinin yetişdirilməsi
məqsədilə 2005-ci ildən
Muğam Televiziya Müsabiqəsi layihəsini
həyata keçirir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 2 iyun.- S.7.