Son nazlama
Əngin
şair Yahya Kəmal Bəyatlıya
Dünyanın nə gözəl
yazıymış, Allah!
Nazlı
bənövşələr saplaq üstündə...
Aləm
öz kefində: quş da, böcək
də;
Demə
ki: mən yoxam
bir dağ üstündə.
Hər təpə bir qoyun, mən çoban idim;
Yerə
də, göyə də pasiban idim!
Mən hardan bilərdim: haracan idim?!
Boy atıb bitmişdim torpaq üstündə.
Palıd
ocağında yanan közlərdim;
Murovu canımdan çox əzizlərdim!..
Axşamdan-səhərə sübhü gözlərdim:
Bir şeh damlasıtək yarpaq üstündə.
Dağdan-dağa qonmaq ömürlük
peşəm:
Hər zirvə sirrinə aşiyan quşam!
Şahlar
görmədiyi gün
keçirmişəm:
Bir daxma altında, çardaq üstündə.
Bu, son gözgörüşü; bu,
son nazlama;
İstər sızla könül,
istər sızlama!..
Səda
verməz sazın, bir də sazlama;
Qismətin qalmadı bulaq üstündə.
Çıxar qönçəsindən söz birər-birər;
Hər kəs əkdiyini aqibət dərər.
Pərvaz
qanadlardan tərlanlar törər:
Nəsil qaymaq tutar ocaq
üstündə.
Baxma hər yazdığım dastan olmadı;
Qəlbim
toy-düyündən, yasdan
olmadı...
Qəm etmə ki: Məmməd
Aslan olmadı;
Axtarsan, taparsan
varaq üstündə.
19 aprel 2015. Xırdalan
Kənardan baxana döyüş
asan gələr
İndi əyalətlərdən gənclər
şeir sevdası ilə Bakıya dəstə-dəstə tökülüşüb
gəlirlər. Allah xeyrə
calasın.
Gənclik dəstə-dəstə şeirə gəlməz;
Toplaşıb əkinə-biçinə gələr.
İşindən-gücündən baş çıxardası -
Qandığı bir toplum içinə
gələr.
Allah verməyibsə, bəndə
də verməz;
İstər arxada ol, öndə də... verməz!..
Yaxında, uzaqda, gendə
də verməz!..
Şair
ancaq ilham gücünə gələr!
Şeir
şairlərin xəyal
ölkəsi!
Bir dodaqdan qopan bir soyun səsi!
Şeir
şeirdirsə, qızıl
külçəsi! -
Yığışıb ərənlər
köçünə gələr!
Təklikdən dikələr ən
böyük hünər!
Şair
təkbaşına artar,
güvənər!..
Dalğa-dalğa gələn, sahildən
dönər;
Təmkinsiz söz kimin vecinə gələr?!
Kağız arxac deyil! Söz qalaq-qalaq...
İtirir yönünü daha yol-yolaq.
Nə yazırsa-yazsın, hər
şeydən qabaq;
Şairlik qələmin ucuna
gələr!...
Haqqı
bəsirətlə nəzm
etməyənlər;
Aşılası dağı əzm
etməyənlər;
Sözü gərəyincə həzm
etməyənlər
Görərsən: çeçinə-çeçinə
gələr...
Şairlik ibrətdir, sözün
hasili!
İbrət kəlamları göydən
asılı!
Şairlik bir uca Ruhun Rəsulu!
Bir sirli aləmin tacına gələr!
06.05.2015.
Xırdalan
Qazi Gülxanə paşa
Buludlar kişnədi, ildırım
çaxdı,
Sanasan dağları göy yıxacaqdı!..
Yubanma ömrümə, Qazi Gülxanə,
Cərrah
bıçağını sıyırma vaxtı!!!
Xəstəlik ölümün birər
əsgəri;
Birlərdən törəyir zülmün
ləşkəri.
Sən meydana çıx ki, Qazi Gülxanə:
Ölümün nəfəsi çəkilsin
geri!
Tapdı
mincə Qazi nicatı burda,
Qurtuldu yenidən həyatı burda!
Şairə, yazara ömür
bəxş etdi..!
Nura dəyişirlər
zülməti burda.
Gülxanə: Rəhmani ordunun
başı!
Fəryada, zillətə, ölümə
qarşı!
Ulu dərgahına pənah gətirdim:
Məni
bu zülmətdən
sabaha daşı!
Tibbin və Qazinin müştərək bürcü!
Gülxanə bıçağı - həyat ülgücü!
Yüz ildən artıqdır aləmə bəlli:
Cərrah
bıçağında kamalın
gücü!
Gülxanədə gül yox, gül həkimlər var!
Yıxılma, yıxılsan, gör
ki kimlər var!
Gələni ümidli, gedəni
rahat;
Sevinc ortamında təlatümlər
var!
Sən Türkün fəxrisən,
fəxarətisən!
Bir soyun şahlanmış kəramətisən!
Sən haqqın fərahı, sağlıq neməti;
Millətin ziqiymət bir sərvətisən!
Həyat
qovğasında hər
dəfə Qazi,
Sən Haqqından razı, Haqq səndən razı!
Bir nurlu məşəlsən
məğrur əllərdə;
Fəthin
təzələnir hər
həftə azı!
01 mart 2015.
Ankara. Gülxanə Əsgəri
Tibb Akademiyası
Bu da ki belə...
Bu bostanı necə
əkib-becərim?!
Yağışı quruyub, su da ki
belə...
Kasadlıq afətdir; nə
fərqi varmış:
Ya muşovul yesin, ya da ki
belə...
Kotan nədi, fil qaldırar bu qırğı!
Heç
nədən yarılır
dağların bağrı...
Kor quyudan nə səs bitər, nə qarğı:
Dibində boğulub səda
ki belə...
Laxlamış bir iman sağ qala, qalmaz!
Pozulmuş o hörmət saqqala
qalmaz!
Bir budaq ucunda çaqqala
qalmaz;
Nəylə gəlir-gəlsin, qada
ki belə...
Bu qaçqınlıq hardan
soya, nəsilə?!.
Axşam nəslə gəlir, səhər nəs ilə.
Qorxuram bu torpaq şoran
kəsilə:
Göz yaşıyla doyur cada ki belə...
Sultanheydər zirvədəki pir
idi!
Ağrıyla üzbəüz, qəlbi
bir idi!..
Keytidağda “Qu gölü”müz
qurudu;
O göl qudan getdi; qu da
ki belə...
Qaneyəm dünyanın azı-çoxuyla;
Uyuşum
tapaydım, ey kaş, yuxuyla;
Aradım səbrimi “Yahu-Yahu!”yla,
Qəzəbnak olmayıb Xuda ki belə...
Hər açan çiçəklə
bir bahar səndim;
Bir qom bənövşəyə
can dəyişərdim...
Ömrümün boyunu ölçdüm;
üşəndim:
İndidən düşmürəm yada ki belə...
Belə
xor baxmazdı bəndə Allaha:
Ulduzlar daş kimi qorxuram
yağa...
Bu ormanda palıd bitməz bir daha:
Hindilər tumunu uda ki belə!..
Bu mövzu ağlıma gəldi ha sondan;
Dadanmışdım: qoşma yazam asandan.
Sonunu gözləmə Məmməd
Aslandan!..
Yetər
bu qədəri!... Bu da ki:
Belə!!!
Qayadan qumacan
Dağın ayağından asılar
daşlar;
Belə
mənzil kəsər
daş ağır-ağır...
Tükənmək bilməz ki, çılğın savaşlar;
Daşlaşmış canlardan kövrəklik yağır.
Soyumun daşını döşümə
döydüm,
Döyə bilmədimsə, kimə nə borcu?!
Qayaya kök atıb, daşda böyüdüm;
Daş-daşla qovuşsa, daş
- qala bürcü!
Çiyninə baş əysək
bir-birimizin;
O daş yastıq olar, baş yarmaz daha!
Boğmaz
işığını gecə
gündüzün;
Sağ-salamat çıxar axşam
sabaha!..
Bir soy ki bir daşa
baş qoysa əgər,
O daş millət üçün səcdəgah
olar!
Kök özünü sevsə, Haqq onu sevər!
Bir soyun ayarı tam agah olar.
Qaya sədası var başın yasında:
Baş,
daşın üstündə
heykələ dönər!
Orxon-Yeniseyin daş-qayasında,
Hələ Türklüyümün nəbzi
döyünər.
14 yanvar 2014. Bakı.
Uçub
getdi o günlər ki...
(Hümmət müəllim
Məşədihəsənliyə)
Ömrü tülək tərlan
ömrüydü onun:
Fəzada dövr etdi, fəzada getdi.
Gah Sultanheydərdə, Quş
yuvasında:
Ha yana üz
tutdu, azada getdi.
Qocalıq ölümdən betərmiş
demə;
Ömür hardan-hara yetərmiş
demə!..
Əkdiyin-biçdiyin itərmiş demə;
Getdi o nemət
də, urza da getdi.
Bu gəldi-getdi nə,
bu qovğa nədi?!
Nədən daşıb-törər bu
işin bədi?!
Saxsağan daşıdı, muşovul
yedi;
Nələr kimə çatdı, nə zada getdi?!
İki ombabaşı birdən zay olsa,
İki qüdrət birdən heçə sayılsa;
“Platin” qızıldan hətta yey olsa,
İki qanad bir cüt
əzada getdi...
Qəza
- qəza üstən:
qoymur göz açam!
“Dəmir-dümür” oldu üst-üstə qılçam...
Mən quş yarandım ki: göylərdə uçam;
Bir canım neçə yol qəzada getdi...”
Qınayır fağırı ağzıgöyçəklər:
“... Zərə dəmir” - demə, nə deyəcəklər?!”
Qartalın dərdini duymaz
böcəklər;
Məna
toxumada, əzada getdi...
09.03.2015.
Bakı.
Ürəyə ismarıc
Cənnət Dəlidağda böyütdüm
səni:
Çeşmələr başında, güllər
içində.
Ulular ruhundan fışqırıb
gələn
Bayatı mayalı dillər içində.
Çəmini tez qurdum ərşi-fələklə;
Pərvazın uyuşdu göydə
mələklə;
Köksünə sığmayan bir
dağ ürəklə
Necə bəxtəvərdim ellər
içində.
Mənim
dolub-daşan nəfəsim
idin;
Ləşkərlər pozmağa sən bəsim idin!
Dünyam
batar olsa, qəvvasım idin;
Naçar qoyma məni yollar içində...
13.05.2015.
Xırdalan (Bakı).
Rübailər
Düşünmə: səninlə ta bitdi dünya;
İnsansız xaraba tabutdu dünya.
Cındırlı pir gördüm
yol kənarında;
Qoynu-qoltuğuyla yaqutdu dünya!
Bu dağların o üzündən
yaz gəlməz;
O yaza qoşulub ötkəm saz gəlməz.
Nə vaxtadək
ərş üzündən
baxacaq?!
Laçınqaya çimçəşməsə,
səs gəlməz!...
“Səhəri kim açır” kitabıma
bir avtoqraf
Bəxtəvər başına uşaqlığımızın!
Ardınca ox çatmaz o şuxluğumuzun!
Hərəmiz bir dağın
Məcnunu olduq:
Bəxtəvər başına aşıqlığımızın...
O dağlardan nə səs gələr, nə səda;
Dəlidağdan yüz il tufan əssə də.
Laçınqaya, Xor-xor bulaq, Göydərə:
Dağ ərənlər uça
Sultanheydərə!
Nə zamandı gur leysana həsrətik!
Yer əyirə buludları bükdərə!
Bu büsatı bir də görək, inşallah!
Göydə görək, yerdə
görək, inşallah!
8 may 2015. Xırdalan.
Məmməd ASLAN
525-ci qəzet.-
2015.- 6 iyun.- S.29.