Türkmən və ümumtürk dəyərlərinin qovşağı: Məxdumqulu Fəraqi irsi

 

 

Son illərdə Məxdumqulu Fəraqi yaradıcılığı müxtəlif ölkələrdə oxucuların diqqətini cəlb etməyə başlayıb.

 

Bu, Türkmənistan dövlət və elmi dairələrin məqsədyönlü fəaliyyəti nəticəsində gerçəkləşib. Beynəlxalq TÜRKSOY təşkilatı 2014-cü ili "Türkmən şairi Məxdumqulu ili" elan edib. "Məxdumqulu Fəraqi. Ümumbəşəri mədəni dəyərlər" (2014), "Dostluq və qardaşlıq carçısı Məxdumqulu Fəraqi" (2014) mövzularında beynəlxalq konfranslar təşkil edilib, Məxdumqulu Fəraqinin "Seçilmiş əsərləri" Azərbaycanda və Türkiyədə nəşr olunub (2010), Türkmənistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında (2010), Qafqaz Universitetində (2012) şairin yaradıcılığına həsr edilmiş tədbirlər keçirilib.

Məxdumqulu Fəraqi yaradıcılığına iki əsas ideoloji istiqamət xasdır. Bir tərəfdən Məxdumqulu türkmən xalqının milli şüurunun formalaşmasında önəmli rol oynayıb, digər tərəfdən isə onun yaradıcılığında ümumtürk dəyərlərinin təbliğinə geniş yer ayırıb. Onun yaradıcılığında bu iki istiqamət bir-birinə qarşı ziddiyyət təşkil etmir, harmonik şəkildə özünü büruzə verir.

 

Xalq ruhunun tərcümanına çevrilmiş Məxdumqulu Fəraqi türkmən milli şüurunun və türkmən dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasında xüsusi rol oynayıb. O, türkmən birliyi ideyasını və türkmənlərə ortaq milli şüur aşılayan fikirləri şeirlərinin əsas məğzinə çevirməyi bacarıb. Türkmən tayfalarını birliyə çağırış, xalqını azad görmək istəyi, daxili çəkişmələrə son qoyub, doğma yurdunu düşmən tapdağı altına düşməyə qoymamaq şairin yaradıcılığının əsas leytmotivinə çevrilib. Ədibin yaradıcılığında tayfa və nəsillər arasında ədavətlər dövrünün haqsızlıq və ədalətsizliyi öz əksini tapıb. Türkmən xalqının rifahını düşünən Məxdumqulunun "Görülsün indi" şeirində türkmən tayfalarını birliyə çağırışı səslənir:

 

Fəraqi üz tutar türkmən elinə,

Düşmən əl vurmasın qızıl gülünə,

Dostlar, bizi axirətin selinə,

Qərq etməmiş, rəqib çapılsın indi.

 

Məxdumqulunun adlı-sanlı türkmən xanlarının, bəylərinin, sərkərdə və döyüşçülərinin qəhrəmanlıqlarının tərənnüm edildiyi şeirlərində türkmən tayfalarının daxili çəkişmələrə və müharibəyə qarşı birləşməsi arzusu özünü büruzə verir. Onun belə şeirlərindən biri də Əhməd şah Dürranini vəsf edildiyi şeiridir. Ustad şair bu şeirlərdə müstəqil türkmən dövlətinin birliyi arzularını əks etdirirdi:

 

Qəmdən uzaq olar, qəlbi dağlanmaz,

Yıxar dağı-daşı, yolu bağlanmaz.

Başqa bir elatda könlü saxlama,

Maxdımqulu, susmaz dili türkmənin.

 

Xüsusi qeyd etmək lazımdır ki, Məxdumqulu müstəqil türkmən dövlətini sosial ədalət prinsipi əsasında qurmağa çağırırdı. Bu konteksti Məxdumqulu atası Dövlətməhəmməd Azadinin "Behiştnamə" ("Cənnət haqqında kitab") adlı didaktik poemasındakı və "Vəzi-Azadi" adlı şeirlə yazılmış traktatındakı dövlət haqqında fikirləri daha da inkişaf etdirir.

 

Türkmən ədəbiyyatının klassik dövrü hesab edilən XVII-XVIII əsrlərdə türk ədəbiyyatında olduğu kimi, divan ədəbiyyatı ilə aşıq yaradıcılığı qovuşaraq yeni mərhələyə qədəm qoyur. Məhz yazılı ədəbiyyatla şifahi ədəbiyyatı yaradıcılığında sintez etmiş böyük şair bu mərhələnin layiqli sənətkarlarından olmuşdur.

 

Məxdumqulu ümumtürk folklorunu mənimsəyən şair-aşığa çevrilmişdir. Qeyd etmək lazımdır ki, 10 mindən artıq sətri özündə cəmləşdirən Məxdumqulu irsinın 90 faizi qoşuq janrına aiddir.

 

Məxdumqulu kitab dilindən uzaqlaşaraq türkmən xalqının dilinə yaxın dildə yazıb-yaratmağa başlayır.

 

Türkmən ədəbiyyatının XVII-XVIII əsrlərdə iki dilli, yəni ərəb və fars dili ənənələrindən uzaqlaşması özünü göstərmişdir. Bu dövrün ədibləri ədəbi dili xalq dilinə yaxınlaşdırırdılar. Məxdumqulunun yaradıcılığında da xəlqilik türkmən xalq dilinə yaxınlığı baxımından daha parlaq şəkildə təzahür edir. Fars və ərəb dillərindən uzaqlaşma Məxdumquluya sintaktit inversiya metoduna müraciət etməyə geniş imkanlar yaratmışdır.

 

Sintaktit inversiya priyomundan istifadə zamanı atalar sözlərindən tez-tez istifadə etməsi Məxdumqulu poeziyasına xas əlamətdir. Onun qələmə aldığı şeirlərin dili xalq dilinə yaxın olduğundan anlaşıqlıdır.

 

Məsələn, şairin "Eli gözlər" şeirinin dili fikrimizə əyani sübutdur:

 

Kim nan tapmaz yeməyə,

Kim yer tapmaz qoymağa,

Kim don tapmaz geyməyə,

Kim tirmə şalı gözlər.

 

Məxdumqulu türkmən ədəbi dilinin banisidir. Ərəb-fars ölçülərindən (əruz) imtina etmiş türk dünyasının ilk şairlərindən biridir. Məxdumqulu xalq ənənələrinə malik olan heca vəznini yaradıcılığının əsasına çevirib. Məsələn, "Görüm görülməyən yerdə" şeiri heca vəzninin parlaq nümunəsidir:

 

İzzət, hörmət sın etməyin,

Görüm görülməyən yerdə.

Ağıllı olan söz açarmı?

Növbət verilməyən yerdə.

 

Məxdumqulu yaradıcılığı ilə məhdud kanonlar çərçivəsində inkişaf edən türkmən poeziyasının özündən sonrakı tərəqqisinə və ənənəvi formaları yeni məzmunla zənginləşdirərək onun inkişafına təkan verib. Belə ki, o, xalq şeiri ilə klassik şeir ənənələrini yaradıcılığında birləşdirməyi uğurla həyata keçirib.

 

Yaradıcılığında realizmə meyl etməsi ilə türkmən poeziyasının təkamülünə təsir edib. Məxdumqulu poeziyasında janr yenilənməsi əsasən saray ədəbiyyatına xas ərəb və fars poeziya janrlarından xalq ədəbiyyatı janrlarının elementlərinin nüfuz etdirilməsində özünü büruzə verdi. Türk ənənəvi janrlarını ədəbiyyata qaytaran Məxdumqulu müasir türkmən poeziyasının janr sisteminin əsasını qoymuş oldu. O, dastan, nağıl, epos, laylalar kimi şifahi xalq ədəbiyyat janrlarına geniş müraciət edir.

 

Həyat gerçəkliyini realist təsvir edən Məxdumqulunun yaradıcılığı XIX əsrin türkmən maarifçiliyinin inkişaf istiqamətlərini müəyyənləşdirir. Şairin yaradıcılığında Qərb mədəniyyətinə xas humanist görüşləri türkmən (türk) ənənələri ilə birləşdirən ictimai-siyasi məzmunlu və fəlsəfi-didaktik əsərlər də yer tutur.

 

Qeyd etmək lazımdır ki, Məxdumqulu Fəraqi mükəmməl dini savada malik olmuşdur. Qızıl-Ayaqdakı İdris Baba, Buxaradakı Kəkildaş mədrəsələrində və Xivədəki Şirqazi xanın tikdirdiyi mədrəsəsində təhsil almışdır. Şair  mədrəsələrdəki dini təhsilin onun həyatını dəyişdiyini poetik dillə təsvir edir. "Şirqazi" şeirində dini təhsil almağını xoş sözlərlə ifadə edir:

 

Məxdumqulu atıb könül xəfasın,

Saydı pirini, molla-sufisin,

Daim unutmazam qızıl qapısın,

Gedər oldum, xoş qal, gözəl Şirqazı.

 

Məxdumqulu Bəhaəddin Nəqşibəndinin yaratdığı sufi məktəbinin və şeyxin "Dilin yar ilən, əlin kar ilən olsun" süarını sənətinin şüarına çevirmişdir. Türk - islam mədəniyyətində düşüncələrə hakim kəsilmiş sufizm (vəhdəti-vücud) dini-fəlsəfi, ideoloji faktor kimi Məxdumqulu yaradıcılığına təsir etmiş və yaradıcılığında sufi baxışlar özünü parlaq şəkildə göstərmişdir. Sufilik Allahla ruhun ezackar birləşməsidir ki, ədibin yaradıcılığında buna rast gəlinir. Məxdumqulunun şeirlərində ənənəvi-mədəni və dini dəyərlərin əksini tapması Allah eşqinin tərənnümü və inandığı o eşqi getdiyi ömür yoluna çevirir. O yolun haqq yolu olmasını Məxdumqulu "Alacaqdır" şeirində

 

Qulluq et qadir Xudaya,

Ömrünü ötürmə zaya

 

- deməklə insanı Haqq yoluna səsləyir. Bu səsləyişdə bir ağsaqqal nəsihəti də duyulur.

Doğma xalqına qırılmaz tellərlə bağlı olan Məxdumqulu Fəraqinin dini məzmunlu şeirləri çoxdur. "Seyran içində" şeirində ölməyin də dirilməyin də haqq olmasını vurğulayan şairin fəlsəfi ifadə tərzi özünü qabarıq göstərir:

 

Məxdumqulu, sirrim çoxdur,

Mən neyləyim, açan yoxdur,

Ölmək haqq, dirilmək haqqdır,

Oxudum "Quran" içində.

 

İslam dininin müqəddəs və ən əsas kitabı olan "Qurani- Kərim" Allahın buyurduğu sözlərdir, mələyi vasitəsi ilə Hz. Məhəmmədə vəhy edilib. Bu müqəddəs kitabı oxumasını şair qürurla tərənnüm edir.

Məxdumqulu vahid türk mədəni mühitin inkişafına təsir göstərmişdir. Onun yaradıcılığı türklərin oğuz qrupuna daxil olan və dil, tarix, mədəniyyət baxımından ortaq olan Azərbaycan və türkmən xalqları arasında ədəbi əlaqələrin inkişafına təsirsiz ötüşməmişdir.

 

Məxdumqulunun dövründə türk dünyası bir tərəfdən yeni ictimai münasibətlərlə üz-üzə gəlmişdir, Qərbin hərbi-siyasi və elmi-texniki təsirinə məruz qalmışdır, digər tərəfdən isə türk xalqlarının yaşadığı vilayətlərə Nadir şahın qanlı yürüşləri fəlakətlərə səbəb olmuşdur.

 

Qeyd etmək lazımdır ki, böyük şairin yaxın qohumları Nadir şah tərəfindən qəddarlıqla edam olunmuşdular. Onun Nadir şahın əsirliyinə düşməsi və azad olması isə xalq arasında çoxsaylı əfsanə və hekayətlərin yaranmasına gətirib çıxarmışdır. Türk dünyasının bəlalarının səbəbini Məxdumqulu Fəraqi ölkələrarası münaqişələrdə görürdü. Bu səbəbdən də onun poeziyasında türklərin ümumi düşmənlərinə, yadelli işğalçılara qarşı birgə mübarizə aparmağa çağırış motivi ayrılmaz yer tutmuşdur.

 

Maraqlıdır ki, bu cür fikirlər əsasən Orta Asiyanın türkdilli xalqları arasında formalaşmış "türkiqoy" janrında yazılmış əsərlərdə öz əksini tapmışdır. Bu tip əsərlər didaktik pafosla seçilir və təhkiyəçinin xalqa verdiyi mənəvi tövsiyələr əsasında qurulan fabulaya malikdir. Məxdumqulunun didaktik əsərlərində "türkiqoy" janr formasının elementlərinə tez-tez rast gəlirik. Xüsusi qeyd etmək lazımdır ki, bədii türkmən dilini yaradarkən Məxdumqulu XI əsrdə Kiçik Asiyada Səlcuq dövlətini yaradan oğuz tayfalarının formalaşdırdığı "rumi-türkməni" dilinin zəngin irsinə geniş müraciət etmişdir. Başqa sözlə, Məxdumqulu irsində türkmənləşmə və türkləşmə bir- birindən ayrılmaz amillər kimi çıxış edir.

 

Tarixi paralellər apardıqda XII əsrdə yaşamış alim, sufi və şair Əhməd Yəsəvi yaradıcılığı ilə Məxdumqulu Fəraqi yaradıcılığı arasında tarixi varislik nəzərə çarpır. Əhməd Yəsəvi öz poeziyasında türk (cağatay) dilinə müraciət edir, fars və ərəb dillərindən uzaqlaşır. Məxdumqulu Fəraqi aşıq ədəbi formalarına və aşıq bədii dilinə müraciət etməsi ilə Əhməd Yəsəvinin təcrübəsini təkrar edir. Məxdumqulu Fəraqi və Əhməd Yəsəvinin lirikasının oxşarlığı bundan irəli gəlir. Əhməd Yəsəvinin və Məxdumqulunun həyat yolları da oxşardır: imtahan və itkilərlə dolu ilahi həqiqətin axtarış yolu.

 

Məxdumqulunun yaradıcılığında Azərbaycan və türkmən tarixi talelərinin və bu iki xalqın mənəvi mədəniyyətinin oxşarlığını şərtləndirən şeirlər əksini tapmışdır. Şairin "Sevmişəm səni" şeirində Azərbaycan ədəbiyyatı ilə intertekstual əlaqələri müşahidə edirik. Məsələn, Azərbaycan folklor nümunəsi olan "Aşıq Qərib" dastanı ilə intertekstual əlaqə aşağıdakı bənddə özünü daha aydın büruzə verir:

 

Bu dünya qoyubdur kimi,

Xoş tutun beş günlük dəmi,

Aşiq Qərib Şahsənəmi

Sevən tək sevmişəm səni.

 

Şairin Azərbaycana səyahət etdiyi zamanı gördüyü Nuxaya (indiki Şəki) həsr etmiş olduğu  "Yaylaqları var" şeirində şəhərin füsunkar təbiətinin vəsfi əksini tapmışdır:

 

Gedək seyrə çıxaq Nuxa mülkünü

Könülü oxşayan yaylaqları var.

Dərib qoxulayaq qönçə gülünü,

Yaşıl reyhanları, zanbaqları var.

 

Sonda qeyd etmək olar kı, yaradıcılığı ilə klassik türkmən şeirinin əzəmətini təsdiqləyən şair yalnız türkmən ədəbiyyatında deyil, dünya ədəbiyyatında da əlçatmaz poeziya nümunələri yaratmağa nail olmuşdur. Məxdumqulu yaradıcılığını tədqiq edən alimlər tərəfindən böyük və faydalı işlər həyata keçirmişlər. Lakin bu istiqamətdə hələ də çox işlər görülməlidir. Belə ki, ustad şairin əsərlərinin bir hissəsi itmişdir, onların axtarılıb tapılaraq nəşr etdirilməsi isə əlavə ciddi elmi axtarışlar aparılmasını tələb edir.

 

Salidə ŞƏRİFOVA

Filologiya üzrə elmlər doktoru

525-ci qəzet.- 2015.- 4 iyun.- S.8.