Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi
açılıb
Nyu-Yorkun
(ABŞ) "Leila Heller" Qalereyasında tanınmış
azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət
Məkanının təsisçisi Aida Mahmudovanın
"Ötüb keçərkən..." ("Passing
By…") adlı fərdi sərgisi açılıb.
Mayın 28-də saat 18:00-20:00-da Nyu-York, 25-ci küçə
(W), 568 ünvanda sərginin açılışı
münasibətilə təntənəli qəbul olub.
Sərginin
açılışının Azərbaycan Xalq Cümhuriyyətinin
elan edilməsinin 97-ci ildönümü gününə -
mayın 28-nə təsadüf etməsi rəmzi məna
daşıyıb. Məhz həmin gün
Yaxın Şərqdə ilk dəfə Azərbaycanda
demokratik respublika yaradılıb. Bu barədə
danışan Aida Mahmudova deyib: "Çox şadam ki, mənim
sərgimin açılışı bu fərəhli günə
təsadüf edir".
Sərginin açılışı Nyu-Yorka xas olan
demokratik formatda keçib. Tədbirdə hökm
sürən sərbəstlik rəsmi nitqin və mərasimlərin
olmamasını artıqlaması ilə kompensasiya edib. Geniş sərgi məkanında sərbəst hərəkət
edən qonaqlar təqdim olunan əsərləri vəcdlə
müzakirə edib və həvəslə təəssüratlarını
bölüşüblər.
Tanınmış
rəssam Şirin Neşat deyib: "Mən Aidanın əsərlərini
özüm üçün kəşf etdiyimə görə
çox xoşbəxtəm. Əsərlər
çox güclü təəssürat oyadır. Əminəm ki, sərgi Nyu-Yorkda böyük
uğur qazanacaq. Burada rəngkarlığı çox
sevirlər!".
Rəssam
Emiliya Kabakova bildirib: "Bu, böyük
ölçülü tablolardan ibarət mənalı və əhəmiyyətli
sərgidir. Xüsusən, Venesiyada YARAT-ın
layihəsini görəndən sonra bu sərgiyə gəlmək
lap xoşdur. Çünki həmin layihə
Biennalenin ən yaxşı layihələrindən biri idi.
Çox təəssüf edirəm ki, İlya mənə
qoşulub həmin sərgini görə bilmədi. Amma onun üzürlü səbəbi vardı.
Biz Aidanı ürəkdən təbrik
edirik!"
Yazıçı
və tənqidçi, "ArtNEt.com" portalının
baş redaktoru Bencamin Qenoççio sərgilənən əsərlərin
heyrətamiz olduğunu və ona daha çox
Abşeron mənzərələrini
xatırlatdığını vurğulayıb:
"YARAT-ın tədbirlərindən birində
iştirak etmək üçün iki il yarım əvvəl
Bakıda olmuşam. Amma o vaxt Aidanın studiyasında ola
bilməmişəm. Buna görə də indi
onun Bakının ruhu hopmuş əsərlərini görmək
mənə çox xoşdur.
Hesab edirəm ki, o, şəhərin bəzən unudulan
mənzərəli guşələrini görməyə və
öz əsərlərində onların estetikasını əks
etdirməyə nail olub".
Qalereya
sahibi Leila Heller deyib: "Mənzərə özlüyündə
universal hadisədir, rəssamların əsərlərində
dəniz və ağaclara tez-tez təsadüf olunur. Amma Aidanın tablolarında məhz Azərbaycanın,
Abşeronun və Bakının bədii obrazları aşkar
görünür".
Rəssam Ağa Useynov qeyd edib ki, "Passing By..."
layihəsində mənzərə işlərindən və
üçölçülü obyektlərdən ibarət
instalyasiyalar harmonik şəkildə uzlaşır". "Xüsusən, ideya, onun təhlili,
işlənib hazırlanması və mükəmməl
reallaşması. Təkrarlar və yaxın
keçmişdən olan sitatlar əsrində
tamaşaçı Aidanın əsərlərində
güclü eyniyyəti və özünəməxsus iti
baxışı olan rəssam görür. Onun emosional və gerçək ekspressionizmi ilə
seçilən mənzərə əsərləri diaqramlarla
təqdim olunur. Burada rəssam xatirələrini,
duyğularını, bizi əhatə edən qəribə və
ecazkar dünyaya reaksiyasını bacarıqla
canlandırır".
Qeyd edək ki, azərbaycanlı rəssam Aida Mahmudova
Sent Martins İncəsənət və Dizayn Mərkəzi
Kollecinin məzunudur. Azərbaycan və Avropada çoxsaylı rəsm sərgilərinin
iştirakçısı, hal-hazırda isə ABŞ-da
fərdi sərgisini təqdim edir. İtalyan rəssam
və kurator Piyetro Finelli məqalələrindən birində
Nyu-Yorkun Çelsi rayonunu müasir incəsənətdə
fenomenal layihə adlandırıb. Bu günlər Aida Mahmudovanın
"Passing By..." instalyasiyası bu nadir layihənin bir hissəsinə
çevrilib".
Professor Nərgiz
Paşayeva deyib: "Zənnimcə, qızım Aidanın
danışmaqdan və göstərməkdən çox
iş bacaran və çalışqan insanlardan olduğunu desəm,
yanılmaram. O, kiçik yaşlarından şəkil çəkir.
Amma əsas məsələ bu deyil. Axı, uşaqlıqda və hətta sonralar da, demək
olar, hamı şəkil çəkir. Amma uzun illər
Londonda yaşayan və təhsil alan Aida
burada əldə etdiyi akademik, nəzəri baza biliklərini
anadan gəlmə rəssamlıq istedadı ilə
uyğunlaşdırmağı bacaran əsl peşəkardır.
Mənim üçün əsas məsələ
budur ki, indi onun özünü rəssam adlandırmağa tam
mənəvi hüququ çatır. Bu,
birdən-birə baş verməyib. O, bütün
şüurlu həyatı boyu bu məqsədə doğru
addım-addım yol qət edib, demək olar, 20 il
usanmadan öz üzərində çalışıb. Mən insanlarda peşəkarlığı və
kimliyindən asılı olmadan öz peşəsinə
davamlı və təmənnasız məhəbbəti
çox yüksək qiymətləndirirəm. Rəssam,
yaxud avtobus sürücüsü olsun, əgər o, peşəkardırsa,
həmişə daha artığına layiq olmağa haqqı
var. Peşəkar heç vaxt "Bax, bunu etməyi
bacarmıram, bunu bilmirəm, ona görə də bunu etməyəcəyəm"
deməkdən çəkinmir, qorxmur və daima "Mən
bacararam, mən istəyirəm və mən edəcəyəm"
deyən qeyri-peşəkarlardan da elə bununla fərqlənir.
Mən şadam ki, Aida ciddi, çalışqan və
peşəsində özünə tənqidi yanaşan
insandır.
Onun yanında özünü arxayın hiss edirsən,
çünki uğurlarını o, özü qazanıb. Nyu-York sərgisi bunu bir daha göstərdi və
sübuta yetirdi. Mən gördüm ki,
dünyanın müasir incəsənət mərkəzi olan
bu şəhərin peşəkar çevrələri onu
orada rəssam kimi tam obyektiv qəbul edib qiymətləndirdilər.
Sərgidə çoxları Aidanın mənim
qızım olduğunu bilmirdilər, yaxınlaşıb onu
yaxından tanıyıb-tanımadığımı
soruşur, əsərlərini gerçəkdən və səmimiyyətlə
tərifləyir, rəssam kimi təqdir edirdilər. Bu gün mən də onu tərifləmək istəyirəm.
Xüsusən də ona görə ki, mən
bunu tez-tez etmirəm və ona "Afərin!" deyirəm".
Vernisaja muzey və təsisatların nümayəndələri,
tənqidçilər, qalereya sahibləri, tanınmış
rəssamlar və diplomatik şəxslər gəliblər. Tanınmış rəssamlar
Şirin Neşat, Şodja Azəri, Əfruz Amiqi, Emiliya
Kabakova, Vaşinqtondakı Hirşhorn Muzeyinin direktoru Melissa
Çiu, sənətşünaslıq doktoru Şiva Balaqi,
"Barbara Gladstone" Qalereyasının direktoru Karolin
Luçe və dünya art-birliyinin digər nümayəndələri
qonaqlar arasında olublar. Azərbaycanın BMT-dəki
daimi nümayəndəsi Yaşar Əliyev və ölkəmizin
ABŞ-dakı səfiri Elin Süleymanov da qonaqlar arasında
olublar. Açılışı qeyd etməyə
üç yüzdən çox adam
toplaşıb.
Sərgi
mətbuatın diqqət mərkəzində olub: Endi Uorxollun
1969-cu ildə təsis etdiyi
"Interview" jurnalı rəssamdan böyük
müsahibə alıb, nüfuzlu "PaperMag" resursu
"Ötüb keçərkən..." sərgisini Nyu-Yorkun on ən yaxşı sərgisi
siyahısına daxil edib.
Sərgi iyulun 3-dək davam edəcək.
"Ötüb
keçərkən..." ("Passing By…")
sərgisində Aida Mahmudovanın 8 iri həcmli rəsm tablosu
təqdim olunur. Əvvəlki əsərləri
kimi, bu əsərlər də nostalji hisslər və yaddaş
mövzusunda qurulub. Aida Mahmudova öz
yaradıcılığında təbiətdən və
anadan olduğu, hazırda yaşadığı və
çalışdığı Azərbaycandan, Abşeron mənzərələrindən
ilham alır. Bu rəsm silsilələrində
Mahmudova sanki anilik ideyasını araşdırır.
Əsərlər
daimi və sürətli dəyişikliklərə məruz
qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini,
şəhər mühitinin lirik ab-havasını görməyə
və hiss etməyə imkan verir. Əgər kimsə İslam
memarlığı tarixi qalıqlarının yanında
parlaq, yeni tikintilərin təzadlı mənzərəsini
görmək istəyirsə, Aida Mahmudova, əksinə olaraq,
diqqəti şəhər mərkəzlərinin ətrafında
olan sadə, lakin formaca mükəmməl tikililərə cəlb
edir. Belə ki, bu tikililər təbiətin təmiz
rəngləri ilə qovuşur və vəhdət yaradır.
Mahmudova bu diqqətdənkənar yerli və bəzən
unudulan mənzərələri əsərinin ön
planına yerləşdirməklə, Vətəninin müxtəlifliyini
təsvir edir. Onun zərif nostalji hisslər
ilə aşıb-daşan əsərlərində şəhər
və Abşeron mənzərələri ilə əlaqədar
sosial-antropoloji baxışlar öz əksini tapır.
Aida Mahmudovanın əsərlərinin mərkəzində
onun yaddaşı, bu yaddaşın şəxsiyyətlə əlaqəsi
və bu iki məfhumun daim dəyişməsi və zaman
keçdikcə yenidən yaddaşlara qayıda bilməsi
durur. Aida
Mahmudova deyir: "Rəsmlərimdəki səhnələr mənim
üçün şəxsi əhəmiyyətə malikdir;
onlarda Bakıdakı məkanlarla, xatırladığım və
təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər bir mənzərə daim dəyişən
arxa plandakı sabitlik anını əks etdirir". Beləliklə, rəssamın əsərlərində
təxəyyül və reallıq arasındakı təzad
abstrakt və fiqurativ formaların birləşməsi yolu ilə
yaradılır və nəticədə, eyni zamanda, həm cəlbedici
olan, həm də çaşqınlıq hissi doğuran rəsmlər
meydana çıxır.
Aida Mahmudovanın əsərlərini sərgiləyən "Leila Heller" qalereyası Nyu-Yorkun Çelsi rayonunda yerləşir və öz məşhurluğu və nüfuzu ilə bütün dünya incəsənət aləmində tanınır. Qalereya Yaxın Şərq və Orta Asiyanı təmsil edən adları müasir incəsənət (art) məkanında, dünyada tanıtmaq, dəstəkləmək, təbliğ etmək kimi missiyalar yerinə yetirir. Bunun nəticəsi olaraq, qalereyanın təmsil etdiyi rəssamlar dünyanın art-məkanında artıq məşhur adlardır. Onların əsərləri bir çox muzeylərdə - Londonun "Viktoria və Albert" Muzeyi, Nyu-Yorkun "Metropoliten", Parisin "George Pompidou" Mədəniyyət Mərkəzində sərgilənir. Eləcə də həmin rəssamların yaratdığı əsərlər bir çox mədəni təsisatlarda və şəxsi kolleksiyalarda yer alıb.
Aida Mahmudova 1982-ci ildə Bakı şəhərində anadan olub. Hazırda burada yaşayır və işləyir. Aida Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Çoxsaylı sərgilərdə, o cümlədən, 56-cı Venesiya Biennalesində VITA VITALE qrup sərgisində iştirak edib.
Rəssamın heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, onun əsərləri dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aidanın "Recycled" kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri beynəlxalq sərgilərdə nümayiş etdirilib: "Here Today", "Old Sorting Office", London; "Sevir - Sevmir" (Love Me, Love Me Not), 55-ci Venesiya Biennalesi; Bakıya Uçuş (Fly To Baku), London, Paris, Berlin, Moskva, Roma; "Birləşən Körpülər" (Merging Bridges), Müasir İncəsənət muzeyi, Bakı, Azərbaycan. Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir.
YARAT Azərbaycanda müasir incəsənətin
ictimai dərki və onun ölkə daxilində və beynəlxalq
səviyyədə təbliğ olunması ilə məşğuldur.
Sonuncu
56-cı Venesiya Biennalesində YARAT "Odla suyun birliyi"
(The Union of Fire and Water) layihəsini təqdim edib.
525-ci qəzet.-
2015.- 2 iyun.- S.7.