Səfəvilər dövründə
yaşamış Azərbaycan şairi Valinin irsinə bir
baxış
Son zamanlarda Tehranın Məclisi-Şurayi-İslamiyi-İran
kitabxanasında Azərbaycan şairi Valinin lirik şeirlər
toplusu divanı aşkar edilib.
Valinin öz divanından və Tehranın Məclisi
Şurayi-İslamiyi-İran kitabxanası kataloqundan şairin həyatı
mühiti barədə müəyyən məlumatlar əldə
etmək mümkündür. Vali divanının əlimizdə
olan yeganə nüsxəsinin köçürülmə
tarixi bəlli deyil. Əvvəldən və
sondan naqis olan bu nüsxənin ortadan da bəzi vərəqləri
düşüb, sonradan cildlənərkən bəzi vərəqlərin
yeri səhv verilib. Kataloqun müəllifi
Əbdülhüseyn Hayeri "Vali" təxəllüslü
şairimizin "Gənci" ləqəbinin də
olduğunu ehtimal edir. Tədqiqatçı Valinin farsca
bir neçə qitəsində II Şah Abbasın (1642-1666)
taxta çıxmasına və Şah Səfinin (1629-1642) vəfatına,
Şah Səfinin İrəvanı osmanlılardan geri
almasına (1636) dair maddeyi-tarixlər tərtib etdiyini göstərərək
(bu qitələr divanda vardır), haqlı olaraq, şairin bu
iki şahın hakimiyyəti illərində
yaşadığı qənaətinə gəlir. Türkcə
şeirlərindən birində şairin Şah Səfini mədh
etdiyini görürük:
İnqilabi-çərxi-dunpərvərdən,
ey dil, fariğ ol,
Xosrovi-sahibgiran Sultan Səfidir şahımız.
Ə.Hayeri
Valinin Busərab, Zeynalabdin və Heydər adlı üç
oğlunun təvəllüdünə dair maddeyi-tarix tərtib
etdiyini, ehtimal ki, Meşkanda yaşayan dostu, şair
Sadığı yad etdiyini, Kermanlı Cəmali və Kəmali
adlı şəxsləri yad edib, Kəmalinin
ölümünə dair maddeyi-tarix yazdığını
göstərir.
Vali divanı əlyazma məcmuəsi tərkibindədir. Birinci hissəyə
müxtəlif qəsidələr, ikinci hissəyə Valinin əsərləri
daxildir.
Ümumi həcmi 112 vərəq olan, əsasən farsca
şeirlərdən ibarət bu divan qəzəl, rübai və
məsnəvilərdən və bir saqinamədən ibarətdir. Bu lirik
şeirlər toplusunda şairin Azərbaycan türkcəsində
cəmi 38 qəzəli vardır ki, bunlar da 193 beytdir. Türkcə qəzəllərin əksəriyyəti
- otuz ikisi 5, üçü 6, ikisi 4 və biri 7 beyt həcmindədir.
Ana dilində yazdığı şeirləri nəzərdən
keçirdikcə, Valinin saf məhəbbəti təbliğ
edən, həyatdakı bütün məsələlərə
bir aşiq gözü ilə baxan lirik şair olduğunu
görürük. O, özünü klassik ədəbiyyatın aşiq surətləri
- Fərhad və Məcnunla müqayisə edərək, bu
yolun kamil yolçularından olduğunu, zöhd və riyadan
imtina edib məhəbbət dininə
tapındığını elan edir:
Eşq
irşadına kamildir cünunim dərs üçün,
Gərmdir Fərhadü Məcnun ilə xoş
bazarımız.
Girmişik
zöhdü riyadən ta məhəbbət dininə,
Bağladı piri-Muğan təkbir ilə
zünnarımız.
Şair
özünü "eşq diyarının sultanı"
adlandıraraq, "mənəm, Vali, diyari-eşq sultanı
Süleyman tək" deyir, məhəbbət nəşəsinə,
eşq divanəliyinə üz tutaraq, onu dünyanın
bütün qayğılarından qurtarmalarını
xahiş edir:
Ey məhəbbət
nəşəsi, qurtar məni hər qeyddən,
Vey cunun şuri, məni qeydi-cəhandan qıl xilas.
XVII əsr anadilli şairlərimizin əksəriyyəti
kimi, Vali yaradıcılığında da Füzuli
poeziyasının təsirini görürük. Füzuli kimi
o da eşqi insanı kamillik dərəcəsinə
çatdıran qüvvə sayır. Əgər dahi
şair:
Ey
Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət
daxili-əhli-kəmal eylər məni
- deyirsə, Vali eşqin insanın əyarını,
keyfiyyətini yüksəltmə gücünə malik
olduğunu bildirir:
Ey dil,
güzari-eşqdə cismim nizar qıl,
İksiri-eşq ilən məni kamiləyar qıl.
Dövrünün digər şairləri kimi, irfani
poeziyanın obrazlarından istifadə etsə də, Valinin qəzəllərində
əsasən real, dünyəvi eşqin vəsf edildiyini
görürük. Onun qəzəllərinin obyekti real bir
insan, konkret məşuqədir. Şeirlərindən
birində şair sevgilisinin onu unutmasından, ona yad
olmasından səmimi bir dillə şikayət edir:
Yar oldu
yad, etmədi yad, ey nəsimi-sübh,
Əsdikcə bir xəbər yetir ol gülüzardən.
Burada müəllif "yad" sözünün iki mənasından
("özgə" və "xatırlama") bəhrələnməklə
cinas sənətindən istifadə etmişdir. Əlimizdə
olan anadilli şeirlərinin çoxunda vüsala çata bilməyən
aşiqin hicran qəmindən danışan Vali, "Getdi
hicran inqilabı, gəldi dövrani-nişat" deyərək,
məşuqə ilə görüşməyin sevincini də
qələmə almışdır. Şairin lirik qəhrəmanının
məhəbbəti elə güclüdür ki, sevgilisi ona
bircə dəfə baxarsa, bütün bədəni
başdan-ayağa bir günəşə çevrilə bilər:
Əgər
bir ləhzə əl versə anın nəzzarəsi, Vali,
Vücudimni sərapa məhz eyni-aftab eylər.
Valinin şeirlərində didaktik məqamlara da rast gəlirik. Qəzəllərindən
birində şair, ömrünü eyş-işrətlə
keçirib xalqın dərdini unudan hökmdarlara üz
tutaraq, onlara insanların bu dünyada bir qonaq olduğunu, axirəti
düşünüb savab işlər görməyin gərəkliyini
xatırladır. Ənuşirəvanın bir zamanlar
tikdirdiyi sarayın xarabaya çevrildiyini nümunə gətirərək,
bundan ibrət götürməyi məsləhət
görür:
Zadi-rahin
gör ki, olmaz dəhr əglənmək yeri,
Sən müsafirsən bu yerdə, çərx bir viran
ribat.
Taqi-Kəsradən
bu rəmzi-ibrətəfəzadır sərih
Kim, bu yerdə eyş üçün saldı Nuşirəvan
bisat.
Bəzi şeirlərində şair
yaşadığı zamandan narazılığını
bildirir, "aləmdə yoxdur ədlü dad" deyərək
dövrünü ittiham edir. "Ruzigari-namüvafiq
natəvan etdi bizi" deyən Vali belə hesab edir ki,
insanların zəif, gücsüz olmalarına səbəb pis
zəmanədir. Şair həyatının uyğunsuz
bir dövrdə püç olduğundan acı-acı
şikayət edir:
Ruhzigari-namüvafiqdən
fərağbal ilən,
Görmədi bir ləhzə rahət, keçdi, Vali,
mahü sal.
Şairin Azərbaycan türkcəsindəki əsərlərinin
dilini nəzərdən keçirdikdə görürük
ki, şeirlərinin əksəriyyətini farsca yazmasına
baxmayaraq, Vali ana dilinin incəliklərinə bələd
olmuş, danışıq dilindən gələn ifadələri
yeri gəldikcə məharətlə işlətmişdir. Şairin bədii
dilinin səciyyəvi cəhətlərindən biri də onun
əsərlərində ağlar oldu, axmaz oldu, deyər oldu,
bağlar oldu kimi feil birləşmələrindən istifadə
edilməsidir. Bəlli olduğu kimi, bu
cür feil birləşmələri "Kitabi-Dədə
Qorqud" abidəsinin dili üçün xarakterikdir.
Şairin
bir neçə şeirini oxucuların diqqətinə
çatdırırıq:
VALİ
Olmadı
təhriri-şərhi-dərdimə rəngi-midad,
Yandı şərhi-şövqimizdən xameyi-ənbərsəvad.
Ruyi-Leylidir
çəmən tərfində, adı bərgi-gül,
Ahi-Məcnundur biyabanlarda, adı girdbad.
İki
gözdən bir gözü gəh bədrdir, gahi hilal,
Əhvəl oldu əgri baxmaqdan sipehri-kəcnihad.
Həqqinə
qane degil heç kimsə, gör insafi-xəlq,
Nahəq oldu müstəmir aləmdə yoxdur ədlü
dad.
Əndəlib
adı fəğan etməkdə çox məşhur idi,
Eylədi Vali bu tərzi-nalədən aləmdə ad.
lll
Pərişan
zülfini xurşidə ol məh ta niqab eylər,
Tələsməkdən
tənim ilan təki min piçü tab eylər.
Əgər
içsəm brəhmən məzhəbində badə, mən'
etmə,
Məhəbbət məstini, zahid, qaçan izəd əzab
eylər.
Xərabatın
şərabında könül sağər təki tutmaz,
Bu mey axır onun əhvalını hər gün xərab
eylər.
Təni-zarım
büləndi eşq odu əğyarə rəhm eti,
Bu arıq cildi eşq üsti məgər intixab eylər.
Əgər
bir ləhzə əl versə anın nəzzarəsi, Vali,
Vücudimni sərapa məhz eyni-aftab eylər.
lll
Çərxilən
xublar irişdi ahi-atəşbarımız,
Nuh ilən mərdanə çoşdu
dideyi-xunbarımız.
Eşq
irşadında kamildir cünunim dərs üçün,
Gərmdir Fərhadü Məcnun ilə xoş
bazarımız.
Girmişik
zöhdü riyadən ta məhəbbət dininə,
Bağladı piri-Muğan təkbir ilə
zünnarımız.
Sinəmiz
bağında seyr et dağlar
gülzarını,
Bağbandır bağdan şadab edib
gülzarımız.
Xublər
pamalı oldun xaki-rahsən xublərə,
Sayə tək, Vali, yetişməz kimsəyə
azarımız.
lll
Bəni
dövri-fələk bir kami-dildən kamran etməz,
Bizə bir löqmə verməz, ta əvəz yüz
bağrı qan etməz.
Hümadən
kölgə düşməz başıma tufani-ahimdən,
O baisdən
bu Məcnun başına quş aşiyan etməz.
Pərişan
oldu halım zülfinə bir ah əsdükcə,
Səba ol sünbüli dağıtsa, el halı yəman
etməz.
Könül
gülzari-hüsn içrə pərişan zülfini
görgəc,
Vətəndən inciyib viranəsin hərgiz məkan
etməz.
Əgər
ol bivəfadən rişteyi-ümmidini üzdi,
Bilib Vali
ki, tale ol nigarı mehriban etməz..
lll
Ahımızdan
rövşən oldu külbeyi-cangahımız,
Şəmlər yandırdı gərdun tək şərari-ahımız.
Canı
canan eylədi bir nazə qurban aqibət,
Hasil oldu yarımızdan mətləbi-dilxahımız.
Bu çəməndə
qılmışıq amadə əsbabi-səfər,
Lalə tək xuni-cigərdür zadımız, həmrahımız.
İnqilabi-çərxi-dunpərvərdən,
ey dil, fariğ ol,
Xosrovi-sahibgiran Sultan Səfidir şahımız.
Mərkəzi-qəm
olmuşuq, Vali, bu gün dairə tək,
Cövrdür hər yanə getmək, ləşkəri-qəm
rahımız.
lll
Getdi hicran inqilabi, gəldi dövrani-nişat.
Qoyma əldən badə, saqi, çərxdən qıl
ehtiyat.
Dudi-ahundən
seyr qıl başun üzrə kim sana,
Qəm yağar daim fələkdən, çərxdən
enməz nişat.
Zadi-rahin
gör ki, olmaz dəhr əglənmək yeri,
Sən müsafirsən bu yerdə, çərx bir viran
ribat.
Taqi-Kəsradən
bu rəmzi-ibrətəfzadır sərih
Kim, bu yerdə eyş üçün saldı Nuşirəvar
büsat.
Ehtiraz et tövri-insandan, oyan Məcnunsifət,
Yox vəfa insanda, Vali, vəhşilən qıl ixtilat.
lll
Cəmalından
edər mah asiman hifz,
Qədindən bustani-sərvi-rəvan hifz.
Dolanır
belinə hər ləhzə zülfün,
O
ağır gənci eylər şol ilan hifz,
Rüxün
eynül-kəmalındır fələkdə,
Məsiha eyləmiş səbül-məsan hifz.
Könül istər şəfa nüşin ləbindən.
Şəfadən özgə qılmaz natəvan hifz.
Edər
bir gün nisar ol xaki-payə,
Onuncün
Vali eylər təndə can hifz.
lll
Şəmdir
yarın cəmalı, ruhumuz pərvanəsi,
Könlümüz atəşpərəstü sinə
atəşxanəsi.
Xalü xətt
məşşatə çəkdi atəşin rüxsarinə,
Atəş içrə eşq üçün əkti
məhəbbət danəsi.
Könlümü
zənciri-zülfündən rəha etgəc dəvi,
Uslu olmaz ta qiyamət xublər divanəsi.
Gər səni
ağrıtsa bir dərd, istə könlümdən şəfa
Sayılır artıq Fəlatundən cünun divanəsi.
Gözlərindən
bisəbəb, Vali, axar seylablər,
Aqibət Ceyhun olur şol seyldən viranəsi.
Paşa Əlioğlu
525-ci qəzet.-
2015.- 5 iyun.- S.6.