"İmtina", yaxud ailə dramının təfsilatları

 

 

 

Pedaqoji elmlər doktoru, professor  Ağarəhim Rəhimovun (tanınmış yazıçı Ağarəhimin) "İmtina" romanı ədəbiyyatda həmişə aktual olan, lakin hər bir dövrdə, mərhələdə özünəməxsus etik-mənəvi prinsiplərlə interpretasiya olunan bir mövzuya - ailə mövzusuna həsr edilmişdir.

 

Bəlkə də, ictimai fikirdə ailə qədər kanonik olan və ya kanonik olduğu barədə danışılan başqa bir etik-sosial təsisat yoxdur... Və ən müqəddəs əxlaqi-mənəvi münasibət-anlayışlar (ata, ana, baba, nənə, övlad, bacı, qardaş və nəvə) həmin təsisatın törəmələridir.

 

İnsan bu təsisata (ailəyə!) özündən asılı  olmayaraq, Allahın (Təbiətin) iradəsilə təşrif buyurur. Və elə bir təbii sosial "qəfəs"ə  düşür ki, bundan imtina etmək cəmiyyətin təsəvvüründə etik-psixoloji anomaliyadan başqa bir şey deyil. Çünki insan, faktiki olaraq,  həm ailənin məhsulu, həm də yaradıcısıdır...

 

Ağarəhimin "İmtina" romanı ailədən imtinanın (yalquzaqlığın!)  elə bir müfəssəl  təfsilatıdır ki, hələ Azərbaycan ədəbiyyatında həmin təfsilata bu miqyasda varmış bir əsərə rast gəlməmişəm.

 

Roman qəhrəmanının kimliyinin (xarakterinin!)  təsviri, daha doğrusu, tale obrazının yaradılması ilə başlayır:

 

"Ömrünün neçə ilini iş adamı kimi fəaliyyət göstərən, ədəb-ərkanı ilə tanış-bilişləri  arasında xeyli xətir-hörmət, ad-san qazanan  Mahmud adi bir şəxs idi. Son vaxtlar hardan əsdiyi bilinməyən qara yellərə dalbadal elə düçar olmuşdu ki, gecə-gündüz   qədər oturub-durub baş sındırsa da, səbəbini öyrənməyə var gücüylə cəhd göstərsə də,  əldə elə bir nəticə hasil eləyə bilmədiyindən,  çaşbaş qalıb durmuşdu... O, ailə üzvlərindən savayı kimsəyə  inanmırdı. Hər deyilən sözə, hələm-hələm söylənilən fikrə bel bağlamırdı... Vaxtilə ona dost, qardaş dediyi adamlardan da ağzı bir neçə dəfə yandığından, demək  olar ki, hamıya şübhəylə yanaşırdı..."

 

Və bu normal insanın başına olduqca qeyri-normal  bir hadisə gəlir...

 

Nişanlısı (artıq arvadı!) toy günündə (və gəlinlik paltarında) tualetə getmək adı ilə bayıra çıxır... Və naməlum sevgilisinə qoşulub qaçır... Məlum olur ki, nişan, kəbin, ailə kanonları (və müəllifin tez-tez işlətdiyi kimi,  bilim, nələr, nələr...) boş bir şey imiş...

 

Atadan yetim böyümüş, ancaq humanistlikdə  atasına oxşayan Mahmud camaatın gözü qarşısında təhqir olunduğunu, namusunun əldən getdiyini nə qədər dərindən dərk etsə də intiqam almaq fikrinə düşmür. Tamamilə təbii olaraq (və müasir mənəvi-ictimai münasibətlərin tələbindən irəli gələrək!) düşünür ki, məni atıb gedən  qadını və ya onun sevgilisini öldürməklə (sonra da insanın "sevib-sevilmək hüququ"nu əlindən aldığına görə türməyə düşməklə!) nəyə nail olacağam?

 

Gərginliyi aradan qaldırmaq, depressiyada olan yeganə oğlunu "xilas" etmək üçün anası  Lətifə işə qarışır, rəfiqəsi Bənövşənin, oğlundan on üç yaş kiçik qızı Yazgülü hərtərəfli razılıqla toysuz-düyünsüz gəlin gətirir. Və universitet tələbəsi olan Yazgül  çox keçmədən ona paxıllıq edən "rəfiqə"sinin - tələbə yoldaşının fitvası ilə yoldan çıxır... Çoxdan onu "sevən, ancaq utandığından ürəyini aça bilməyən" Rizvanın (o da Yazgülün tələbə yoldaşı idi) "sevgili"sinə çevrilir.

 

Ailədə məsələnin üstü açılanda  hamının təəccübünə baxmayaraq Yazgül özünü həddindən artıq sərbəst aparır.  Və həm ərini, həm anasını, həm də qaynanasını "günahlandıraraq" tələb edir ki, onun  taleyi - "sevgi hissləri"lə hesablaşsınlar. Və yazıçının yalnız humanizmi (demokratizmi!) hesabına deyil, həm də ( və daha çox!) qəhrəmanın son həddə qədər "öz taleyi"ni necə yaşayacağını təfsilatıyla göstərmək üçün buna nail olur...

 

Beləliklə, Yazgül əvvəl ailəsindən, sonra isə yenicə dünyaya gətirdiyi ekiz qızlarından elə doğum evindəcə rəsmən imtina edir. Və "sevgi axtarışları" onu xarici ölkələrə aparıb çıxarır.

 

Yazgülün imtinası (və xəyanəti!) onun öz "fəlsəfəsi" ilə bu cür "əsaslandırılır":

 

"Mən neçə vaxtda bir yastığa baş qoyduğum, indi də bətnimdə ruhunu gəzdirdiyim ərimə xəyanət eləyirəm,  yoxsa hissi, duyğusu mənə rahatlıq verməyən sevgimə? Aman Allah, gecənin bu vədəsində gör mən nəyin axtarışındayam? Mən kiminəm? Kəbinli ərimin, yoxsa sevdiyim oğlanın? Sualı tərsinə qoysam necə? Mənimki nikahlı ərimdi, yoxsa hissini, duyğusunu içimə saldığım sevgilim? İnsan necə də dolaşıq, necə də müəmmalı  məxluqdu. Görünür, buna görə   çox zaman həyatda yerimizi tapa bilmirik. Çaş-baş qalırıq..."

 

Yazgülün başını dumanlandırmış sevgi (bilmirəm bu sözü dırnaqda yazım, ya dırnaqsız!) o həddə çatır ki, əri haqqında "O kişi olsaydı, adaxlısı gəlin kürsüsündən qoşulub sevdiyinə qaçmazdı. Minayə kişiqızılıq eləyib" deməkdən  belə çəkinmir. Və "Bəli! O, sevgisi uğrunda  mübarizə aparıb" qənaətinə gəlir.

 

Ailə Yazgülü başa salmaq, düşdüyü sonu görünməyən (və mənəviyyat-əxlaq baxımından başdan-ayağa təhlükəli) yoldan qaytarmaq istədikdə onun son cavabı belə olur: "Əşi, qurtardıq da... Adamın əti tökülür siz boş-boş danışdıqca..."

 

Ailəsini dağıdıb ata evinə qayıtdıqdan sonra nə edəcəyini bilməyən anası Bənövşənin əhval-ruhiyyəsini  görən Yazgül ona laqeydcəsinə  "Hər şeyi özünə niyə yük eləyirsən? Qoy  hamısı cəhənnəm olsun" deyir. Və dərdli ananın  sözləri belə olur: "Oldular, Yazgül. Sən vardın, indi yoxsan. Bir qadın ki, hələ dünyaya göz açmayan körpəsini bətnindəcə məhv eləməyə,  kiməsə verməyə hazırdısa, o, adam deyil, vəhşidi.   Necə olub, mən səni tanımamışam... Bunun  axırı var. Hələ gör sevgin başına nə oyunlar açacaq".

 

Dünyada ən yaxın olan adamının (anasının!) onun gələcəyindən (taleyindən!) bu cür dərindən narahatlığı, iztirabları da "dəvə kimi qızmış" qızına kar eləmir:

 

"Ana, bu boyda ölkədə boşanan, uşağını atan tək mən deyiləm. İnsanlar neçə min illərdi beləcə yol gəlirlər... Təkrar eləyirəm, kim necə istəyir, elə də yaşamalıdı".

 

Maraqlıdı ki, Yazgülə öz sevgisini   "yana-yana" izhar eləyən, onu ərindən "ayıran" tələbə yoldaşı Rizvan da uzun çəkməyən "görüşlər"dən sonra onun barəsində "Mənə deyir, səni sevirəm. Doğrudur, o sözü mən də ona demişəm. Bəs, ailəli qadın öz həyatı,  ərinin taleyi barədə düşünmürmü? Yox, Yazgül, sən ağılsız, yelbeyin qadınsan. Sənin  taleyinə xoşbəxtlik yazılmayıb. Sənin gözəlliyin xəyallar içərisində əriyəcək. Halına, xislətinə yaxşı bələd olmadığın gözəgəlimli kişilərin qolları arasında olacaqsan. Budur sənin gələcək taleyin" deyə düşünür.

 

Və məlum olur, Yazgülün taleyinin gələcəkdə necə olacağını hamı bilir, bircə özündən başqa...

 

Yazgülün dünyaya gətirdiyi körpələrə - ekiz qızlara Mahmudun anası Lətifə sahib çıxır. Onları böyüdüb boya-başa çatdırır.

 

Və hərcayı "sevgilər"dən yorulub usanmış (anası demiş, "sevgi axtara-axtara nifrət qazanmış") Yazgül bir də o zaman ortaya çıxır ki, qızlarının ailə  qurmaq vaxtıdır.

 

Ağarəhim "İmtina"da özünün "Kabus" romanında daha geniş təfsilatıyla qaldırdığı atılmışların probleminə qayıdır:

 

"Yazgülü heç vəhşilərlə də müqayisə eləmək olmaz. Toyuğun cücəsinə, itin, pişiyin balasına  yaxınlaşmaq olmur. Az qalırlar  adamı cırıb dağıtsınlar. Ancaq bu... Nə ana bildi, nə qohum-əqraba, nə ailə, nə də uşaq..."

 

Və iş o yerə çatır ki, ailə "yalquzaq" Yazgülün, uşaqlarına bir xətər yetirə biləcəyindən narahat olur. Çünki "insan instinkti çox güclüdür. Bəzən filosoflar onu müxtəlif cür adlandırırlar: telepatik qabiliyyət, ürəyə damma, fitri duyum,  ağlın gözlənilməz parıltısı,  əqlin ziyası, davranışın instinktiv forması... Nələr, nələr. Başlıcası onu nə adlandırmaq deyil. Fakt odur ki, biz onu canımızda çox zaman duyuruq,  hiss eləyirik".

 

Yazıçının bir fikri də maraqlı olduğu qədər dəyərlidir:

 

"Aydın olmayan fikir canlı həyata o qədər də nüfuz edə bilməz. Peyğəmbəranə fikir canlı həyatdan doğur. O, reallığıyla, inandırıcılığıyla insana sirayət eləyə  bilir..."

 

Yazgül atdığı qızlarının toyuna gəlir, ancaq onu içəri buraxmırlar...

 

"...O geri dönüb, ağır-ağır, ayaqlarını sürüyə-sürüyə pilləkənləri yarıycan endi.  Qayıdıb şadlıq sarayının qapısına bir   həsrətlə baxdı və öz-özünə dedi:

 

-Ağılsızlığımın ucbatından mənə arxa duracaq doğmalarımı itirdim. Ailəm  yox... Uşaqlarım yox... Bundan sonra özümü saxlamaq üçün var-dövlətim yox... Şərəf və ləyaqətim yox... Yaşamaq haqqım yox... O yox... Bu yox... Bəs nə var?! Xəstə can!.. Səfil həyat!.. Göz yaşları!.."

 

Və beləliklə, müəllif öz ailəsindən imtina etmiş qəhrəmanını layiqincə cəzalandırır.

 

Romanda daxili monoloqa, özü-özüylə həsbi-hala meyl, maraq çoxdur. Və bu bəzən uzunçuluğa, lüzumsuz təfsilata, yaxud təkrara aparıb çıxarsa da, çox hallarda məqbuldur, qəhrəmanların daxili aləminin, ovqatının, psixoloji təbəddülatlarının təqdimində əsas vasitədir. Məsələn, Mahmudun "özünütəhlil"ində, daha  doğrusu, "özünüittiham"ında olduğu kimi:

 

"...Mən buna layiq idimmi? Mən hərdən öz hərəkətlərimə nəzər salıram və öz-özümə sual verirəm: mən namuslu günahkaram, yoxsa namussuz? Mənim günahım sadəlövhlüyümdədi. O  qızı tanımamağımdadı. Onun içində gedən mübarizəni duymamağımdadı. Yağlı dillərinə inanmağımdadı. Doğrudanmı, sadəlövhlük, adam  tanımamaq, duymamaq da günahdı?.."

 

"İmtina" müəllifi qadın obrazlarının istər dialoq, istərsə də monoloquna çox həssasdır. Və romanın mətnində bunlar həm miqyasca, həm də bədii-estetik informasiyanı əks etdirmək baxımından (keyfiyyətcə) mühüm yer tutur:

 

" -Yazgül nə dedi, a Bənövşə?

 

-Ağız, nə deyəcək? Əvvəla onu elə  böyütməmişəm ki, üstünə bulud kölgə sala.  İkincisi də, Allah ömür vermiş deyir: "Elə  şeyləri anam bilər".

 

-Aha... Varam elə qıza.

 

-Bilirsən, qız ki var, gül parçasıdı,  gərək qədrini biləsən. Elə  tərbiyə eləyəsən, gedib ər evində deməsin: "Burda mənəm, Bağdadda kor xəlifə", "Yersiz gəldi, yerli qaç".

 

-Düz deyirsən, Bənövşə. Kül mənim ağlıma. Düşmüşəm itin-qurdun ardınca. İtin ardınca düşən, bilirsən də, nə ilə rastlaşar?"

 

Romanda qadın qəhrəmanların, əgər belə demək olarsa, "qadın məntiqi" kifayət qədər güclü (enerjili!), eyni zamanda  sənətkarlıqla verilmişdir.

 

Xanımlar ailənin taleyini hətta beynəlxalq  münasibətlər və ya münaqişələr kontekstində müzakirə etməkdən də çəkinmirlər:

 

"...Qonşularımız bir tərəfdən zarpazarpdadılar. Ukraynanı da Rusiya basmarlayıb... Qərb partapartla məşğuldu. Deyirəm, ay  Məhmud, ölüb gedərəm, arzularım ürəyimdə qalar... Bir-iki  uşağın olsa, mən də nəvə görsəm, ruhum sevinər. Düz demirəm, a qızım?"

 

Ağarəhimin başqa əsərlərində olduğu kimi "İmtina" romanında da tez-tez müraciət etdiyi, sözlərindən sitat gətirdiyi  bir Zeynəb qarısı var ki, hadisələrin gərgin məqamlarında müxtəlif obrazların dililə ortaya çıxıb həmin məqamın aforistik şərhini verir. Bu "şərhlər" isə bəzən metafizik, bəzən   polemikdir:

 

"-Doğrudu, oğlum, o işdə səhvim böyükdü. Aldandıq. Nə biləydik, belə olacaq. Zeynəb qarı deyərdi: "Bilsəydim, atam öləcək, onu qulağı dolusu darıya satardım".

 

-Ay ana, o nə misaldı çəkirsən? Qarı ağıllı  arvad olub. O, ömründə elə məsəl çəkməzdi. Əleyhdarları hörmətdən salmaq üçün ona yamaq vurublar. Dünya belədi.  Ayağı sürüşənin qolundan tutub qaldıran olmur".

 

Ümumiyyətlə, Ağarəhimin "İmtina"sı həm mövzunun aktuallığına, həm ideya-məzmununa, həm də dil-üslubuna görə kifayət qədər mükəmməl əsərdir.

 

Nizami Cəfərov

525-ci qəzet.- 2015.- 3 iyun.- S.7.