Türk mafiozu Ərdoğanla Əliyevə
qarşı
Biz ata
Əliyevin öz miqyasına və nüfuzuna görə
inanılmaz olan irreal layihəsinin (Bakı-Tiflis-Ceyhan) həyata
keçirilməsi, yaxud da oğul Əliyevin geosiyasət
teatrının səhnəsində quruluş verdiyi
"Nabucco" layihəsi kimi doğrudan da fantasmaqorik hadisələrlə
zəngin bir dövrün müasirləri olaraq Azərbaycanın
ən yeni tarixinin ən həlledici və kritik kəsiyində
dünyanın güclü insanlarının görünməmiş
səylərinin şahidi olmuşuq.
Yırtıcı-talançı imperializmin maraqları
liberal demokratiya ilə eyniləşdirilən romantik azadlıqsevərliklə
pərdələnib. Halbuki liberal demokratiyanın özü Qərb
cəmiyyətinin özündə belə çoxdandır
zamanın yamağına çevrilən dissident qəhrəmanlığı
anlamına, daha doğrusu, sosial qiymətləndirmələrdə
dekadentlik mənasına gəlir. Bu,
özünü yalançı liberal institutların
başqasının iradəsinə tabe olmayan üsyankar Azərbaycana
qarşı hər cəhddə göstərir.
HƏR
KƏSİN ÖZ QİYMƏTİ VAR
Marksizmin süqutu və dünya sol hərəkatının
kollapsı ədalətli Qərb illüziyasını bir anda
yenidən geri qaytardı. Sanki Don Kixot cildinə
girmiş bu mömin və ədalətli Qərb yenidən məğlubedilməz
dəyirman-diktatorlarla döyüşə atılıb.
Azad Qərb və öz hökmdarları tərəfindən əzilən,
istismar edilən Şərq...
Biz şərqli hökmdarların qanunazidd əməllərini
ifşa edən cəsur qərbli jurnalistlərin maraqlı
araşdırma yazılarını necə də maraqla
oxuyurduq. Amerikalı, alman və ya fransız reportyorların
diktatura, teokratiya və totalitar sistemlərin devrilməsini və
süqutunu bəyan edən məlumatlarını necə də
acgözlüklə oxuyurduq. Lakin bütün bunlar
planetin yalnız bir hissəsindən gələn xəbərlər
idi...
Konkret dövlətlərə, sanki kimsə tərəfindən
müəyyən edilmiş dövlətlərə xüsusi
maraq bəzən müəyyən şübhələr
yaradırdı. Almaniyadakı, ABŞ-dakı, Avstriyadakı səs-küylü
korrupsiya qalmaqallar seriyasından sonra isə həmin bu
jurnalistlərin daxili siyasi xarakterli problemlərə
ehtiyatlı münasibəti, bundan nümayişkaranə şəkildə
məsafə saxlaması artıq açıq-aşkar
anlaşılmaz görünməyə başladı.
Nüfuzlu Qərb qəzetlərinin səhifələri
uzaq Tyananmen meydanından, yaxud Honkonqdakı tələbə
etirazlarından qan qoxulu reportajlarla dolub-daşırdı. Biz hələ
İrandakı yaşıl inqilabı, yaxud Keniyadakı
etirazları demirik. Amma bütün
dünyanın baxdığı telekanalların xəbərlər
proqramlarında Ştutqartda mitinqlərin qan içində
boğulub dağıdılması, yaxud Danimarkada müsəlmanlara
divan tutulması barədə nədənsə heç bir məlumat
verilmirdi. Bu haqda susurdular.
Daha sonra isə həmin bu telekanallar həqiqətin
üzünə dik baxmağa cürət göstərən,
məsələn, ABŞ ordusunun İraqa yeridilməsini
zülm və əsarətdən azad olmaq yox, intervensiya, təcavüz
adlandıran jurnalistləri işdən qovmağa
başladılar.
Alman
hüquq müdafiəçilərinin
hazırladığı və Mərkəzi Kəşfiyyat
İdarəsinin (MKİ) Almaniyada "verbovka" elədiyi
jurnalistlərin sayını göstərən son
hesabatlarından biri isə adamı ümumiyyətlə
şoka salırdı. Oradan məlum olurdu ki,
hamının hörmətlə yanaşdığı bu
peşədə heç də hər şey o qədər də
romantik deyil.
Bundan bir az sonra isə həmin bu MKİ-nin polkovnikindən
sensasion etiraf gəldi. O dedi ki, hər kəsin öz qiyməti
var...
Əslində pərdəni çox tez
qaldırdılar. Və həmin pərdənin arxasındakı həqiqət
- görkəmli alman publisisti Udo Ulfkottenin çox səlis
ifadə etdiyi "satqın Qərb jurnalistikasının
mahiyyəti" bütün çılpaqlığı ilə
göründü.
Jurnalistika bir zamanlar qladiator döyüşləri
meydanını təcəssüm etdirirdi. Lakin sonra tez
ayıldılar. Marionet teatrının
yaradıcılıq emalatxanasına başqa gölə
baxmağa başladılar. Belə
emalatxanaların birində isə Şərqi Avropa və
keçmiş Sovet ölkələrindən olan
araşdırmaçı-jurnalistlərin konsorsiumu doğuldu.
Bu ittifaq da özünə nədənsə
Sorosun və ABŞ hökumətinin (USAİD) maliyyələşdirdiyi
qurumlarla eyni çətir altında yer tapdı.
Özü də heç də təsadüfən yox...
Və yenə
də heç də təsadüfi olmayan bir hadisə baş verdi: Sorosun və ABŞ hökumətinin
pulları ilə yaradılmış bu konsorsium rəsmən
Jurnalistikanın İnkişafı Assosiasiyası
adlandırıldı. Nəhayət, təsadüf
adlandıra bilməyəcəyimiz daha bir hadisə: bu
assosiasiya ABŞ-da, Merilend ştatında rəsmən
qeydiyyata alındı.
Bu konsorsium meydana çıxandan dərhal sonra heyrətamiz
şəkildə uğur qazanmağa başladı. Özü də uğur
uğurun dalınca gəlirdi! Sanki nağıllardakı
möcüzə idi! Konsorsium çox sirli-möcüzəvi
şəkildə bütün dünyadakı minlərlə
offşor şirkətlərin bank hesablarına çıxış
əldə edə bildi!
Lakin ən maraqlısı bu da deyildi. Çox
maraqlıdır ki, bu "cəsur" jurnalistlərin
sirli-sehrli siyahısına düşənlərin
hamısının münasibətləri ABŞ hökuməti
ilə yumşaq desək, bu və ya digər səbəbdən
mürəkkəbdir. Və onların
yazılarında Qərbin ünvanına heç bir tənqid
yoxdur. Bu jurnalistlər yırtıcı
imperializmlə münasibətlərdəki bütün
"iti tinlər"in yanından səliqə ilə,
müticəsinə və uzaqgörənliklə ötüb
keçirlər, onlara toxunmurlar.
Onlar Avropanın düz ortasındakı nəhəng
korrupsiya layihəsini israrla görməməzliyə vururlar. Villi Brandt
aeroportunun tikintisinin hələ də başa
çatmaması onların vecinə də deyil. Havaya sovrulan milyardların taleyi onları əsla
maraqlandırmır. Biz hələ Almaniya
Mərkəzi Bankının alman banklarını xilas etmək
üçün ayırdığı yüz milyardlarla
avronun tam nəzarətsizlik şəraitində idarə
olunmasından danışmırıq.
Vyana aeroportu ətrafındakı korrupsiya
qalmaqalının tarixçəsi də bu "cəsur və
ağıllı" jurnalistlərdən ötrü əhəmiyyətsiz
və mənasız bir şeydir. Onlar heç fransız komissarı
Erlik Fredin "Şarli Nebdo" hadisələrindən dərhal
sonra qəfil və şübhəli ölümü haqda da
düşünmək istəmirlər... Əvəzində
onların obyektivi yalnız Amerika xüsusi xidmət
orqanlarının hədəfindəki ölkələrə
və hökumətlərə tuşlanıb. Və çox qəribədir ki, bu araşdırmaçı-jurnalistlərin
heç biri İsveç prokurorluğu tərəfindən
zorlamada ittiham edilməyib. Yox, onlar əzabkeş
Assancın yolu ilə getməyəcəklər. Onların Ekvadorda nə işi var?! Üstəlik korrupsionerlər özləri də
onların sıralarına qoşulur. Məsələn,
Aydın Doğan kimi media oliqarxları...
AYDIN
DOĞAN TÜRKİYƏNİ NECƏ TALAYIRDI...
Əlbəttə, "Hürriyet"dən olan türk
araşdırmaçılarının müxtəlif ölkələrdə
araşdırma aparmasına heç bir məhdudiyyət
yoxdur. Ancaq yada salsaq ki, bu qəzetin sahibi məşhur
türk mafiozu Aydın Doğandır, o zaman türk jurnalistlərinin
başqa ölkələrin problemlərinə həqiqi
marağı bir çox suallar doğurur. Nədən
bu araşdırmanı elə Aydın Doğanın
özündən başlamayasan?
Türkiyənin
CNN Türk, Kanal D, Euro D kimi nüfuzlu telekanallarının,
habelə "Hürriyet", "Posta", "Radikal"
kimi bir çox məşhur çap nəşrlərinin
sahibi olan Aydın Doğan bütün bunlardan əlavə
"Petrol Ofisi" adlı neft şirkətinin sahibidir
(doğrudur, bir neçə il əvvəl Doğan bu şirkətin
nəzarət səhm paketini Almaniyanın RWE konserninə
satıb).
Yeri gəlmişkən, uzağa getmədən elə bu
şirkətdən başlamaq olar. Aydın Doğanın dövlətə
məxsus neft şirkəti "Petrol Ofisi"ni
fırıldaqçı üsulla necə ələ
keçirdiyini Türkiyədə yaxşı
xatırlayırılar. Bu haqda vaxtilə
türk mediası geniş yazıb. 2000-ci
ildə "Petrol Ofisi" Türkiyənin ən gəlirli
dövlət şirkətlərindən biri idi.
Aydın Doğan bu şirkəti ələ keçirmək
üçün "İş Bankası" ilə ortaq
"İş-Doğan A.Ş." adlı şirkət qurub. Daha sonra bu şirkət bir
neçə bankın daxil olduğu konsorsiumdan borc alaraq
"Petrol Ofisi"ni alıb. Bununla da
şirkət 1,2 milyard dollar borcun altına
girib. "İş-Doğan A.Ş." şirkəti isə
"Petrol Ofisi"ni alandan sonra bu borcu
"Petrol Ofisi"nin gəlirləri hesabına ödəməyə
başlayıb. Başqa sözlə, Aydın
Doğan cibindən bir qəpik də xərcləmədən
dövlətə məxsus neft şirkətini həmin
şirkətin öz gəlirləri hesabına, quldur
metodları ilə ələ keçirmiş olub.
Dövlət isə ona məxsus olan şirkəti satsa
da pulunu da elə həmin şirkətdən alıb. Aydın Doğan "Petrol
Ofisi"ni almaq üçün banklardan
kredit istəyərkən borc təminatı kimi elə həmin
şirkəti göstərmişdi. Doğanın "Petrol
Ofisi"ni bu şirkətin
özünün gəlirləri hesabına alması nəticəsində
şirkətin gəlirləri kəskin azalıb.
Türkiyədə
ilk dəfədir korrupsiyanın bu üsulu tətbiq edilirdi və
Aydın Doğanın "Petrol Ofisi"ni
ələ keçirməsi Türkiyənin ən iri korrupsiya
əməliyyatlarından biri hesab olunurdu.
Yaxud Aydın Doğanın Türkiyə ordusunun
generaliteti ilə korrupsiya əlaqələri sayəsində
tenderdə uduzduğu halda xüsusi əmrlə necə qalib
elan edildiyini öyrənmək üçün uzağa getmək
lazım deyil.
Bu haqda istefada olan general, jandarma kəşfiyyatının
keçmiş rəisi, keçmiş MHP-çi Altay
Tokatın mətbuata göndərdiyi məktubda
yazılıb.
2001-ci ildə
Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı
Qüvvələr Komandanlığının ehtiyacı
üçün 450 min ton yanacağın alınmasına dair
keçirilən tenderdə Aydın Doğanın "Petrol
Ofisi" şirkəti korrupsiya sövdələşməsi
sayəsində qalib elan edilib.
Həmin tenderdə ən sərfəli qiymət təklif
edən şirkət ("Tarhan Şirketi") qalib gəlib,
Aydın Doğanın şirkəti tenderdən çəkilib. Buna baxmayaraq
xüsusi əmrlə tenderin qalibi "Petrol Ofisi" elan
edilib.
General
"Petrol Ofisi"nin bu tenderdə qalib
elan edilməsini Aydın Doğanla silahlı qüvvələrin
o vaxtkı komandanlığı arasında korrupsiya əlaqələri
ilə izah edirdi.
Bu da təsadüfi deyil. Bir vaxtlar Aydın
Doğan Türkiyənin ən qüdrətli oliqarxı idi-nəzarətindəki
KİV-lərin və əlində cəmləşdirdiyi nəhəng
kapitalın, generalitetlə əlaqələrinin sayəsində
istəsə hökumətləri də dəyişə
bilirdi.
Lakin
AKP-nin hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişməyə
başladı-Ərdoğan elan etdi ki, media patronlarının
göstərişi ilə oturub-duran baş nazir olmayacaq.
REKORD - 2,5 MİLYARD DOLLAR!
Cəmi
bir neçə il əvvəl həmin
Aydın Doğan Türkiyənin ən iri məbləğdə
vergi cəzasına məhkum edilən iş adamı kimi rekord
vurdu. 2009-cu ildə Türkiyənin Maliyyə Nazirliyi Aydın
Doğanın holdinqini rekord məbləğdə - 2,5 milyard dollar vergi ödəməyə məhkum
edib. Nazirliyin müfəttişlərinin iki ildən çox
davam edən araşdırmaları nəticəsində məlum
olmuşdu ki, "Doğan Group"un rəhbərləri
2006-cı ilin dekabr ayında holdinqə daxil olan şirkətlərin
səhmlərini üç həftə ərzində bir
şirkətdən digərinə satıb, bu zaman milyardlarla
dolları vergidən gizlədib.
Həmçinin
holdinq Almaniyanın "Axel Springer" şirkəti ilə
Türkiyənin Radio-Televiziya Yüksək Kurumunun (RTÜK) qaydalarına zidd
olaraq ortaqlıq qurub.
RTÜK-ün qaydalarına görə, Türkiyənin
media qurumlarının səhmlərinin ən çoxu 25 faizi
xarici şirkətlərə satıla bilər. A.Doğan isə
bu limiti keçib. Həmçinin Türkiyə
qanunlarına görə xarici şirkət Türkiyədə
ancaq bir KİV-ə ortaq ola bilər. Aydın Doğan isə holdinqinin 25 faizindən
çoxunu "Axel Springer"ə satıb. Onun holdinqinin tərkibində 28-dən çox qəzet,
agentlik və telekanal yer alırdı.
Ancaq vaxtilə dövlətin neft şirkətini cibindən
bir qəpik də xərcləmədən xüsusi istedadla ələ
keçirən Doğan növbəti dəfə
dolaşıq fırıldaq sxemi qurub. Türkiyə
qanunlarının yaratdığı maneəni aşmaq
üçün üç həftə ərzində
holdinqinin səhmlərini müxtəlif offşor şirkətlər
arasında dövr etdirib, kağız üzərində səhmlərin
bir şirkətdən digərinə satılmasını,
sonra yenidən alınmasını həyata keçirib.
Bu maxinasiya nəticəsində Aydın Doğan həm
RTÜK-ü aldadıb, həm holdinqin səhmlərinin
satışından əldə edilən gəlirləri vergidən
yayındırıb.
Həmçinin araşdırma üzə
çıxarıb ki, "Doğan Group"a daxil olan şirkətlər
bir neçə gün ərzində bir-birlərinə bazar dəyərindən
qat-qat ucuz qiymətə səhm satışı həyata keçiriblər. O vaxt Aydın Doğan
holdinqində üzə çıxan bu maxinasiyalara görə
milyardlarla dollarlıq vergi cəzası ilə üzləşməsini
"Türkiyədə söz azadlığına təzyiq"
kimi qiymətləndirmişdi.
Mediamaqnat Qərbdə və Türkiyədə geniş
təbliğat kampaniyası başladaraq Ərdoğanın
"söz azadlığının sonuncu qalasına
hücumuna" dünya ictimaiyyətinin diqqətini cəlb
etməyə çalışırdı. Lakin daha sonra
mediamaqnat hökumətlə anlaşdı və vergi cinayətlərinin
əfvinə dair qanundan faydalanaraq kəsilən cərimənin
təxminən 800 milyon dollarını ödədi, qalan hissəsi
əfv olundu.
Ümumiyyətlə,
vergidən yayınmağın ən hiyləgər
üsullarını Türkiyədə Aydın Doğandan
yaxşı fikirləşib tapan çox az
olar. Vergilərdən yayınmaq türkiyəli
mediaşulerin sevimli metodudur. Məsələn, Türkiyənin
Sərmayə Piyasası Kurulu (İnvestisiya Bazarı
Şurası) tərəfindən aparılan
araşdırmalara görə "Dogan Group" holdinqin
mülkiyyətində olan "Milliyet",
"Hürriyet" və digər qəzetlər
üçün ("Milliyet"i artıq satıb) xaricdən kağız
alınması zamanı offşor şirkətlər üzərindən
idxal əməliyyatları həyata keçirib. Nəticədə müntəzəm olaraq milyonlarla
dollar məbləğində vergilərdən yayınıb.
Holdinq
patronu təxminən 1998-ci ildən 2008-ci ilə qədər offşor
şirkətlər üzərindən qəzet
kağızı idxalı həyata keçirərək vergidən
gizlədilən gəlirləri öz hesabına
yatırıb.
Həmçinin Türkiyənin Maliyyə Nazirliyinin bu
offşor şirkətlər barədə sorğusuna cavab verməyib. Həmin
offşor şirkətlərə heç bir
aidiyyatının olmadığını, onların barəsində
qeydiyyatda olduqları ölkələrdən məlumat
alınmalı olduğunu bildirib.
Lakin
aparılan araşdırma zamanı bu offşor şirkətlərin
Aydın Doğanın yaxınlarının adına
qeydiyyatdan keçdiyi üzə çıxıb. SPK "Doğan Group" barəsində cinayət
işinin qaldırılması üçün
topladığı faktları prokurluğa göndərib.
GÜLƏNİN
MÜTTƏFİQİ
Və həmin bu Doğan öz şüurlu həyatının
xeyli hissəsini Azərbaycana qarşı düşmənçilik
münasibətinə həsr edib. O, öz nifrətini bu gün də
büruzə verməkdədir.
Aydın Doğanın Azərbaycana qarşı pis
ört-basdır edilmiş düşmənçilik
mövqeyi təkcə onun erməni köklərindən irəli
gəlmir (türk istebleşmentindəki bədxahları deyirlər
ki, Aydın Doğan etnik ermənidir və türk ailəsində
böyüyüb).
Görünür,
bu münasibətin arxasında onun hamıya yaxşı
tanış olan Fətullah Gülənin
başçılıq etdiyi, Mərkəzi Kəşfiyyat
İdarəsi ilə sıx bağlı olan nurçular qrupu
ilə son zamanlar yaranan müttəfiqliyi də dayanır.
Fətullah Gülənə yaxın konqresmenlər
Aydın Doğanın KİV-lərinə qarşı təzyiqlər
edildiyi barədə bəyanatlar verir, Türkiyədə media
azadlıqlarının boğulduğuna dair qətnamə
layihəsi hazırlayıb. Bu qətnamə layihəsində
"Doğan qrupuna daxil olan "müstəqil və məsuliyyətli
KİV-lərin
sıxışdırıldığı" xüsusi qeyd
olunur.
MƏHZ
BU DOĞAN...
Bəli,
bəli, məhz Vaşinqtondan dəstəklənən bu
"məsuliyyətli və müstəqil KİV-lər"
heç bir ilkin şərt irəli sürmədən yəni
Azərbaycanın milli maraqlarını bir kənara ataraq
Türkiyənin Ermənistanla barışması, sərhədlərini
açması ideyasını təbliğ edirdi.
Azərbaycanda
və Türkiyədə heç kimin yadından
çıxmayıb ki, Aydın Doğanın media holdinqinə
daxil olan KİV-lər 2007-2009-cu illərdə bir hissəsi Azərbaycandan
gizli həyata keçirilən, iflasa uğramış
Türkiyə-Ermənistan barışıq prosesinin əsas
PR-çısı idi.
Türkiyə və Ermənistan diplomatları
arasında Sürixdə otellərdən birində gizli
danışıqların başladığı haqda xəbəri
ilk yayan da məhz Doğanın ruporu "Hürriyet"
olmuşdu. Qəzet Türkiyə hökumətinin Ermənistanla
barışıq və sərhədləri açmaq səylərinə
dəstək verirdi, bu zaman Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması şərtinin kənara
qoyulacağını göstərirdi. Proses
başlayandan etibarən Doğanın KİV-ləri Türkiyənin
Qarabağın işğaldan azad edilməsini gözləmədən
Ermənistanla sərhədləri açması planına
çox fəal dəstək verirdi, hökumətin "erməni
açılımı" geniş təbliğ olunurdu.
Holdinqə daxil olan KİV-lərin əməkdaşları,
o cümlədən, Aydın Doğanın
telekanallarının çəkiliş qrupu tez-tez İrəvana,
Ermənistan-Türkiyə sərhədinə ezam edilirdi. Həmçinin
Doğanın qəzetləri tez-tez Qarabağ məsələsində
Azərbaycan ictimaiyyətini çaşdırmağa yönəlmiş
dezinformasiyalar yayırdı. İddia
edilirdi ki, Azərbaycan 1-2 rayonun qaytarılması şərti
ilə Türkiyə-Ermənistan sərhədlərinin
açılmasına razıdır, yaxud Türkiyə
hökuməti Ermənistanla bir neçə rayonun
boşaldılmasına dair razılıq əldə edib.
Azərbaycan rəsmiləri hər dəfə Doğan
qrupunun bu dezinformasiyalarını təkzib etmək
üçün xeyli səy göstərməli olurdular.
Həmçinin
o zaman "Doğan Group"un tərkibinə
daxil olan "Milliyyet" qəzetinin və CNN Türk
kanalının müxbiri Negehan Alçı Azərbaycan tərəfinin
icazəsi olmadan Ermənistan üzərindən Dağlıq
Qarabağa səfər edib. Qarabağ haqda əsasən
erməni tərəfinin nöqteyi-nəzərini əks etdirən
reportajlar yayımlayıb.
Azərbaycan XİN onun adını qara siyahıya
salıb, sonradan jurnalist üzr istəyib və adı bu
siyahıdan çıxarılıb. Yaxud hamının
yaxşı yadındadır ki, o vaxtlar Aydın Doğanın
ən sevimli jurnalisti olan Mehmet Birand dəfələrlə
yazılarında və televiziya reportajlarında Türkiyənin
Ermənistanla sərhədlərini açmasına
çağırıb. Tez-tez anti-Azərbaycan
yazıları dərc edib.
Yaxşı məlumdur ki, Türkiyə-Ermənistan
barışıq prosesi Barak Obama administrasiyasının Qafqaz
siyasətinin bir nömrəli prioriteti idi. Bunu 2008-ci ildə
Obama administrasiyası yeni formalaşdırılarkən
dövlət katibi Hillari Klinton rəsmən elan etmişdi.
Xüsusi
qeyd etmək lazımdır ki, o zaman Türkiyə dövlətinə
böyük ölçüdə nəzarət etmək
imkanı olan Fətullah Gülənin şəbəkəsi də bu barışıq
prosesində çox maraqlı görünürdü. Gülənin KİV-ləri durmadan Türkiyənin
Ermənistanla sərhədləri açmasının
düzgünlüyünü təbliğ edirdi. Yəni Amerika kəşfiyyatının adamı olan
gülənçilərlə Aydın Doğan bu işdə
müttəfiq idi. Bütün bu sadalananlardan əlavə
gəlin bu suala birlikdə cavab tapmağa çalışaq:
Doğan hər fürsətdə anti-Azərbaycan layihələrinə
qoşulmaqla kimin maraqlarına oynayır və oynamaqdadır?
DOĞAN ƏLİYEVƏ NƏYİ BAĞIŞLAYA
BİLMİR?
Əgər
Doğan patriarx Heydər Əliyevə oliqarxın və
mediamaqnatın 2000-ci illərin əvvəllərində Azərbaycanın
neft bazarına girməsinə, daha doğrusu Azərbaycan
neftindən sərfəli şərtlərlə
"yağlı tikə" qoparmasına imkan verməməsini
bağışlaya bilmirdisə, İlham Əliyevə
münasibətdə onun qatı düşməninə -
Ərdoğana göstərdiyi strateji dəstəyini unuda
bilmir. Xüsusən də Türkiyə liderinin
yeni dövlət idarəçiliyi modelini birdəfəlik
möhkəmləndirəcək taleyüklü parlament
seçkiləri ərəfəsində.
İyunun 7-də Türkiyədə seçkilər
keçiriləcək. Bu, indiki türk hakimiyyətinin
bütün ölkə boyu öz mütləq və
bölünməz təsirini itirən düşmənləri
üçün son şans kimidir. Və
Doğan özünə hesabat verir ki, əgər
Ərdoğan bu seçkilərdə də qəti qələbə
qazansa o və AKP-nın digər rəqibləri imiclərini
düzəltməyə, nüfuzlarını bərpa etməyə
olan sonuncu ümidlərini də itirəcəklər.
Doğanın Ərdoğanla düşmənçiliyinin
köklərini araşdırmaq ayrıca mövzudur. Ancaq qısaca
onu qeyd etmək olar ki, bir vaxtlar Aydın Doğan Türkiyənin
ən qüdrətli oliqarxı idi - nəzarətindəki
KİV-lərin və əlində cəmləşdirdiyi nəhəng
kapitalın, generalitetlə əlaqələrinin sayəsində
istəsə hökumətləri də dəyişə
bilirdi.
Lakin
AKP-nin hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişməyə
başladı. Ərdoğan elan etdi ki, media
patronlarının göstərişi ilə oturub-duran baş
nazir olmayacaq.
Əlbəttə ki, prezident İlham Əliyevin həm Gülənin başçılıq etdiyi, Azərbaycanın siyasi sistemində möhkəmlənməyə çalışan, ölkənin müxtəlif sferalarında öz təsirini genişləndirməyə nail olan nurçu şəbəkəyə münasibətdə sərt mövqeyi də onu qəzəbləndirməyə bilməz.
Hamı xatırlayır ki, İlham Əliyev gülənçilərlə həlledici mübarizədə Ərdoğana necə dəstək verdi. Və istənilən əlverişli vəziyyətdə Doğan istənilən imkandan istifadə edir ki, rəsmi Bakıya tərəf əl yelləsin.
Doğan Ərdoğanla heç cür ümumi dil tapa bilmədi. Və burada məsələ təkcə şəxsi deyil, dünyagörüş sistemi ilə də əlaqəlidir. Sümüyündən iliyinə qədər amerikapərəst, avropaçı konseptualist olan Doğan Ərdoğanın suveren idarəçiliyi və şərq ənənəçiliyi ilə barışmayıb, heç vaxt da barışmayacaq. Üstəlik Türkiyə hakimiyyəti yenidən onun biznes maraqlarına toxunub.
Doğanın güzəştli şərtlərlə offşor şirkətlər üzərindən ölkəyə qəzet kağızı idxalı ilə bağlı problemləri var. Digər tərəfdən, hakimiyyət onun İstanbulda yeni "Hilton" oteli inşası layihəsini təsdiqləməyə tələsmir. Və mediamaqnat heç nəyə baxmayaraq (79 yaşında heç kim öz həyat kredosunu və mənəvi prinsiplərini dəyişmir) bütün gücünü öz qatı düşməninin hakimiyyətini zəiflətməyə yönəldib. Bu seçkilərdə o bütün həqiqətləri və yalanları ilə PKK terror təşkilatının siyasi uzantısı olan HDP-ni (Xalqın Demokratiyası Partiyası) dəstəkləməkdədir.
Bu partiyanın 10 faizlik seçki baryerini keçərək parlamentdə təmsil olunmasına çalışır. Hesab edir ki, ancaq bu halda Ərdoğanın partiyası parlamentdə hakim çoxluğu itirə bilər...
Ərdoğanın iqtidarını bütün üsullarla zəiflətməyə çalışan həmin bu Doğan Azərbaycanın da həyatına müdaxilə etmək niyyətinə düşüb. Sümürücü imperializmin caynaqları bizə tərəf tuşlanıb. İndi anladınızmı ki, hücum edən ekspansiya üçün hakimiyyət hərisliyi və pul yığmaqdan başqa müqəddəs heç nə yoxdur?
Eynulla FƏTULLAYEV
Virtualaz.org
525-ci qəzet.- 2015.-
3 iyun.- S.5.