Bolqarıstanda Azərbaycan haqqında kitabların
sərgisi açılıb
Bolqarıstanın ən böyük
elm və mədəniyyət
ocağı olan Müqəddəs Kiril və Metodiy adına Milli
Kitabxanada Azərbaycan
haqqında kitablardan ibarət sərginin açılışı olub.
Kitablar Milli Kitabxanaya Azərbaycanın
bu ölkədəki səfirliyi tərəfindən
hədiyyə edilib.
Kitabxananın müdiri xanım Boryana Xristova sərginin açılışında
çıxış edərək
Azərbaycanla Bolqarıstan
arasında mədəniyyət
və informasiya mübadiləsi sahəsində
əlaqələrin inkişafından
danışıb.
O, aprelin 17-də Sofiya şəhərində M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanası ilə Müqəddəs Kiril və Metodiy Milli Kitabxanası arasında qarşılıqlı
əməkdaşlıq haqqında
Anlaşma Memorandumunun
imzalandığını xatırladıb
və bu sərginin həmin Memorandumun praktiki nəticələrindən biri
olduğunu deyib.
B.Xristova kitabların hədiyyə edilməsinə görə səfir Emil Kərimova təşəkkürünü bildirib və Bolqarıstan ictimaiyyətinin bu kitablar vasitəsilə Azərbaycan haqqında daha ətraflı məlumatlar əldə edəcəyinə əminliyini ifadə edib. B.Xristova M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları səfir E.Kərimova təqdim edib.
Emil Kərimov Azərbaycanla Bolqarıstan arasında qarşılıqlı münasibətlərin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana rəsmi səfəri zamanı qoyulduğunu bildirib.
O, cari ilin mart ayında Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyini qeyd edib.
Həmçinin səfər çərçivəsində imzalanmış "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin vacibliyini vurğulayıb.
Diplomat Azərbaycanla Bolqarıstan arasında energetika sahəsi ilə yanaşı, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb.
Diplomat Azərbaycan haqqında kitabların bolqar xalqı üçün faydalı olacağına əminliyini ifadə edib.
Bir ay davam edəcək sərginin açılışında Bolqarıstanın elm, mədəniyyət xadimləri və təhsil üzrə mütəxəssislər iştirak ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 4 iyun.- S.7.