"Azərbaycan növbəti sınaqdan uğurla çıxacaq"
"MÜASİR İNKİŞAF" İCTİMAİ BİRLİYİNİN FƏALİYYƏTİNİN 10 İLİ TAMAM OLUR
Sabah
"Müasir İnkişaf"
İctimai Birliyinin
yaranmasının10 ili
tamam olur. Təşkilatın İdarə Heyətinin
sədri Mübariz Göyüşlü ilə
söhbətimizdə bu
müddət ərzində
görülmüş işlərdən,
qarşıda duran vəzifələrdən danışdıq.
- Mübariz müəllim,
10 il əvvəl
belə bir təşkilat yaratmaq ideyası necə yaranıb?
- Bu təşkilatı qurmazdan
əvvəl təxminən
5 il müxtəlif
gənclər təşkilatlarında
vətənpərvərlik, Türk dünyasının
inteqrasiyası, İslam
dininin təbliği, azərbaycançılıq ideologiyası
istiqamətlərdə çalışmalar
həyata keçirmişəm.
2005-ci ildən etibarən yeni bir ictimai təşkilat
yaratmaq, daha geniş fəaliyyət göstərmək barədə
düşünməyə başladım. Çünki fikrimdə bu ideyalarla bağlı bir çox işlər var idi ki, onları
hansısa gənclər
təşkilatlarında çalışmalarla
həyata keçirmək
mümkün olmayıb.
Beləcə bir neçə aylıq məsləhətləşmələrdən
və təşkilatlanmadan
sonra, iyun ayının 5-də təsis
konfransı keçirib
"Tarix unudulmaz, Millət bölünməz,
Torpaqdan pay olmaz!" şüarı altında
"Türk-İslam Dünyası"
İctimai Birliyini yaratdığımızı elan
etdik. Bir neçə ay bu
ad altında fəaliyyət
göstərdikdən, tədbirlər
keçirdikdən sonra
2006-cı ilin mart ayında
Ədliyyə Nazirliyində
"Müasir İnkişaf"
İctimai Birliyi olaraq qeydiyyata alındıq və o vaxtdan da bu
ad altında çalışmalar
həyata keçiririk.
-Seçdiyiniz ad və təbliğ etdiyiniz məsələlərdə ideoloji
yük var. Bu fakt fəaliyyətinizdə çətinlik
yaradıbmı?
-Desəm ki, yaratmayıb, yalan söyləmiş olaram. O
zaman yerli donorlar yox idi,
QHT-ləri hər kəs xarici fondlardan qrant alıb yeyən təşkilatlar kimi tanıyıb. Üstəlik "Türk-İslam" adlı ideoloji təşkilat yaratmaq çətinliklərimizi artırıb.
İlkin
dövrlərdə bizimlə
qarşılaşan hər
kəs bu işin perspektivsiz olduğunu, yanlış yolda addımladığımızı
söyləyib. Amma zaman
keçdikcə təşkilata
olan münasibətin dəyişdiyinin şahidi
olduq. Yəqin insanlar özləri də qəbul etməyə başlayıblar
ki, ciddi mövzularla - Türk dünyasının inteqrasiyası,
milli kimlik, milli ideologiya, mənəvi dəyərlərin,
vətənpərvərliyin təbliği ilə məşğul olan, ardıcıl olaraq bu istiqamətdə
iş görən təşkilatlara və insanlara da ehtiyac
var. Biz də çəkinmədik,
çəkilmədik, inamla
çalışdıq. Hesab edirəm
ki, 10 ildən sonra sadalaya biləcəyimiz çoxsaylı
nəticələrimizin olması
bizim doğru yolda olduğumuzu sübut edir. Mən bütün bunları söyləyərkən o iddiada
deyiləm ki, həmin mövzularla yalnız biz məşğul
olmuşuq, yaxud əldə olunan nəticələr yalnız
bizim fəaliyyətimizin
məhsuludur. Amma bu nəticələrin əldə
olunmasında "Müasir
İnkişaf" İctimai
Birliyinin danılmaz xidmətləri var.
- Çoxsaylı nəticələrinizin
olduğunu deyirsiniz. Qısa da olsa, bu
barədə məlumat
verərdiniz.
- Təvazökarlıqdan uzaq
olsa da deyim
ki, 10 illik gərgin və məhsuldar çalışmaların
nəticəsini qısa
olaraq qeyd etmək çətindir. Amma əsas məqamları sadalamağa çalışacağam.
Hesab edirəm ki, əsas nəticəmiz
Azərbaycanın dövlətçilik
ideologiyası, gənclərdə
vətənpərvərlik, tarix dərsliklərimizlə
bağlı hazırladığımız
konsepsiyalar, "Azərbaycan
Milli Kimliyi", "Türk Qafqaz İslam Ordusu və ermənilər",
"Missioner" kitabları, Çanaqqala ilə bağlı apardığımız
araşdırmalar, "Türk
Eli" jurnalını çap
etməyimiz, keçirdiyimiz
onlarla yerli, bir neçə beynəlxalq konfranslar,
"Dialoq İnfo"
təhsil portalı
(dialoq.info), o cümlədən, daha iki saytımızın
fəaliyyəti, Dünya
Türklərinin Həmrəylik
Günü ideyasını
reallaşdıraraq bununla
əlaqədar dörd
türk dövləti
tərəfindən siyasi
qərar verilməsinə
nail olmağımızı nümunə olaraq çəkə bilərəm.
Bundan əlavə, Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili mövzusunda yüzdən çox təşkilat rəhbəri, bəzi millət vəkilləri və redaktorlardan dəstək imzası toplayıb, bununla əlaqədar siyasi qərarın qəbuluna
nail olmuşuq. Bu işlərin arxasında
10 illik zəhmət və əziyyət, təşkilatımızda çalışan
insanların aktiv fəaliyyəti durur.
- Dünya Türklərinin Həmrəylik Günü
və Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili ilə bağlı yürütdüyünüz
kampaniyalar haqqında məlumat verərdiniz.
- Birinci ideya dörd
türk dövlət başçısı tərəfindən
təsdiqlənərək həyata
keçirilib. Bir neçə
ildir ki, 3 oktyabr tarixi Dünya Türklərinin Həmrəylik Günü
- rəsmi sənəddə
qeyd edildiyi kimi ifadə etsək - Türk Dövlətləri Günü
kimi qeyd edilir. Bu işdə
bizlərin də ciddi çalışmaları
var və mən bu ideyanın
həyata keçməsindən
çox məmnunam.
O ki qaldı ortaq əlifba və ədəbi dil mövzusuna bununla bağlı biz yüzdən çox təşkilatdan, millət
vəkilindən, redaktordan
dəstək imzası
toplayıb həm Azərbaycanda, həm də digər türk ölkələrində
dövlət başçılarına
müraciət etdik. Nəticədə Azərbaycan Prezidenti
İlham Əliyevin dilimizin qorunması ilə bağlı dövlət proqramında
bu mövzuda layihələrin həyata
keçirilməsi, işlərin
görülməsinə aid olan bəndi də təsdiqləməsi
bizləri xeyli sevindirib. Hesab edirəm ki,
biz bununla da siyasi qərar ala bildik. Bundan sonra söz
dilçi alimlərin
və bu işin mütəxəssislərinindir.
Gələcəkdə biz bununla əlaqədar
olaraq real nəticələri
də görə biləcəyik.
- Təşkilatınız bir
neçə dəfə
Azərbaycan təhsil
müəssisələrində İslam dininin tədrisinin vacibliyi ilə bağlı tədbirlər də keçirib. Bunun bir nəticəsi
olubmu?
-Bir neçə il bundan
əvvəl biz bu mövzuda ardıcıl olaraq tədbirlər keçirdik. Həmin vaxt bunu qəbul etməyən insanlar və qurumlar var idi.
Onların arqumenti bu idi ki, mollaları
orta məktəblərə
buraxmaq olmaz. Amma burada söhbət
mollalardan deyil, dövlətimizin verdiyi sənədlə təsdiq
olunan ilahiyyatçıların
İslam dinini tədris etməsilə cəmiyyətimizə və
xüsusilə də gənclərimizə faydalı
ola bilməsindən
gedir. Son dövrlər
din adından istifadə
edən bir sıra radikal qrupların fəaliyyəti
göstərir ki, Azərbaycan dövləti
din təhsilinə nəzarəti
ələ almalıdır
dediyimizdə nə qədər haqlı olmuşuq. Bu yaxınlarda səhv etmirəmsə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
da açıqlamalarında
bunun mümkünlüyünə
rast gəlmişdim.
Bütün bunlar müsbətdir,
demək ki, həmin vaxt gördüyümüz işlər
də boşuna getməyib. Çünki ortada real nəticə
var.
-Digər ölkələrdəki
partnyor təşkilatlarla
fəaliyyətləriniz nə
yerdədir?
-2011-ci ildə təşkilat
olaraq bir qərar verdik ki, beynəlxalq istiqamətdə də çalışmalarımızı gücləndirək. Bundan sonra Bakıda
bir neçə beynəlxalq konfrans təşkil etdik, Türkiyədə, Rusiyada,
Gürcüstanda ciddi
nəticələri olan
tədbirlər keçirdik.
Düzdür, qarşılaşdığımız
çətinliklər bizlərə
daha böyük nailiyyətlər əldə
etməyə imkan verməyib. Çünki biz bu konfransları
və tədbirləri
öz imkanlarımız
hesabına edirdik.
Amma əsas odur ki, bu məsələlərdə
də sözümüzü
deyə bildik. Mən bu tədbirləri
birgə təşkil
etdiyimiz Moskva Azərbaycanlıları Milli-Mədəni
Muxtariyyatı, Türk
Ocaqları, Türk Dünyası Araşdırmalar
Vəqfi, Gürcüstan
Gənclərinə Yardım
və Maarifləndirmə
Dərnəyi və başqa təşkilatlarla
bundan sonra da davamlı olaraq çalışacağımıza
əminəm.
- Son olaraq, ölkədə təşkil olunan böyük miqyaslı tədbirlər barədə
danışardınız. Yəqin ki,
siz də təşkilat olaraq dövlətin təşəbbüsüylə
həyata keçirilən
tədbirlərdə yaxından
iştirak edirsiniz?
- Hazırda Azərbaycan
mühüm bir tədbirin astanasındadır. İyunun
12-si ölkəmizdə Bakı-2015: Birinci Avropa Oyunları keçiriləcək.
Dövlət başçısının
QHT-lərə etimad göstərməsi, bununla
bağlı ayrıca
bir qurumun yaradılması, QHT-lərin
layihələrinin maliyyələşdirilməsi,
vətənpərvərlik ruhunun yüksəlməsi
üçün görülən
işlər çox təqdirəlayiqdir. Bunlar hamısı
bizim fəaliyyətimizi
stimullaşdırır. Ona görə də, biz bu imkanlardan kifayət qədər yararlanıb, dövlətimizin qazandığı
uğurlarda pay sahibi ola bilirik.
Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycan növbəti
sınaqdan da uğurla çıxacaq.
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 4 iyun.- S.5.