Xatirələri qorumaqla qazanılan unudulmazlıq

 

 

 

Azərbaycan xalqının həmişə öyünərək bəhs etdiyi, yaşatdığı müdrik qadın obrazı vardır. O, həmişə həyat yoldaşının yanında olan, ona əqidə dostu olan, birlikdə çiyin-çiyinə döyüşən qadın, övladlarına arxa olan anadır. Mən belə bir qadını tanımışam bu dildən-dilə dolaşan əfsanələrin, hekayələrin gerçək ola biləcəyinə elə o vaxt inanmışam. Belə qadınların da həyatı həmişə bir dahi şəxsiyyətə bağlı olub.

 

Mən 2011-ci ildə Bülbülün Memorial Muzeyində işə başlayanda Azərbaycanı dünyada tanıdan, öz vətənində saysız yeniliklərə imza atan, professional vokal sənətinin banisi,  professor Bülbülün yaradıcılığına bağlandım, onun təbliğatçısı oldum. Bu müddətdə Bülbül ailəsini yaxından tanıdım muzeyin direktoru, Bülbülün həyat yoldaşı Adelaida xanımla da tanışlığım burada başladı. Universitetdə oxuyanda onun haqqında, onun bu muzeyi yaratması, ev muzeyinə xas qonaqpərvərliyə necə başçılıq etməsi,  Bülbülə həsr edilmiş tədqiqat monoqrafiyaların müəllifi olması haqqında müəllimlərimdən eşitmişdim.

 

Muzeydə çalışdığım müddətdə bir neçə dəfə Adelaida xanımın xüsusi qonaqlara, səfirlərə ekskursiya aparmasının şahidi olmuşdum. Nəsə öyrənə bilərəm deyə o vaxtlarda yanından ayrılmırdım. Həqiqətən Adelaida xanımda hər bir muzey əşyasının özünəməxsus, yazılmamış xatirəsi var idi.  Muzeyin çıxış qapısının yanında qəzet kəsikləri, Prezidentin Adelaida xanımın təltif edilməsi haqqında qərarları var idi. Adelaida xanım təvazökarlıq edirdi, o bölməyə toxunmadan fikrini yekunlaşdırırdı. Ancaq mən həmişə Azərbaycan xalqının müdrik qadınının ən gözəl sözərə layiq olduğunu düşünərək bu təltifləri vurğulayırdım.

 

Bu peşə gənc muzeyşünas kimi mənim gözümdə məhz Adelaida xanımın timsalında yüksəlmişdi. Muzeyşünaslıq ixtisası ali məktəbdə 1991-ci ildə yaradılmışdı. Yəni yeni elm sayılırdı. Universitet illərində bu elmin yeniliklərinin ilk dəfə məhz bizə tədris olunduğu üçün öyünənlər olanda müəllimlərimiz deyərdilər ki, öyünmək lazım deyil, çünki Azərbaycan muzeylərində sizin nəzəri biliklərinizdən qat-qat üstün təcrübəyə malik muzey işçiləri vardır ki, onlar heç sizinlə əvəz oluna bilməzlər. Adelaida xanım əvəzolunmaz idi...

 

Adelaida xanımla Bülbül haqqındakı monoqrafiyası - "Bizim Bülbül-dünyanın Bülbülü"  kitabının redaktəsi üzərində işləyirdik. Redaktə üçün kitabı mənə oxutdurur, üzərində düzəlişlər edirdi. Kitabda müasirlərinin Bülbül haqqında olan xatirələri toplanılmışdı. Xəlil Rza Ulutürkün Bülbül haqqındakı yazısını oxuyandan yaddaşımda çox ürəkdən yazılmış bir ifadə qalıb: "Bakının konsert salonlarında mən bu dahini neçə yol, neçə dəfə dinləmişəm, nə üçün onda qədrini bilməmişəm. Nə üçün ardınca düşüb şəxsi katibi olmamışam, hər qədəmini, hər cümləsini, hər şuxluğunu qələmə almamışam, qayğısını çəkməmişəm, yuyunmaq istəyəndə əlinə su tökməmişəm, yazdığı və bəzən bəyənmədiyi üçün cırıb atdığı məktubu yerdən götürüb qorumamışam?"

 

Mən Bülbülü görməmişəm, ancaq Adelaida xanımın onun əl izi olan, onun toxunduğu hər bir əşyanı necə qayğı ilə qoruyub saxladığını görmüşəm. Hər hərəkəti ilə bizə nümunə olurdu. Hətta mən elə fikirləşirdim ki, Adelaida xanımı tanıyan hər kəsin idealı odur.

 

Bütün insanlar ona hörmət edirdi, muzeyə zənglər gəlirdi. Hər kəs onu axtarırdı, səhhəti ilə maraqlanırdı, "Adelaida xanımın mənə yaxşılıq edib, biz həmişə ona borcluyuq", - deyirdilər.  Orada üç ildən artıq qalıb işlədim, Bülbül sənətinə elə bağlandım ki, mən də onun tədqiqatçısı oldum. Bir də Adelaida xanıma həmin zəng edən insanlardan biri...

 

Mən Ada xanımın yanında çalışanda öyrəndim ki, işi onu sevənə həvalə etmək lazımdır, çünki hər işə bir az sevgi qatmaq lazımdır. Bülbülün Memorial Muzeyini də var edən onun sevgisi olmuşdu.

 

Adelaida xanımla bağlı olan xatirələr bizim yaddaşımızda həmişə yaşayacaqdır. Mənim üçün Adelaida xanımın təqdimatı əsasında Bülbülün Memorial Muzeyinə direktor təyin edilmək  peşəmdə özgüvənlə irəliləməyimə stimul verdi. Yarandığı gündən bu muzeyə 36 il rəhbərlik etmiş, həyatını bu peşəyə və Bülbül yaradıcılığına həsr etmiş insandan bu işi təhvil almaq məsuliyyətli, çətin olmaqla yanaşı, şərəfverici idi. Bəzi insanlar 23 yaşlı gənc qız üçün "gəncdir, yəqin təcrübəsizdir", - deyirdilər. Lakin mən sənət adamları haqqında arxivlərdə tədqiqat aparanda da onları xarakterizə edən üstün cəhət kimi gənclərə yer vermələrinin müdriklik rəmzi kimi vurğulandığının şahidi oldum. Yəqin ki bu addımı ancaq gənc ruhlu insan ata bilər.

 

Bizim gözümüzdə də Ada xanım həmişəyaşar idi, biz onu ondan duyduğumuz gənclik təravətində görürdük. Bəli, belə bir insanı bir gün itirəcəyimizi axı kim düşünə bilərdi? Ancaq indi tək təsəllimiz heç vaxt itirməyəcəyimiz xatirələrdir...

 

Lalə HƏSƏNOVA

AMEA-nın doktorantı

525-ci qəzet.- 2015.- 3 iyun.- S.7.