Vaqifin Vaqifsiz ilk doğum günü
Bu günlərdə cib
telefonuma zəng gəldi. Açdım. Diksindim. VAQİF SƏMƏDOĞLU yazılmışdı. Həyat yoldaşı
Nüşabə xanımdı,
Vaqifin telefonundan zəng edirdi.
V.Səmədoğlunun haçansa mənə ithaf etdiyi şeirindən misraları xatırladım:
Dostum,
mən öləndən
sonra
Basarsan maqnitofonun
səs qaytaran düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsini.
Bütün bunların təsiriylə
Vaqifin doğum günü ərəfəsində
bu şeir yarandı.
Hey ölümdən yazardı...
Ölüm - ani son deyil,
Ölüm çarəsiz, uzun,
Sağalmaz bir azardı.
İndi sənin yoxluğun,
Özü belə yönəldir
yazı yazan əlimi
"Məgər
bilmirsən- deyir,
Həyat
- müvəqqətidir,
Ölüm - daimi".
Ən uzun həyatın da
Sonu ölümdür ancaq
Ömür ötüb geçəcək,
Bizə ölüm qalacaq.
Ölümün qorxusunu
zarafata salırdın,
xəstəlikdən, ölümdən
bu cür qisas alırdın.
Kanseri lağa qoydun,
xərçəngə rişxənd etdin
Ömrünün son anında
ölümə güldün getdin.
Həmin dənizdir dəniz,
Həmin yağışdı sənsiz,
Həmin günəşdi sənsiz...
Dünyam bomboşdu sənsiz..
Sənsiz ötüşüb keçir
Günlər, həftələr, aylar...
Bura həmin
Buradır.
Vaqulya, Orda nə var?
3 iyun 2015
ANAR
525-ci qəzet.- 2015.- 4 iyun.- S.7.