BDU-nun gənc tədqiqatçılarının
türkologiyaya ilk
töhfəsi
Son illər Azərbaycanda
dilçiliyin inkişafı
istiqamətində uğurlu
addımlar atılıb.
Ölkə prezidenti cənab
İlham Əliyevin
"Azərbaycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında"
23 may 2012-ci il tarixli sərəncamı ilə ölkəmizdə
dilçiliyin yeni perspektivləri müəyyənləşdirildi.
Sərəncamdan sonra hazırlanmış Dövlət Proqramında
isə dilçiliyin müxtəlif problemlərinin
həllinə yönəlmiş
müddəalar öz
əksini tapdı. Bunlar içərisində
əsas maddələrdən
biri də dilçiliyin inkişafı
üçün yeni kadr potensialının hazırlanması, gənc
tədqiqatçıların yetişdirilməsi və müasir elmi nailiyyətlərə söykənən
tədqiqatların ortaya
qoyulması məsələsi
idi. Təbii ki, ötən
müddət ərzində
bu istiqamətdə ciddi işlər görülmüş və
bu gün də davam etməkdədir.
Ölkə rəhbərinin sərəncamından
bir az əvvəl,
yəni 01 may 2012-ci ildən akademik Tofiq Hacıyevin rəhbərliyi
ilə fəaliyyətə
başlayan Bakı Dövlət Universitetinin
"Türkoloji araşdırmalar"
Elmi Tədqiqat Laboratoriyasının gənc
əməkdaşları bu
müddət ərzində
bir sıra tədbirlər həyata keçiriblər.
Bunlardan biri də əməkdaşların
üç illik əməyinin nəticəsi
kimi birlikdə ərsəyə gətirdikləri
"Türkoloji araşdırmalar-1" adlı monoqrafik tədqiqatlar toplusudur. Kitabda 4 müəllifin
ayrı-ayrı mövzularda
yazdığı əsərlər
türkologiyanın aktual
məsələlərinə həsr olunmuşdur.
Kitabın elmi redaktoru
akademik Tofiq Hacıyev, rəyçiləri
isə professor Məhərrəm
Məmmədli və dosent Gülxanım Vəliyevadır.
"Türkoloji araşdırmalar"
ETL-nin elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Ülviyyə Hüseynovanın "Türk
dillərinin etnoqrafik leksikası (qıpçaq
qrupu dilləri əsasında)" adlı
tədqiqat işində
maraqlı məsələlərə
toxunulur.
Məlumdur ki, müasir dilçilikdə milli-etnokulturoloji
problem ən vacib məsələlərdən sayılır. Milli özünəməxsusluq
ideyası hər bir xalqın maddi və mənəvi
mədəniyyətinin bütün
sahələrinə nüfuz
edir. Bunu xalqın mənəvi
mədəniyyətinin tərkib
və ayrılmaz hissəsi olan, onu yaşadan, etnik baxımdan şərtləndirən və
milli xüsusiyyətlərini
qoruyub saxlayan etnoqrafik leksikadadır.
Bu cəhətdən etnoqrafik
leksikanın tədqiqi
üçün türk
dilləri zəngin
material verir. Burada türk dillərinin oğuz, qıpçaq, bulqar, karluq və s. dil qrupları tədqiqat obyekti kimi götürülmüşdür.
"Türkoloji araşdırmalar"
ETL-nin kiçik elmi işçisi, doktorant Pərvin Eyvazovun "Azərbaycan və Türkiyə türkcələrində köməkçi
nitq hissələri"
adlı tədqiqat işində Azərbaycan və Türkiyə türkcələrində köməkçi
nitq hissələrinin
işlənmə xüsusiyyətləri
araşdırılır.
Məlumdur ki, bəhs olunan
mövzu türkologiyada,
o cümlədən, Azərbaycan
dilçiliyində araşdırılsa
da, bu istiqamətdə
mübahisəli məsələlər
hələ də qalmaqdadır. Təkcə Azərbaycan dilçiliyində
köməkçi nitq
hissələri barəsində
xeyli sanballı tədqiqat əsərləri
yazılmışdır.
Ona görə
də tədqiq olunmuş bu mövzuya yenidən qayıtmaq, müraciət
etmək çətin
olduğu qədər
də məsuliyyətli
işdir. Məhz buna görə də bu məsuliyyət
yükünün ağırlığını
hiss edən müəllif
mövzu ilə "incə davranmağ"a müvəffəq olmuşdur.
Laboratoriyanın kiçik elmi işçisi, doktorant Ramil Bayramovun "Bəkir Çobanzadə və Birinci Türkoloji Qurultay (əlifba məsələsinə
tarixi baxış)"
adlı tədqiqat işində Birinci Türkoloji Qurultayın çağırılma səbəbləri,
qurultaya hazırlıq
işləri geniş
şəkildə təqdim
edilir.
Qurultayda müzakirəyə çıxarılmış əlifba məsələsinə xüsusi diqqət ayrılaraq əlifba mövzusunda söylənilən məruzələr bir neçə aspektdən (sosial-mədəni, texniki, siyasi və s.) təhlil olunur. Azərbaycanda latın əlifbasının qəbuluna, kirilə keçid prosesinə və müstəqillik dövründə yenidən latına qayıdış məsələsinə ardıcıl nəzər salınır.
Son dövrdəki əlifba ilə bağlı verilən fərman və sərəncamların önəmi göstərilir. Ümumiyyətlə, tədqiqatda əlifba məsələsinə kompleks yanaşılaraq I Türkoloji Qurultaya qədərki və Qurultaydan sonrakı dövrün əlifba mənzərəsi elmi şəkildə şərh olunmuşdur.
ETL-nin gənc əməkdaşlarından olan doktorant Anar Fərəcovun "Azərbaycan dilində türk mənşəli sözlərin linqvistik xüsusiyyətləri ("A" saiti ilə başlayan sözlər əsasında)" mövzusundakı araşdırması da maraq doğurur. Bu elmi araşdırmanın təkcə "A" saiti ilə başlayan sözlərlə bağlı aparılması konkret linqvistik məsələlərin ortaya qoyulmasında mühum rol oynayır. Tədqiqatda "A" saitinin qədim türkdilli abidələrdə və müasir dilimizdə işlənmə imkanları müqayisə olunmuş, maraqlı dil faktları aşkar edilmişdir. Mövzu müxtəlif dil səviyyələri üzrə tədqiqata cəlb olunmuşdur. Tədqiqatın ən mühüm əhəmiyyətlərindən biri də "A" saiti ilə başlayan türk mənşəli sözlərin lüğətinin verilməsidir. Bu tədqiqat dilimizdə işlənən digər səslərlə başlayan türk mənşəli sözlərin araşdırılması istiqamətləri üçün mənbə rolunu oynaya bilər.
Kitabı oxuduqca elmin pillələrinə ilk addımlarını atmaqda olan gənc nəslin nəfəsi, ruhu duyulur. Elmi-nəzəri məsələlərə münasibətdə maraqlı fikirlərlə çıxış edən gənc müəlliflər təhlilləri analitik və praqmatik şəkildə aparmışlar.
Laboratoriya əməkdaşlarının
ərsəyə gətirdikləri bu kitab filoloqlar üçün dəyərli bir
töhfədir. Türkoloji
araşdırma aparan mütəxəssislər,
ümumiyyətlə, dilçilər bu monoqrafik topludan faydalana bilərlər.
525-ci qəzet.-
2015.- 5 iyun.- S.7.