Xalq üçün
yaşanan həkim-vətəndaş ömrü
30 ilə yaxın
bir müddət ərzində azdan-çoxdan
sözlə işləmişəm. Çox mövzularda
irili-xırdalı yazılarım
olub. Lakin bəzən elə
mövzular olub ki, onlar əməlli-başlı
məni küncə sıxıb.
Mövzuya "açar salmağa" çətinlik çəkmişəm. Elə bu
yazıda olduğu kimi. Erməni faşistlərin dağıdıb
viran etdikləri bir elin ziyalısı,
cavan yaşında ağsaqqalı adını
qazanan, gözəl həkim, zamanından hamıya zaman ayıran, sevincləri bölüşüb, qəmlərə
şərik olan, ömrünü təkcə
öz ailəsi, yaxınları, doğmaları
üçün deyil,
həm də qonşularından, dostlarından,
tanışlarından ötrü
yaşayan, hamının
doktor Katib kimi tanıdığı
bir insan haqqında yazmaq, əlbəttə ki, çətindir. Mənim üçün isə ələlxüsus.
Niyəsini deyim. Doktoru çoxdan
- 50 ildir - tanıyıram.
Uşaqlığımız, gəncliyimiz, indi
də zamanın acığına yaşadığımız
bu çağlarımız
birlikdə keçib və keçir. O səbəbdən də həm sərhədləri
keçə biləcəyimdən
və həm də bu yazının
qəhrəmanı haqqında
xəsisliklə "söz
xərcləyəcəyimdən" ehtiyatlanıram.
Neçə onillik tarixə
malik dostluğumuz olsa da, hələ
də belə bir sualı özümə verməkdəyəm:
hansı keyfiyyətləridir
doktor Katibi el-obanın, işlədiyi kollektivin, dost-tanışın,
onunla təmasda olanların gözündə
ucaldan? Şübhəsiz, onun sadəliyi
və təvazökarlığı,
nəfsinin quluna çevrilməməsi, əsl
həkim ömrü yaşaması, közü
öz qabağına çəkməməsi, millətini
və dövlətini
canı qədər sevməsi, ailəsinin üstündə əsməsi,
valideynlərini başının
tacı etməsi.
Doktor deyir ki, tək özü,
ailəsi üçün
yaşayanlar yalquzaq həyatı sürürlər. Həqiqətən yetkin bir insan
həyatı yaşamağı
Allah Təala onun ömrünə yazıb.
O, içərisində işıq
gəzdirənlərdəndir. "Ot kökü
üstündə bitər"
- deyiblər. Uzun
müddət Ağbabada
rəhbər vəzifələrdə
çalışmış atası Rəsul İsa oğlu həyatını, taleyini
millətinə, xalqına,
torpağına, övladlarına
həsr edən, eldən-obadan, adət-ənənədən
güc alan,
çətin sınaqlardan,
elin ağır imtahanlarından üzüağ
çıxan bir kişi olub. 80 il ömür
sürüb haqq dünyasına köçəndə
onu uğurlayanların
sayı "göz qaraldırdı". Yaxın
dostlarından birinin:
"Bu mərasimdə ata
ilə oğulun payı əllinin-əlliyədir. Gələnlərin yarısı Rəsul
İsaoğluna vəfa
borcunu ödəmək,
yarısı da doktora başsağlığı
vermək üçün
buradadır" - deməklə
danılmaz bir həqiqəti ifadə etdi. Həmin anlarda doktorun
gözünə baxmaq
mümkün deyildi.
Sanki kədər onu ağuşuna alıb ümmanlara qaldırmışdı. Oradan isə,
yalnız, tanıyanların
Xanımzər yengə
deyə müraciət
etdikləri anasını
görürdü. Doktor bütün
varlığı ilə
anasına sarılmışdı.
Şükürlər olsun ki, onlar bu gün
də bir yerdədirlər və Katib hər gün gördüyü işlər haqqında həm də ata yadigarı hesab etdiyi anasına
hesabat verir - özü də vaxtı-vaxtında. Başqa
cür də ola bilməz.
Xanımzər yengə vəfalı,
dözümlü, geniş
ürəkli, həm də zabitəli bir xanımdır. O cür ata-anadan belə də oğul doğular - doktor Katib kimi.
Doktorun iş həyatı, xüsusilə də gənclik illəri gərginliklə dolu olub. Bir müddət Ermənistanda
əhalisi sırf erməni olan Ane rayonunda işləyib.
Ara-sıra yanına gedib-gəlir,
vəziyyətinin ürəkaçan
olmadığını görürdüm.
Bir dəfə əlinin kəsildiyini gördüm.
Soruşdum ki, nə məsələdi? Dedi,
heç nə: bir gənc erməninin
valideynləri azərbaycanlı
olduğuma görə
xəstəni cərrahiyyə
stolundan qaldırdılar.
O qədər əsəbiləşmişdim
ki, skalpeli necə sıxdığımdan
xəbərim olmayıb.
Şəfqət bacısı spirtlə
pambıq uzadanda əlimdən döşəməyə
qan töküldüyünü
gördüm. Daşnaklarla
işləmək çətindir,
çətin! Bunların bizi
görməyə gözləri
yoxdur. Türkü söyməkdən yorulmurlar. Utanmaz-utanmaz övladlarına türk adları da qoyurlar. Məsələn, raykomun qadın
katibinin adı Təzəgüldür.
Həkim deyirdi ki, xəstəxana
bütün tədbirlərini
Türkiyə ilə sərhəddə - Anenin
(ermənilərin iddialarına
görə Türkiyə
ərazisində olan qədim Ane şəhəri ermənilərə
məxsusdur. S.A.) xarabalıqlarına
tamaşa etməklə
keçirir, gözyaşları
tökürlər. Bu vaxt rus sərhədçiləri
və zabitləri də onlara imkan yaradırlar. Erməniləri ta sərhədin
məftillərinə qədər
buraxır, "lobnıy
kamen"i göstərirlər.
Guya
1915-ci ildə türklər
ermənilərin başını
həmin o "lobnıy
kamen"in - yekə qaya parçasının üstündə kəsiblər.
Belə olan halda hansı
vəziyyətə düşdüyümü
təsəvvür edirsənmi?
- deyə sual edirdi.
Bir neçə il keçdi. 1988-ci il hadisələri başladı. Qərbi Azərbaycanın azərbaycanlı sakinlərinə divan tutulmağa başladı. Ağbabaya başqa rayonlardan saqqallı daşnak ermənilər axışmağa başladılar. Doktor Amasiya rayon mərkəzində onlardan birini mənə göstərib: "Anedəndir, tanıyıram. Adı da Aşotdur" - dedi. Sonralar isə daha dəhşətli hadisələr oldu. Ermənistanda nə azərbaycanlı həkim, nə də azərbaycanlı sakin qaldı...
Katib doktor düz 17 il Bakı şəhərində 11 saylı Birləşmiş Xəstəxananın baş həkimi olub. Bu illər ərzində Keşlə qəsəbə camaatına elə qaynayıb-qarışmışdı ki, elə bil göbəyini "NZS"də kəsmişdilər. Uşaqdan-böyüyə hamı onu tanıyırdı, hər kəslə öz dilində danışırdı. Çalışırdı ki, bir nəfər də müraciət edən onun qəbulundan narazı getməsin. Ona aidiyyatı olmayan məsələyə görə müraciət edənlərə də: "Yaxşı, baxım-görüm nə kömək edə bilərəm" - deyib, xoş üzlə uğurlayar, kimsəsiz, imkansız adamları heç vaxt unutmazdı. Bu səbəblərdəndir ki, doktor indi başqa sahədə çalışsa da, bayramlarda, əziz günlərdə onun təbrik edənlərin çoxu elə qəsəbənin sadə sakinləridir. Doktor indi Əmək və Əhalinin Sosial Müdafiəisi Nazirliyi sistemində - Qaradağ rayon Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində çalışır.
"Hər gün xəstə, əlil adamlarla görüşür, onları dinləyir, müayinə edirik. Təbii ki, narazı gedənlər də, haqsız tələbdə bulunanlar da olur. Amma heç kəsin haqqı kəsilmir. Nazirliyin rəhbərliyinin də tələbi budur. Bizim borcumuz isə rəhbərliyin müəyyənləşdirdiyi tələblər səviyyəsində işləmək, əvvəllər yol verilmiş nöqsanları birdəfəlik aradan qaldırmaqdır. Əgər sənə etibar göstərilib, bir sahəyə rəhbərlik etmək tapşırılıbsa, orada "zəhmət çək, məsuliyyət yükünü daşı, ya da çıx get!" prinsipi işləməlidir" - deyir katib həkim.
Doktor dəqiq ictimai-siyasi mövqeyi olan ziyalıdır. Uzun müddət YAP Nizami rayon təşkilatının Keşlə qəsəbəsi üzrə rəhbər nümayəndəsi kimi fəaliyyət göstərən həkim bu gün də hakim partiyanın bütün tədbirlərində fəallıq nümayiş etdirir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin alternativsiz siyasətinin həyata keçməsində həkim-vətəndaş-partiya üzvü kimi o da əlindən gələni əsirgəmir. Doktora həmişə etibar olunub, o da etimadı doğruldub. İllərin qanadında saçlarına dən düşüb. Geriyə baxmağa da, yaşamağa da dəyər, sevimli doktor. Hələ görüləsi çox işin var.
Az qala unutmuşdum. İyunun
6-sı ad günündür.
Bu münasibətlə sevənlərin, dərdinə
dərman etdiklərin və dostların adından səni təbrik
edirəm. Hələlik 50-nin kürəyini yerə vurmusan. Beləcə davam et, yüz yaşa!
Səyyad AĞBABALI
525-ci qəzet.- 2015.- 5 iyun.- S.8.